Məhkəmə qərarları › İş №2(103)-3323/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3323/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3323/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(003)-196/23 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən bağ evi anası X1 məxsus olmuş (həmin bağ evi X3 Bakı, Xəzər, Qala.Xaşa-xuna bağları kimi qeydiyyata alınmış və **********00041 abonent kodu verilmişdir). İşdə olan aktlardan və abonent saldosundan görünür ki, 2019-cu ilin dekabr ayından iyun 2022-ci il tarixədək hər ay akt tərtib edilmiş və fərqli məbləğlər olmaqla ümumilikdə 10359,36 manat borc yazılmış, iyun ayında 4 manat ödədiyinə görə hazırda 10355,36 manat borc qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən abonent hesabına (abonent kodu **********00041) aktlar əsasında hesablanmış ümumilikdə 10355,36 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həmin bağ evində daimi yaşayış olmamışdır. Yaşayış olan dövrlərdə isə anası yaşamış və anası xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra həmin bağ evi ilə bağlı sənədləşdirmə işlərini aparmağa başlamış, o cümlədən həmin ünvanda sayğac olmadığından sayğacın quraşdırılması üçün Cavabdeh İB-nin əsas filialına müraciət etmişdir. Həmin zaman ona bildirildi ki, ünvanla bağlı 10000 manatdan çox məbləğdə borc var və həmin borc ödənilməlidir. Bundan sonra həmin borcun yazılmasına əsas olmuş aktları tələb etmişdir. Ona təqdim edilmiş aktlara əsasən guya ünvanda uzun müddətdir ki, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmiş və buna görə də borclar yazılmışdır. Həmin aktlara əlavə edilmiş fotoşəkillərdə olan xətti araşdıranda ona məlum olmuş ki, həmin xətt yolun digər hissəsində yerləşən qonşu evə gedir. Bu faktı fotoşəkillərdən də müəyyən etmək olur. Belə ki, həmin xəttin keçən istiqamətində yolun asfalt hissəsində də müvafiq izlər vardır. Bununla bağlı, həmin qonşu ilə də danışmış və qonşu ona bildirmişdir ki, həmin xəttə görə ona da cərimələr yazılmışdır. Qeyd etdiyi məsələrlə bağlı Cavabdeh İB-yə bildirmişdir. Buna baxmayaraq, oradan şifahi qaydada ona bildirildi ki, sayğacın quraşdırılması mümkün olacaq, lakin həmin borclar onun adına yazılacaq. Borcun silinməsi ilə bağlı isə məhkəməyə müraciət etməlidir. Odur ki, aktlar əsasında yazılmış borcların silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, həmin ünvanda sayğac quraşdırılanadək, yəni xx.xx.2022-ci il tarixədək heç vaxt qazdan istifadə edilməmişdir. Belə ki, həmin bağ evində yaşayış olmamış və lazım olanda elektrik enerjisindən istifadə edilmişdir. Qeyri-qanuni xətt isə ümumiyyətlə olmamışdır. Bu barədə olan ittihamlar yalandır. Ona təqdim edilmiş aktlardan və abonent saldosundan görünür ki, 2019-cu ilin dekabr ayından iyun 2022-ci il tarixədək hər ay akt tərtib edilmiş və fərqli məbləğlər olmaqla ümumilikdə 10359,36 manat borc yazılmış, iyun ayında 4 manat ödədiyinə görə hazırda 10355,36 manat borc qalmışdır. Maraqlı məqam isə ondan ibarətdir ki, yuxarıda qeyd etdiyim qanunvericiliyin tələblərinə əsasən əgər belə xətt aşakar edilmiş olsaydı aşkar edilmiş xətt ləğv olunmalıdır. Lakin belə bir hal olmadığı halda qanunsuz əmələ yol verilərək 4 il ərzində ona aid olmayan bir xəttin bir dəfə çəkilmiş fotoşəkilinə əsasən hər ay akt tərtib edilərək həmin aktlara əlavə edilmişdir. Belə ki, həmin səkillərə nəzər yetiriləndə bir dəfə çəkilmiş fotoşəkillər olması müəyyən olunur. Odur ki, həmin aktlar əsassız hesab edilməli, onlar əsasında hesablanmış və hazırda mövcud olan ümumilikdə 10355,36 manat məbləğində borc silinməlidir.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 mart 2023-cü il tarixli, 2(003)-196/23 saylı (hakim Məmmədli Emin) iddia tələbi qismən təmin edilmiş, Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00041 olan) hesablanmış 9629,6 manat məbləğində borc silinməsi və Ödənilməli olan 116,29 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edlmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Azəriqaz” İstehsalatBirliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 9.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən,

10. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

11. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

12. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

13. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

14. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları

16. .Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

27. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Belə olan halda hesablanmış zərərdə abonentdən tələb edilə bilməz. 28.Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə tərəfindən ünvana yerində baxış keçirilərkən orada 2 yataq otağı və bir mətbəxdən ibarət evin olması, otaqlardan birinin yaşayış üçün yararlı, digərinin isə yararsız olmaqla istifadə edilməməsi, həmin evin çöl hissədə qarşısında kənar xətdən istifadə izləri mövcud olması müəyyən edilmişdir. Lakin kollegiya qeyd edir ki, həmin izlərin mövcud olması, aktlarda göstərilən tarixlərdə müdaxilənin edilməsi kimi qəbul edilə bilməz. Əvvəla tərtib edilmiş aktların 2021-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyun ayınadək olan hissəsi ölmüş şəxsin, yəni iddiaçının anasının adına tərtib edilməklə onun imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, həmin tarixlərdə iddiaçının anası artıq ölmüşdür. Ölmüş şəxsin aktı imzalamaqdan imtina etməsi əsası göstərilməklə aktların 1 ildən artıq müddətə bu formada tərtib edilməsinin özü belə həmin aktların formal əsaslar əsasında hər hansı baxış keçrilmədən tərtib edilməsini göstərir. Həmin dövrlərdə orada daimi yaşayışın olmaması halı da istisna edilmir. Hansıki, iddiaçı da bununla bağlı iddiasında və məhkəmə iclaslarında bildirmişdir. Həmçinin, aktlara əlavə edilmiş fotoşəkillərin bir çoxları eynilik təşkil edir. 29.Eyni zamanda kollegiya qeyd edir ki, aktların hər birinə görə kəsim aktları da tərtib edilməklə xəttin kəsilməsi və qaynaqla bağlanması qeyd edilsə də, həmin aktların da formal olaraq tərtib edilməsi halı istisna edilmir. Belə ki, həmin aktlar 2 ildən çox müddətə tərtib edisə də, qanunsuz olaraq qaz xəttinə qoşulmaya görə bir dəfə belə olsun cavabdeh qurum tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bunun əvəzinə qeyd edilən müddət ərzində hər dəfə akt tərtib edilməsi də həmin aktların formal tərtib edilməsini istisna etməməklə mötəbərliyini şübhə altına alır və aktlar əsasında hesablanmış zərərində real olmadığı qənaətinə gəlinməsinə əsas verən hal kimi qiymətləndirilməsinə əsas ola bilər. Apellyasiya şikayətinin ekspertizanın təyin edilməsi barədə dəlilinə münasibətdə isə kolegiya qeyd edir ki, bu hala zərurət yoxdur. Belə ki, həmin evin yoldan qarşısında müdaxilə izləri olduğu yerində baxış zamanı da məhkəmə tərəfindən görülüb. Bu da iddiaçının özünün sayğac quraşdırılması üçün müraciətindən quraşdırılana kimi etdiyi 2 aya görə, yəni may və iyun 2022 ci il tarixlərdə olan qoşulma ilə bağlı iz olmaqla ekspertizanın bu halı yenidən müəyyən etməsi lüzumsuz və işin baxılması müddətinin uzadılmasına dələlət edə bilər. Həmçinin qeyd edilməlidir ki, şəxsin özünün hər hansı vaxtda qaza qoşulma etməsinin bildirilməsi onun ziyanına şərh edilə bilməz. Belə ki, müdaxilənin olması və həmin müdaxiləyə görə aktların qanuni tərtib edilməsi, onların nüsxələrinin abonentlərə verilməsi, qazla işləyən cihazların düzgün göstərilməsi, aktda qeyd edilən halların doğruluğunu sübut etmək vəzifəsi onu edən orqanın üzərinə düşür. Yuxarıda aktların tərtib edilməsi zamanı göstərilən nöqsanlar mövcud olduğu və aradan qaldırılmadığı halda iddiaçının abonent hesabında həmin aktlar üzrə hesablanmış zərərin saxlanılması və tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

30. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə dügün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(003)-196/23 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar