Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3376/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh lizinq müqavilələri üzrə damazlıq heyvanları lizinqə götürmüş, lakin müqavilələr ilə müəyyən edilmiş qaydada və müddətdə müvafiq ödənişləri həyata keçirməmişdir. Hazırda iddiaçı müqavilələr üzrə borcların ödənilməməsinə istinad edərək, onların məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə heyvanların tələf olmasına və iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.
2. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40-LD/17 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Holştin-friz cinsli 2881,43 manat dəyərindəki 1 baş heyvanı 1440,71 manat ilkin ödəniş ödənildikdən sonra lizinq alana 3 il müddətinə lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1440,72 manat məbləğini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir;
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 523,72 manat, qalıq borcu 523,72 manat, cərimə borcu 971,2 manat olmaqla, cəmi borcu 1494,92 manat təşkil edir;
4. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 254-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Holtşin-Friz cinsli 2942,23 manat dəyərindəki 1 baş heyvanı 1471,12 manat ilkin ödəniş ödənildikdən sonra 3 il müddətinə lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1471,12 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir;
5. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 935,11 manat, qalıq borcu 935,11 manat, cərimə borcu 1612,91 manat olmaqla, cəmi borcu 2548,02 manat təşkil edir;
6. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 343-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Simmental cinsli 2440 manat dəyərindəki 1 baş heyvanı 1220 manat ilkin ödəniş ödənildikdən sonra 3 il müddətinə lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1220 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür;
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 1220 manat, cərimə borcu 1884,13 manat olmaqla, cəmi borcu 3104,13 manat təşkil edir;
8. Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” "xxxx" MMC “Sifarişçi” Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müvafiq müqavilələr bağlamağı və digər hüquqi xidmətlər göstərməyi öhdəsinə götürmüşdür;
9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC Xırdalan Şəhər Vəkil Bürosuna 500 manat məbləğində pul ödəmişdir;
10. Qəbzlərdən görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2017-ci ildə 1643,6 manat, xx.xx.2017-ci ildə 130 manat, xx.xx.2017ci ildə 130 manat, xx.xx.2017-ci ildə 1677,65 manat, xx.xx.2018-ci ildə 133 manat, xx.xx.2018-ci ildə 264 manat, xx.xx.2018-ci ildə 264 manat, xx.xx.2018-ci ildə 234 manat, xx.xx.2018- ci ildə 1620 manat, xx.xx.2019-cu ildə 268 manat ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixə xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli müqavilə üzrə 935,11 manat gecikdirilmiş borc və hesablanmış 1612,91 manat cərimə məbləğinin, xx.xx.2017-ci il tarixli 40-LD/17 nömrəli müqavilə üzrə 523,72 manat gecikdirilmiş borc və hesablanmış 971,20 manat cərimə məbləğinin, eləcə də xx.xx.2018- ci il tarixli 343-LD/18 nömrəli müqavilə üzrə 1 220,00 manat gecikdirilmiş borc və hesablanmış 1884,13 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 40- LD/17və xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalıq məbləğini isə müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli müqavilə üzrə 935,11 manat gecikdirilmiş borc və hesablanmış 1612,91 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 40- LD/17 nömrəli müqavilə üzrə 523,72 manat gecikdirilmiş borc və hesablanmış 971,20 manat cərimə məbləği, eləcə də xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli müqavilə üzrə 1 220,00 manat gecikdirilmiş borc və hesablanmış 1.884,13 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh lizinq müqavilələri üzrə damazlıq heyvanları lizinqə götürmüş, lakin müqavilələr ilə müəyyən edilmiş qaydada və müddətdə müvafiq ödənişləri həyata keçirməmişdir. Hazırda iddiaçı müqavilələr üzrə borcların ödənilməməsinə istinad edərək, onların məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə borcunun olduğunu qəbul etsə də, iddia müddətinin keçdiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. Qanunvericilikdən və iş materiallarına əlavə edilmiş müqavilənin məzmunundan göründüyü kimi, lizinq verən lizinq obyektini müqavilə lə müəyyənləşdirilmiş şərtlərə uyğun şəkildə təqdim etməlidir. Lizinq alan isə lizinq obyektinin dəyərini müəyyən edilmiş şəkildə ödəməlidir. Əgər lizinq alan müqavilə şərtlərinə əməl etməzsə, lizinq verən ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki mülki iş üzrə cavabdeh müqavilədə nəzərdə tutulmuş lizinq obyektlərini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin müqavilələr üzrə icra edilməməiş öhdəliklərinin, borcunun olması işin mübahisələndirilməyən halıdır. Bununla belə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə daxil olduğundan məhkəmə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, hər üç müqavilə 3 il müddətinə bağlanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixli, 40-LD/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024- cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 747.1, 372, 373.2, 375.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli 40-LD/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024- cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Lakin hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması xüsusi əhəmiyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qarşı tərəfin etirafı da var. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilsə də cavabdeh ödənişlər etməyib. Buna görə də borc yaranıb.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında və sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, 2019-cu ildən sonra ödənişlər edilməyib. Mallar tələf oldu. Sığortanın qiyməti 1 mal üçün 400 manatdır. İnək tələf olandan sonra bildiriblər ki, baxımsızlıqdan tələf olub. Baytarlıq İdarəsi isə başqa rəy verib. 2018-ci ildən bəri bir dəfə də olsun ödənişlə bağlı onunla əlaqə saxlanmayıb. 2018-ci ildə mal tələf oldu. 1-2 ay fərqlə hamısı eyni ildə tələf olub. Sığorta üçün 1200 manat vermişdir. Onu belə qaytarmayıblar. Ona faiz yazıblar.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədləri şikayətin dəlilləri həcmində qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh lizinq müqavilələri üzrə damazlıq heyvanları lizinqə götürmüş, lakin müqavilələr ilə müəyyən edilmiş qaydada və müddətdə müvafiq ödənişləri həyata keçirməmişdir. Hazırda iddiaçı müqavilələr üzrə borcların ödənilməməsinə istinad edərək, onların məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə heyvanların tələf olmasına və iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. 28.Birinci instansiya məhkəməsi qənaəti belə omuşdur ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş lizinq obyektlərini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin müqavilələr üzrə icra edilməmiş öhdəliklərinin, borcunun olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli, 40-LD/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024- cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürərək xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
29. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəf də iddia müddətinin ötürülməsini qəbul edir, lakin hesab edir ki, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir, xüsusilə də cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur, məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir, əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər, dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır, belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mülki qanunvericiliyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. - İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). - Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. - İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
32. Kollegiya apellyatorun cavabdehin borcunun olmasını qəbul etməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, borcun etiraf edilməsi ilə bağlı hərəkətlər iddia müddəti ərzində edilməlidir ki, iddia müddətinin axımının kəsilməsinə səbəb olsun. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etdiyi tarixdə iddia müddətini artıq ötürmüşdür. Qeyd edilməlidir ki, iddia müddəti ötürüləndən sonra belə hərəkətlər nəzərə alınmır. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 33.Kollegiya şikayətin digər dəlillərini əsassız hesab edərək qeyd edir ki, Dövlət büdcəsindən ayrılan vəsaitin qaytarılması məsələsinin sosial və ya ictimai əhəmiyyət daşıması bu tələbi digər mülki hüquq münasibətlərindən hüquqi baxımdan fərqləndirmir. İddia müddətinin məqsədi hüquqi nizamı təmin etməkdir və bu müddətin tətbiqindən yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda istisna edilə bilər. İctimai əhəmiyyət daşıyan tələblərin belə qanunvericilik çərçivəsində həyata keçirilməsi zəruridir. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 34.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf müqavilələr üzrə icra müddətinin bitməsindən üç ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən məhkəmə iddia müddətini tətbiq etməklə iddianı təmin etməyərək qanuni və əsaslı nəticəyə gəlmişdir.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov