Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3365/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh5, digər Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qarşı (üçüncü şəxslər: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin birinci mərtəbəsində yerləşən, 62,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən, 51,3 kv.metrlik qeyriyaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 2 il müddətinə məhdudlaşdırılması, cavabdehlərin qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin binanın yerində tikiləcək yeni binada kompensasiya qismində cavabdehlərin mənzillərinin və qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillərin və qeyri-yaşayış sahələrinin onlara verilməsi, yeni yaşayış sahəsi tikilənədək iddiaçı tərəfindən cavabdehlərin hər birinə kirayə haqqı olaraq hər ay üçün 500 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-118/22) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən 51,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 2 il müddətinə məhdudlaşdırılması, həmin mənzillər və qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılmaqla, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 7 saylı mənzil və həmin evin zirzəmisində yerləşən 51,7 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsi və həmin binanın zirzəmisində yerləşən 51,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 20 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 6 saylı mənzil və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillərin və qeyri-yaşayış sahələrinin (Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyriyaşayış sahəsi müvafiq olaraq birinci mərtəbədə, digər qeyri-yaşayış sahələri isə yerləşdiyi yerdə, yəni zirzəmidə) 2 (iki) il müddətinə verilməsi öhdəliyinin İddiaçı MMC-yə həvalə edilməsi, cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün onlara hər ay 500 manat kirayə haqqının ödənilməsi vəzifəsinin iddiaçıya həvalə olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdehlərdən Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 177 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi iddiaçıya həvalə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X4 İnstitutunun rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır, bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı yaşayış binasının sökülüb yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 2 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə kompensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdehlər hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vururlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv olunmasını və iddianın onlara aid hissədə rədd olunmasını xahiş etmişlər. Cavabdeh4 da apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiçının iddia tələbinin təmin edilməsi həmin binada əmlakları olan mülkiyyətçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını deyil, əksinə, pisləşməsini labüd edir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi yerləşdiyi zirzəmi dövlət mülkiyyətində olmuş və müvafiq hərrac protokolu əsasında həmin əmlak Cavabdeh4 xeyrinə özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnaməyə əsasən, Komitənin əsas vəzifələrindən biri də, tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etməkdir ki, sözügedən yaşayış binası ilə bağlı Komitənin hər hansı fəaliyyəti barəsində rəy təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən ona hər hansı təkliflə müraciət edilməmiş və onunla razılıq əldə edilməmişdir. O, məhkəmənin heç bir iclasında məhkəmə barəsində heç bir məlumatı olmadığı üçün iştirak etməmişdir. Məhkəmə cavabdehlərin tələbinin iddiaçının hansı qanuni mənafelərini pozmasını, o cümlədən, iddiaçı tərəfindən təklif edilmiş şərtlərin cavabdehlərin mülkiyyət hüquqlarından məhrum edilməsinə mütənasib olub-olmamasını tam araşdırmamış, heç bir maliyyə və iqtisadi əsası olmadan iddiaçının təkliflərini ağlabatan hesab etmişdir. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, Cavabdeh4 mülkiyyətində olan 49,3 kvm sahəyə malik zirzəmi ilə bağlı Cavabdeh5 mübahisə açsa da, onun iddiası təmin olunmayıb. Bundan başqa, Cavabdeh4 tələbinə əsasən Cavabdeh5 49,3 kvm qeyriyaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmuşdur və hazırda icra mərhələsindədir. Digər Cavabdeh5 məhkəmə kollegiyasının iclasında bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin mülkiyyətində olan 20-ci mənzili ilə bağlı İddiaçı MMC ilə razılığa gələrək müqavilə bağlamışdır. Həmin mənzilə dair heç bir tələbi yoxdur. Onun şikayəti Cavabdeh4 qarşıdır. Belə ki, onun mülkiyyətində olan mənzilin altında yerləşən 49,3 kvm sahəsi olan zirzəmi üzərində məhz Cavabdeh4 mülkiyyət hüququ qeydə alınmışdır. O, Cavabdeh4 mülkiyyət hüququnu ayrı icraatda məhkəmə qaydasında mübahisələndirsə də, iddiası təmin olunmamışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirdi ki, Cavabdeh4 istisna olmaqla bütün cavabdehlərlə razılıq əldə edilmiş, müvafiq müqavilələr bağlanmış və mübahisəyə son qoyulmuşdur. Cavabdeh4 isə ağlabatan təklif edilmiş olsa da, nəticəsi olmamışdır. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onlara aid iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli 177 nömrəli Sərəncamı ilə İddiaçı MMC-nin 10.10.2013-cü il tarixli 05 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsində mövcud olan yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitin ödənilməsi iddiaçıya həvalə olunmuşdur. Bu məqsədlə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, obyektlərin tikintisinə icazə verilmişdir. Mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan zirzəmi, həmin ünvanda yerləşən ümumi sahəsi 62.2 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3, həmin ünvanda 21 saylı mənzil Cavabdeh5, 20 saylı mənzil Cavabdeh5, 7 saylı mənzil və 51.7 kvadrat metr qeyri-yaşayış sahəsi olan zirzəmi Cavabdeh2, 43,9 kvadrat metr qeyriyaşayış sahəsi Cavabdeh4 mülkiyyətindədir. Cavabdeh3 adına həmin ünvanda olan ümumi sahəsi 62.2 kvadrat metr qeyri-yaşayış sahəsinin 09.01.2018-ci il tarixinə bazar dəyəri 155000,00 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 7 saylı mənzili Cavabdeh2 məxsusdur və ümumi sahəsi 60,55 kvm, tikinti altı sahəsi 72.46 kvm təşkil edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X4 İnstitutu binanın texniki vəziyyətinin qeyri-qənaətbəxş və istismara yararsız olduğuna dair rəy vermişdir. Rəyə görə bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. “X1” MMC-nin 15.07.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu, Azərbaycan Respublikası Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 21.09.2015-ci il tarixli rəyində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi, Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2021-ci il tarixli, 10/456 nömrəli rəyi ilə binanın istismara yararsız olduğu müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 29.10.2021-ci il il tarixli mütəxəsis rəyi ilə, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasında sonradan tikinti norma və qaydalarına əməl olunmadan, gücləndirmə tədbirləri aparılmadan inşa edilmiş yaşayış sahələri, kürsü mərtəbəsinin qazılaraq zirzəmi mərtəbəsinin yaradılması və pəncərə boşluqlarının genişləndirilməsi binanın əlavə yüklənməsinə, fəza sərtliyinin və zəlzələyə davamlılığının azalmasına səbəb olur. Azərbaycan Respublikası Dövət Memarlıq və Tikinti Komitəsinin Respublika ərazisində seysmikliyin artırılması barədə 17.09.1991-ci il tarixli, HH-02-3-16-1191 saylı məktubu ilə Respublika ərazisində seysmiklik 1 bal artırılmışdır. Binanın XX əsrin ortalarında inşa edilməsini, 1991-ci ildə Bakı şəhəri üzrə seysmikliyin 1 bal artırılmasını və binada heç bir gücləndirmə tədbirləri görülmədən yenidənqurma işlərinin aparılmasını nəzərə alsaq yaşayış binası istismar üçün yararsızdır. İddiaçı tərəfindən tərtib edilmiş 10.07.2021-ci il tarixli protokoldan görünür ki, MTK-nın ofisində görüş keçirilmiş və sökülən mənzillərin əvəzinə Cavabdeh5 mənzil, obyekt üçün 2 ədəd 2 otaq, 1 ədəd 3 otaq və ya 450000 manat istədiyi, Cavabdeh1 mənzil üçün 1 ədəd 3 otaqlı və 1 ədəd 1 otaqlı mənzil istəmiş, Cavabdeh3 isə obyekti olduğu müəyyən edilmişdir (i.v.176, İ cild). İddiaçının tələbi cavabdehlərin mənzillərinin və qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillərin və qeyri-yaşayış sahələrinin onlara verilməsi, yeni yaşayış sahəsi tikilənədək iddiaçı tərəfindən cavabdehlərin hər birinə kirayə haqqı olaraq hər ay üçün 500 manat ödənilməsi barədədir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı bina istismara yararsızdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və qeyri-yaşayış sahələrindən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərilə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülkİ Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı qərarına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar(maddə 5.3). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir( maddə 16.1). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.1-560.2). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddianın təmin edilən hissəsinə dair apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Nazirlər Kabinetinin adı çəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AzərbaycanRespublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X2rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda yerləşən bina qəzalı vəziyyətdədir, istismara yararsızdır. Bu baxımdan cavabdehlərin iddiaçının təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının təkliflərini və tələbini ədalətli sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “ədalətli balans”ı gözləmiş, tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etmişdir. Qeyri-yaşayış sahəsinin və yaşayış sahələrinin qanuni sahəsindən təklif olunandan daha çöx əlavə sahənin verilməsi ilə cavabdehlərin şikayətlərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan yaşayış və ya qeyri-yaşayış sahələrindən 20% artıq olmaqla təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin edilməsi vəzifələri qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil (qeyri-yaşayış) sahələri ilə bağlı artıq təcrübə formalaşdığından, cavabdehlər qeyriyaşayış və yaşayış sahəsinin əvəzi olaraq, həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 20% əlavə qeyri-yaşayış və yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində müvafiq sahə ilə təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən İddiaçı MMC-nin Cavabdeh4 istisna olmaqla digər cavabdehlərlə razılıq əldə etdiyini, mübahisənin həmin cavabdehlərə münasibətdə məhkəmədənkənar həll olunduğunu nəzərə alır. Cavabdeh4 apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi, işə onun iştirakı olmadan baxılması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh4 onun işdə olan ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin həmin məhkəmə bildirişləri tələb edilmədiyinə görə geri qaytarılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh4 məhkəmə iclasları barədə məlumatlı olduğunu, lakin iştirak etmədiyini göstərdi. İddiaçı tərəfindən təklif edilmiş şərtlərin cavabdehlərin mülkiyyət hüquqlarından məhrum edilməsinə mütənasib olub-olmamasının tam araşdırılmaması ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası həmin dəlili də əsassız sayır və işin müəyyən edilmiş hallarına əsasən bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən “ədalətli balans”ı gözləmiş, tərəflərin hüquq və mənafelərinin ədalətli və ağlabatan tarazlığını təmin etmişdir. Belə ki, iddiaçının təklifi ilə cavabdeh mülkiyyətindən olan sahədən 20 % artıq olan eyni statuslu və tam təmirli qeyri-yaşayış sahəsi ilə təmin olunur ki, bu da mülkiyyət hüququnun məhdudlaşdırılmasının ədalətli kompensasiyası kimi qiymətləndirilməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən heç bir zaman istifadə etməmişdir. Həmin sahə digər Cavabdeh5 mənzilinin altında yerləşməklə Cavabdeh5 tərəfindən istifadə olunmuşdur. Həm də mübahisəli qeyri-yaşayış sahəsi həmin sahənin yerləşdiyi binanın söküntüsü barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edildikdən sonra 2018-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin keçirdiyi hərrac nəticəsində Cavabdeh4 mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 apellyasiya şikayətinin bütün dəlillərini əsassız və formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, həmin dəlillər qətnamənin apellyasiya qaydasında ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə, yəni iddianın apelyatorlara aid təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3365/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3365/2022
08.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver