Məhkəmə qərarları › İş №2(103)-3335/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3335/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3335/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu lizinq obyektinin dəyişdirilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6666/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu lizinq obyektinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək,ona xx.xx.2019-cu il tarixli MAS688 saylı X5 ilə verilmiş “xxxxxxxxx” Markalı avtomobilin dəyişdirilərək, İddiaçı həmin markalı yeni avtomobil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və x xxxxx 2019-cu il tarixdən yeni avtomobilin İddiaçı verilməsi tarixinədək xx.xx.2019-cu il tarixli MAS688 saylı X5 üzrə lizinq ödənişlərinin tələb edilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən avtomobilin sığortalanması barədə öhdəlik 1 ildən sonra yaranır, bir ilə qədər isə qarşı tərəfin öhdəliyi yaranmış olur. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq obyektini kirayə verən sığortalamalıdır. İddiaçı avtomobili lizinq obyekti kimi almış, 5300 manat ilkin ödəniş etmiş, lakin ilkin ödəniş məbləğinə yalnız 4000 manat hesablanmışdır, qalan 1300 manat barədə isə məlumat yoxdur. Həmçinin bildirmişdir ki, lizinq obyekti əvvəldən qüsurlu olub, hadisə nəticəsində isə avtomobillin 70% zədələnib. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, avtomobil 70% zədələndiyindən onun əvəzinə yeni avtomobil istəyirlər. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi-vəkili X6 rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə Yasamal rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS688 saylı X3 əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinə 1 saylı əlavədə göstərilən “xxxxxxxxx” Markalı, qara rəngli, dəyəri 11650 manat olan avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli MAS688 saylı X3 2 saylı əlavədən görünür ki, Cavabdeh MMC tərəfindən lizinqə verilməsi üçün “xxxxxxxxx” Markalı avtomobil Azkron MMC-dən alınıb lizinq alan İddiaçı verilməsi xahiş edilmişdir. X3 3 saylı əlavədən görünür ki, İddiaçı 11650 manat məbləğində lizinq obyekti üçün illik 17 faizlə 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək aylıq 415.35 manat lizinq ödənişi etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “xxxxxxxxx”avtomobilə 7275 manat məbləğində zərər dəymişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərarına əsasən Cavabdeh MMC–yə məxsus olan “xxxxxxxxx” Markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın Binəqədi DYPŞ-nə göndərilməsi qərara alınmışdır İşdə görünür ki, iddiaçı iddia tələbində avtomobili sığortalamaq vəzifəsinin müqaviləyə əsasən 1 il sonra yarandığına istinad etmiş, 1 ilə qədər sığortalamaq vəzifəsinin isə lizinq verənin vəzifəsi oluğunu bildirmiş, 1000 AZN-dən çox məbləğin sığorta üçün çıxıldığını, lakin lizinq verən tərəfindən sığortalanmadığını qeyd etmiş və Mülki Məcəllənin 748-6.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə iddiaçının tələbini qanunsuz hesab edir və qeyd edir ki, Mülki Məcəllənin 748- 6.1-ci maddəsində vəzifə satıcının üzərinə qoyulur və həmin maddənin 3-cü bəndinə əsasən sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Müqaviləyə əsasən əmlakın sığortalanması vəzifəsi müqavilə imzalandıqdan 1 il sonra lizinq alanın üzərinə qoyulmuşdur. Müqaviləyə əsasən 1 ilə qədər avtomobilin kim tərəfindən sığortalanması müqavilədə qeyd olunmamış və razılaşdırılmamışdır. Belə olan halda müqavilənin 2.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətçisi olaraq əmlakın sığortalanmaması nəticələrinin riskini lizinq verənin özü daşıyır və qeyd edilənlərə əsasən lizinq alanın tələbdə göstərilən əsaslara dayanaraq lizinq obyektinin yenisi ilə əvəzlənməsini və lizinq ödənişlərinin ödənilməsinin dayandırılmasını tələb etməsi qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Həmin Məcəllənin 747-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 747-6.3-cü maddəsinə əsasən sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar