Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3351/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, ataları X4 28.12.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra altı vərəsəsi qalmışdır – İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. Atalarından ünvan 1 ünvanda 3 otaqlı həyat evi miraas qalmışdır. Bu evə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya FM, 006032 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Ataları sağlığında həmin yaşayış evini iddiaçılardan İddiaçı2 notarial qaydada vəsiyyət etmişdir. Hal-hazırda həmin evdə bacıları Cavabdeh1 yaşayır. Bacıları Cavabdeh1 onların ata evləri ilə bütün əlaqələrini kəsmişdir. Halbuki onlar ataların sağlığınla və onun ölümündən sonra atalarından miras qalmış əmlaka faktiki sahiblik etmişlər və həmin əmlakdan istifadə etməklə mirası qəbul etmişlər. Mərhum atalardan miras qalmış əmlakın bölüşdürülməsi barədə digər vərəsələrlə razılıq əldə edə bilmirlər. Beləliklə onların ataları X1 miras qalmış əmlakdan vərəsəlik üzrə pay almaq hüquqları varlır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM 006032 saylı qeydiyyat vəsiqəsi əsasında ataları X1 miras qalmış yaşayış evinin onlar tərəfindən qəbul edilmiş hesab edilməsi, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM 006032 saylı qeydiyyat vəsiqəsi əsasında ataları X1 miras qalmış yaşayış evindən miras payların müəyyən edilərək, ayrılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, ataları X4 2017-ci ilin dekabr ayının 28-də rəhmətə getmişdir. Atalarından miras olaraq Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 110 saylı ev qalmışdır. Ataların vəfatından sonra məlum olmuşdur ki, guya atası yuxarıda qeyd olunan evi bacısı İddiaçı2 vəsiyyət etmişdir. İddiaçılar hesab edirlər ki, həmin vəsiyyətnamə atasının əsl iradəsinin əks etdirmir və onun ziddinə olaraq tərtib edilmişdir, bu səbəbdən də etibarsız hesab edilməlidir. Belə ki, anası 1980-ci ildə rəhmətə getmişdir. Atası bir daha evlənməmiş, elə o vaxtdan da Cavabdeh1 ona və digər bacı-qardaşlarına qulluq edib, qayğılarına qalmışdır. Hər bir zaman atanın yanında olaraq ona maddi və mənəvi dəstək, «qulaq yoldaşı» olmuşdur. Məlum hadisələrə görə onlar qaçqın düşərək Azərbaycana gəldikdən sonra Bakı şəhərində məskunlaşmışlar. İddiaçı hələ atasının sağlığında həmin evdə qeydiyyatda olmaqla yaşayır. Onlar ailədə altı uşaqdırlar. Onların hər biri ailəli olmaqla, ailələri ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. Qardaşı İddiaçı1 isə ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşayır. Kiçik qardaşı Cavabdeh3 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla orada yaşayır. Bacısı İddiaçı2 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olsa da, iyirmi ilə yaxındır ki, Rusiya Federsiyasında yaşayır. Bacısı Cavabdeh2 Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Kiçik bacısı Cavabdeh4 isə Almaniyada yaşayır. Atası həmişə deyirdi ki, «evi sənə vəsiyyət edəcəm, kimsəyə möhtac olmayasan, balalarımdan bir səndən narahatam, o birilərin evi, ailəsi, uşaqları var». Lakin atası rəhmətə gedəndən sonra onlara məlum olmuşdur ki, qardaşı Vilayət bacıları Mirvari və Qızqayıtla birləşərək evi ələ keçirmək məqsədilə 2012-ci ilin yanvar ayında, onların xəbərləri olmadan atası notariusa aparıb (vəsiyyətnamə yazmaq üçün atasını Bakı şəhəri 26 saylı notariat kontoruna aparmışlar, hərçənd ki, 22 saylı notariat kontoru evlərinə daha yaxın məsafədə yerləşir və notariusla bağlı bütün sənədləşmə işləri məhz həmin kontorda aparmışlar), orada onu aldadaraq vəsiyyətnaməni onun adına deyil, Mirvarinin adına yazdırmışdır. Atası latın qrafikası ilə yaxıb oxuya bilmirdi. Həmçinin atası son vaxtlar «demensiya xəstəliyi»ndən (yaddaşı pozulmuşdu, bəzən öz övladlarını belə tanımırdı, gecə-gündüzü, gedəcəyi və ya qayıdacağı yolu səhv salırdı) əziyyət çəkirdi. Bundan az öncə isə, yəni 2011-ci ilin noyabr ayında atasının xəbəri olmadan iddiaçı ona verilmiş etibarnamə əsasında bacısı Zinyət ailə üzvləri ilə birlikdə həmin evdən qeydiyyatdan çıxarmışdır. Atası evi İddiaçı2 vəsiyyət etməzdi. Belə ki, mərhum atasının Mirvari ilə münasibəti həmişə pis olmuş, sonuncu atasına qarşı həmişə kobudluq etmiş, sözünü eşitməmiş, heç vaxt qayğısına qalmamış, bir xoş sözlə belə könlünü sevindirməmişdir. Bu səbəbdən də atası İddiaçı2 adına vəsiyyətnamə verə bilməzdi. Vəsiyyətnamə verilən vaxt atası anlaqsız vəziyyətdə olmuş, nəyə imza atdığını belə bilməmişdir. Onun vəziyyətdən istifadə edərək həmin vəsiyyətnaməyə imza etdirmişlər. Vəsiyyətnamə söhbəti açılmasın deyə atasını istəyinə zidd olaraq (belə ki, atası gedərkən ağlayırdı, öz evində iddiaçı ilə qalmaq istəyirdi) onu Rusiya Federasiyasında yaşayan bacısı Qızqayıtın yanına aparmışlar. Atam elə orada da vətəndən uzaqda vəfat etmişdir. Bunlardan başqa, 2017-ci ilin dekabr ayında iddiaçı, eyni üsulla, yəni atasının xəbəri olmadan (belə ki həmin vaxt atası Rusiya Federasiyasında idi) iddiaçını da həmin evin qeydiyyatından çıxarmaq istəmiş (bu barədə məhkəməyə müraciət etmişdir), lakin atasının qəfil ölümü onun planlarını pozmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri 26 saylı notariat kontorunda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 110 saylı evə dair atası X3 adından İddiaçı2 verilmiş 24 yanvar 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə, yuxarıda qeyd edilən əmlak üzrə qanun üzrə vərəsəliyin açılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələrinn təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, 2520 (iki min beş yüz iyirmi) manat təmin olunması hissəsində yeni qətnamə çıxarılması, iş üzrə məhkəmənin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 (on beş, 40 qəpik) manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 2017-ci ilin dekabr ayının 28-də rəhmətə getmişdir. Ondan miras olaraq Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 110 saylı ev qalmışdır. Onun vəfatından sonra məlum olmuşdur ki, guya o yuxarıda qeyd olunan evi İddiaçı2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə X3 əsl iradəsinin əks etdirmir və onun ziddinə olaraq tərtib edilmişdir, bu səbəbdən də etibarsız hesab edilməlidir. Cavabdeh1 ona və digər bacı - qardaşlarına qulluq edib, qayğılarına qalmışdır. Hər bir zaman atasının yanında olaraq, ona maddi və mənəvi dəstək, “qulaq yoldaşı” olmuşdur. Azərbaycana gəldikdən sonra Bakı şəhərində məskunlaşmışlar. Cavabdeh hələ atasının sağlığında həmin evdə qeydiyyatda olmaqla, yaşayır. Mərhumun övladlarının hər biri ailəli olmaqla, ailələri ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. Qardaşı İddiaçı1 isə ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşayır. Kiçik qardaşı Cavabdeh3 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla orada yaşayır, İddiaçı2 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olsa da, iyirmi ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır. Bacısı Cavabdeh2 Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Kiçik bacısı Cavabdeh4 isə Almaniyada yaşayır. Lakin mərhum rəhmət gedəndən sonra məlum oldu ki, qardaşı Vilayət bacıları Mirvari və Qızqayıtla birləşərək, evi ələ keçirmək məqsədilə 2012-ci ilin yanvar ayında, cavabdehin xəbəri olmadan mərhumu notariusa aparıb, (Vəsiyyətnamə yazmaq üçün atamı Bakı şəhəri 26 saylı notariat kontoruna aparmışlar, hərçənd ki, 22 saylı notariat kontoru eviə daha yaxın məsafədə yerləşir və notariusla bağlı bütün sənədləşmə işləri məhz həmin kontorda aparılmışdır) orada onu aldadaraq vəsiyyətnaməni cavabdehin adına deyil Mirvarinin adına yazdırmışdır. Mərhum latın qrafikası ilə yazıb oxuya bilmirdi. Həmçinin o, son vaxtlar “demensiya xəstəliyi”ndən (yaddaşı pozulmuşdu, bəzən öz övladlarını (yaddaşı pozulmuşdu, bəzən öz övladlarını belə tanımırdı, gecə-gündüzü, gedəcəyi və ya qayıdacağı yolu səhv salırdı) əziyyət çəkirdi. Bundan az öncə isə, yəni 2011ci ilin noyabr ayında mərhumun xəbəri olmadan iddiaçı ona verilmiş etibarnamə əsasında Zinyəti ailə üzvləri birlikdə həmin evdən qeydiyyatdan çıxarmışdır. Mərhum evi İddiaçı2 vəsiyyət etməzdi. Belə ki, mərhum Mirvari ilə münasibəti həmişə pis olmuş, sonuncu mərhuma qarşı həmişə kobudluq etmiş, sözünü eşitməmiş, heç vaxt qayğısına qalmamış, bir xoş sözlə belə könlünü sevindirməmişdir. Bu səbəbdən də mərhum İddiaçı2 adına vəsiyyətnamə verə bilməzdi. Vəsiyyətnamə verilən vaxt mərhum anlaqsız vəziyyətdə olmuş, nəyə imza atdığını belə bilməmişdir. Onun vəziyyətdən istifadə edərək həmin vəsiyyətnaməyə imza etdirmişlər. Vəsiyyətnamə söhbəti açılmasın deyə mərhumun istəyinə zidd olaraq onu Rusiya Federasiyasında yaşayan Qızqayıtın yanına aparmışlar. Mərhum elə orada da vətəndən uzaqda vəfat etmişdir. Bunlardan başqa, 2017-ci ilin dekabr ayında iddiaçı, eyni üsulla, yəni mərhumun xəbəri olmadan (həmin vaxt atam Rusiya Federasiyasında idi) məni də həmin evin qeydiyyatından çıxarmaq istəmiş (bu barədə məhkəməyə iddia ərizəsi müraciət etmişdir), lakin mərhumun qəfil ölümü onun planlarını pozmuşdur. İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 1180, 1183, 1225-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəf olan digər şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 08.08.2001-ci il tarixli, FM seriyalı, 006032 №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 39 saylı reyestr kitabının 5879 nömrəli vərəqində, 30/15943 nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə X4 tərəfindən 24.01.2012-ci il tarixdə tərtib edilmiş və Bakı şəhəri 26 saylı notarit kontorunda təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, X4 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 10.01.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 28.12.2017-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində ölmüşdür. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş arayışın kserosurətindən görünür ki, mərhum X4 ünvan 1 ünvanında ölən günə kimi 28.12.2017-ci il tarixədək qızı Cavabdeh1 ilə birlikdə yaşayıb və qeydiyyatda olub. Halhazırda qeydiyyatda Cavabdeh1 təkdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 5 ünvanlanmış 11.02.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinn 31.08.2018-ci il tarixli qətnaməsi ilə atası X4 olması və anası X5 1980-cı ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gülüstan kəndində vəfat etməsi faktı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alıb ona və qardaşı Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4236/2018 saylı, 31.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilər Cavabdeh1 və Cavabdeh3 atalarının X4 olması və anaları X5 1980-cı ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gülüstan kəndində vəfat etməsi faktların müəyyən edilməsi, hazırki qətnamənin doğum haqqında akt qeydində qeydin düzəldilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, hazırki qətnamənin ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən ünvan 5 ünvanlanmış 01.03.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış və 27.12.2017-ci ildə vəfat etmiş atası X1 qalmış miras əmlakı qəbul edir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 2(078)-310/2014 saylı, 07.05.2014-cü il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh3 ilə X2 bacıqardaş olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən ünvan 5 ünvanlanmış 16.03.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, mərhum atası 28.12.2017-ci il tarixdə vəfat etmiş X1 ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miradan ona çatan payı qəbul edir. İş materiallarında olan İddiaçı1 tərəfindən ünvan 5 ünvanlanmış 15.02.2019-cu il tarixli ərizənin kserosurətindən görünür ki, 28.12.2017-ci il tarixdə ölmüş atası X1 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması üçün bacısı İddiaçı2 adından etibarnamə əsasında çıxış edərək təqdim etdiyi sənədləri geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydda təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı2 22.09.2019-cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin 11.01.2021-ci il tarixli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı2 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, qarşılıqlı iddia tələbinə dair münasibətdə ləğv edilməsi xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlayır. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.2ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddiaçı qarşılıqlı iddia ərizəsində, həmçinin apellyasiya şikayətində vəsiyyətnamənin etibarsız hesab edilməsi halı kimi vəsiyyət edənin savadsız olmasını, anlaqsız vəziyyətdə olmasını və demensiya xəstəliyindən əziyyət çəkməsini bildirmiş və bu halda üç şahidin iştirakı ilə tərtib olunmasının vacib olduğu qeyd edilmişdir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, mərhumun vəsiyyətnamə tərtib edildiyi vaxt anlaqsız olması heç bir sübutla öz təsdiqini tapmamaqla mülahizə xarakteri daşıyır. Belə ki, Mülki Məcəllənin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Qeyd edilən maddənin tələbindən də göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyətinin olmaması yalnız məhkəmə qərarı ilə təsdiq edilir. Lakin, iş materiallarında mərhum X3 fəaliyyət qabiliyyətsiz sayılması haqqında məhkəmə qərarının olması aşkar edilməmişdir. Həmçinin, cavabdeh mərhumun demensiya xəstəliyindən əziyyət çəkməsini bildirsə də, həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən hər hansı bir sənədi və həmin xəstəliyin anlaqlılığı istisna etməsini göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh notarius tərəfindən Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının pozularaq vəsiyyətnaməni təsdiq etməsini göstərən hər hansı halın mövcudluğu aşkar edilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Apellyasiya şikayətində qeyd olunan halların təsdiqi üçün qarşılıqlı iddia üzrə iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız öz mülahizələrinə əsaslanmışdır. Verilən vəsiyyətnamədə həmçinin notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılaraq notariusun və iki şahidin iştirakı ilə tərtib olunması öz təsdiqini tapdığından, vəsiyyətnamənin etibarsızlığına səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Kollegiya həmçinin qarşılıqdı iddia üzrə iddianın qanun üzrə vərəsəliyin açılması hissəsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən vəsiyyətnamə etibarlı hesab edildiyindən qanun üzrə vərəsəlik açıla bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən qanun üzrə vərəsəlik o zaman müəyyən edilir ki, miras qoyan vəsiyyətnamə qoymur və ya məhkəmə tərəfindən həmin vəsiyyətnamə qismən və ya tam etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçıların Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən mirasda məcburi pay hüquqları vardır və onlar mirasda məcburi pay hüququnun əldə edilməsi üçün məhkəmədə iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Sadalanan xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair birinci nstansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı vəsiyyətnamənin etibarsızlığına səbəb olan halları, eləcə də mərhumun vəsiyyətnaməni imzalayarkən anlaqsız vəziyyətdə olmasını sübuta yetirmədiyindən, həmin şəxsin faəliyyət qabiliyyətsiz olmasına dair məhkəmə qərarı olmadığından apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3351/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3351/2022
13.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver