Məhkəmə qərarları › İş №2(103)-3378/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3378/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3378/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İ blok, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr təşkil edən qeyri-yaşayış sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılmasına və əmlakın onun sahibliyinə (mülkiyyətinə) verilməsinə, hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair öhdəliyin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-968/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Mülki iş üzrə Cavabdeh MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 968/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini, buraxılmış müddətin bərpasına dair ərizənin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-nin idarə səlahiyyətləri direktor Məmmədov Rizvana tapşırılmış və MMC barədə məlumatlar dövrü olaraq ondan alınmışdır. Məhkəmə qərardadında məhkəmənin müvafiq bildirişləri, eyni zamanda qəbul edilmiş qərardadı direktorun deyil, birbaşa hüquqi şəxsin özünün rəsmi elektron ünvanına göndərildiyini qeyd etsə də, idarə işləri direktora tapşırıldığından həmin məlumatlara, bildirişlərə nəzarət də direktorun səlahiyyətində olduğundan və direktor tərəfindən MMCyə hər hansı birldiriş, qərardad göndərilmədiyindən MMC-nin barışıq sazişinin təsdiq edilməsindən heç bir məlumatı olmamışdır. MMC yalnız icra məmuru tərəfindən bildiriş göndərilən zaman hadisədən xəbərdar olmuş və hüquqlarının bərpa edilməsi məqsədi ilə dərhal məhkəməyə müraciət etmişdir. Yuxarıda da qeyd etdikləri üzrə iş hal-hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır və iş üzrə yekun məhkəmə aktı qəbul edilmədən qərardadın icraya yönəldilməsi qanunvericiliyin tələblərinə əməl edilmədiyindən MMC-nin hüquqlarının ədalətsiz şəkildə pozuntusu ilə nəticələnəcəkdir. Həmçinin bildirmək istəyir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə buraxılmış müddətin bərpası ilə əlaqədar ərizə ilə yanaşı, şikayət verilməsinə baxmayaraq, məhkəmə MMC-nin ədalətli məhkəmə müdafiəsi, məhkəməyə müraciət etmək hüququ, hərkəsin işinə tərəflərin bərabərliyi və s. konstitusion hüquqlarını pozaraq şikayətə ümumiyyətlə qiymət verməmişdir. Bu, məhkəməyə əlçatanlıq prinspinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, Bakı şəhəri Səbail RM-də barışıq sazişi etibarsız hesab edilərsə, hazırkı iş üzrə isə qərardad qüvvədə saxlanılarsa bunun sonrakı icra mexanizmi əlavə problemlər yaradacaqdır. Hesab edir ki, məhkəmə işi təzələyərsə gələcəkdə yaranmış əlavə problemlərin qarşısını almış olacaqdır. Məhkəmə qərardadında üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır deyə qeyd edir. İşin hallarına diqqətlə nəzər yetirilsə, MMC-nin müddəti ötürməsinin əsası kimi direktor Məmmədov Rizvanın vəzifə səlahiyyətlərini icra edərkən səhlənkarlıq göstərdiyindən MMC-yə vaxtında məlumat verməməsi olduğunu görərlər. Məhz bu səbəbdən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 135.5-ci maddəsinə uyğun olaraq, bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinin tələbinə görə isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1.3-cü maddəsinə uyğun olaraq apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, məhkəmənin mübahisələndirilən qərardadı xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərardad cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Şikayət isə təxminən 2 ay sonra, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Ərizədə MMC-nin direktorunun dəyişməsi və işdən yalnız onun məlumatlı olması səbəbindən müddətin ötürülməsi halı qeyd edilsə də, məhkəmənin müvafiq bildirişləri, eyni zamanda qəbul edilmiş qərardad direktorun deyil, birbaşa hüquqi şəxsin özünün rəsmi elektron ünvanına göndərilmişdir. Belə olan təqdirdə müddətin üzrlü səbəbdən ötürülməsi halı öz təsdiqini tapmır. məhkəmənin mübahisələndirilən qərardadı xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərardad cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Şikayət isə təxminən 2 ay sonra, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Ərizədə MMC-nin direktorunun dəyişməsi və işdən yalnız onun məlumatlı olması səbəbindən müddətin ötürülməsi halı qeyd edilsə də, məhkəmənin müvafiq bildirişləri, eyni zamanda qəbul edilmiş qərardad direktorun deyil, birbaşa hüquqi şəxsin özünün rəsmi elektron ünvanına göndərilmişdir. Belə olan təqdirdə müddətin üzrlü səbəbdən ötürülməsi halı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası isə cavabdeh tərəfindən ötürülmüş müddətin xeyli zaman olduğunu nəzərə alaraq qətnamədən şikayət verilməsi müddətinin ötürülməsi səbəbini üzürlü hesab etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli 2(005)-968/2025 nömrəli qərardadından şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-968/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar