Məhkəmə qərarları › İş №2(103)-331/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-331/2024

03.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-331/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi və Bakı şəhəri 24 saylı DNK) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X18 və X9 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh X4 hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi və Bakı şəhəri 24 saylı DNK) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 23 aprel 1939-cu il təvəllüdlü X20, xx.xx.1942-ci il təvəllüdlü X14 və 25 fevral 1946cı il təvəllüdlü Zaidxan Qulam oğlu, Qulam Əbdül oğlu ilə Məsmə Ağaxan qızının ailə münasibətlərindən doğulmuşlar.

2. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı X10 oğludur.

3. X20 xx.xx.2010-cu ildə ölmüşdür.

4. Qulam Əbdül oğlu 20 fevral 1973-cü ildə, onun arvadı Məsmə Ağaxan qızı isə 14 dekabr 1987-ci ildə vəfat etmişlər.

5. ünvan 1 evə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki ilk qeydiyyat 13 iyul 2001-ci ildə Qulam Əbdül oğlunun adına aparılmış, bununla bağlı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 004507 nömrəli qeydiyyat vərəqəsi verilmişdir.

6. 27 sentyabr 2001-ci ildə Zaidxan Qulam oğlu ilə X14 arasında bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə ilə Zaidxan Qulam oğlu mübahisəli evdən özünə çatacaq payı X7 bağışlamışdır.

7. xx.xx.2001-ci il tarixdə 24 saylı dövlət notariat kontoru tərəfindən mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

8. xx.xx.2001-ci ildə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə X4 adına rəsmiləşdirilmişdir.

9. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin 1/30 saylı xx.xx.2015-ci il tarixli arayışına görə, X10 Zığ qəsəbəsi S.Həmidov küçəsi 32 saylı evdə qeydiyyatda olması və yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın (Qulam Əbdül oğlunun) vərəsələrinin 2 nəfər olması və paylar üzrə bölgünün 1/2 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ünvan 1 ünvanda yerləşən mülk evə dair tam pay üzrə mülkiyyət hüququnun tanınması barədə cavabdeh X4 adına verilmiş 25 oktyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə, Qulam Əbdül oğlundan miras qalmış Bakı şəhəri Suraxanı rayonu Həmidov küçəsi 32 saylı mülk evin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X20 mübahisəli evdə doğulub və öldüyü günədək orada yaşayıbdır. Özü də həmin evdə doğulmuş, hazırda orada qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Babasının ölümündən xeyli sonra, yəni 13 iyul 2001-ci ildə ünvan 1 evə dair mərhumun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə əmiləri Zaidxan Qulam oğlu və X14 Bakı şəhəri 24 saylı notariat kontoruna müraciət edərək özlərinin Qulam Əbdül oğlunun yeganə vərəsələri olduqlarını bildirməklə, faktiki olaraq X10 da mərhumun vərəsəsi olduğunu gizlətmiş və beləliklə də, mərhumdan miras qalmış əmlaka hər birinin 1/2 hissədə miras payının müəyyən edilməsinə nail olmuşlar. Bununla bağlı Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin, X14 qardaşı Zaidxan Qulam oğlunu hədələyərək 27 sentyabr 2001-ci ildə onunla bağışlama müqaviləsi bağlamış və bununla da Zaidxan Qulam oğlu miras mülkdə müəyyən edilmiş 1/2 payını cavabdeh X7 bağlışlamışdır. Daha sonra X1 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmiş, mübahisəli əmlaka tam mülkiyyət hüququnu təsdiq edən 25 oktyabr 2001-ci il tarixli 004507 nömrəli qeydiyyat vəsiqəsi almış və bununla da mübahisəli əmlakın tam mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirilməsinə nail olmuşdur.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı iş üzrə 25 may 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim C.Qədimov).

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının subyektiv hüququnun olub-olmamasını, mübahisəli əmlakın əvvəlki hüquqi statusunu və mirasın qəbulu, onun müddəti ilə bağlı məsələləri müəyyən etməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının miras əmlaka vərəsəlik qaydasında hüququ atası İgidəli Əbdülovun xx.xx.2010-cu il tarixində ölümündən sonra yaranmışdır. Məhkəmənin bu qənaəti əsassızdır. İddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Mülki Məcəllənin 1159.1.1 və 1160-cı maddələrinin tələblərinə əsasən iddiaçı Qulam Əbdül oğlunun bu və ya digər əmlakına vərəsə ola bilməz. Çünki, Qulam Əbdül oğlu 1973-cü ildə vəfat edərkən onun oğlu, yəni İddiaçı atası İgdəli Əbdülov sağ olmuşdur və atası Qulam Əbdülovun vəfatından əvvəl mübahisəli evdən daimi yaşamaq üçün ailə üzvləri ilə başqa yaşayış məntəqəsinə köçmüşdür. İgidəli Əbdülov atasının vəfatından əvvəl başqa yaşayış məntəqəsinə köçməklə heç vaxt həmin evdə yaşamamış və öldüyü günə kimi atasından qalmış hər hansı əmlaka dair vərəsəlik qaydasında nə müvafiq orqanlara müraciət etməmiş, mübahisə qaldırmamış, nə də miras əmlakı qəbul etməmişdir. İgidəli Əbdülovun mübahisəli evdə yaşamamasını Bakı şəhəri Suraxanı RİHB-nın Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 1/30 saylı, xx.xx.2015-ci il tarixli arayış da təsdiq edir. Məhkəmə həmin arayışı nəzərə almamışdır. Mübahisəli evin statusu özbaşına tikili olmuşdur. Həmin evin əvvəlki sahibi Qulam Əbdül oğlu 1973-cü ildə vəfat edərkən onun həmin evə mülkiyyət hüququ olmamışdır. İddiaçının subyektiv hüququ olsa belə o iddiasında haqlı olmamışdır. Belə ki, iddiaçının atası İgidəli Əbdülov özü mirasın qəbuluna dair qanunla nəzərdə tutulan müddətdə heç bir hərəkət etməmişdir. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6029/2015 saylı iş üzrə 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev).

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1049/2016 saylı iş üzrə 18 mart 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ləğv edilmişdir (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və İ.Xələfov).

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova).

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir..

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1940/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin oğlu X15 xx.xx.2019-cu il tarixli ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, mübahisəli əmlak üzərində həbs olduğundan həmin əmlaka dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmədiyini və vərəsəlik şəhadətnaməsi ala bilmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin vərəsəsinin mövcud olduğu, onun mübahisəli (miras) əmlaka sahiblik etdiyi və eyni əmlaka vərəsəlik şəhadətnaməsi almaq istədiyi apellyasiya instansiyası məhkəməsinə məlum idi. Bundan əlavə, MPM-lə işdə tərəf olan şəxs öldükdə məhkəmənin iş üzrə icraatın dayandırılması və ya iş üzrə icraata xitam verilməsi kimi iki qərardan birini qəbul etməli olduğu imperativ qaydada tənzimləndiyindən, apellyasiya instansiyası məhkəməsi qanunvericinin icrası məcburi sayılan göstərişinə hər bir halda əməl etməli idi. Bu məcburilik ondan irəli gəlir ki, tələbin yönəldildiyi fiziki şəxsin mülki hüquq qabiliyyəti, habelə mülki-prosessual hüquq qabiliyyəti xətm edilmişdir, ölümündən sonra onunla iddiaçı arasında hüquqi müstəvidə mübahisə, o cümlədən məhkəmə mübahisəsi yarana və o, bu mübahisəyə tərəf ola bilməz. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, MPM-in "Prosessual hüquq varisliyi” adlanan 58-ci maddəsi ilə (bu Qərarın 22ci bəndi) qanunverici hansı hallarda hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini açıq şəkildə ifadə etmiş, bunu ümumi formada hüquq münasibətində tərəflərdən birinin sıradan çıxması ilə əlaqələndirib, xüsusi hallar olaraq şəxsin ölməsi, hüquqi şəxsin yenidən təşkil edilməsi, tələbin güzəşt edilməsi, borcun köçürülməsi kimi konkret misallarla təsvir etsə də, "maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında” da hüquq varisliyinin mümkünlüyünə işarə edərək, tərtib etdiyi siyahının qəti olmadığını bildirmiş, bununla da prosessual hüquq varisliyi institutunun mövcudluğunun müstəsna dərəcədə maddi hüquqi faktorlarla bağlı olduğunu təsbit etmişdir. Bu anlamda, əgər maddi hüquq münasibətləri hüquq varisliyinə yol verirsə, o halda həmin münasibətlərin əksini tapdığı məhkəmə mübahisəsində də prosessual hüquq varisliyi mümkündür. Başqa sözlə, maddi hüquq varisliyi olmadan prosessual hüquq varisliyi yoxdur, prosessual hüquq varisliyi maddi hüquq varisliyinin hüdudları daxilində mövcuddur. Odur ki, hüquq münasibətlərinin əvvəlcə maddi cəhətdən hüquq varisliyi məsələsi həll edildikdən sonra həmin münasibətlərə əsaslanan prosessual hüquq varisliyindən bəhs olunmalıdır. Eyni zamanda, prosessual hüquq varisliyi MPM-in 54-cü maddəsi ilə tənzimlənən əsl olmayan tərəfin əvəz edilməsindən də fərqləndirilməlidir. Belə ki: 1. əsl olmayan tərəfin əvəz edilməsi birinci instansiya məhkəməsində, hüquq varisliyi isə prosesin hər hansı mərhələsində mümkündür;

2. prosessual hüquq varisliyində əvəz edilən şəxsin bütün hüquq və vəzifələri varisə keçir, sonuncu, prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər onun üçün də məcburi olur, əsl olmayan tərəf əvəz edildikdən sonra isə işə əvvəldən baxılmağa başlanır (MPM-in 54.4-cü maddəsi) və belə bir məcburilik olmur; 3. əsl olmayan tərəfin əvəz edilməsi iddiaçının razılığı ilə mümkün olduğu halda, prosessual hüquq varisliyində hər hansı razılıq tələb olunmur. MPM-in 417.1.3 və 418.1 -ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 31-38-ci bəndlərində şərh edilən hallar və bildirilən hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməli, mötəbər sübutlara istinad olunub, qiymət verilməklə, həmin hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında cavabdeh X4 hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Kollegiya işə iddiaçının hüquqi varisinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

25. Məhkəmə iclasında X21 cavabdeh X4 hüquqi varisi qismində məhkəmə prosesinə cəlb edilmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyası):

532.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülən) ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, X21 cavabdeh X4 hüquqi varisi qismində məhkəmə prosesinə cəlb etmişdir.

33. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə dair X8 miras qalmış 1/3 hissəsinə vərəsəlik qaydasında yalnız İddiaçı hüququnu tanısa da, prosesual qənaət prinsipi baxımından vərəsəlik üzrə digər vərəsələrin də paylarını müəyyən etməli olduğu halda etməmişdir. Bu səbəbdən həmin miras əmlaka dair Qulam Əbdül oğlunun digər vərəsələrinin də payları müəyyən edilməklə mübahisələndirilən qətnamə ləğv olunmalıdır.

34. Belə ki, hazırkı işin faktiki hallarına əsasən iddiaçının atası X20 mübahisəli evdə doğulub və öldüyü günədək orada yaşamış, iddiaçının özü də həmin evdə doğularaq, hazırda orada qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Babasının ölümündən xeyli sonra, yəni 13 iyul 2001-ci ildə ünvan 1 evə dair mərhumun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə iddiaçının əmiləri Zaidxan Qulam oğlu və X14 Bakı şəhəri 24 saylı notariat kontoruna müraciət edərək yalnız özlərinin Qulam Əbdül oğlunun yeganə vərəsələri olduqlarını bildirməklə, mərhumdan miras qalmış əmlaka hər birinin 1/2 hissədə miras payı müəyyən edilərək 27 sentyabr 2001-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmişlər. X19 27 sentyabr 2001-ci ildə bağışlama müqaviləsi əsasında ona çatası payı qardaşı X7 bağışlamışdır. Sonuncu isə miras əmlak üzərində, yəni Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci il tarixdə aparılmış qeydiyyatla bağlı qeydiyyat vəsiqəsi əldə etmişdir. Hazırda isə iddiaçı atası X10 atasından sonuncuya miras qalmış əmlaka dair ona çatası pay üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir.

35. Məhkəmə kollegiyası isə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından göründüyü kimi, İddiaçı 26 yanvar 2005-ci ildə iddia ilə məhkəməyə müraciət edərkən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə dair babası Qulam Əbdül oğlunun adına 13 iyul 2001-ci ildə verilmiş 004507 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını və mübahisəli evin 2 otağı üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Bu zaman iddiaçı əmisi X5 adına verilmiş qeydiyyat vəsiqəsinin, habelə babası Qulam Əbdül oğlunun və əmisi X5 adlarına olan qeydiyyat vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin ləğvi və ya etibarsızlığı ilə bağlı tələb irəli sürməmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddianı rədd edərkən digər əsaslarla yanaşı Qulam Əbdül oğlunun və X5 adlarına verilmiş qeydiyyat vəsiqələrinin və həmin qeydiyyat vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin mübahisələndirilmədiyini, onların qüvvədə olduqlarını nəzərə almışdır.

36. Bununla yanaşı, Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 1160cı maddəsinin tələblərini nəzərə alaraq atası X2 olduğu bir dövrdə (2005-ci ildə) İddiaçı babasından miras qalmış əmlaka münasibətdə vərəsəlik hüququndan irəli gələn tələblərinin məhkəmə tərəfindən təmin olunması da prinsip etibari ilə mümkün olmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsi 23 yanvar 2014-cü il tarixli qətnaməsi ilə X5 İddiaçı qarşı "ailə üzvləri ilə birlikdə evdən çıxarılma" tələbinə dair qarşılıqlı iddiasını qismən təmin edərkən mübahisəli evə dair ilkin qeydiyyatın 13 iyul 2001-ci ildə Qulam Əbdül oğlunun adına aparıldığını, 25 oktyabr 2001-ci ildən etibarən isə evin mülkiyyətçisinin X14 olduğunu, həmçinin evə dair müvafiq qeydiyyat vəsiqələrinin qətnamə çıxarılan tarix üçün qüvvədə olduqlarını əsas götürmüşdür. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsi, 23 yanvar 2014-cü il tarixli qətnaməsini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlbsinin 53-cü. 54-cü, 123-cü və hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228-ci maddələri ilə əsaslandırmış və hesab etmişdir ki. İddiaçı mübahisəli evə icarəçinin və ya mülkiyyətçi X6 ailə üzvü olaraq istifadə hüququ mövcud deyil.

37. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istiladə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipbri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox işlər üzrə qərarlarında belə bir mövqedan çıxış etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşdırılmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.

38. İddiaçı öz tələblərinin əsası kimi mübahisəli evin 1/3 hissəsinin, atası X16, babası Qulam Əbdül oğlundan miras qaldığına istinad edir. Həmçinin hesab edir ki, onun atasından miras qalmış həmin 1/3 hissəyə hüququ, həmçinin mülkiyyət hüququ vardır.

39. Belə olduğu təqdirdə də iddiaçı həmin əmlakda, o cümlədən müvafiq daşınmaz əmlakın 1/3 hissəni gələcəkdə vərəsəlik qaydasında öz mülkiyyətinə keçirməkdə bilavasitə maraqlıdır və bununla bağlı qanuna əsaslanan gözləntiləri mövcuddur. Ona görə də iddiaçı mübahisəli daşınmaz əmlakın iddia etdiyi hissəsinə "perspektiv mülkiyyətçi" sayılmalıdır.

40. Hazırkı iddianın məzmunundan da görünür ki, İddiaçı mübahisəli evlə bağlı tələblərinin əsası kimi babası Qulam Əbdül oğlunun deyil, atası X10 vərəsəsi olmasına istinad edir. Həmçinin iddiaçı mübahisəli evə dair hüquqlarının mülkiyyətçi X6 ailə üzvü olması səbəbindən deyil, atası X10 vərəsəsi olması səbəbindən yarandığını bildirir.

41. Cavabdehin isə iddiaya qarşı etirazının başqa əsası kimi bildirdiyi, "iddiaçının atası X20 mübahisəli daşınmaz əmlakı qəbul etmədiyi, həmin əmlakı tələb etmədiyi, həmçinin onun mübahisəli əmlakın heç bir hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququ qeydə alınmadığı bir halda, İddiaçı həmin əmlakı tələb edə bilməz.

42. Lakin İddiaçı məhkəmə iclasında bildirmişdir ki, atası X20 babası Qulam Əbdül oğlunun öldüyü günədək və bundan sonra, orada yaşamış, bir daha sonra bir müddət oradan getsə də əşyaları orada qalmı həmin yaşadıqları otağın açarları da atasında olmuş, daha sonra atasıda, özü də yenidən orada yaşamağa başlamışdır. Yəni, atasıda öldüyü günədək mübahisəli mənzildə yaşamışdır. İddiaçı özü də doğulduğu gündən mübahisəli mənzildə yaşamış və hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır.

43. Cavabdeh tərəf bunun qarşılığında bildirir ki, X20, özü üçün ayrıca mənzil alaraq, hələ atasının ölümündən əvvəl mübahisəli mənzildən çıxıb getmişdir. İddiaçı isə mübahisəli evə, X10 X3 etdiyi xahişə əsasən, müvəqqəti yaşamaq üçün köçübdür.

44. Qeyd olunur ki, Qulam Əbdül oğlunun ölümündən sonrakı dövrdə X10 və İddiaçı mübahisəli evdə yaşayıb-yaşamaması yuxarıda göstərilən əvvəlki iş üzrə məhkəmə baxışı dövründə də araşdırma predmeti olmuşdur. Məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası daha əvvəl çıxarılmış va qanuni qüvvədə olan məhkəmə aktlarına nəzər yetirməyi zəruri hesab edir.

45. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsində X5 nümayəndəsinin sözlərinə və iş materiallarına istinad olunaraq qeyd edilir ki, "1974-cü ildə X20 ailəsi, o cümlədən azyaşlı oğlu İddiaçı ilə birlikdə mübahisəli evdən başqa ünvana” köçmüşdür.

46. Beləliklə, cavabdeh tərəfin elə öz sözləri ilə müəyyən olunur ki, X20, atası Qulam Əbdül oğlunun 20 fevral 1973-cü ildə ölümündən sonra, ən azı 1974-cü ilədək ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayıb. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsi 23 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən etmişdir ki, İddiaçı 1991-ci ildə ailə quraraq mübahisəli evin bir hissəsində yaşamağa başlamışdır.

47. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, X20 ən azı 1974-cü ilədək mübahisəli mənzildə yaşamışdır. X20 nəinki 1974-cü il tarixədək, hətta bundan sonra da mübahisəli evdə yaşamış və elə həmin evdə yaşadığı dövrdə də 19 aprel 2010-cu ildə vəfat etmişdir. Bunun əksini cavabdeh tərəf sübuta yetirə bilməmişdir.

48. Həmçinin müəyyən olunur ki, İddiaçı ən geci 1991-ci ildə mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamış və hazırda da həmin yerdə yaşamaqda davam edir. X10 mübahisəli evdə yaşadığı dövrdə vəfat etməsi, həmçinin iddiaçının hazırda da mübahisəli evdə yaşaması halları cavabdeh tərəfindən də inkar olunmur. Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsində iddiaçının yaşadığı yer, mübahisəli evin bir hissəsi kimi qiymətləndirilir.

49. Yuxanda qeyd olunanları nəzərə aldıqda görünür ki, X20 atası Qulam Əbdül oğlunun 20 fevral 1973-cü ildə vəfatından sonra ən azı 1974-cü ilədək mübahisəli evin bir hissəsində yaşamışdır. Bu hal həmçinin X10 mübahisəli əmlakın müvafiq hissəsini faktiki surətdə idarə etməyə başlaması (X10 müvafiq evdə daha əvvəl də yaşadığını nəzərə aldıqda idarəetməni davam etməsi), həmin əmlaka yiyələnməsi anlamına gəlir.

50. Beləliklə, iddiaçı X20 atası Qulam Əbdül oğlundan qalmış miras əmlakda atasının ölümündən sonra da yaşamaqla miras əmlakı qəbul etmiş, sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir.

51. Lakin işin faktiki hallarına əsasən dövlət notariat kontoru miras əmlakda payları, X17 nəzərə almadan, yəni X4 və Zaidxan Qulam oğlunun hər birinin payı ½ hissə olmaqla müəyyən etmişdir. Daha sonra isə Zaidxan Qulam oğlu miras əmlakdakı ½ hissədə payını X7 bağışlamışdır. Bu səbəbdən X14 "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməni əsas götürərək Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməklə daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci ildə qeydiyyat aparılaraq Bakı şəhəri Suraxanı rayonu S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh X4 adına qeydiyyat vasiqəsi verilmişdir.

52. Belə olan halda 27 sentyabr 2001-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia müvafiq hissədə təmin olunmaqla Bakı şəhəri, 24 saylı dövlət notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə etibarsız sayılmalıdır. Həmçinin Bakı şəhəri Suraxanı rayonu S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh X4 adına daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci ildə aparılmış qeydiyyatın əsassız olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia bununla bağlı hissədə də təmin olunmalı, həmin qeydiyyatla bağlı cavabdeh X6 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmalıdır.

53. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə miras əmlaka 1/3 hissədə İddiaçı (atası İgidəli miras əmlakı qəbul etdikdən sonra öldüyündən), X22 isə ona çatası payını öz iradəsi ilə (hətta həmin dövrdə 1/2 hissəsini belə bağışlamışdır) qardaşı Benzuləli Abdulova bağışladığından 2/3 hissədə isə X4 hüquqi varisi X11 payları müəyyən edilməlidir.

54. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, 24 saylı dövlət notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsi etibarsız hesab edilməli, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh X4 adına daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci il tarixdə aparılmış qeydiyyatla bağlı cavabdeh Abdulov (Əbdülov) Benzuləli Qulam oğlunun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmalı, İddiaçı miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə 1/3 hissədə, X4 hüquqi varisi X11 isə 2/3 hissəsinə vərəsəlik qaydasında hüququ tanınmalıdır.

55. Kollegiya onu da qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, bu mübahisə Azərbaycan SSR-in qüvvədən düşmüş Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) qüvvədə olduğu dövrdə açılmış mirasla əlaqədardır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri, 24 saylı dövlət notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə etibarsız hesab edilsin, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh X4 adına daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci il tarixdə aparılmış qeydiyyatla bağlı cavabdeh Abdulov (Əbdülov) Benzuləli Qulam oğlunun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilsin. İddiaçı miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə münasibətdə 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə X4 hüquqi varisi X11 vərəsəlik qaydasında hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar