Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3316/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)- 2745/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Bideyiz kəndində yerləşən, əvvəllər iddiaçıya məxsus olmuş 1.292 ha əkin, 1.614 ha əkin, 8.1656 ha əkin, 3.54 ha əkin, 1.615 ha əkin, 4.199 ha əkin, 3.7225 ha əkin, 0.7174 ha əkin təyinatlı torpaq sahələrinin alqı-satqısına dair Qəbələ regional “ASAN xidməf' mərkəzinin notariat kontorunda Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1046 №-li, 4Ə-1047№-li, 4Ə-1048 №-li, 4Ə-1049 №-li, 4Ə1050, 4Ə-1051 №-li, 4Ə-1052 №-li, 4Ə-1053 №-li alqı-satqı müqavilələrinin tam etibarsız hesab edilməsi, Şəki rayonu, Bideyiz kəndində yerləşən, əvvəlllər iddiaçı ilə X20 paylı mülkiyyət hüququ əsasında məxsus olmuş 1,29 ha əkin və 1.61 ha əkin təyinatlı torpaq sahələrinin alqısatqısına dair Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1002 №-li və 4Ə-1003 №-li alqı-satqı müqavilələrinin iddiaçıya aid paya münasibətdə qismən etibarsız hesab edilməsi, Şəki rayonu, Çapağan kəndində yerləşən, əvvəllər iddiaçı ilə Məmməd Əliyevə məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1009 №-li alqı-satqı müqaviləsinin iddiaçıya aid paya münasibətdə qismən etibarsız hesab edilməsi, həmin müqavilələrin ləğv edilməsi, həmin müqavilələrin iddiaçıya münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, iddiaçının Şəki rayonunun Bideyiz və Çapağan kəndlərində müxtəlif ölçüdə sahələrə malik, əsasən əkin təyinatlı torpaqları var. Həmin torpaq sahələrini müxtəlif vaxtlarda əldə etdiyinə görə əmlaka olan hüquqları da ayrı-ayrı vaxtlarda dövlət qeydiyyatına alınmışdır. Hər birinin sənədi də (çıxarışı və s.) ayrı olmuşdur. Bu isə təsərrüfat fəaliyyəti zamanı müəyyən çətinliklər yaradırdı. Subsidiya alarkən və ya toxum, texnika və hətta kredit cəlb etmək üçün özünə məxsus torpaqların sənədlərini ayrı-ayrılıqda təqdim etməli olurdu. Cavabdeh1 onun qardaşıdır və peşəkar hüquqşünasdır. Fəaliyyəti dövründə müxtəlif sənədləşmə işlərində iştirak etmişdir. Məhz onun məsləhəti olmuşdur ki, qeyd olunan torpaq sahələrinin sənədlərini mümkün qədər ixtisar etmək və bir sənəddə cəmləmək lazımdır. Bununla da torpaq sahələrini eyni vaxtda alqı-satqı edərək bir şəxsin adına rəsmiləşdirməklə mümkün olacağına onu inandırdı. Elə bu məqsədlə də, xx.xx.2018-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində ümumi tanışları olan Mehman Əliyevə və Cavabdeh1 bütün əmlakına dair müddəti cəmi bir ay olan etibarnamə vermişdir. Lakin ötən müddət ərzində sözügedən torpaq sahələrinin gözlədiyi kimi sənədləşdirilərək mülkiyyətinə qaytarılmadığını görüncə narahatlıqlar keçirməyə başlamışdır. Məsələni araşdırmaq məqsədi ilə DƏDRX-nin 12 saylı X35 sorğu etmişdir. Sorğuya verilən cavabla müəyyən olunmuşdur ki, torpaqlar əsasən Cavabdeh1 və az hissəsi digər Cavabdeh2 mülkiyyətinə alqı-satqı yolu ilə keçmişdir. Alqı-satqı edilmişsə, demək ki, əmlakların satış dəyəri də olmuşdur. Lakin, əmlakların satış dəyəri real bazar dəyərindən aşağı, simvolik məbləğdə müəyyən olunaraq alqı-satqı edilmişdir. Bundan başqa, torpaqların müqavilələrdə göstərilən alqı-satqı dəyəri iddiaçıya ödənilməmişdir. Göstərilənlər onu təsdiq edir ki, əmlakların alqı-satqısına dair bağlanmış müqavilələr etibarsızdır, bu müqavilələrin doğurduğu nəticələr ləğv olunmalıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2745/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın tam həcmdə təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin müqavilələri etibarsız hesab olunmaqla ləğv edilməsi barədə gəldiyi nəticə ziddiyyətlidir. Müqavilənin etibarsızlığı və ləğvinin fərqli hüquqi anlayışlar olduğunda və biri digərini istisna etdiyində şübhə yoxdur. Başqa sözlə, etibarsız əqdin ləğvinin mümkün olmadığı, ləğv etmənin yalnız etibarlı əqdlər üçün xaraktrik olduğu açıqdır. Lakin məhkəmə tərəfinən maddi hüquq pozuntusuna yol verilərək mübahisələndirilən əqdlər etibarsız sayılmaqla ləğv edilmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsi mübahisələndirilən ədlərə dair göstərişləri, 340.2-ci maddə isə əhəmiyyətsiz əqdlərə dair qaydaları ehtiva edir. Hər iki etibarıszlıq növünün hüquqi təbiəti fərqlidir. Əqdin hər iki maddə üzrə etibarsız olması da mümkün deyildir. Tərəflərin qardaş olması həmin şəxsləri təmsilçi vasitəsilə əqd bağlamaq imkanından məhrum etmir. Məhkəmənin "etibarnamənin 1 ay müddətinə veriliməsi" ilə bağlı ifadə etdiyi mövqe də əsassızdır. Etibarnamənin birtərəfli əqd olduğu, müddətin də etibar edən tərəfindən müəyyənləşdirildiyi, bu halın etibar edən və nümayəndə baxımından əhəmiyyət kəsb etdiyi açıqdır. Məhkəmənin "torpaq sahələrinin həqiqi qiymətindən dəfələrlə aşağı qiymətə satılması" barədə mövqeyi də tam əsassızdır. Ona görə ki, işdə bununla bağlı heç bir sübut yoxdur. Məhkəmə internetdən çıxarılmış bəzi elanlardaki "qiymətlər"ə əsasən bu nəticəyə gəlib. Halbuki, həmin elanlardaki torpaqların təyinatı, yerləşmə yeri, təklif edilən qiymətə satılma ehtimalı ilə bağlı məhkəmə heç bir məlumata malik deyildi. Lakin məhkəmə tərəfindən nədənsə, konkret ərazinin deyil, bütövlükdə Şəki rayonu üzrə torpağın (təyinatını göstərmədən) 1 sotunun qiymətinin 4.000-12.000 arasında dəyişdiyini "rahatlıq"la müəyyən edilmişdir. Mübahisəli torpaq sahələri 2015-ci ilin avqust ayından başlayaraq əldə edilməyə başlamışdır. Həmin torpaq dahəsinin bir hissəsi iddiaçının, digər hissəsi isə X9 adına rəsmiləşdirilmişdir. Cavabdeh nə onu, nə də başqa hər hansı şəxsi aldatmamışdır. İddiaçının etibarnamə verməkdə məqsədi torpaq sahələrinin bir şəxsin adında rəsmiləşdirilməsi şəklində ifadə etdiyi dəlilini özü təkzib etmiş olacaqdı. Çünki qoz bağının salındığı ərazidəki 25 ha torpaq sahəsi M.Əliyevə məxsus olmuşdur. İddiaçı qeyd edir ki, guya torpaq sahələrini bir şəxsin adına birləşdirmək məqsədilə etibarnamə vermiş, lakin sonradan ona məlum olmuşdur ki, torpaqlar ona və Cavabdeh2 satılıb. İddiaçının bu dəlili və məhkəmə qətnaməsi əsassızdır. Həmin ərazidə Məmməd Əliyevə də məxsus torpaq sahələri əldə edilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Məmməd Əliyevin Bideyiz kəndində yerləşən 1.61 ha torpaq sahəsi üzərində ½ payını və xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 Məmməd Əliyevin Şəki rayonu, Çapağan kəndində yerləşən 0.4 ha torpaq sahəsi üzərində ½ payını əldə etmişdir. Cavabdeh2 Məmməd Əliyevədən eyni ərazdə 25 ha torpaq sahəsi də əldə etmişdir ki, həmin müqavilələr qüvvədədir və mübahisələndirilmir. xx.xx.2016-cı il tarixdə birgə satıcılar X3, İsrafilova Reyhan Söyüf qızı, X10 və X11 ilə birgə alıcılar Məmməd lliyev və Cavabdeh1 arasında alıq-satqı müqaviləsi bağlanmış və Şəki rayonu, Çapağan kəndində yerləşən 1.61 ha torpaq sahəsinə görə alıcılar 1770 manat pul ödəmişlər. xx.xx.2016-cı il tarixdə birgə satıcılar X13, X14 və X21 ilə birgə alıcılar Məmməd Əliyev və Cavabdeh1 arasında alıq-satqı müqaviləsi bağlanmış və Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha torpaq sahəsinə görə alıcılar 1420 manat pul ödəmişlər. xx.xx.2018-ci il tarixdə birgə satıcılar X8, X4, X5 və X6 ilə alıcı Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və Şəki rayonu, Çapağan kəndində yerləşən 1.61 ha torpaq sahəsinə görə alıcılar 2400 manat pul ödəmişlər. Apellyasiya baxışı zamanı Cavabdeh1, onun nümayəndəsi və vəkili Dünyamin Novruzov apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini və ona əlavəni qəbul etməyərək bildirmişdir ki, alqı-satqının dəyəri real bazar qiymətinə uyğun deyil. İddiaçı əmlakı həqiqətən satmaq niyyətində idisə, bağ salınmaqla sata bilərdi. Son bağlanan digər şəxslər arasında olan müqavilələrdə də hesab edir ki, qiymət aşağı göstərilib. Torpaq sahələri 2015-ci ildə boş sahə olub, sonradan bağ salınıb, təbii ki, qiymət dəyişib. Digər Cavabdeh2 məhkəmə qətnaməsini mübahisələndirmədiyi üçün bu hal qətnamənin əsaslı olmasına dəlalət edir. Tərəflər arasında bağlanmış əqdlər yalançı əqdlərdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı zamanı nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini hər iki cavabdehə münasibətdə təmin etsə də, iş üzrə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş izrə iddianın predmeti iddiaçının iddia etdiyi torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqavilələri ilə yanaşı, həm də paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqavilələri təşkil edir. Nə qədər ki, iddiaçı həmin müqavilələrin bağlanmasında vahid niyyətin (əmlakla dair vahid çıxarışın alınması) olduğunu iddia edir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri bölünməzdir və buna görə də qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, işdə olan Qəbələ regional “Asan xidmət” mərkəzinin xüsusi notariusu S.Osmanlı tərəfindən təsdiqlənmiş xx xxxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən etibar edən- X23 etibar edilən- X29 1 ay müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini etibar etmişdir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzinin xüsusi notarisu S.Osmanlı tərəfindən təsdiqlənmiş xx xxxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən etibar edən-İddiaçı etibar edilən- X12 1 ay müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini etibar etmişdir. Eyni zamanda Qəbələ regional “Asan xidmət” mərkəzinin xüsusi notarisu S.Osmanlı tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən iddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini Cavabdeh1 vermişdir. Etibarnamənin qüvvədə olma müddəti 1 ay müəyyən edilmişdir. DƏDRX-nın 12 saylı X33 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının adına Şəki rayonu, Bideyiz kəndində 1.292 ha əkin, 1.614 ha əkin, 8.1656 ha əkin, 3.54 ha əkin, 1.615 ha əkin, 4.199 ha əkin, 3.7225 ha əkin, 0.7174 ha əkin təyinatlı torpaq sahələri Qəbələ regional “ASAN xidmət' mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1046, 4Ə- 1047, 4Ə-1048, 4Ə-1049, 4Ə1050, 4Ə-1051, 4Ə1052, 4Ə-1053 saylı alqı-satqı müqavilələrinə əsasən Xidmətin 12 saylı X34 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Şəki rayonu, Bideyiz kəndində yerləşən Məmməd Əliyevə və iddiaçıya məxsus 1.29 ha və 1.61 ha əkin torpaq sahələri Qəbələ regional “ASAN xidmət' mərkəzinin notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1002 və 4Ə-1003 saylı alqı-satqı müqavilələrinə əsasən Xidmətin 12 saylı X34 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Şəki rayonu, Çapağan kəndində yerləşən iddiaçı və Məmməd Əliyevə məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsi Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsinə əsasən Xidmətin 12 saylı X34 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, Məmməd Əliyevin əvəzindən Orxan Nuri, iddiaçının əvəzindən isə Cavabdeh1 Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha torpaq sahəsini 8000 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.61 ha torpaq sahəsini 8500 manata, Şəki rayonu, Çapağan kəndində yerləşən 0.4 ha torpaq sahəsini 25.000 manata Cavabdeh2 (onun əvəzindən Mehman Əliyev imzalamışdır) satmışdır. Həmçinin xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı əvəzinə X36 rayonu, Bideyiz kəndində yerləşən 3.54 ha torpaq sahəsini 7.000 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 3.7225 ha torpaq sahəsini 7.500 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 8.1656 ha torpaq sahəsini 16350 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 0.7174 ha torpaq sahəsini 1.800 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 4.199 ha torpaq sahəsini 8.400 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.615 ha torpaq sahəsini 8.400 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha torpaq sahəsini 2500 manata, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.614 ha torpaq sahəsini isə 2500 manata Cavabdeh1 satmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, iddiaçının Mehman Əliyev və Cavabdeh1 adlarına etibarnamə verməkdə məqsədi özünə məxsus olan əmlakın satılması ilə əlaqədar deyil, eyni ərazidə yerləşən bir neçə əmlakın bir sənədlə qeydiyyata alınması olmuşdur. Etibarnamənin qısa müddətə, yəni 1 ay müddətinə verilməsi də onun məhz bu məqsədlə verilməsi ehtimalını gücləndirir. Bundan başqa, qeyd olunan daşınmaz əmlakların öz dəyərindən dəfələrlə ucuz qiymətə satılması, əldə olunmuş pul vəsaitinin əmlakın mülkiyyətçilərinə verilməməsi də əqdin formal olaraq, başqa bir əqdi pərdələmək naminə bağlandığına dəlalət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Qeyd olunmalıdır ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha və 1.61 ha əkin torpaq sahəsi, habelə Şəki rayonunun, Çapağan kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçı və Məmməd Əliyevə məxsus olmuşdur. xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Cavabdeh1 adına 4 il müddətinə, xx.xx.2019-cu il tarixədək Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı X2 xx.xx.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Aynur Həbibullayeva mübahisəli torpaq sahələrinin satılmasına etiraz etməmişdir. Sözügedən torpaq sahələrinin Cavabdeh2 satılması barədə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlanmışdır. Həmin alqı-satqı müqavilələrini “Satıcı” qismində çıxış edən iddiaçının adından Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1, digər mülkiyyətçi Məmməd Əliyevin adından etibarnaməyə əsasən Orxan Nuri, “Alıcı” qismində çıxış edən Cavabdeh2 adından isə Mehman Əliyev imzalamışlar. Hər üç alqı-satqı müqaviləsinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyərini (1.29 ha torpaq sahəsi – 8.000 manat; 1.61 ha torpaq sahəsi – 8.500 manat; 0,40 ha torpaq sahəsi – 25.000 manat) təşkil edən pul vəsaiti alıcı tərəfindən xüsusi notarius Saday Osmanlının depozit hesabına ödənilmişdir. Göründüyü kimi, torpaq sahələrinin özgəninkiləşdiriməsi zamanı mülki qanunvericiliyin bütün tələblərinə (səlahiyyətli şəxslərin iştirakı, müqavilə tərəfləri arasında iradə və bu iradənin ifadəsi, əqdin forma və məzmunu) əməl olunmuşdur. Başqa sözlə, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha və 1.61 ha əkin torpaq sahəsinin, habelə Şəki rayonunun, Çapağan kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsinin özgəninkişləşdirilməsi barədə müqavilələr əqdlərin etibarlılığı şərtlərinə cavab verir. Bu müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Bundan başqa, işdə olan sənədlərdən müəyyən edilir ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha və 3.7225 ha əkin, habelə 0.7174 ha torpaq sahələri tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Mehman Əliyevin adına 1 ay müddətinə xx.xx.2019-cu il tarixədək Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Qeyd edilən torpaq sahələrinin Cavabdeh1 satılması barədə xx.xx.2018-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlanmışdır. Həmin alqı-satqı müqavilələrini iddiaçının adından Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən Mehman Əliyev imzalamışdır. Sözügedən alqı-satqı müqavilələrinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyəri “Alıcı” qismində çıxış edən iş üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri 5 saylı Notariat Kontorunun xüsusi notariusu Saday Osmanlının depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yuxarıda qeyd olunan torpaq sahələrinin özgəninkiləşdiriməsi zamanı da mülki qanunvericiliyin bütün tələblərinə (səlahiyyətli şəxslərin iştirakı, müqavilə tərəfləri arasında iradə və bu iradənin ifadəsi, əqdin forma və məzmununa) əməl olunmuşdur. Hazırda iddiaçı iddia edir ki, bu müqavilələr onun vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Belə ki, bu müqavilələrin bağlanmasında iddiaçının əsl niyyəti ona məxsus torpaq sahələrinə vahid sənəd (çıxarış) almaq olmuşdur. İş üzrə Cavabdeh1 bunun yalnız torpaq sahələrinin eyni vaxtda alqı-satqı edilərək bir şəxsin adına rəsmilləşdirilməsi, daha sonra isə həmin əmlakların yenidən iddiaçının adına keçirilməsi yolu ilə mümkün olacağına iddiaçını inandırmışdır. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir (maddə 347.2.1); şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir (maddə 347.2.2); tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla (maddə 347.2.3). Mülki Məcəllənin 347.3-cü maddəsinə görə əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən (iddiaçının dəlilinə münasibətdə) müəyyən edilir ki, torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanması zamanı iddiaçıya münasibətdə vacib əhəmiyyətli yanılma halı baş verməmişdir. Yəni, iddiaçı torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlamaq istəmişdir; bu müqavilələr nəticəsində iddiaçı torpaq sahələrinin mülkiyyətindən çıxacağını bilmişdir; müqavilə tərəflərinin, o cümlədən də iddiaçının əqdlərin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmuşdur. Göründüyü kimi, əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri hazırki işdə mövcud deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nəzərdə tutduğu məqsədə (motivə), yəni mübahisəli torpaq sahələrinə dair vahid sənədin (çıxarışın) alınması barədə niyyətə çatmaması da “vacib əhəmiyyətli yanılma” hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.6-cı maddəsinə əsasən dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunvericiliyin mənasından göründüyü kimi, ayrı-ayrı koordinatlara malik, ayrı-ayrı ünvanlarda yerləşən torpaq sahələrinə dair dövlət reyestri tərəfindən mülkiyyətçinin adına vahid sənədin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının bu niyyəti (motivi) məntiqli görünmür. Odur ki, iddiaçı qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirdikdən sonra həmin əmlakın yenidən öz mülkiyyətinə qaytarılmasını məntiqli və ağlabatan mühakimə ilə izah edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müzakirə olunan dəlili əsassızdır. Qeyd olunmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi mübahisələndirilən əqdləri əhəmiyyətsiz yalan əqdlər hesab etmiş və bu zaman qətnamədə yalan əqdə aid Mülki Məcəllənin 340.2-ci maddəsi ilə yanaşı, həm də sonradan 339.1-ci maddəsinə əsaslanmışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, əvvəla Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əqdin yalan əqd hesab edilməsi üçün iki əqdin mövcudluğu tələb olunur: bunladan biri - yalan əqdin özü, digəri isə - tərəflərin əslində nəzərdə tutduqları əqddir (əsl əqd). Lakin hazırki iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, mübahisələndirilən əqdləri yalan əqd adlandıran məhkəmə bu əqdlərin bağlanması ilə əslində hansı əqdlərin pərdələndiyini göstərməmişdir. Məhkəmə araşdırmaları zamanı da torpaq sahələrinə dair alqı-satqı müqavilələrin yalan əqd olması öz təsdiqini tapmamışdır. Digər tərəfdən, iddiaçının həyat yoldaşı X7 tərəfindən iddiaçının adına olan torpaq sahələrinin satılmasına razılıq verilməsi də iddiaçının torpaq sahələrini məhz özgəninkiləşdirmək niyyətində olmasını bir daha təsdiq edir. İddiaçının paylı mülkiyyətçisi olduğu mübahisəli torpaq sahələrini satmaq, Cavabdeh2 isə həmin əmlakı almaq niyyətinin olması həmçinin əmlakın Məmməd Əliyevə məxsus hissəsinin də Cavabdeh2 tərəfindən əldə olunması ilə sübut olunur. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təmsil olunması məqsədi ilə Mehman Əliyevin adına verilmiş etibarnamənin müddətinin 1 ay müəyyən edilməsi də, etibarnamənin alqı-satqı məqsədi ilə verilmədiyi ehtimalını daha da gücləndirir. Göründüyü kimi, məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq yalnız ehtimallarla əsaslandırmışdır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən müqavilələri etibarsız hesab etməklə yanaşı, iddiaçının tələbinə uyğun olaraq həm də həmin müqavilələrin ləğv edilməsi qənaətinə gəlmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə görə əqdin etibarsızlığı və ləğvi fərqli hüquqi anlayışlar olmaqla yanaşı, fərqli hüquqi nəticələr də yaradır. Əqdin etibarsızlığı əqd tərəflərini əvvəlki vəziyyətə gətirir. Mövcud olmayan, yəni etibarsız hesab edilmiş əqdin sonradan həm də ləğv olunması isə mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən diqqətə alınmamışdır. Bundan əlavə, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 363-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir (maddə 363.1). Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi etibarnamənin qüvvədə olma müddəti, etibar edənin iradəsindən asılı edilmişdir və bu zaman təmsilçinin təmsil olunan adından hansı əqdin bağlanması əhəmiyyət kəsb etmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mehman Əliyevin adına verilmiş etibarnamədə təmsilçi olana geniş səlahiyyətlərin, o cümlədən daşınmaz əmlaklar üzərində sərəncam vermək səlahiyyətinin verildiyi də öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən etibarnamənin 1 ay müddətinə verilməsinə və bu müddətin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçının mübahisəli torpaq sahələrinin “onun mülkiyyətinə qaytarılmamasını” 7 ay sonra öyrənməsi də onun bu barədə dəlillərinin inandırıcı və həqiqətəuyğun olmadığını təsdiq edir. Bundan başqa, müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslı hesab etdiyi iddiaçının digər iki dəlili- əmlakların real bazar dəyərindən daha aşağı qiymətə satılması, habelə əmlakların satışından əldə olunmuş pul vəsaitinin iddiaçıya verilməməsi ilə bağlı olmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı daşınmaz əmlakın real bazar dəyəri eyni ərazidə yerləşən, eyni ölçülərə malik olan digər daşınmaz əmlakların qiyməti ilə müqayisəli təhlil aparılmaqla müəyyən edilir. İşə baxmış məhkəmə iş materiallarında olan Şəki rayonu ərazisində yerləşən torpaq sahələrinin satışı barədə internetdən çıxarılmış elanlara əsaslanaraq hesab etmişdir ki, mübahisəli torpaq sahələri dəyərindən daha aşağı qiymətə satılmışdır. İddiaçının və məhkəmənin bu mövqeyinə etiraz edən cavabdeh tərəf apellyasiya baxışı zamanı mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olan torpaq sahələri ilə analoji yerdə yerləşən və müvafiq ölçüdə olan torpaq sahələrinin alqı-satqı müqavilələrini təqdim etmişdir ki, həmin müqavilələrdə olan qiymətlərin də hazırki iş üzrə etibarlılığı mübahisələndirilən müqavilələrdəki qiymətlərlə demək olar ki, eynilik təşkil etdiyi müəyyən olunur. Hətta, iddiaçının özü qeyd olunan alqı-satqı müqaviləsi bağlanmazdan 7 ay əvvəl eyni ərazidə, eyni ölçüdə olan torpaq sahəsini təxminən 3 dəfə aşağı qiymətə əldə etmişdir. Beləliklə, iddiaçı torpaq sahələrinin dəyərindən daha ucuz qiymətə satılması barədə dəlillərini əsaslandıra və bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də “müqavilə qiymətinin reallığı əks etdirməməsi” halı iş materialları ilə öz təsdiqini tapmadığı üçün mübahisəli əmlakların qiymətləndlirilməsi ilə bağlı müvafiq ekspertizanın keçirilməsi barədə iddiaçının verdiyi vəsatəti məhkəmə kollegiyası rədd etmişdir. O ki qaldı iddiaçının “əmlakların satışından əldə olunmuş pul vəsaitinin ona verilməməsi” barədə dəlilinə, məhkəmə kollegiyası həmin dəlili də inandırıcı deyil, əsassız hesab edir. Belə ki, iddiaçı tərəf bildirir ki, xüsusi notariusun depozit hesabına köçürülmüş pul məbləğlərini iddiaçını təmsil etmiş Mehman Əliyev hesabdan çıxarsa da, sonradan həmin pulları Cavabdeh1 özünə qaytarmışdır. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi, hazırda etibarlılığı mübahisələndirilən müqavilələrin predmeti olmuş torpaq sahələrinin müqavilədə göstərilmiş dəyəri “alıcı” qismində çıxış etmiş, iş üzrə cavabdehlər tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Bununla da cavabdehlər müqavilə üzrə üzərlərinə götürmüş olduqları öhdəlikləri icra etmişlər. Pulun köçürməsindən sonra həmin pulları hesabdan çıxaran iddiaçının təmsilçisi tərəfindən iddiaçıya sonradan verilib-verilməməsi halları isə sözügedən müqavilələrin etibarlılığına təsir etmir. Digər tərəfdən Mehman Əliyevin depozit hesabdan götürdüyü pulları Cavabdeh1 özünə qaytarması iş materialları ilə təsdiq edilmir. İşin apellyasiya baxışı zamanı həmin xüsusatın təsdiq edilməsi məqsədi ilə iddiaçı tərəf Mehman Əliyevin şahid qismində dindirilməsi barədə vəsatət versə də, Məhkəmə kollegiyası həmin vəsatəti MPM-nin 81-ci maddəsinin tələbi baxımından əsassız hesab edərək rədd etmişdir. Belə ki, MPM-nin 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə olan halda iddiaçının “həmin müqavilələrin iddiaçıya münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışların verilməsi” barədə tələbləri də əsas tələblərə əlavə olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən rədd edilməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı, öz iddiasının əsasını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə bağlı qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən qətnamə ləğv olunmalıdır. Belə ki, MPM-nin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2745/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələblər” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-3316/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3316/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver