Məhkəmə qərarları › İş №2(103)-3334/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3334/2022

08.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3334/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil6 iştirakları ilə, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair, həmçinin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, Baki şəhəri 16 saylı Notariat Ofisinə, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı "mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin İddiaçı üzərinə qoyulması, sonuncunun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mülkiyyət hüququnu pozduğuna görə zərərin əvəzi olaraq İddiaçı 06 avqust 2019-cu ildən hesablanmaqla 14 ay üçün, hər ay 500 manat olmaqla, cəmi 7000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili 06 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili ona satan şəxsin arvadı həmin mənzildə qeydiyyatda olan İddiaçı mənzilin ona təhvil verilməsinə mane olur, mənzildən nə faktiki, nə də qeydiyyatdan çıxmır. Bu isə onun hüquqlarını pozur. Qeyd edilənlərə əsasən məhkədən iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı, İddiaçı cavabdeh X1 və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair Cavabdeh2 ilə X3 arasında xx.xx.2016-cı ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat qeydiyyat haqqında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasənda daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat, qeydiyyat haqqında verilməş ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh2 ilə 07 oktyabr 2010cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları pozulmamşıdır. Birgə nikah dövründə ünvan 1 ünvanında 39 nömrəli mənzili almışlar. İddiaçı və övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 birgə nikah dövründə alınmış həmin mənzili Bakı şəhəri 16 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixi alqı-satqı müqaviləsi ilə nikahdankənar münasibəti olduğu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu barədə İddiaçı cavabdeh Valentına Vorobyova yaşadığı və qeydiyyatda olduğu mübahisə predmeti olan evə gəlib, onun və övladlarının evdən çıxmağını tələb edərkən məlumatlı olmuşdur. İddiaçı notarial razılığı olmadan Cavabdeh2 ilə Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab edilməlidir. Bakı şəhəri 16 saylı Notariat Ofisi Notariat haqqında qanunun və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələbini pozaraq Cavabdeh2 ilə Cavabdeh3 arasında qanunsuz xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamış və müqavilə mülki qanunvericiliyin şərtlərini pozmaqla bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Notariat haqqında qanununa və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun olmadığına görə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) İddiaçı iddia tələbi təmin edilməmiş, Cavabdeh3 iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə İddiaçı tərəfindən son qoyulması, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamədə, həmçinin, qeyd edilmişdir ki, qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən iddiaçı Cavabdeh3 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi - Cavabdeh3 iddiasının "İddiaçı mənzildən çıxarılma” tələbinin təmin edilməyən hissəsində, habelə "qətnamə - İddiaçı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilmiş, iddia mənzildən çıxarılma hissədə təmin edilərək, İddiaçı sözügedən mənzildən çıxarılması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2(102)-476/2022 saylı qərarı ilə qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən iddiaçı Cavabdeh3 iddiasının - cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Cavabdeh3 apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin qismən iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddiaçı Cavabdeh3 iddia tələblərinin rədd olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun eyniməzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun eyniməzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki apellyasiya baxışının həddini - Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh3 iddiası üzrə “cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması” tələbləri təşkil edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, ilk iddia yoxlanılan hissələrdə qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan hallarına görə, 07 oktyabr 2010-cu ildə Cavabdeh2 rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından iki yetkinlik yaşına çatmayan uşaqları vardır, nikahları məhkəmə qaydasında pozulmuşdur. 27 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmış, 06 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mənzili anası Reyhan Məmmədovaya bağışlamış, həmin vaxtı İddiaçı buna razılığı olmuş, 20 fevral 2016-cı il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Reyhan Məmmədovanın adına qeydə alınmış, 16 avqust 2017-ci ildə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Reyhan Məmmədova mənzili oğlu Cavabdeh2 bağışlamış və 18 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Bundan sonra, yəni 06 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mənzili 65000 manata iddiaçı Cavabdeh3 satmış, 07 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mənzil sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır (həmçinin qeyd edilməlidir ki, 12 avqust 2017-ci il tarixdə İddiaçı notarial qaydada təsdiq edilməklə bütün əmlakları üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair əri Cavabdeh2 adına 12 avqust 2018ci il tarixədək qüvvədə olan etibarnamə vermiş) Yoxlanılan hissədə araşdırılmalı olan məsələ İddiaçı mübahisəli mənzildə əşya hüquqlarından sayılan istifadə hüququnun yaranması, sonradan həmin hüququn itirilibitirilməməsi və iddiaçının mülkiyyət hüquqları qeydə alınan zamanı istifadə hüquqununun saxlanılması və s. məsələlərdir. Yuxarıda qeyd edildiyi kimi işin mübahisə olunmayan hallarına əsasən - İddiaçı ilə həyat yoldaşı Cavabdeh2 arasında nikah 07 oktyabr 2010-cu ildə bağlanmış, mübahisəli mənzil isə 2014-cü il tarixdə əldə olunmuşdur. Məhkəmə kollegiyası kassasiya instansiyasının bu mövqeyi ilə razılaşır ki, “İddiaçı sözügedən mənzilə istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi kimi mənzilin əldə olunduğu 27 sentyabr 2014-cü il tarixdən əmələ gəlmişdir.” Çünki, 2014-cü ildə mübahisəli mənzil üzərində tərəflərin ümumi birdə mülkiyyəti yaranmışdır. Lakin, kassasiya instansiyasının digər mövqeyinə əsasən – “mübahisəli mənzil sonuncu dəfə hədiyyə şəkilində Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 onunla birdə yaşayan ailə üzvü kimi İddiaçı mənzildən onunla bərabər istifadə etmək hüququ olub.” Məhkəmə kollegiyası kassasiya instansiyasının qeyd edilən mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, mübahisəli mənzil həmçinin İddiaçı razılıq ərizəsi əsasında iddiaçının əri Cavabdeh2 tərəfindən 2016-cı ildə özgəninkiləşdirilmiş, həmin əqd (eləcə də ondan sonrakı mübahisələndirilən əqdlər) məhkəmələr, həmçinin kassasiya instansiyası tərəfindən etibarlı sayılmışdır. Bununla da İddiaçı həmin mənzil üzərində olan həm ümumi birgə mülkiyyət hüququna, həm də onun tərkib hissəsi olan istifadə hüquqlarına xitam verilmişdir. Sonradan isə həmin mənzil 2017-ci il tarixdə bağışlanma yolu ilə təkrarən Cavabdeh2 mülkiyyətinə keçmiş, bu hal isə İddiaçı mənzil üzərində nə ümumi birgə mülkiyyətini, nədə ki, məhdud əşya hüququ sayılan (Mülki Məcəllənin 228.5-ci maddəsi anlamında) istifadə hüququnu yaratmamışdır. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, mübahisəli mənzil 2017-ci il tarixdə yenidən Cavabdeh2 mülkiyyətinə keçmişdir ki, həmin vaxtı da mənzildən istifadə ilə bağlı məsələlər Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən tənzimlənmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş “istifadə hüququ”, Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş “istifadə etmək hüququ” fərqli anlayışlar olmaqla, fərqli tənzimləmələri ehtiva edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzili 2019-cu ildə iddiaçıya satarkən ümumiyyətlə İddiaçı razılığının alınmasına zərurət olmamışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsi bağlanan anda İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin müddətinin bitməsi heç bir əhəmiyyət daşımamışdır. Beləliklə, İddiaçı mübahisəli mənzildən məhdud əşya hüququ sayılan istifadə hüququ olmadığından (həmçinin, ümumi birgə mülkiyyət hüququ olmadığından), həmin mənzil sonuncu dəfə özgəninkiləşdirilən zamanı istifadə hüququnun saxlanılması ilə bağlı hər hansı razılığın verilməsinə də əsaslar olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzildən istifadə ilə bağlı məsələlər Mülki Məcəllənin 228-ci maddəsinə əsasən deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimləndiyindən, Mülki Məcəllənin 228.4-cü maddəsinin tətbiqi istisna olunur. Bunun davamı olaraq isə məhkəmə kollegiyası hesab edir ki, mənzil sonuncu dəfə iddiaçının xeyrinə özgəninkiləşdirilən zamanı cavabdeh İddiaçı mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsi anlamında istifadə hüququ olmadığından, həmin hüququn yüklü şəkildə keçməsi də mümkün deyildir (eyni zamanda, iddiaçının Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən vicdanlı olması halının da yoxlanılmasına zərurət yoxdur). Həmçinin qeyd edilməlidir ki, cavabdeh İddiaçı Mənzil Məcəlləsinin 30-cu maddəsi anlamında da iddiaçının ailə üzvü sayılmadığından, onun mənzildən istifadə etmək (orada yaşamaq) hüquqları mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Cavabdeh İddiaçı mübahisəli mənzildə qeydiyyatda olması faktı isə vəziyyəti dəyişdirməməklə, onun mənzildən istifadə hüququnu ehtiva etmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1cimaddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi, kassasiya intsansiyasının göstərişləri araşdırıldıqdan sonra cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüquqlarının mövcudluğu müəyyən olunmur. Bu səbəbdən də mövcud olmayan istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsinə də əsas yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsi cavabdeh İddiaçının mülkiyyətində olan mənzildən çıxarılması hissədə iddianı təmin etməməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki, cavabdeh İddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, iddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə kollegiyasının yuxarıda şərh olunan hüquqi mövqeyinə görə cavabdeh İddiaçı mübahisəli mənzildə hazırkı vəziyyətdə istifadə hüququ mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin hüquqa xitam verilməsini qət etməkdə də haqlı olmamışdır. MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsində, həmçinin “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsində ləğv edilməli, ilk iddia qeyd edilən hissələrdə qismən təmin olunmalı, cavabdeh İddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, X3, Baki Şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və cavabdeh İddiaçı tərəifndən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)- 275/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsində, həmçinin “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsində ləğv edilsin. İlk iddia qeyd edilən hissələrdə qismən təmin olunsun. Cavabdeh İddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar