Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3312/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4618 saylı bağ sahəsi və sahədə yerləşən tikililər xx.xx.1989-cu il tarixli, 105 nömrəli “Torpağı və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsinə” və əvvəllər mövcud olmuş, lakin sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” əsasında iddiaçının qardaşı X2 adına qeydiyyata alınmış və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrindən” Yaşar Mehdiyevin adına xx.xx.2015-ci il tarixli, **********93 qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. Yaşar Mehdiyev, onunla iddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Sumqayıt Şəhər 4 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək, reyestrdə 4Ə-1508 nömrəsi ilə qeydə alınmış “Bağışlanma müqaviləsi” əsasında torpaq sahəsini iddiaçıya bağışlamışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış və “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. İddiaçının bacısı X6 iddiaçının adına olan torpaq sahəsini girov qoyaraq faizə pul götürmək məqsədilə xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN Xidmət” Mərkəzində iddiaçının adına özü üçün “Şəxsiyyət vəsiqəsi” almış, həmin vəsiqə ilə xx.xx.2016-cı il tarixində X7 ilə torpaq sahəsinin alğı-satqısına dair 4Ə-1526 reyestr nömrəli müqavilə bağlamış, torpağı sonuncuya satmışdır. Həmin “Şəxsiyyət vəsiqəsində” iddiaçıya aid məlumatlar göstərilsə də, vəsiqədə Nəcibə Orucovanın fotoşəkili əks olunmuşdur. Nəcibə Orucova bu əməllərinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-73/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə keçirilmiş məhkəmə proseslərində həm iddiaçı, həm də xx.xx.2016-cı il tarixində bağlanmış müqavilənin tərəfi olmuş Samir Babayev şahid qismində dindirilmişlər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, faizə pul verən və vasitəçi şəxslər iddiaçının bacısı Nəcibə Orucovanı aldadaraq, müqavilənin formal olaraq bağlandığını, pul qaytarıldıqdan sonra isə çıxarışı geri qaytaracaqlarını bildirmişlər. Bacısı ilə həmin şəxslər arasında faiz-pul məsələləri bir neçə il davam etmişdir. Bu ilin əvvəlində həmin torpaq sahəsində başqa şəxs tərəfindən tikinti işləri başladıqda, iddiaçıya məlum olmuşdur ki, artıq torpaq sahəsi başqa şəxsə satılmışdır. Bununla bağlı müvafiq sorğular verdikdən iddiaçıya mənə məlum olmuşdur ki, sözügedən torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 4Ə-1313 reyestr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli “Reyestrindən çıxarış” verilmiş, xx.xx.2018-ci il tarixli 4Ə-3576 reyestr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh2 adına qeydiyyata alınaraq, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli “Reyestrindən çıxarış”, xx.xx.2021-ci il tarixli 4Ə-335 reyestr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh3 adına qeydiyyata alınaraq, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Reyestrindən çıxarış” verilmişdir.
2. Göstərilənlərə əsaslanan iddiaçı cavabdehlərə qarşı verdiyi iddia ərizəsində aşağıdakı tələblərin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir: - qeyd edilən bağ torpaq sahəsinə dair bacısı X3 onun adına qanunsuz olaraq aldığı şəxsiyyət vəsiqəsindən istifadə edərək, alıcı olaraq X7 ilə xx.xx.2016-cı il tarixdə bağladığı 4Ə-1526 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Samir Babayevin adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” etibarsız hesab edilsin; - həmin bağ torpaq sahəsinə dair satıcı olaraq X7 ilə alıcı olaraq Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 4Ə-1313 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” etibarsız hesab edilsin; - həmin bağ torpaq sahəsinə dair satıcı olaraq Cavabdeh1 ilə alıcı olaraq Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 4Ə-3576 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” etibarsız hesab edilsin; - həmin bağ torpaq sahəsinə dair satıcı olaraq Cavabdeh2 ilə alıcı olaraq Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 4Ə-335 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışın” etibarsız hesab edilsin. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmənin qənaətinə görə, hətta iddiaçının mübahisələndirdiyi “Alğı-satqı müqavilələri” əsassız və etibarsız olsa belə, iddiaçının pozulmuş hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi cavabdehlərin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, torpağın alğı-atqısına dair ilk dəfə, yəni xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə alıcı kimi qeyd edilmiş Samir Babayevin məlumatı olmuşdur ki, müqavilə əslində formal xarakter daşıyır. Nəcibə Orucovanın barəsində olan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılan zaman Samir Babayev şahid qismində dindirilmiş və müqavilənin saxta üsullarla bağlandığını qeyd etmişdir. Buna görə də, Samir Babayev vicdanlı əldə edən şəxs hesab edilə bilməz. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
8. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir.
9. Həmin şəxslər işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
11. Digər cavabdehlər apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, MPM-in 376.2-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş üzrə tərəflərin məhkəmələr verdikləri şifahi və yazılı məlumatlardan və işdə olan sənədlərdən (həmin sənədlər hazırkı qətnamənin 1-ci və 2-ci bəndələrində olduğu kimi göstərildiyi üçün Məhkəmə onları bir daha sadalamağa lüzum görmür) görünür ki, mübahisəli bağ torpaq sahəsi və sahədə yerləşən tikililər xx.xx.1989-cu il tarixli, 105 nömrəli “Torpağı və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsinə” və əvvəllər mövcud olmuş, lakin sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” əsasında iddiaçının qardaşı X2 adına qeydiyyata alınmış və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrindən” Yaşar Mehdiyevin adına xx.xx.2015-ci il tarixdə “Çıxarış” verilmişdir. Yaşar Mehdiyev, onunla iddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Sumqayıt Şəhər 4 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək, qeydə alınmış “Bağışlanma müqaviləsi” əsasında torpaq sahəsini iddiaçıya bağışlamışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2015-ci il tarixdə “Çıxarış” verilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-73/2018 saylı iş üzrə çıxartdığı xx.xx.2018-ci il tarixli hökmdən görünür ki, iddiaçının bacısı X6 xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN Xidmət” Mərkəzində iddiaçının adına özü üçün “Şəxsiyyət vəsiqəsi” almışdır (yəni həmin “Şəxsiyyət vəsiqəsində” iddiaçıya aid məlumatlar göstərilsə də, vəsiqədə Nəcibə Orucovanın fotoşəkili əks olunmuşdur). Həmin hal təsdiq olunduğu üçün cinayət işinə baxmış Sumqayıt Şəhər Məhkəməsi Nəcibə Orucovanı Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib, onun aylıq qazancının 20 faiz hissəsinin dövlət nəfinə tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum etmişdir.
15. İş üzrə tərəflərin məhkəmələr verdikləri şifahi və yazılı məlumatlardan və işdə olan sənədlərdən (həmin sənədlər hazırkı qətnamənin 1-ci və 2-ci bəndələrində olduğu kimi göstərildiyi üçün Məhkəmə onları bir daha sadalamağa lüzum görmür) müəyyən edilir ki, Nəcibə Orucova qeyd edilən “Şəxsiyyət vəsiqəsindən” istifadə edərək, mübahisəli torpaq sahəsini X4 xx.xx.2016-cı il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında 12.000 manata satmışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” Samir Babayevin adına xx.xx.2016-cı il tarixdə “Çıxarış” verilmişdir. Artıq torpaq sahəsinin mülkiyyətçisi kimi çıxış edən Samir Babayev, onunla Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında torpaq sahəsini Cavabdeh1 10.000 manata satmışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə “Çıxarış” verilmişdir. (Samir Babayev xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Şəhər 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş və reyestrdə V-91 nömrə altında qeydə alınmış vərəsəlik işi üzrə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mərhumun vərəsələri aşağıdakı şəxslər tanınmışdır: mərhumun arvadı Cavabdeh4, mərhumun övladı Cavabdeh6, mərhumun övladı Cavabdeh5. Bu səbəbdən də həmin vərəsələr iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərilmişlər). Cavabdeh1, onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğısatqı müqaviləsi” əsasında torpaq sahəsini Cavabdeh2 12.000 manata satmışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə “Çıxarış” verilmişdir. Cavabdeh2 isə, onunla Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında torpaq sahəsini Cavabdeh3 13.000 manata satmışdır. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə “Çıxarış” verilmişdir.
16. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, faizə pul götürmüş və borcu yaranmış, həmin borcu bağlamaq üçün faizə pul verən digər bir şəxsdən borc pul vəsaiti götürmüş, əvəzində bacısı olan iddiaçının mülkiyyəti kimi rəsmiləşdirilmiş, əslində isə onun özünə məxsus olan torpaq sahəsini girov qoymuşdur. Onun şəxsiyyətini təsdiq edən sənədlər qaydasında olmadığı üçün o, iddiaçının adına “Şəxsiyyət vəsiqəsi” almaq məcburiyyətində qalmışdır. İddiaçının bunlardan məlumatı olmuşdur.
17. İddiaçı apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, torpağın alğı-atqısına dair ilk dəfə, yəni xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə alıcı kimi qeyd edilmiş Samir Babayevin məlumatı olmuşdur ki, müqavilə əslində formal xarakter daşıyır. Nəcibə Orucovanın barəsində olan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılan zaman Samir Babayev şahid qismində dindirilmiş və müqavilənin saxta üsullarla bağlandığını qeyd etmişdir. Buna görə də, Samir Babayev vicdanlı əldə edən şəxs hesab edilə bilməz.
18. Bununla bağlı Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 73/2018 saylı iş üzrə çıxartdığı xx.xx.2018-ci il tarixli hökmdən görünür ki, şahid qismində dindirilmiş Samir Babayev xx.xx.2016-cı il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanan zaman o, Nəcibə Orucovanın notariusa təqdim etdiyi “Şəxsiyyət vəsiqəsinin” saxta olmasını bilməmiş, bunu, müqavilə bağlanandan xeyli sonra, yəni mövcud mübahisə başlandıqdan sonra bilmişdir.
19. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
20. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mübahisəli bağ torpaq sahəsinin ilk dəfə, yəni xx.xx.2016-cı il tarixdə Samir Babayevə satılması faktına yanaşdıqda müəyyən edilir ki, alıcı olaraq Samir Babayev ilə bağlanmış “Alğı-satqı müqaviləsi” satıcı olaraq torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı tərəfindən bağlanmamışdır. Amma nəzərə alınmalıdır ki, müqavilə bağlanan zaman Samir Babayevin bu haldan məlumatlı olması işin hallarından müəyyən edilmir – iddiaçı bu halı sübuta yetirə bilmir.
21. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə müqavilə bağlanan zaman Samir Babayev mübahisəli torpaq sahəsinin iddiaçının – İddiaçı mülkiyyətində olmasını bilmiş, lakin torpaq sahəsinin iddiaçı tərəfindən deyil, saxta “Şəxsiyyət vəsiqəsi” ilə iddiaçının bacısı olan Nəcibə Orucova tərəfindən satılmasını bilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, həmin “Şəxsiyyət vəsiqəsi” buna səlahiyyəti olan orqan tərəfindən verilmiş və “Alğı-satqı müqaviləsi” buna səlahiyyəti olan orqan tərəfindən rəsmiləşdirilmişdir.
24. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı, özünə məxsus mübahisəli torpaq sahəsinə dair “Alğı-satqı müqaviləsinin” bağlanması üçün bacısı Nəcibə Orucovanın onun (iddiaçının) adına “Şəxsiyyət vəsiqəsi” almasından və “Alğı-satqı müqaviləsini” bağlamasından xəbəri olmuşdur (bax: hazırkı qətnamənin 16-cı bəndinə).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
26. Bunlara görə də Məhkəmə hesab edir ki, Samir Babayev vicdanla alıcı qismində qəbul olunmalıdır.
27. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
28. Samir Babayev vicdanla alıcı qismində qəbul olunduğu üçün, mübahisəli torpaq sahəsinə dair onunla bağlanmış xx.xx.2016-cı il tarixli “Alğı-satqı müqaviləsi” və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” onun adına verilmiş “Çıxarış” etibarsız hesab edilə bilməz.
29. Bu nəticə nəzərə alındıqda müəyyən edilir ki, mübahisəli torpaq sahəsinə dair satıcı olaraq Samir Babayev ilə alıcı olaraq Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi”, satıcı olaraq Cavabdeh1 ilə alıcı olaraq Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi”, satıcı olaraq Cavabdeh2 ilə alıcı olaraq Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alğısatqı müqavilələr” və həmin müqavilələr əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” alıcılara verilmiş “Çıxarışlar” etibarsız hesab edilə bilməz.
30. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı eyni əsasla təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlili əsassızdır. f) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Apellyasiya şikayəti təmin edilmədiyindəm onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
35. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
36. İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.