Məhkəmə qərarları › İş №2(103)-3349/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3349/2024

21.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3349/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X13, Bakı şəhəri 46 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR İN yanında ƏMDKR PH-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-3349/2024 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X12 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X13, Bakı şəhəri 46 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR İN yanında ƏMDKR PH-nin 1 saylı Bakı Ərazi İdarəsinə (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlama müqavisinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2, X13, Bakı şəhəri 46 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 30 iyun 2000-ci il tarixdə nikahlarını Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Hazırda münasibətləri pozulmuş lakin nikah rəsmi qaydada ləğv olunmamışdır. Nikah vaxtı yəni xx.xx.2005-ci il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X10 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34770 saylı müqavilə əsasında bağ evini almışlar və xx.xx.2005-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırda münasibətləri pozulduqdan sonra iddiaçı əmlak bölgüsünə dair məhkəmədə iddia qaldırmaq istəmişdir. İddiaçının arvadı Cavabdeh2 həmin bağ evini 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasından anası X5 adına keçirmişdir. iddiaçı nikah dövründə əldə olunan əmlaka dair bağışlama müqaviləsinin mübahisələndirmək hüququna malikdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməsi, Bakı şəhəri, 46 saylı notariat ofisində təsdiq edilmiş Cavabdeh2 ilə X13 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 806 b saylı bağ evinin bağışlanmasına dair 29 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2, 667.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsi keçmiş X10 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə ilkin icarə müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilmiş, sonradan Cavabdeh2 adıçəkilən qurumla müqavilə bağlayaraq, həmin əmlakı əldə etmişdir. Lakin qeyd edilən əmlak, birgə nikah dövründə əldə olunmasına baxmayaraq, tərəflərin ümumi gəlirləri hesabına əldə olunmamışdır. Belə ki, keçmiş X10 və İstismarı Birliyi mübahisələndirilən əmlakı ona əvəzsiz qaydada vermişdir. Bu səbəbdən bağışlama müqaviləsi bağlandığı zaman əmlak Cavabdeh2 ayrıca mülkiyyəti olmuşdur. Qeyd olunan əsaslara görə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Lakin birinci instansiya məhkəməsi, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin əldə olunmasında hər hansı iştirakını araşdırmadan yekunda əmlakın ümumi gəlirlər hesabına əldə edildiyi qənaətinə gəlmişdir.

b) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

9. Apellyasiya baxışında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətini qəbul etməyək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2000-ci ildə Rusiyaya köçmüşdür. Bu zaman bizneslə məşğul olmuşdur. 2004-cü ildə arvadı, yəni cavabdehlə razılığa gəlmişlər ki, bağ sahəsi götürsünlər. Rusiyada olduğuna görə özü bunun üçün buraya gələ bilməmiş, rəsmiləşdirmədə iştirak edə bilməmişdir. Daha sonra bilmişdir ki, 2000-ci ildən 2009-cu ilə qədər Bakıda olmamışdır.

10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətini qəbul etməyək onun təmin edilməməsini xahiş etdi.

11. Digər proses iştirakçıları, o cümlədən mübahisəli əmlakın hazırki mülkiyyətçisi X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

13. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

14. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

17. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

19. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın;

20. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır;

Azərbaycan Respublikası Ailə Məcəlləsi

21. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

22. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

23. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

24. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər

25. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

“Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

36. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

37. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli, 34770 nömrəli müqavilə bağlanılmışdır.

38. İş materiallarında olan Seriya BM 002638 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 43 saylı reyestr kitabında xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır.

38. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ xüsusi mülkiyyət kimi X6 adına qeydiyyata alınmışdır.

39. Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh2 Vladimirovnın nikahı haqqında xx.xx.2000-ci il tarixdə 300 nömrəli akt qeydi tərtib olunmuşdur.

40. Bundan əlavə apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya münasibətdə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1251 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətdədir.

41. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1251 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin mülkiyyət üzrə X4 bağışlamışdır.

42. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ xüsusi mülkiyyət kimi X2 adına qeydiyyata alınmışdır.

43. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X10 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanılan müqavilənin onların nikahda olduqları dövrdə, yəni xx.xx.2005-ci il tarixdə bağlandığını əsas gətirmiş, Mülki Məcəllənin 225.6-cı maddəsinə istinad edərək Cavabdeh2 ilə onun anası, yəni digər cavabdeh X13 arasında bağlanılan xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab olunması tələbini irəli sürmüşdür.

44. Kollegiya qeyd edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 225.6-cı maddəsinin tətbiq edilə bilməsi üçün ilk növbədə mübahisəli əmlakın tərəflərin birgə nikahları dövründə və birgə vəsait hesabına əldə edilib-edilməməsi məsələsi aydınlaşdırılmalıdır.

45. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

46. Yuxarıda qeyd olunan iş materiallarından da göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005ci il tarixli, 34770 nömrəli müqavilə bağlanılmış, tərəflər arasında nikah münasibətləri isə xx.xx.2000-ci ildə rəsmiləşdirilmişdir.

47. Göründüyü kimi mübahisəli əmlakın tərəflərin birgə mülkiyyəti sayılması üçün ilk şərt ödənmişdir.

48. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

49. İşin mövcud hallarından görünür ki, hazırda barəsində bağlanmış əqd mübahisələndirilən bağ evi keçmiş X3 və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış ilkin icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

50. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağ sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən bunun müqabilində hansısa məbləğin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə öz mövqeyini əsaslandırarkən sözügedən müqavilənin qanunvericilikdə nəzərdə tutulduğu kimi əvəzsiz qaydada deyil, müəyyən ödəniş edilməklə bağlandığını və həmin məbləğin məhz özü tərəfindən qarşılandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

51. Bundan əlavə qeyd olunmalıdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4-cü bəndində bağda olan tikililərin yaşayış sahəsinin istifadə haqqının Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qiymətlərə əsasən ildə bir dəfə ödənilməli olması qeyd olunsa da, həmin şərtin məzmunundan da göründüyü kimi qeyd edilən haqqın məhz yaşayış sahəsindən istifadə üçün ödənilməsi nəzərdə tutulmuşdur və əmlakın özəlləşdirilməsi ilə bu haqqın ödənilməsinə son qoyulmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli əmlakın Cavabdeh2 tərəfindən özəlləşdirilməsi prosedurları da bununla bağlı müəyyənləşdirilən qanunvericilik normalarına uyğun aparılmış, həmin özəlləşdirilmə iddiaçı və ya hansısa üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir.

52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da göstərilmişdir ki, Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

53. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, əmlakla bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı tərəfdən hansısa razılığın verilməsi tələb olunmur.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

55. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

56. Hazırki işin hallarından da göründüyü kimi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariusda 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericilikdə bu cür bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın cavabdeh Kuzmina Yeleneya məxsus olması yoxlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətçi hüququndan istifadə edərək özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ evini anası X9 bağışlamışdır.

57. Beləliklə, kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normaları, müqavilə şərtləri, o cümlədən işin yuxarıda göstərilən digər halları baxımından cavabdehlər Cavabdeh2 və X13 arasında baş tutmuş daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və daşınmaz əmlakın bağışlanması bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

58. Bundan əlavə kollegiya qeyd edir ki, mübahisəli əmlakın hazırki mülkiyyətçisi X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.

59. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə bağışlanma müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hüquqi əsaslar mövcud deyildir və apelyasiya şikayətinin dəlilləri qeyd edilənlər kontekstində əsaslı olmaqla, qətnamənin ləğv edilməsinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməli, apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 50,60 manat məbləğində pul isə İddiaçı alınaraq Cavabdeh2 ödənilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 50,60 manat məbləğində pul isə İddiaçı alınaraq Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar