Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3376/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi Vəkil3, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və X5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti, X9, X3 və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı işi üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 05.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə icazəsiz, özbaşına və heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən, pandemiya şəraitində tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 2 saylı ev X6, X16, X11 və İddiaçı1 paylı mülkiyyətindədir. (səh.26); -Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 10.07.2020-ci il tarixli, Q-96-075 nömrəli məktubuna əsasən ünvan 2 saylı evə baxış keçirilərkən ümumi həyətdə vətəndaş Qadaşov Tərlan tərəfindən uzun müddət əvvəl tikilmiş mansardlı, ikimərtəbəli evin mövcud olması müəyyən olunmuşdur (səh.6); -Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 07.08.2020-ci il tarixli, Q-96-075/2 nömrəli məktubuna əsasən ünvan 2 saylı evə baxış keçirilərkən tikinti işlərinin uzun müddət əvvəl dayandırıldığı müəyyən olunmuşdur(səh.52); -24.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 21.02.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh, X3, X15 və X9 miras əmlakdan hər biri 3/40 hissə olmaqla payı müəyyən edilmiş, yerdə qalan 3/40 hissə açıq saxlanılmışdır(səh.15); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, 206 ünvanında inşa olunmuş iki mərtəbəli tikilinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160N°-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir(səh.43-44). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 579/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti, X9, X3 və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evdə qanunsuz, icazəsiz, özbaşına, heç bir tekxiki təhlükəsizlik qaydalarında riayət edilmədən, pandemiya şəraitində tikilmiş tikilinin sökülməsi barədə iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olaraq 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 152.3, 215.1, 215.2, 215.4, 215.5, -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı1 paylı mülkiyyətçidir və cavabdeh tərəfindən tikilinin tikilməsinə dərhal etiraz etməmişdir. Bu hal iş materiallarında olan İcra Hakimiyyətinin 10.07.2020-ci və 07.08.2020-ci il tarixli məktublarla, o cümlədən, üçüncü şəxlərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən məktublardan da görünür ki, tikili uzun müddət əvvəl tikilmişdir. İddiaçı1 paylı mülkiyyətçi olaraq tikiliyə dərhal etirazını bildirməmişdir. Hazırda tikili mövcuddur və İddiaçı1, üçüncü şəxslər X9, X3 və X15 və cavabdeh evin paylı mülkiyyətçiləridir. Eyni zamanda mübahisəli evin naturada real bölgüsü həyata keçirilmədiyi üçün, paylı mülkiyyətdə olan mübahisəli evdə inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmin tikili yalnız paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılığı və tələbi ilə sökülə bilər. İddiaçının özbaşına tikilinin sökülməsi barədə tələbi o halda əsaslı hesab edilə bilərdi ki, evin naturada bölgüsü aparılmış olsun və həmin özbaşına tikili iddiaçının mülkiyyətinə ayrılmış hissədə mövcud olsun. Lakin evin naturada bölgüsü aparılmadığı üçün, özbaşına tikilinin mövcudluğu iddiaçının mülkiyyət hüquqlarına qəsd kimi qiymətləndirilə bilməz. İddiaçı2 isə hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Çünki o, mübahisə predmeti olan paylı mülkiyyətin mülkiyyətçisi deyil. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutulmalıdır. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 579/2021 saylı işi üzrə, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8524/2021 saylı, 25.08.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı işi üzrə 18.06.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.02.2022-ci il tarixli, 2(102)-424/2022 saylı Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021 -ci il tarixli, 2(103)-8524/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180; Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 88, 417, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərə məxsus olduğundan, cavabdehin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməlidir, lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə mötəbər sübutlara əsaslanmır. Əvvəla mülki işin 16-cı vərəqinə tikilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kserosurət olmaqla düzgünlüyü təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti verilir. Qeyd olunan çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və istifadəyə verildiyi əksini tapır. Lakin evə dair 23 may 2007-ci ildə tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsinə aid bölmədə torpaq sahəsinin sənəd üzrə istifadədə olması göstərilməmişdir. İş materiallarından torpaq sahəsinin hansı hüquqi əsasla (keşmiş XDS-nin qərarı, bələdiyyənin qərarı, icarə müqaviləsi və s.) istifadəyə verildiyi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, 206 ünvanında inşa olunmuş iki mərtəbəli tikilinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir. Ekspert rəyində istinad olunan Qaydaların 4.1 və 4.2-ci bəndləri ümumiyyətlə xüsusi bilik tələb olunan məsələlərlə bağlı deyil, hüquqi dəyərləndirmə əsasında, ekspert rəyi olmadan müəyyən olunan hallara aiddir. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinə istinadən iddianı təmin etməsi əsassızdır. Ekspert rəyi ilə iddianın təmin olunmasını şərtləndirən, xüsusi bilik tətbiq edilməklə aşkar edilmiş hal müəyyən olunmamışdır. özbaşına tikilinin sökülməsi barədə müraciət etmə hüququ müvafiq icra hakimiyyəti orqanlarına və ya maraqlı tərəfə aiddir. Bu baxımdan ilk növbədə iddiaçının həmin iddianı verməyə subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bunun üçün Mülki Məcəllənin 180.4-cü maddəsində bəhs olunan "maraqlı tərəf” anlayışının məhz kimləri nəzərdə tutması müəyyən edilməlidir. Sözügedən normanın məzmununun təhlili o nəticəyə gəlməyə əsas verir ki, bu iddianı vermək üçün iddiaçının tikinti inşa edilən torpaq sahəsinə hər hansı hüquqa əsaslanan mənafeyi olmalı, inşaat zamanı pozulan şəhərsalma və tikinti normaları iddiaçının qanunla qorunan mənafelərinə toxunmuş olmalıdır. İnşaat zamanı pozulan şəhərsalma və tikinti normalarının iddiaçının qanunla qorunan mənafelərinə toxunması da apellyasiya instansiyası məhkəməsi tərəfindən aydın şəkildə əsaslandırılmamışdır. İşdə olan ekspertin rəyi ilə mübahisəli tikili inşa edilərkən ara məsafəsi və sair kimi məcburi tələblərə əməl olunmadığı, tikilinin inşa edilməsi nəticəsində iddiaçının həyətinə giriş-çıxışın məhdudlaşması (tikilinin həyətin hansı hissəsində inşa edilməsi) və s. müəyyən olunmamışdır. Bundan başqa, digər mülkiyyətçilər izahatlarında bildirmişdirlər ki, sökülməsi tələb olunan tikili analarının sağlığında inşa edilmişdir və iddiaçının buna hər hansı etirazı olmamışdır. Həmçinin cavabdehin iddiaya qarşı etiraz dəlillərindən biri də tikilinin daha əvvəl inşa edilməsi barədədir. Bu halda məhkəmə tərəfindən həmin dəlillər araşdırılmalı, tikilinin nə vaxt inşa edildiyini müəyyən etməli idi. Lakin bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə edilmiş 19.05.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin: ünvan 303.1976-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 1/4 hissəsi X2, Bakı şəhəri 14 saylı DNK-nm 4Ə-76 reyestr nömrəli 04.02.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1/4 hissəsi X12, Bakı şəhəri 19 saylı DNK-nm 2V-91 reyestr nömrəli 26.04.201-cu il tarixli və 2V-130 reyestr nömrəli 24.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən 8/40 hissəsi İddiaçı1, Bakı şəhəri 19 saylı DNK-nın 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 3/40 hissəsi X5, 3/40 hissəsi X8, 3/40 hissəsi Cavabdeh, 3/40 hissəsi X1 adlarına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətlərində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, evin özülünün olmadığını, tikilinin ona və ailə üzvlərinə təhlükə yaratdığını, hasarın üstündə tikildiyini, hər an dağıla biləcəyini, onun öz evinə gediş-gəlişinə maneə yaratdığını, cavabdehin həmin evdə yaşamadığını bildirmişdir. İddiaçının nümayəndəsi Vəkil3 tikilinin bir daş parçasının, bir turbanın üstündə tikildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadeh apellyasiya şikayətinə etiraz edərək usta olduğunu, tikilini yüngül kanstruksiyadan-taxtadan tikdiyini, heç bir ağırlığı olmadığını, üç ildir tikildiyini, tikintiyə başlamamışdan qabaq bütün bacı-qardaşlarından icazə aldığını,iddiaçının evinin də məhz bu qaydada onun tərəfindən tikildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cavadehin evinin ona hər hansı bir narahatlıq yaratmadığını, sökülməsi ilə razı olmadığını bildirmişdir, iddiaçının evinin də eyni ilə bu cür başqa bir evin üzrərində tikildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cavabdehin evini onun evinin üstündə tikdiyini və buna onun heç bir etirazının olmadığını, ona hər hansı problem yaratmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin, X1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yenidən araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; Mülki Məcəllənin 139-158,170-176, 180; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 65, 82, 103; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-73, 79; MPM-in 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385-390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iddia edilən məsələ üzrə mülkiyyətin paylar üzrə naturada bölünməməsi və tikilinin inşa edilən zaman iddiaçının, digər mülkiyyətçilərin,habelə şəhərdə aparılan tikinti-arxitektura məsələlərinə biləvasitə məsul müvafiq icra hakimiyyəti orqanlarının (onların vəzifəli şəxslərinin) susması və tədbir görməməsi, bununla da ümumi mülkiyyət üzrə müvafiq tikililərin kimlərə məxsusluğu və hüquqi statusu müəyyən edilməməsi araşdırmanın belə aparılmasına imkan vermir. Kassasiya instansiya məhkəməsinin iş üzrə qiymət verdiyi qərarında birbaşa göstərilmişdir ki, “Ekspert rəyində istinad olunan Qaydaların 4.1 və 4.2ci bəndləri ümumiyyətlə xüsusi bilik tələb olunan məsələlərlə bağlı deyil, hüquqi dəyərləndirmə əsasında, ekspert rəyi olmadan müəyyən olunan hallara aiddir”. Ekspert rəyi isə qeyd edilən qaydalara istindadən tərtib edildiyindən, onun məhz hazırki subyektiv tərkibdə və bu tərkibin hər birinin iştirakçısına mənsub mülkiyyət hüququnun aydın təsbit edilməyən hüquqi rejimində müzakirə edilən mübahisəli münasibətlərə şamil edilməsi mümkün deyildir. Apellyasiya instansiya məhkəməsində təkrar mülki mühakimə icraatı zamanı müəyyən edilən halların fərqli təfsirinə dair dəlillərin təqdim edilmədiyi şəraitdə, habelə kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq tikilinin daha əvvəl inşa edilməsi barədə cavabdeh tərəfinin dəlilinin təkzib edilmədiyi prosessual vəziyyətdə, iddianın təmin edilməsinə yönəlik əsaslar müəyyən edilməmişdir. Şikayət əsassız olduğundan və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 579/2021 saylı işi üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3376/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3376/2022
06.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver