Məhkəmə qərarları › İş №2(103)-3328/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3328/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3328/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən hesablanmış 892.05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 019297 saylı aktın etibarsız hesab edilərək onun əsasında “xxxx” ASC tərəfindən hesablanmış 837.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə akt tərtib edilməklə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşadığı ünvanda istifadə etdiyi elektrik enerjisi kəsilmişdir. Bununla bağlı müvafiq olaraq “xxxx” ASC-yə müraciət etmiş, idarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, onun tərəfindən elektrik sayğacına müdaxilə edildiyi üçün ona 892.05 manat cərimə yazılmışdır. Halbuki, o, heç vaxt elektrik sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi enerji borcunu ödəmişdir. Cavabdeh təşkilat sayğaca müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. xx.xx.2020-ci il tarixdə axşam vaxtı yaşadığı evdə sayğacda qısa qapanma baş vermiş və bundan sonra da cavabdeh təşkilat tərəfindən yaşadığı evə gələrək bu barədə akt yazılmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq, o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixli 019297 saylı aktın etibarsız hesab edilərək onun əsasında “xxxx” ASC tərəfindən hesablanmış 837.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 019297 saylı akt ləğv edilərək, həmin akt əsasında İddiaçı əsassız hesablanmış 837.86 (səkkiz yüz otuz yeddi manat səksən altı qəpik) manat borcun silinməsi, “xxxx” ASC-dən 30 (otuz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "fərdi yaşayış evinə sayğacsxemindən kənar xətt daxil olur" qüsurunun aşkar olunması səbəbilə NDM № 019297 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASC-nin Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjinin əvəzi olaraq 7762 kvts olmaqla 837.05 manat məbləğində borc iddiaçının **********0636 nömrəli abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşayət olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 019297 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus **********10636 kodla qeydiyyata alınmış işıq xətti üzrə kənar xətt aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında çıxarışdan görünür ki, İddiaçı məxsus **********10636 kodla qeydiyyata alınmış işıq xətti üzrə istehlakçının borcu 837.86 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qanunun 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və.s qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Tədqiq olunmuş sübutlardan görünür ki, cavabdeh iddiaçının təqsiri ucbatından borcun yaranmasını sübuta yetirə bilmir, tələb olunan borcun yaranma səbəbləri qeyrimüəyyəndir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməlidir, 837.86 manat borc silinməlidir. Nəzərə alınmalıdır ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar