Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3366/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx” barədə ilk, cavabdeh MMC-nin iddiaçıya qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı irəli sürdüyü “xxxx” barədə iddiası Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra cavabdeh MMC iddiaçıya qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi tələbi barədə” qarşılılıq iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş və qarşılıqlı iddia ilk iddia ilə birlikdə baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. İşə baxmış Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə iş üzrə qəbul etdiyi qərardadı ilə cavabdeh qarşılıqlı iddia ərizəsini baxılmamış saxlamış, iş üzrə qəbul etdiyi qətnamə ilə isə ilk iddianın təmin edilməməsini qət etmişdir. Qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qərardad onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (əri) Vəkil ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək ilk iddiaya onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) MMC-nin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. MMC-nin nümayəndəsinin məhkəmənin çağırışına gəlməməsi qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsasdır. İlk iddia üzrə İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və qarşılıqlı iddiaya da mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdeh MMC-nin nümayəndəsinin gəlməməsi əsası ilə qarşılıqlı iddianı baxılmamış saxlamaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Çünki həmin əsasla qarşılıqlı iddia ərizəsi o halda baxılmamış saxlanıla bilərdi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı buna razı olsun. Lakin İddiaçı belə razılıq verməmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (əri) Vəkil ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək ilk iddiaya onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Vəkil ərizədə qarşılıqlı iddiaya münasibət bildirməmişdir. Qarşılıqlı iddianı baxılmamış saxlayan Rayon Məhkəməsi MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsaslanmışdır. Qeyd edilən həmin prosessual hüquq normasının tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, maddənin dispozisiyasında “vahid iş” nəzərdə tutulur; qanunverici “işi” ilk və qarşılıqlı iddialara ayırmır (bölmür). Belə olan halda işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil ərizəsini “onun iştirakı olmadan işə tam həcmdə baxılma” kimi qəbul etməli, bunu qəbul etmədiyi halda isə qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılıbbaxılmamasına dair onun mövqeyini öyrənmək üçün müvafiq prosessual tədbirlər görməli idi. Lakin Rayon Məhkəməsi bunları etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianı yuxarıda qeyd edilən əsasla baxılmamış saxlamaqda səhv nəticəyə gəlmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Rayon Məhkəməsinə daxil olmuş və ilk iddia ilə birlikdə baxılması üçün xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmişdir. Bundan sonra iş təxminən 1 il ərzində Rayon Məhkəməsinin icraatında (məhkəmə baxışında) olmuşdur. İş üzrə tərəflərin nümayəndələri hər iki iddia ilə bağlı mövqelərini, yəni ilk iddia üzrə iddiaçı tərəf qarşılıqlı iddiaya dair etirazlarını, cavabdeh tərəf isə ilk iddiaya dair etirazlarını Rayon Məhkəməsinə bildirmişlər. Yəni iş üzrə tərəflərin hər iki iddiaya münasibəti bəllidir. MPM-nin 185.4-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən tərəflər və yaxud iddiaçı məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və yalnız bu hallarda MPM-nin 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilə, başqa sözlə, ərizə baxılmamış saxlanıla bilər. MPM-nin 185-ci maddəsinin həmin Məcəllənin 188, 259.0.6 və 259.0.7-ci maddələri ilə müqayisəli təhlili göstərir ki, tərəflərin və ya (xüsusən də) iddiaçının məhkəmə iclasına gəlməməsi əsasına görə ərizənin baxılmamış saxlanılması o halda ola bilər ki, işə baxan məhkəmə iddiaçının həmin işə hər hansı səbəbdən daha marağının qalmadığını, başqa sözlə ərizəsi ilə bağlı məhkəmə mübahisəsini davam etdirmək istəyi və niyyətinin olmadığını və ya qəsdən icraatı yubandırdığını müəyyən etmiş olsun. Məhkəmənin mövqeyinə görə, tərəflərin hər hansı səbəbdən fiziki baxımdan (cismani olaraq) mülki işə baxılması ilə bağlı keçirilən hər hansı bir məhkəmə, iclasına gəlməməsi öz-özlüyündə MPM-nin 259.0.6 və ya 259.0.7-ci maddələrə istinadən qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas ola bilməz. Hazırkı mülki işin hallarından da görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin (ilk iddia üzrə iddiaçının) hazırkı mübahisəni sonadək davam etdirməkdə maraqlı (israrlı) olması, qarşılıqlı iddia ilə razı olmaması aşkardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MPM-nin 256.0.6-ci maddəsinə əsaslanaraq qarşılıqlı iddianı baxılmamış saxlamaqda haqlı olmamışdır. Şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. “Cavabdeh-A” MMC-nin İddiaçı qarşı irəli sürdüyü “müqavilənin qismən etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3366/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3366/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver