Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3378/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(007)-43/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh ASC-in əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və üzləşmə aktı tərtib edilmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1368,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsini iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh X7rşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzili alqı-satqı müqaviləsi əsasında alıb və ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16 may 2021ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim olunub. Həmin mənzil tərəfindən təyinatı üzrə istifadə olunur və mənzili alan dövrdə su sayğacının göstəricisinə görə balansda təxminən 150 manat pul vəsaiti mövcud idi. Bir faktı da qeyd edir ki, 16 may 2021-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə olan dövr ərzində sudan təxminən 76,80 manat istifadə olunduğu üçün, xx.xx.2022-ci il tarixə su sayğacının göstəricisi-73,20 (150 78,80) manat olub. Orta hesablama ilə hər ay üçün təxminən-4,30 (76,80 : 18 ay (xx.xx.2021-xx.xx.2022-ci il ərzində)) manat su sərfiyatı olduğunu müəyyən edir. Danılmaz faktdır ki, xx.xx.2021-ci il tarixdən hazıradək cavabdehin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən su sərfiyyatı və kanalizasiyadan istifadə edilməsinə mütəmadi olaraq nəzarət edilib. Təxminən 18 ay ərzində, cavabdehin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən mənzilində yerləşən su sayğacına, müxtəlif vaxtlarda baxış keçirilib və ona hər hansı bir irad tutulmayıb. Əksinə, hər dəfə ona bildirilib ki, mənzildə yerləşən su sayğacının balans göstəricinə əsasən onun borcu yoxdur və artıq ödəməsi var. Borc yarandığı təqdirdə su sayğacı işləməyəcək və ona su verilməsi avtomatik olaraq dayandırılacaqdır. Lakin 2022ci ilin noyabr ayının 15-də təxminən saat 14-15 radələrində (o, digər dostlarını qarşılamaq üçün evdə olmadığı və yaxın dostu olan Anar Həsənov mənzilində tək olan zaman) özünü Nicat kimi təqdim edən şəxs mənzilinə daxil olub, su sayğacına yenidən baxış keçirib və sonra X2 adına tərtib edilmiş, 055909 saylı, xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”nı Anara təqdim edərək, 1378,70 manat borc olduğunu və suyun verilməsinin dayandırıldığını şifahi olaraq sonuncuya bildirib. Əlavə olaraq, qeyd edib ki, borcu ödəmədiyi halda mənzilə su verilməyəcəkdir. O, sonradan, dostları ilə birlikdə mənzilə gəldiyi zaman, həmin şəxs ilə mənzilin giriş qapısında qarşılaşıb. Anar ona yuxarıda göstərilənlər barədə məlumat verdikdən sonra o, mənzilində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1378,70 manat borc olmasının inandırıcı olmadığını Nicat adlı şəxsə bildirib, su sayğacına yenidən baxış keçirməsini və balansın hansı məbləğdə olmasının müəyyən edilməsini ondan xahiş edib. Həmin Nicat adlı şəxs sayğac göstəricisinə görə borcun olmadığını və balansın 73,20 manat olduğunu təsdiqlədikdən sonra, məsələyə aydınlıq gətirilməsi üçün qrup rəhbəri kimi təqdim olunan digər Nicat adlı şəxslə onun arasında, özünün telefon aparatı ilə danışıq əlaqəsi yaradıb. Qrup rəhbəri olan Nicat adlı şəxs çox kobud surətdə, etik normalara sığmayan şəkildə bildirib ki, o, mənzilində hamam tipli fəaliyyətlə məşğul olur, ona görə də su sərfiyyatına görə xx.xx.2022-ci ilə qalıq məbləğı 1378,70 manat təşkil edir. Həmin borcun silinməsi üçün İdarəyə, onun yanına yaxınlaşmalıdır, əks təqdirdə mənzilinə su verilməyəcək. O, həmin şəxslə danışığı kəsib. Qrup rəhbəri olan Nicat adlı şəxslə danışıqdan sonra həmin gün səhhətində bir sıra problemlər yaranıb, ona görə də növbəti gün ərzində müalicə aldıqdan sonra, xx.xx.2022-ci il tarixdə müqavilə bağlamaq ünün 1 saylı Bakı Asan Xidmət Mərkəzinə gedib. Lakin orada ona bildiriblər ki, mənzil üzrə xx.xx.2015-ci il tarixə 60 manat borc məbləği görsənir, həmin məbləğ ödənilmədiyi təqdirdə onunla müqavilə bağlaya bilməyəcəklər. Odur ki, məcbur qalıb məhkəməyə müraciət edir. Xüsusi olaraq qeyd edir ki, ona hər hansı bir formada və qaydada bildiriş təqdim olunmadan mənzilə suyun verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9-cu bəndinə əsasən suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) cavabdehin vəzifəsidir. Açıq-aşkardır ki, sayğacın göstəricisinə görə balansda 73,20 manat artıq ödənilmiş pul vəsaiti olduğu halda, cavabdeh tərəfindən yazılı bildiriş göndərilmədən mənzilə suyun verilməsinin qəflətən dayandırılması qanunsuz olmuş və yuxarıda qeyd olunan maddi hüququn imperativ normasının tələbini pozmuşdur. Bununla yanaşı qeyd edir ki, onunla cavabdeh arasında müqavilənin bağlanmamasının səbəbi ondan asılı olmayan səbəbdən, yəni cavabdehin məntiqsiz mülahizəsinə görə, o cümlədən qrup rəhbəri olan Nicat adlı şəxsin özünə maddi neymət əldə edilməsi üçün qondarma və hüquqi əsası olmayan 1378,70 manat pulun tələb etməsi səbəbindən olmuşdur. Artıq şərhə ehtiyac yoxdur ki, cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətə yol verilmiş, mənzilə suyun verilməsini bərpa etməməklə, ona verilmiş hüquqdan açıq-aşkar sui-istifadə etmiş, suyun satılmasını dayandırmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Digər tərəfdən, cavabdehin ona qarşı törədilmiş bu cür bilə-bilə qanunsuz hərəkətləri nəticəsində, mənzil hüquqlarını öz istəyinə uyğun istifadə edə bilmir. Belə ki, hamıya məlum idi ki, cari ilin noyabr ayının 15 və 16-sı tarixində hava şəraəti kəskin dəyişib, güclü və davamlı olaraq yağış yağaraq, havanın temperaturu təxminən +6; +7 dərəcədə olub. Yəni, bir sözlə, hava soyuq olub və mənzildə yerləşdirilmiş “Kombi” qızdırıcı cihaza gələn su qəflətən dayandırıldığı üçün işlək vəziyyətdə olduğundan, həmin cihazın tənzimlənən mexanizmi sıradan çıxıb və qeyri-işlək vəziyyətə düşüb. Deməli, cavabdehin ona qarşı törətdiyi bilə-bilə qanunsuz hərəkətinə görə, mənzildə soyuq hava mühitinə səbəb olub və eyni zamanda suyun olmaması natəmizliyə açıq-aşkar şərait yaradıb ki, bu da həmin mənzildən istifadəni mümkünsüz edib. Göründüyü kimi, cavabdehin ona qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri, mülkiyyətində olan mənzil hüquqlarının həyata keçirilməsini açıq-aşkar mümkünsüz edib. Bundan başqa, cavabdehin ona qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 400 manat dəyərində maddi zərər dəyib. Belə ki, mənzilə suyun verilməsinin qəflətən dayandırılması nəticəsində, bütün otaqlara istilik paylayan “Kombi” cihazının təxminən 400 manat dəyərində olan detalı nasaz vəziyyətə düşüb. Hesab edir ki, onunla cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən onun hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilib və bununla yanaşı həmin şəxslər hüquqdan açıq-aşkar sui-istifadə etməklə ona həm maddi, həm də mənəvi ziyan vurublar. Yuxarıda təsvir edilən işin hallarından görünür ki, qrup üzvlərindən cavabdehin bu işə məsul bir sıra vəzifəli şəxsləri əvvəlcədən planlaşdırılmış şəkildə, onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu ələ keçirməyə cəhd ediblər və özgənin əmlakı hesabına özləri üçün maddi neymət əldə etmək niyyətləri olub. Odur ki, bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyət mövcud olub, onların əldə olunacaq mənfəətin qabaqcadan aralarında bölgüsünü də müəyyən etməkləri istisna olunmur və bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranıb. Belə ki, bu cinayət subyekti vəzifəli şəxsdir, subyekiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi-üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmadır. Deməli, cavabdehin bu işə məsul və cavabdeh əməkdaşları həm iddiaçının, həm də dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurma, özgənin əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etmə, əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitini vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamağa cəhd etmə şübhələri, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların və hesabatların daxil edilməsi ilə vəzifə saxtakarlığının törədilməsi əməlini də istisna etmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(007)- 43/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilmişdir Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı tələbində akt üzrə borcun 1378,70 manat olduğunu qeyd etsə də, həmin aktda borc 1368,70 manat göstərilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, Cavabdeh ASC ilə abonent X6 arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır, müqavilə aktivdir. Müəyyən edilir ki, abonentə 2014-cü il üzrə 1710 manat su və 413 manat çirkab suyu sərfiyyatı olmuş, 2015-ci il üzrə 442 manat su, 132,60 çirkab suyu sərfiyyatı olmuş, çirkab suyu üzrə borcdan 60 manat ödəniş edilib, 2016-cı il üzrə su borcu 2152 manat, çirkab suyu borcu 585,60 manat borcu olub, sərfiyyat olmayıb, su borcu üzrə 1053 manat, çirkab suyu borcu üzrə 315,90 manat ödəniş edilib. 2017-ci ildən su borcu 1099, çirkab suyu borcu 269,70 manat olmaqla, cəmi 1368,70 manat borcu olub, həmin vaxtdan borc üzrə ödəniş olmayıb, xx.xx.2023-cü il tarixə borc 1368,70 manatdır. Həmçinin, müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə X1 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış və əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı 1378,70 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin borc iddiaçıya məxsus borc deyil, iddiaçı mənzili almamışdan daha əvvəl hesablanmış borcdur. Hazırda cavabdeh həmin borcun ödənilməsi ilə bağlı iddiaçıya rəsmi xəbərdarlıq ünvanlamamış, mənzil üzrə borcun olmasına dair üzləşmə aktı tərtib etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının ona məxsus olmayan borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün əsasları mövcud deyil. Həmçinin, belə bir iddianın təmin edilməsi cavabdehin gələcəkdə müvafiq borcluya qarşı borcun qaytarılması tələbi ilə çıxış etmək hüququnu məhdudlaşdırmış olar. Hansı ki, Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətini göstərmiş, lakin həmin xidmətdən istifadə etmiş şəxs bu xidmətin haqqını ödəməmişdir. Bununla da Cavabdeh ASC əldə etməli olduğu xidmət haqların məhrum olmuşdur. Bundan başqa, iddiaçının ərizəsində və məhkəmədə vermiş olduğu izahatından aydın olur ki, mənzil üzrə mövcud 1368,70 manat borc üzrə məlumat əldə etdikdən sonra o, “Asan xidmət” mərkəzində Cavabdeh ASC-nin əməkdaşlarına mənzil üzrə sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə müqavilə bağlanması üçün müraciət etmiş, lakin mənzil üzrə 60 manat borcun olması səbəbindən onunla müqavilənin bağlanmasından imtina edilmişdir. O, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən məlumatlar məhkəməyə şifahi qaydada təqdim edilmiş, iddiaçı bununla bağlı (müraciət, imtina və s.) məhkəməyə rəsmi qaydada məlumat təqdim etməmiş, həmçinin iddiaçının vermiş olduğu məlumat əsasən onunla müqavilə bağlanmasından imtina edilməsinə səbəb olmuş hal-hazırda mübahisələndirilən 1368,70 manat borcla bağlı olmamışdır. Qeyd edilməlidir ki, mənzil üzrə abonent haqqında məlumata əsasən, həmçinin iddiaçının təqdim etdiyi ödənişlərin siyahısından aydın olur ki, abonent tərəfindən xx.xx.2015-ci il tarixdə 60 manat ödəniş edilmişdir. Yəni, iddiaçının məhkəməyə bildirdiyi hallarla bağlı məlumatlar natamam olmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən 60 manat pul, iddia tələbində mübahisələndirilən borcun məbləğinə daxil olmamaqla, abonent tərəfindən xx.xx.2015-ci il tarixdə xidmətlərdən istifadə üçün ödənilmiş haqq olmuşdur. Hazırkı halda, məhkəmə tərəfindən mənzil üzrə mövcud olan 1368,70 manat borcun silinməsi üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdeh tərəf qeyd edilən borcun ödənilməsi ilə bağlı iddiaçıya rəsmi qaydada müraciət etməmiş, iddiaçı mənzil üzrə borcun olmasına dair üzləşmə aktını təhvil aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda mübahisələndirilən borc iddiaçıdan əvvəlki mülkiyyətçinin borcu olmaqla, iddiaçıya həmin borcun ödənilməsi ilə bağlı rəsmi heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin, iddiaçı sudan istifadəyə görə borcunun olduğu müəyyən edilməmiş, cavabdeh tərəf bununla bağlı məhkəməyə məlumat təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırda borcun silinməsi üçün qaldırılmış iddianın təmin edilməsi əsasları müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1378,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb borcun silinməsi tələbindən törəmə tələbdir. İddia ilk hissədə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “400 manat dəyərində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində mənzilə suyun verilməsinin dayandırılması nəticəsində “Kombi” cihazının 400 manat dəyərində olan detalının nasaz vəziyyətə düşdüyünü göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Kombi” cihazında olan nasazlığın yaranma səbəbinin və ona dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, lakin “Kombi” tipli suqızdırıcı cihaz və onun istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyindən cihazda yaranmış nöqsanın səbəbləri ilə bağlı ekpsert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bununla yanaşı, xx.xx.2023 cü il tarixli 9/3727 saylı ekspert rəyi ilə kombi cihazının təmir-bərpa (fan motorun və hava tancının yuyulması, hava təzyiqinin vurulması, ionizasyon elektronun dəyişdirilməsi, su təzyiqi datçikinin dəyişdirilməsi və qaz valfından qaz ayarlarının verilməsi) xərci 100 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən mənzildə suyun dayandırılması ilə “Kombi” tipli suqızdırıcı cihazın detallarının sıradan çıxması arasında səbəbli əlaqənin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün "xxxx" ASC-yə müraciət edilmişdir. Məhkəməyə təqdim edilmiş texniki rəyə əsasən suyun cavabdeh tərəfindən dayandırılması ilə cihazın detallarının sıradan çıxması arasında heç bir əlaqə olmadığı, nöqsanların texniki qulluğun olmaması nəticəsində yaranan texniki qüsur və nasazlıq olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus kombi cihazının detallarına ziyan dəyməsi halı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini mübahisələndirilən hissədə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi “400 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tələbində mənzilə suyun verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən və onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu tələb edən vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün cavabdehin barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müvafiq əməkdaşlarının əməlində MPM-in 265.4-cü maddəsində göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci inctansiya məhkəməsi iclaslarında göstərilən formal cavabdehin nümayəndəsinin məhkəmə mülahizələrə və fərziyələrə əsaslanmış dəlilərdə və istinad olunan hallarda uyğunsuzluğu aradan qaldırmaq üçün, həmin hallara tətbiq olunması nəzərdə tutulmayan, eləcə də aidiyyatı olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; cavabdeh tərəfin formal mülahizəyə əsaslanmış mövqeyini əsas tutaraq, həqiqəti müəyyən etməmiş; iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin hüquqlarına əsassız üstünlük vermişdir. Hazırkı mülki işin xx.xx.2022-ci il tarixdən başlanılmasını, xx.xx.2024-cü il tarixədək 4 dəfə hazırlıq iclasının keçirilməsini və 5-ci hazırlıq iclasının xx.xx.2024-cü il tarixdə keçiriləcəyi nəzərə alınaraq, lüzumsuz vaxt itkisinin və prosessual hüququn imperativ normasının tələbinin pozulmasının qarşısının alınması baxımından məhkəmə baxış iclasının təyin olunması və iş materiallarına təqdim olunmuş mütəxəssis rəyini təsdiq edən "xxxx" ASC-nin ƏM, İT və TŞŞ-nın rəis müavini Laçın Sultanovun mütəxəssis qismində məhkəmənin baxış iclasına dəvət olunması barədə Qərardad çıxarılması xahiş edilmişdir. Lakin məhkəmə həmin vəsatətə ümumiyyətlə münasibət bildirməmiş və həmin mütəxəssisin məhkəmənin baxış iclasında dindirilməməsinin səbəbini açıqlamamışdır. Digər tərəfdən, həmin mütəxəssisin vəzifəsinə aid olan məsələlərin məhkəmə iclasında araşdırılmasına və aydın olmayan məqamlara aydınlıq gətirilməsinə şəraət yaradılmamış və bununla da məhkəmənin təşəbbüsü əsasından alınmış, açıq-aşkar formal mülahizəyə və fərziyəyə əsaslanmış mütəxəssis rəyi araşdırılmadan sübut kimi qəbul edilmişdir. Bundan başqa, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında sübutların toplanması üçün təqdim etdiyi məntiqsiz və açıq-aşkar əsassız vəsatətləri əsasında hazırlıq iclası keçirilsə də, eləcə də iddiaçı olaraq məhkəmənin baxış iclasının təyin olunması üçün vəsatət təqdim edilsə də, məhkəmə hər hansı bir hüquqi əsas olmadan, eyni zamanda prosessual hüquq normasının tələbinə görə sübutların toplanması və məhkəməyə təqdim olunması tərəflərin üzərinə düşdüyü halda, məhkəmə iddiaçıya qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirmiş və cavabdehin əsassız mövqeyini müdafiə etmişdir. Bundan başqa, məhkəmə bir tərəfdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa qiymət verərək, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmasını müəyyən edir, digər tərəfdən isə heç bir əsas olmadan həmin mənzili obyekt kimi dəyərləndirir. Bundan başqa, məhkəmə bir tərəfdən iddiaçıya məxsus mənzildə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsini və üzləşmə aktının tərtib edilməsini müəyyən edir, digər tərəfdən isə 1378,70 manat borcun iddiaçıya məxsus olmadığını və iddiaçı tərəfindən mənzili almamışdan daha əvvəl hesablanmış borc olduğunu qeyd edir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçının ona məxsus olmayan borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün əsasları mövcud deyil. Belə olan halda, məhkəmə, cavabdeh tərəfindən hansı əsasla iddiaçının mənzilinə verilən suyun dayandırılması və başqa şəxsin adına, lakin iddiaçının mənzilinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”nı məhz iddiaçıya təqdim olunması səbəblərini araşdırmadan iddianı rədd etməklə, açıq-aşkar haqlı olmadığı müəyyən olunur. Məhkəmənin bu cür mövqeyindən belə nəticə çıxarmaq olar ki, iddiaçının mülkiyyətində olan mənzilə dair borcun 2015-ci ildən yaranması və bu borcun iddiaçıya aid olmaması ilə müəyyən edilir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının mənzilinə verilən suyu dayandırmışdır. Odur ki, əvvəl hesablanmış borcun iddiaçıya aid olmaması faktı onu sübut edir ki, məhkəmə bir-birini təkzib edən ifadələrdən istifadə etmiş və işin həqiqi hallarının gizlədilməsinə cəhd edərək, iddia tələbini əsassız olaraq təmin etməmişdir. Bundan başqa, sayğacın foto görüntüsündə göstərilən borcun ümumiyyətlə olmaması faktına və Asan Xidmətdən təqdim olunmuş hesab çıxarışdakı məbləği, digər sübutlarla müqayisəli təhlil edilməsi və həmin sübutların hansı səbəbdən dəyərləndirilməməsi də qətnamədə qeyd olunmur. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətə yol verilmiş; mənzilə suyun verilməsini bərpa etməməklə, ona verilmiş səlahiyyətdən sui-istifadə etmiş; suyu dayandırmaqla hüquqdan açıq-aşkar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, bir neçə iclas keçdikdən sonra birinci instansiya məhkəməsi cavabdehin əsassız mövqeyini müdafiə edilməsi üçün sorğu göndərmiş və cavabdeh tərəfindən iddiaçının hüquqlarına qarşı edilən bilə-bilə qanunsuz hərəkətləri ört basdır edilməsi üçün hətta mütəxəssis rəyi də almışdır. Cavabdeh müqavilə şərtlərini pozmaqla və üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmədiyi səbəbindən iddiaçıya zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Su Məcəlləsi: 98-ci maddəsinə görə, sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Mənzil Məcəlləsi: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. 30-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna, müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının: 2.1.4-cü maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisələrinin vəzifəsidir. 5.1.5-ci maddəsinə əsasən, istehlakçıların verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 055909 saylı üzləşmə aktının surətindən görünür ki, abonent X2 xx.xx.2022-ci il üzrə 1099 manat su, 269,70 manat çirkab su borcu olmaqla, cəmi 1368,70 manat borcu vardır. Üzləşmə aktı birtərəfli qaydada Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından (xx.xx.2011-xx.xx.2022) görünür ki, abonent X4 tərəfindən xx.xx.2015-ci il tarixdə 60 manat ödəniş edilmişdir. İddiaçının tələbinin cavabdeh xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1368,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən hazırda mübahisələndirilən borc iddiaçıdan əvvəlki mülkiyyətçinin borcu olmaqla, iddiaçıya həmin borcun ödənilməsi ilə bağlı rəsmi heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin, iddiaçı sudan istifadəyə görə borcunun olduğu müəyyən edilməmiş, cavabdeh tərəf bununla bağlı məhkəməyə məlumat təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırda borcun silinməsi üçün qaldırılmış iddianın təmin edilməsi əsasları müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faktiki olaraq mənzilə görə yaranmış borcun iddiaçıdan əvvəlki mülkiyyətçinin borcu olmaqla, iddiaçıya həmin borcun ödənilməsi ilə bağlı rəsmi heç bir xəbərdarlıq edilməməsini müəyyən etsə də, tələbin bu hissəsi üzrə mənzilə verilən suyun dayandırılmasının qanuniliyinə düzgün qiymət verməmişdir. Belə ki, iddiaçıdan əvvəlki mülkiyyətçinin borcuna görə və iddiaçının həmin borcun ödənilməsi ilə bağlı heç bir məsuliyyət daşımadığı halda cavabdehin mənzilə verilən suyun dayandırılmasının əsası anlaşılan deyil. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsi iddianın 1368,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının ona məxsus olmayan borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün əsasları mövcud olmasa da, həmçinin, belə bir iddianın təmin edilməsi cavabdehin gələcəkdə müvafiq borcluya qarşı borcun qaytarılması tələbi ilə çıxış etmək hüququnu məhdudlaşdırmış olar. Hansı ki, Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətini göstərmiş, lakin həmin xidmətdən istifadə etmiş şəxs bu xidmətin haqqını ödəməmişdir. Bununla da Cavabdeh ASC əldə etməli olduğu xidmət haqların məhrum olmuşdur. Yəni göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh ASC-nin X3 qarşı su təchizatı və kanalizasiya xidmətindən istifadə etmiş şəxs olaraq bu xidmətin haqqını ödəməməsinə görə tələbetmə hüququnun olmasını qeyd edir və kollegiya vurğulayır ki, Cavabdeh ASC-də tələbin bu cür əsaslandırılmasını mübahisələndirməmişdir. Bu hallar onu deməyə əsas verir ki, Cavabdeh ASC-nin X3 qarşı su təchizatı və kanalizasiya xidməti ilə bağlı yaranmış 1368,70 manat pulun tələb hüququ olduğu halda, hazırki halda mənzili əvəzli qaydada əldə etmiş iddiaçının digər şəxsin mülki məsuliyyətinə görə su təchizatı və kanalizasiya xidmətinin məhdudlaşdırılması qanunsuz sayılmalı olduğu halda birinci instansiya məhkəməsi iddianın bu hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. İddianın digər hissələri üzrə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, qeyd edilən borcun silinməsi ilə bağlı iddiaçının həmin borca aidiyyatı sübut olmadığı üçün tələbetmə hüququ olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3727 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən kombi cihazının təmir-bərpa (fan motorun və hava tancının yuyulması, hava təzyiqinin vurulması, ionizasyon elektronun dəyişdirilməsi, su təzyiq datçikin dəyişdirilməsi və qaz valfından qaz ayarlarının verilməsi) xərci təxminən 100 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" ASC-nin ƏM, İT və TTŞ-nin rəis müavini Laçın Soltanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, Bakı şəhərində və regionlarda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəsisələrinin, sosial təyinatlı obyektlərin, fərdi mənzillərin istiliklə və isti su ilə təchiz etmək üçün fərdi kombi sistemlərindən istifadə olunur. Mənzillərə verilən suyun dayandırılmasının fərdi kombi sisteminin, onun detallarının sıradan çıxması ilə heç bir əlaqəsi yoxdur. Suyun verilişi (isti su təchizatı nəzərdə tutulur) dayanan zaman fərdi kombi sistemlərində quraşdırılmış təzyiqin düşməsindən mühafizə relyesi işə düşür və kombini işdən açır və beləliklə kombi üçün yetərli su təziyiqi yaradıldığı halda kombi işə düşə və salına bilər. Detalların sıradan çıxmasına gəlincə fərdi kombi sistemi mütəmadi olaraq texniki qulluq tələb edir. Belə ki, isti su təchizatı sistemi cod su ilə işlədiyindən esenjorda ərp, mexaniki çöküntülər, tortular əmələ gəlir ki, bunlar da mexaniki və kimyəvi üsullarla mütəxəssis tərəfindən təmizlənməlidir. 2-ci isti su təchizatı sisteminin və istiliyə işləyən istilik xətləri, qızdırıcılar mexaniki üsulla vaxtaşırı yuyularaq təmizlənməlidir, tüstü yolları qurum, toz və başqa pisliklərdən təmizlənməlidir. Soyuq suyun cavabdeh tərəfindən dayandırılmasının kombi cihazının detallarının sıradan çıxması ilə heç bir əlaqəsi yoxdur, bu texniki qulluğun olmaması nəticəsində yaranan texniki qüsur və nasazlıqdan irəli gəlir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus kombi cihazının detallarına ziyan dəyməsi halı üzrə iddiaçı mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyi üçün iddianın bu hissədə əsaslı olması öz təsdiqini tapmamışdır. Daha sonra məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin “400 manat mənəvi zərərin ödənilməsi” hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə su təchizatı və kanalizasiya xidmətinin məhdudlaşdırmasının qanunsuz olması təsdiqini tapsa da, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1368,70 manat borcun İddiaçı tələb edilməsi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi hissələrində ləğv edilməklə həmin hissədə iddia təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(007) 43/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddia Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq etmədən ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilə suyun verilməsinin dayandırması və 1368,70 manat borcun İddiaçı tələb edilməsi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi hissələrində təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov