Məhkəmə qərarları › İş №2(103)-3312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3312/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3312/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, Üçüncü şəxsin nümayəndələri X3 və X5 oğlunun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə, üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1116/2020 saylı 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ipoteka ipoteka predmeti olan Yevlax şəhəri, Natavan küçəsi 16 və 0,03449 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş 01.05.2019-cu il tarixli, Y-135 saylı hərracın nəticələri haqqında yekun Protokolun etibarsız hesab edilməsi və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-272/2018 saylı, 29.11.2018-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (3-cü şəxs kimi ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilən) qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticələri haqqında 01 may 2019-cu il tarixli, Y-135 nömrəli Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2019-cu il tarixində Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş edilərək Əmlak X1 məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin ilkin satış qiyməti 48000 manat olmasına baxmayaraq, həmin məbləğ 25 faiz endirilərək 30600 manat müəyyənləşdirilmişdir. Hərracın nəticələri hazırkı qeyd etdiyi miibahisələndirdiyi Y- 135 saylı protokolla rəsmiləşdirilmişdir. Bu barədə tərtib olunan protokolla satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması müəyyənləşdirilmişdir. Əmlak X2 mənzilini hərrac vasitəsilə satarkən Hərrac Mərkəzi ona məlumat verməmişdir. Nəticə etibarilə o, evinin satışından belə xəbərdar olmamışdır. Qeyd etdiyi hallar ciddi qanun pozuntusudur. Hərracın nəticələri haqqında protokol onun əmlakının yeni mülkiyyətçisini müəyyən edir və daşınmaz əmlakın dövlət reyestri tərəfindən müvafiq qeydlərin aparılmasına səbəb olur. Hesab edir ki, 01 may 2019-cu il tarixli Y-135 saylı protokol yəni hərracın nəticələri haqqında hazırkı yekun protokol onun hüquqlarının pozulması ilə çıxarıldığından və qəbul edildiyindən etibarsız hesab edilməlidir. Çünki o, yekun qərarla bağlı eləcə də, hərracın keçirilməsi ilə bağlı məlumatlı deyildir. Bu hal ən pis halda onun hüquqlarını pozur. Odur ki, hazırkı protokolu yəni Hərracın nəticələri haqqında çıxarılmış yekun protokolu əsassız hesab etməklə bərabər, onun məhkəmə qaydasında etibarsız hesab edilməsini əsaslı hesab edir. Hərrac Mərkəzi onun əmlakını satan zaman digər şəxsin mülkiyyəti hesab edən zaman həmin əmlakı hərracını keçirməmişdən qabaq onu xəbərdar etməli idi, yəni bu barədə müvafiq bildirişlə onu məlumatlandırmalı idi. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun səlahiyyətli nümayəndəsi Elnur Quliyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun səlahiyyətli nümaynədəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 01.05.2019-cu il tarixli, Y-135 saylı yekun Protokolun surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 272/2018 saylı, 29.11.2018- ci il tarixli icra vərəqəsi və Yevlax rayon İcra və Probasiya Şöbəsinin 5162/1 nömrəli, 17.12.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı ev 48000 (qırx səkkiz min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "xxxx" MMC-nin 01.05.2019-cu il tarixli, Y-135 saylı hərracın nəticələri haqqında yekun Protokolu əsasında bağlanmış 01.05.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 30600 (otuz min altı yüz) manata ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-272/2018 saylı, 29.11.2018-ci il tarixli icra vərəqəsi və Yevlax rayon İcra və Probasiya Şöbəsinin 5162/1 nömrəli, 17.12.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı ev 48000 (qırx səkkiz min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "xxxx" MMC-nin 01.05.2019-cu il tarixli, Y-135 saylı hərracın nəticələri haqqında yekun Protokolu əsasında bağlanmış 01.05.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 30600 (otuz min altı yüz) manata ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərracların tarixi, vaxtı, keçirilmə yeri, forması və predmeti barədə həm hərrac təşkilatı tərəfindən ipoteka qoyan ona bildirişlər təqdim edilməməklə, məlumat verilməməsi və bununla da onun xəbəri olmadan əmlakının “İpoteka haqqında” Qanunun tələbləri pozulmaqla keçirilmiş hərrac vasitəsilə özgəninkiləşdirilməsi hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olmuş Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC tərəfindən “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 44-cü maddəsinin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-cı maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (MM- 416.2) Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Cavabdeh tərəf 01 may 2019-cu il tarixli hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlərin iddiaçıya çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərracın təşkilatçısı olan cavabdeh tərəfindən 01 may 2019-cu il tarixli hərracın yeri və vaxtı barədə onun lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun da hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə olan 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar