Məhkəmə qərarları › İş №2(103)-337/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-337/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-337/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarxili 2(004)-6865/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin “Azadlıq” Filialı ilə X2 arasında bağlanmış 09M000000972 saylı xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 203.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə dair Cavabdeh QSC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünün DƏDRX tərəfindən aparılmış qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarxili 2(004)-6865/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə etdiyi evin ipoteka qoyulması üçün heç bir notariusa gedib razılıq ərizəsi verməmişdir. Məhkəmə iclasında Cavabdeh qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, xətşünaslıq ekspertizasının rəyindən görünür ki, imza İddiaçı məxsusdur və adı, soyadı onun xətti ilə yazılıb. Apellyasiya şikayətində qeyd edilən birgə nikah dövründə olan əmlakın ipoteka qoyula bilməməsi dəlili də öz sübutunu tapmır. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı və X2 xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikah dövründə X1 adına Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 203.5 kv.m ümumi, 114.1 kv.m yaşayış, 89.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan yuxarıda qeyd olunan fərdi yaşayış evini «xxxx» QSC qarşısında xx.xx.2014-cü il tarixdə yüklü etmişdir. Həmin ipoteka müqaviləsi bağlanarkən İddiaçı ərizə təqdim edərək həmin fərdi yaşayış evinin X2 tərəfindən «xxxx» QSC qarşısında ipotekaya qoyulmasına etirazının olmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdeh «xxxx» QSC ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 203.5 kv.m ümumi, 114.1 kv.m yaşayış, 89.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin bank qarşısında yüklü edildiyi zaman onun razılığının alınmamasının bildirsə də məhkəmə iclasında təqdiq olunmuş sübutlarla iddiaçının həmin ipoteka müqaviləsi bağlandığı zaman hər hansı etirazının olmaması öz təsdiqini tapmışdır. İddiaçının mübahisələndirdiyi 09M000000972 saylı xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə artıq başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Mülki prosessual qanunvericiliyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı 09M000000972 saylı xx xxxxx 2014- cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin etibarsız hesab edilməsini məqbul saymır. Hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Apellyasiya baxışı zamanı alınmış məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 3M-311 nömrəli notariat işinin 10-cu vərəqəsində İddiaçı adından olan xx xxxxx 2014-cü il tarixli № 7E-4- 1628 nömrəli reyestrlə qeydiyyatdan keçmiş ərizədə “İmza” qrafasındakı imza və “Məmmədov” soyadı və həmin qrafadan aşağıda “Ərizə mənim sözlərimlə yazıldı əlyazmalar - İddiaçı TAPDİQ oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 3M-311 nömrəli notariat işinin 10-cu vərəqəsində İddiaçı adından olan xx xxxxx 2014-cü il tarixli № 7E-4- 1628 nömrəli reyestrlə qeydiyyatdan keçmiş ərizədə “Tarix:” qrafasındakı “10 aprel” əlyazmalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı mübahisə predmeti olan evin ipoteka qoyulmasından xəbəri olmadığını və ipotekaya qoyulmasına notarial qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsini vermədiyini bildirsə də, onun bu dəlili inandırıcı və ağlabatan hesab edilə bilməz. Çünki, iddia etdiyi bu hala dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçının şikayətində göstərdiyi digər dəlillər də onun şikayətinin və iddiasının əsaslılığına dəlalət etmir. Çünki, bu dəlillər də iddiaçının şəxsi mülahizələrinə əsaslanan fikirləri olmuşdur. Üçüncüsü, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmin rəydə İddiaçı adından olan xx xxxxx 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imzanın və “Məmmədov” soyadının və həmin qrafadan aşağıda “Ərizə mənim sözlərimlə yazıldı əlyazmaların onun tərəfindən icra olunduğu təsdiqlənmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün də əsas və zərurət olmalıdır. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarxili 2(004)- 6865/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 125 (yüz iyirmi beş) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar