Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3353/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313- NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan, yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva, iş № 2(006)-282/2022) iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə icraata xitam verərkən iddia tələblərinin hamısını nəzərə almamış, yalnız iddia ərizəsinin ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbindən istiqamətlənərək bu nəticəyə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh ASC 2017-ci ildə İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qətnaməsi ilə müvafiq tələblər təmin edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 18.11.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.06.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən ipoteka müqaviləsinin etibarlılığı artıq yoxlanılmış, ipoteka müqaviləsi etibarlı hesab edilmiş və məhz elə buna görə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi təmin olunmuşdur. İddiaçı hazırkı iddiasında artıq qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş müqavilənin etibarsızlığını mübahisələndirir. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Kollegiya nəzərə alır ki, əvvəlki işdən fərqli olaraq hazırkı iş üzrə əlavə tələblərin qoyulması iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün əsas ola bilməz. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş, iddiaçının onu mübahisələndirmək imkanları tükənmişdir. Bundan əlavə iddia ərizəsində hər hansı yeni əsaslara istinad edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3353/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3353/2022
20.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver