Məhkəmə qərarları › İş №2(103)-3303/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3303/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3303/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi, onun vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Nizami Rayon İdarəsinin nümayəndəsi Hikmət Əliyevin iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş “döyüş bölgəsində döyüşçü kimi iştirak etmə faktının müəyyən edilməsi barədə” ərizəyə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, ərizəçinin 1991-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilin dekabr ayınadək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy-Ağdərə rayonu ərazisində gedən döyüşlərdə könüllü döyüşçü kimi iştirak etməsi hüququ əhəmiyyəti olan fakt kimi müəyyən edilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizənin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Əgər ərizəçi Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişsə, lakin bu faktı təsdiq edən sənəd verilmirsə, o, pozulmuş və ya mübahisələndirilən hüququnun müdafiəsi üçün Müdafə Nazirliyinə qarşı konkret tələb irəli sürməklə inzibati məhkəməyə müraciət edə və həmin tələbə baxılarkən döyüşlərdən iştirak etdiyini təsdiq edən sübutları təqdim edə bilər. O cümlədən Ali Məhkəmənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 14-cü bəndində qeyd olunub: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma ... kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. Beləliklə, hazırkı ərizəyə mülki məhkəmə icraatı (xüsusi icraat) qaydasında baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə belə halda ərizənin qəbul edilməsindən imtina olunur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar