Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3343/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən eləcə də hazırki şikayət ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim edilməli olduğundan geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi 14 mart 2022-ci il tarixli qərardadın ləğv edilməsinə dair həm şikayət, həm də eyni məzmunlu ərizə vermişdir. Şikayət rus dilində tərtib edildiyi üçün Məhkəmənin eyni saylı, 26 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmçinin, ərizəçi tərəfindən verilən şikayətlə eyni məzmunda olan ərizə də (vəsatət qismində) rus dilində tərtib edildiyi üçün Məhkəmənin 28 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. (qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.) Qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı halda ərizəçi tərəfindən şikayət verilmiş və həmin şikayət Məhkəmənin 30 mart 2022-ci i tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ərizəçinin ərizəsi Məhkəmənin 14 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlıdır və Məhkəmə həmin ərizəyə vəsatət qismində baxaraq rus dilində tərtib edildiyi üçün ərizəni 28 mart 2022-ci il tarixdə geri qaytarmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, ərizənin məzmunu ilə eynilik təşkil edən ərizəçinin şikayətinə artıq 26 mart 2022-ci il tarixdə münasibət bildirilmişdir. Qeyd edilən qərardad işin sonrakı hərəkətinə mane olmur, habelə həmin qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasının mənasından da göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, ərizəçi tərəfindən 28 mart 2022-ci il tarixli qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363.1.5, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3343/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3343/2022
04.04.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver