Məhkəmə qərarları › İş №2(103)-3311/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3311/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3311/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4958/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı xx.xx.2005-ci il tarixində Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi dövrdə yəni, xx.xx.2005-ci il tarixində həqiqi hərbi xidmətdə olarkən vəziyyəti kəskin olaraq pisləşmiş və elə həmin gün Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilmişdir. xx.xx.2005-ci tarixindən xx.xx.2005-ci il tarixinə qədər Hospitalda müalicə alsa da səhhətində irəliləyiş olmadığı üçün, xx.xx.2005-ci il tarixdə həqiqi-hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından tərxis edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə əlillik diaqnozu təyin edilməsinə baxmayaraq hal-hazırki günə qədər ona sığorta ödənişi ödənilməmişdir. Sığorta ödənişinin təyin edilməsi ilə əlaqədar olaraq dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat sığorta ödənişinin və dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4958/2023 saylı qətnaməsi (hakim Xəlilov Ramin) iddia tələbi təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

5. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

6. Apelyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 2659 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki , onda aşkar edilən “orta ağır dərəcəli irsi mikrosferositar anemiya, qanyaratma funksiyasının mülayim dərəcədə pozulması ilə. Üzün və gövdənin çoxsaylı pigmentli nevusları. Sağ gözün mürəkkəb hipermetropik astiqmatizmi 2,0D və 3,0D, makulodistrofiya və (korreksiya olunmur) azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Ümumi xəstəlikdir.” “Keçirilmiş sol ağ ciyərinaşağı payının kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. Keçirilmiş reaktiv hepatitdən sonrakı vəziyyət, qara ciyər funksiyasının pozulmaması ilə. Xəstəlik hərbi xidmət dövründə olmuşdur. Xəstəlik haqqında şəhadətnamədə də qeyd olunanlara onun xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Lakin qeyd olunanlar məhkəmə tərəfindən düzgün araşdırılmamış və düzgün qiymət verilməmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, qanunun istinad olunan maddəsinə əsasən, hazırkı iş üzrə iddiaçıya əlilliyin təyin edilməsi onun xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil, ümumi xəstəliyi ilə əlaqədar olmuş, həmçinin şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün sığorta olunan həqiqi hərbi xidmətdən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar buraxılmış olmalı, yəni həqiqi hərbi xidmət keçdiyi zaman xəsarət almış və bu səbəblə vaxtından əvvəl buraxılmış olmalıdır.

Proses iştirakçılarının izahatı:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi.

Apelyasiya baxışının hədləri.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

13. Maddə 2.1. bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

14. Maddə 27. hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

16. Maddə 2. Sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər.

17. Maddə 4. bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. 18.Maddə 5. ç) bəndinə görə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik sığorta hadisəsi hesab edilir və bununla əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona İ dərəcə əlilliyə görə — 80 faiz; İİ dərəcə əlilliyə görə — 60 faiz; İİİ dərəcə əlilliyə görə — 40 faiz nisbətlərində verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, İddiaçı aldığı əlillik dərəcəsi hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət alması, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar olmadığı, həmin dövrdə xəsarət alması isə müəyyən edilmədiyindən sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır. 24.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. 25.İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 2659 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Eyni zamanda iddiaçının hərbi biletindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli qərarına əsasən (h/h 157) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi ordudan təxris edilmişdir. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən İddiaçı Fizuli oğlununa İİİ qrup əlillik dərəcəsi verilmişdir. 26.Məhkəmə qeyd edir ki, göründüyü kimi işdə olan sənədlərə əsasən iddiaçının xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən edilir və məhz bu səbəbdən də ordu sıralarından təxris olunmuşdur. Buna baxmayaraq iddiaçının qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi sığorta ödənişinin ona verilməsindən imtina edilmişdir. Halbuki, hərbi xidmətə getməzdən öncə iddiaçının Hərbi-Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yaralı olması müəyyən edilmişdir. Xəstəliyin ümumi xəstəlik kimi qeyd edilməsi isə iddiaçının bu hüquqdan məhrum edə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hərbi xidmətdən öncə yoxlanılmaqla hərbi xidmətə yararlı olması müəyyən edildiyindən, sonradan onun xəstələnməklə məhz bu səbəblə ordudan təxris edilməsi qanunvericviliyin tələbləri baxımından iddiaçı sığorta ödənişinin verilməli olmasına dəlalət edir. 27.Belə olan halda iddaçı həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə (sənəddə Xəstəlik hərbi xidmət dövründə alınmışdır qeydi var) həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) buraxıldığından və həmin dövrdən 3 il ərzində İİİ qrup əlillik dərəcəsi verildiyindən ona sığorta ödənişi İİİ dərəcə əlilliyə görə 40 faiz nisbətində verilməlidir.

28. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat (sığorta ödənişi) alınaraq İddiaçı verilməlidir.

29. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 64 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 32 manat, cəmi 96 dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4958/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat (sığorta ödənişi) alınaraq İddiaçı verilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 96 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar