Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3355/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızının nümayəndəsi eyni zamanda vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ½ hissəsinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə birgə nikah dövründə 23.02.2018-ci ildə AD151812 nömrəli şəhadətnamə əsasında cavabdehin adına alınmış 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range- Rover” markalı avtomobilinin dəyərinin ½ hissəsinin cavabdeh X1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 (Mədətova) 1996-cı ilin avqust ayında rəsmi nikaha girməklə ailə qurmuşlar. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2734/2019 saylı, 05.08.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə cavabdeh E.Mədətovanın (Emreli) adına avtomobil alınmışdır ki, həmin avtomobil həmişə cavabdeh E.Mədətovanın (Emreli) istifadəsində olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin verdiyi 29.08.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh E.Ş.Mədətova ilə birgə nikah dövründə 23.02.2018-ci ildə cavabdehin adına AD151812 nömrəli şəhadətnamə əsasında 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobili almışlar. Avtomobil iddiaçının razılığı və xəbəri olmadan cavabdeh tərəfindən 15.03.2019-cu il tarixdə Cavabdeh1 satılmış və avtomobilə **-UF-*** nömrə nişanı verilmişdir. Sonradan 29.05.2019-cu il tarixdə Cavabdeh1 avtomobili Cavabdeh2 satmış və avtomobilə **-SE-*** nömrə nişanı verilmişdir. Bütün bunlardan iddiaçının yalnız hazırki mübahisənin cavabdehlə aralarında başlanmasından sonra xəbəri olmuşdur. Həmin əmlak cavabdeh E.Mədətova ilə aralarında birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, qeyd edilən əmlakın ½ hissəsi cavabdeh E.Mədətovadan alınaraq iddiaçıya verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından birgə nikah dövründə əldə olunmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də, Hesab AZ12PAHA40060AZNHC**********, VÖEN **********, SWİFT PAHAAZ22 hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil iddiaçı ilə cavabdehin birgə nikah dövründə cavabdehin adına alınsa da, sonradan elə birgə nikah dövründə etibarnamə əsasında digər şəxsə verilmişdir və həmin şəxs tərəfindən hər ay pul məbləği cavabdehə verilməli idi, lakin sonradan həmin pul məbləğini cavabdeh deyil, iddiaçı əldə etmişdir. Həmin pul vəsaitinin bir hissəsi iddiaçı ilə cavabdehin övladlarının təhsil haqqı üçün xərclənmiş, digər hissəsi isə ailənin ümumi ehtiyacları üçün sərf edilmişdir. İddiaçı avtomobilin satışından xəbərsiz olduğunu bildirsə də, bu, ağlabatan deyil. Belə ki, birgə nikah dövründə, yəni faktiki olaraq birlikdə yaşadıqları müddətdə avtomaşının yoxluğundan iddiaçının xəbərsiz olması mümkünsüz idi. Qeyd edilməlidir ki, iddiaçı əvvəlcə birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Lakin hazırda dəyərinin bölünməsini tələb etdiyi avtomaşın həmin iddia predmetini təşkil etməmişdi, başqa sözlə həmin dövrdə **-EL-*** dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobilin bölgüsünə dair hər hansı tələb irəli sürməmişdir. Məhkəmə iddiaçının mülahizələrinə əsasən “...Həmçinin, avtomobil satılan zaman tərəflər nikahda olmalarına baxmayaraq, münasibətləri pisləşmişdir və artıq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişlər...” qeyd etməklə nəzərə almamışdır ki, həmin avtomaşın etibarnamə əsasında, iddiaçı ilə cavabdehin faktiki ailə münasibətlərinin davam etdiyi dövrdə digər şəxsə etibarnamə əsasında verilmişdi. Həmçinin iddiaçı tərəfindən öz imzası ilə təsdiq edilmiş Nəsimi Rayon Məhkəməsinə verilmiş “İddia tələbinin həcminin artırılması barədə” ərizəsində “... Mən 15.02.2019-cu ildən etibarən cavabdehlə münasibətlərimiz kəskin pisləşdiyindən aramızda münaqişə və mübahisə pik həddə çatdığından yaşadığımız Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 20-ci döngə, 11 saylı fərdi yaşayış evindən heçnə götürmədən çıxıb getdim...” qeyd edilmişdir. Qeyd edilənlərin təsdiqi üçün 16.03.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş X6 İdarəsinə sorğu verilərək, «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimin adına qeydiyyata alınmasına və həmin nəqliyyat vasitəsinə dair kimlərə və nə zaman etibarnamə verilməsinə, hal-hazırda nəqliyyat vasitəsinin mülkiyyətçisinin kim(lər) olmasına dair məlumatı, həmin nəqliyyat vasitəsinə dair bütün mülkiyyətçilər ilə bağlanılmış alı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızının nümayəndəsi eyni zamanda vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş, həmçinin nikah dövründə də satılaraq əldə edilmiş vəsait övladlarının təhsilinə xərclənmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının avtomobilin satılmasından xəbəri olmuşdur. Tərəflərin münasibətləri 2019-cu ilin mart ayında münasibətləri faktiki olaraq pozulmuş və elə həmin ay nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, buna qədər isə bayramları birlikdə qeyd etmişlər. Bundan başqa avtomobilin müəyyən edilmiş dəyərinə etirazları yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(006)-2734/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı «nikahın pozulması tələbi»nə dair iddiası təmin edilmiş, İddiaçı ilə X4 arasında Səadət Sarayında (Bakı nikah evində) 28 avqust 1996-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1257 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarındakı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçıla E.Mədətova arasındakı nikah qeydi 25.01.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 29.08.2019-cu il tarixli məktubundan görünür ki, X2 adında 23.02.2018-ci il tarixdən «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında 15.03.2019-cu il tarixdə Cavabdeh1 adına, 29.05.2019-cu il tarixdə isə Cavabdeh2 adına keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin məhkəmənin sorğusu əsasında göndərilmiş 09.10.2021-ci il tarixli məktubundan görünür ki, «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.02.2018-ci il tarixdə X2 adına qeydiyyata alınmış və 15.03.2019-cu il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılmışdır. Həmin gün də «Range-Rover» markalı avtomobilə 781274 nömrəli hesab-arayış əsasında **-UF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən avtomobil 29.05.2019-cu il tarixdə komisyon mağazada satılması üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatından görünür ki, «Range-Rover» markalı minik avtomobilinin (buraxılış ili: 2010; rəngi: qara; tip: universal; mühərrik gücü: 5000 santimetr kub) 15.03.2019-cu il tarixinə real bazar qiyməti 45.900 manat olmuşdur. Qiymətləndirmə hesabatının haqqı 400 (dörd yüz) manat təşkil etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürdüyü əmlak tərəflərin birgə nikah dövründə əldə edildiyi faktı həm işin materiallarında olan hüquqmüəyyənedici sənədləri ilə, həm də birinci instansiya məhkəməsi baxışı zamanı tərəflərin nümayəndə və vəkillərinin məhkəmə iclasında verdikləri izahatları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə hesab etmişdir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmasına baxmayaraq, satılan zaman iddiaçının alqı-satqı müqaviləsi bağlanmasına razılığı alınmamışdır (bununla bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir). Həmçinin, avtomobil satılan zaman tərəflər nikahda olmalarına baxmayaraq, münasibətləri pisləşmişdir və artıq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişlər. Beləliklə, tərəflərin ümumi birgə əmlakı olmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən özgəninkiləşdirilən dövrdə real bazar qiyməti 45.900 manat olmuşdur, buna görə də həmin avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 22.950 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. İlk olaraq qeyd edilməlidir ki, cavabdeh tərəf avtomobilin satılmasından iddiaçının məlumatlı olmasını bildirsə də məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(006)-2734/2019 saylı qətnaməsi ilə pozulsa da, cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahatından görünür ki, tərəflərin münasibətləri 2019-cu ilin mart ayında faktiki olaraq pozulmuş, elə həmin ay nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. İş materiallarından göründüyü kimi mübahisəli avtomobil isə 15.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Göründüyü kimi tərəflər arasında olan ailə münasibətlərinin faktiki olaraq pozulması avtomobilin satıldığı 2019-cu ilin mart ayına təsadüf etmişdir və belə olan halda avtomobilin satılmasından əldə edilmiş vəsaitin birgə təsərrüfat üçün xərclənməsi ağlabatan hesab edilə bilməz. Bununla yanaşı cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaitin bir hissəsinin iddiaçı ilə cavabdehin övladlarının təhsil haqqı üçün xərclənməsini, digər hissəsinin isə ailənin ümumi ehtiyacları üçün sərf edilməsini bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. İş materiallarında isə avtomobilin satışından əldə edilmiş vəsaitin təhsil haqqına xərclənməsi, eləcə də ailənin ümumi ehtiyacları üçün sərf edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinin dispozisiyasına əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Əmlakın konkret olaraq ərin və ya arvadın gəlirləri hesabına alınmasından asılı olmayaraq, ər-arvadın həmin əmlaka dair sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə bərabər hüquqları vardır. Bundan başqa cavabdeh tərəf apellyasiya baxışı zamanı mübahisəli avtomobilin qiymətləndirilməsi ilə razılaşdığından, məhkəmə kollegiyası hesab edir ki, avtomobilin dəyərinə münasibətdə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobil tərəflərin ümumi mülkiyyəti hesab edildiyindən, eləcə də həmin avtomobilin satılmasından iddiaçının məlumatlı olmaması, həmçinin əldə edilmiş vəsaitin övladlarının təhsil haqqına eləcə də ailənin ümumi ehtiyacları üçün sərf edilməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3355/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3355/2022
18.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver