Məhkəmə qərarları › İş №2(103)-3306/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3306/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3306/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Teymur Məmmədovun və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-592/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 5.000 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 4.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Teymur Məmmədov, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Pul tələbi onunla əsaslandırılıb ki, iddiaçı şifahi formalı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 6.000 manat qiymətində qızıl-zinət əşyalarını nisyə satıb, əşyalar 2 dəfəyə satılıb, 1-ci dəfə xx.xx.2021-ci ildə ümumi qiyməti 3.575 manat olan əşyalar, 2-ci dəfə xx.xx.2021-ci ildə ümumi qiyməti 2.449 manat olan əşyalar satılıb, cavabdeh həmin əşyaların pulunu ödəməyib. Cavabdeh pul tələbinə etiraz edib, etirazını onunla əsaslandırıb ki, iddiaçı ilə onun arasında qızıl-zinət əşyalarının alqı-satqısı olmayıb, hər ikisi “lotereya oyunu”nda iştirak edib, bununla əlaqədar aralarında mübahisə yaranıb. Müəyyən olunur ki, cavabdeh iddiaçıdan 5.000 manat qiymətində qızıl-zinət əşyalarını nisyə alıb. Belə ki, cavabdeh xx.xx.2023-cü ildə Sabunçu RPİ İstintaq Şöbəsində verdiyi yazılı izahatında etiraf edib ki, iddiaçıdan 5.000 manat qiymətində qızıl-zinət əşyalarını nisyə alıb (iş v. 110). Cavabdeh bu izahatı imzalayıb. İzahatın aldatma və hədə təsiri altında yazıldığını təsdiq edən sübut yoxdur. Ona görə də izahat cavabdehin iddiaçıdan 5.000 manat qiymətində qızıl-zinət əşyaları aldığını təsdiq edən yazılı sübut sayılır. Müəyyən olunur ki, cavabdeh həmin əşyaların qiymətinin 4.000 manatlıq hissəsini ödəməyib. Belə ki, əşyanın qiymətinin satıcıya ödənildiyini sübut etmə yükü alıcının üzərinə düşür. İddiaçı (satıcı) etiraf edib ki, 5.000 manatlıq qiymətin 1.000 manatlıq hissəsi “loteraya ödənişi” formasında ona verilib. Ona görə də cavabdeh (alıcı) qiymətin 1.000 manatlıq hissəsinin ödənildiyini sübut etmə yükündən azaddır. Qiymətin qalan 4.000 manatlıq hissəsinin cavabdeh (alıcı) tərəfindən iddiaçıya (satıcıya) ödənildiyi sübut olunmur. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598 və 600-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 4.000 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-592/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar