Məhkəmə qərarları › İş №2(103)-3327/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3327/2023

08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3327/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1366/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 1 və ünvan 1 ünvanda yerləşən hər bir mənzilin nikah müddətində ər-arvadın əldə etdikləri əmlak olaraq onların ümumi birgə mülkiyyət sayılması, həmin mənzillərdə mərhum X2 50% paya mülkiyyət hüququnun tanınması və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 14 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1366/2023 saylı, 28 mart 2023cü il tarixli qərardadı ilə hazırki mülki işin icraatı iddiaçılar İddiaçı1 və X1 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair. tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək həmin qərardadın ləğv edilməsini və hazırki iş üzrə məhkəmə icraatının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1366/2023 saylı, 11 aprel 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh2 elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış şikayətə yazılı etirazda hazırki şikayətin təmin edilməməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, hazırki mülki işin icraatının davam etdirilməsi iddiaçılar İddiaçı1 və X1 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair. tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək mümkün deyildir. İşdə iştirak edən digər şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmək barədə qənaətini bununla əsaslandırmışdır ki, qərardadın qəbul edilməsinə əsas iddiaçılar İddiaçı1 və X1 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sairə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2588/2022 saylı qətnaməsinin qəbul edilməsi, iddiaçıların həmin qətnamədən apellyasiya şikayəti verməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması olmuşdur. Göründüyü kimi, qəbul edilmiş qətnamə hazırki işə münasibətdə preyudisial xarakter daşıyır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən mülki işə baxılanadək hazırki işə baxılmasının davam edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki,... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X4 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, işdən görünür ki, hər iki iddiada nəzərdə tutulan eyni mənzillərdir və iddaçılar digər işdə mənzillərə dair bağışlama müqavilələrinin etibarsızlığını və s., hazırki işdə isə mənzillərin ər-arvadın birgə mülkiyyəti sayılmasını və vərəsəlik şəhadətnaməsinin verilməsini tələb edir. Məqsədəuyğun olardı ki, hər iki iddiaya bir icraatda baxılsın. Çünki, bu iddialar birbirindən asılıdır. Birinin təmin edilməsi, digərinin rədd olunması ilə nəticələnə bilər. Lakin hazırki işə hələ mahiyyəti üzrə baxılmamış, digər iş üzrə isə artıq apellyasiya instansiyası məhkəməsinin də yekun aktı mövcuddur. Ona görə də, əvvəlcə hazırki işə, sonra digər işə baxılmalıdır kimi, eləcə də hazırki işə baxılmadan digər işə baxılmasının mümkün olmadığı barədə dəlillər əsaslı hesab edilə bilməz. Demək icraatın dayandırılması barədə qərardad mahiyyət etibarı ilə düzgün olduğundan ləğv edilməsinə də əsas yoxdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1366/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1366/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar