Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3319/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 5.323 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, dalan 2-də yerləşən 3 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00030). xx.xx.2022-ci il tarixdə sayğac dəyişilən zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh Birlik tərəfindən ona 5.323 manat məbləğdə borc hesablanmışdır. Bundan sonra iddiaçı dərhal Birliyin Mərdəkan qəsəbəsində yerləşən İdarəsinə müraciət etmiş, lakin ona heç bir məlumat verilməmişdir. Nəhayət, iddiaçı, xx.xx.2022-ci ildə “ASAN Kommunal Xidmətinə” müraciət etmiş və orada ona verilmiş məlumatlardan bilmişdir ki, evin əvvəlki mülkiyyətçisi olmuş atası vəfat edən günə qədər, yəni xx.xx.2012-ci il tarixinədək sayğacda göstərilən borc demək olar ki, sıfır vəziyyətində imiş. Lakin həmin ünvanda qeydiyyatsız olaraq kənar şəxslər yaşayıblar. İstifadə olunan hər ay böyük məbləğ cavabdeh Birlik tərəfindən heç bir tədbir görülməmək səbəbindən bu günə kimi 5.323 manat borcun yaranmasına gətirib çıxarmışdır. Burdan da sübuta yetirilir ki, cavabdeh Birliyin işçiləri istifadə olunan mexaniki qaz sayğacından istifadə edərək nağdlaşma aparılmış, lakin borc silinməmişdir. Cavabdeh Birliyin Satış Şöbəsində yaranmış özbaşınalıq 10 ildə heç bir rəsmi tədbir görülməmişdir. Daha da borcun böyük məbləğə çatmasına şərait yaranmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh Birliyin nümayəndəsi X1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi Birlik iddiaçının iddia tələbini əsassız hesab edir və iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının ünvanında sayğacdan kənar çəkilmiş qanunsuz xətt vasitəsi ilə qazdan istifadə edilmiş, bununla bağlı olaraq Birliyin əməkdaşları müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və aktlar əsasında həmin ünvana 2022ci ilin sentyabr ayına kimi 3.771,5 manat əlavə sərfiyyat hesablanmışdır. Qalan (5.323 – 3.771,5=) 1.551,5 manat məbləğində borc isə sayğacın göstəricilərinə əsasən hesablanıb. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 3.841,4 manat məbləğində borcun silinməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq iddiaçının barəsində yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Bundan başqa qeyd edilməlidir ki, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan görünür ki, həmin aktlar iddiaçının atası X2 barəsində tərtib edilmişdir. “Ölüm haqqında şəhadətnamədən” isə görünür ki, həmin aktlar tərtib edilən vaxt Şamil Əzimov artıq bir beçə il əvvəl, yəni xx.xx.2012-ci il tarixdə ölmüşdür. Aktlarda qeyd edilmişdir ki, Şamil Əzimov aktları imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, qeyd edilən aktlar Birliyin əməkdaşları tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişlər. Bununla da müəyyən olunur ki, həmin aktlar tamamilə formal xarakterli olmaqla abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz. Buna görə də, həmin aktlar əsasında hesablanmış cəmi 3.771,5 manat məbləğində borc əsassız hesab edilməklə silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçının yaşadığı ünvanda sayğac üzrə 1.551,5 manat məbləğində borc hesabalanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə 2018-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda 2018-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən 69,90 manat borc silinməlidir. İddia tələbin qalan hissəsi, yəni (1551,5 – 69,90=) 1.481,6 manat məbləğində borcun silinməsi barədə tələb əsaslı hesab edilə bilməz. Çünki həmin borc 2018-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan dövrdə iddiaçının ünvanında istifadə edilmiş təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğundur, aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Həmçinin sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söhbət gedə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda Rayon Məhkəməsi qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilərdi, lakin etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat
8. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, Birlik iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndir.
10. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) işdə olan sənədlər barədə məlumat
12. Cavabdehi Birliyin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan” görünür ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Aktlar iddiaçının atası X2 barəsində tərtib edilmişlər. Aktlarda qeyd edilir ki, Şamil Əzimov aktların bir nüsxəsini qəbul etməkdən imtina etmişdir.
13. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent (iddiaçının atası) Şamil Əzimov) 2022-ci ilin oktyabr ayınadək ümumilikdə cəmi 5.323 manat (3.771,5 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 1.551,5 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) zərər hesablanmışdır.
14. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 557008 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının atası Şamil Əzimov xx.xx.2012-ci il tarixdə ölmüşdür. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
16. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
17. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin aktlarda adı qeyd edilən və aktların bir nüsxəsini qəbul etməkdən imtina edən şəxs kimi həmin aktların tərtib edilməsindən bir neçə il əvvəl ölmüşdür.
18. bu baxımdan Məhkəmə hesab edir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz və Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
19. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfin istinad etdiyi aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir.
20. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, Birliyə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış cəmi 3.771,5 manat məbləğində borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur.
21. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçının yaşadığı ünvanda sayğac üzrə 1.551,5 manat məbləğində borc hesabalanmışdır.
22. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 551-ci maddəsinə görə, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
23. Bu maddi normanın tələbindən görünür ki, cavabdeh Birlik iddiaçıya 2018-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda 2018-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən 69,90 manat borc silinməlidir.
24. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
30. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.