Məhkəmə qərarları › İş №2(103)-3380/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3380/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3380/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İbrahim oğluna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixdə AN-İ № ******* saylı “Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən bank, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə bunun müqabilində banka 60 380,10 manat məbləğində ödəniş etməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 5-ci bəndinə görə, Cavabdeh ilkin olaraq 10 880,10 manatı alqısatqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - bankın hesabına ödəyir, qalan 49 500 manatı isə hər ay 900 manat olmaqla banka ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə müqavilənin 5-ci bəndində qeyd edilən öhdəliklərin tam icra olunmasından sonra əmələ gəlir.

4. Müqavilə üzrə ödənilməli olan 29 600 manat ödənilmədiyindən son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə bank tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir.

5. Cavabdeh tərəfindən hazırkı vaxta kimi banka evin qiymətinin 47 160,1 manat hissəsi ödənilmiş, 13 220 manat borc qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında bağlanmış və Bakı şəhəri 38 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş 5 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, bankın mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mübahisəli ev) boşaldılıb banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 10 880 manat iddiaçıya ödənildikdən sonra müqavilədə qeyd olunan əmlak cavabdehin istifadəsinə verilmiş, lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müqavilənin 5-ci bəndinin tələbini icra etməmiş, iddiaçıya lazımi ödənişləri həyata keçirməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə cavabdehə göndərilmiş, lakin bundan sonra da cavabdeh müqavilə öhdəliyini icra etməmişdir.

8. İddiçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən hər ay qrafik üzrə ödəniş edilməli olduğu halda onun tərəfindən 3 dəfə, müvafiq olaraq 500, 500 və 900 manat, may ayında isə 18 000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30 780 manat ödəniş olunmuş və 29 600 manat qalıq borc qalmışdır. Cavabdeh qrafik üzrə ödənişlərini gecikdirdiyi üçün 9000 - 10 000 manata yaxın gecikməsi yaranıb. Əgər cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilsəydi, bəlkə də razılığa gəlmək mümkün olardı. Cavabdeh tərəfindən təqdim edilmiş borcun olmamasına dair arayış isə kredit müqaviləsi üzrə olan borcla əlaqəlidir və onun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, kredit müqaviləsi üzrə olan ödənişlər birbaşa banka ödənilir, hazırki alqı-satqı müqaviləsi üzrə olan ödənişlər isə notariusdakı depozit hesabına ödənilir və oradan bankın hesabına köçürülür.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, tərəfindən ilkin ödənişlə birlikdə 30 000 manata yaxın banka ödənişlər edilsə də, hazırda ödənilməmiş borcu mövcuddur. Məhkəmə prosesləri zamanı ödəniş edərək borcunu bağladığını düşünsə də, həmin pul hazırki alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki kredit müqaviləsi üzrə olan borca silinmişdir. Hazırda yeganə çıxış yolu mənzilin satılması və yerdə qalan borcun bağlanmasıdır. Belə ki, mənzil boşaldılacağı təqdirdə onun və ailə üzvlərinin yaşamağa başqa yerləri yoxdur. Özü və yoldaşı təqaüdçüdürlər, yalnız oğlu işləyir ki, onun da 2 aylıq körpə övladı var.

10. Cavabdehin vəkili bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 18 000 manat olmaqla, 19 900 manat ödəniş olunmuşdur. Bundan əlavə, tərəflər arasındakı müqavilə 2019-cu ildə bağlanmışdır. Həmin zamandan sonra ölkə ərazisində sərt karantin rejimi tətbiq olunmuş, nəticədə cavabdeh fəaliyyət göstərə bilməmiş və ödənişlərini edə bilməmişdir. Gecikmə ilə əlaqəli yaranmış 10 000 manata yaxın borc da məhz bununla əlaqədardır. Bu səbəblə müqavilənin şərtləri dəyişdirilməli və yenidən təzə şərtlərlə müqavilə bağlanmalıdır. Qanunvericilikdə də müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı normalar mövcuddur. Bundan əlavə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin müddəti də bitməyib.

11. Birinci instansiya məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 181.4 kv.m. olan fərdi yaşayış evinin boşaldılaraq “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nisyə alqı-satqı qaydasında 60 380,10 manata Cavabdeh satılmış, müqavilənin 5-ci bəndinə görə Cavabdeh ilkin olaraq 10 880,10 manatı, qalan 49 500 manatı isə hər ay 900 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüş, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30 780 manat ödəniş həyata keçirilmiş və 29 600 manat qalıq borc qalmışdır.

13. Məhkəmə vurğulamışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, bu səbəblə müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları zamanı dəfələrlə barışıq üçün razılığa gəlinməsi barədə təkliflər edilsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən razılıq əldə olunması üçün gecikdirilmiş məbləğin ödənilməsi təklif olunmuş, lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından, tərəflər arasında razılaşma olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178, 385.1, 421.2, 423.2, 424.2, 424.4, 424.5, 442, 445.3 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 05 dekabr 2019-ci il tarixli An -1 № ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə görə bank Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Mərkəzi küçəsində yerləşən 59 saylı fərdi yaşayış evini 60 380 manata ona satmış, müqavilə şərtlərinə görə ilk olaraq 10 880 manat ödəmiş, qalan 49 500 manatı isə hər ay 900 manat ödəməklə 06 iyul 2024-cü il tarixə qədər ödəyib başa çatdırmaq barədə üzərinə öhdəlik götürmüşdür. “Covid-19“ pandemiya xəstəliyinin surətlə yayılması nəticəsində Azərbaycan Respublikasında 25 mart 2020-ci il tarixdən sərt karantin rejimi tətbiq edilmiş və bu hal uzun müddət davam etmişdir. Görülən tədbirlər nəticəsində ölkənin iqtisadi sahəsində fəaliyyət göstərən istehsalat və kommersiya obyektləri iflic vəziyyətə düşmüş, bir coxları müflis olaraq fəaliyyətini dayandırmış, insanlar iş yerlərini itirərək qazanc əldə edə bilməmişlər. Tərəfindən borcun vaxtında ödənilməməsi də bu səbəblərə görə baş vermişdir. Göründüyü kimi borcun ödənilməsinin gecikdirilməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Göstərilən halların baş veməsini o (eləcə də digər tərəf) əvvəlcədən görə bilməzdi və qarşısını almaq iqtidarında olmamışdır. Buna görə də dəfələrlə iddiaçıya müraciət edib, yuxarıda göstərilən halları nəzərə almaqla, müqavilə şərtlərinin dəyişdirilməsini, yəni ödəniş qrafikinin yenidən razılaşdırılmasını xahiş etmişdir. Lakin iddiaçı göstərilən halları, habelə bu evin onun ailəsinin yeganə yaşayış yeri olduğunu nəzərə almamış, hər hansı güzəştə getmək istəməmişdir. Əksinə, məhkəməyə iddia ərizəsi verib, alqı-satqı müqaviləsinin ləğv edilməsini və onun ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 425, 448-ci maddələri kontekstində qeyd edilməldir ki, borclu müqavilə öhdəliklərini icra etməkdikdə, buna görə yalnız təqsirli olduğu halda məsuliyyət daşıyır. Borclunun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Təqsirsiz məsuliyyət yalnız mülki qanunda nəzərdə tutulan hallarda yaranır, lakin hazırkı iş üzrə belə hallar mövcüd deyil. Borcun ödənilməməsi onun təqsiri üzündən baş verməmişdir. Buna baxmayaraq, məhkəmə işin bu hallarını nəzərə almamış və ümumiyyətlə araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421.2 və 600.4-cü maddəsinin dispozisiya şərtlərinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni müqavilədən imtina edən satıcı öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilər. Müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 iddiaçının mülkiyyətində olmuş və sonuncu cavabdehlə razılığa gələrək, sözügedən evin hissə-hissə ödəmək şərti ilə nisyə alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Müqavilədə əmlakın satış qiyməti 60 380,10 manat məbləğində müəyyən edilmiş, müqavilənin şərtlərinə görə cavabdeh ödəniş cədvəlinə əsasən ilkin olaraq 10 880,10 manat ödəməklə, qalan 49 500 manat pulu xx.xx.2024-cü il tarixədək bərabər hissələrə bölünməklə, hər ay 900 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin müqavilənin bağlandığı gündən ödənişlərdə gecikmələrə yol verdiyini, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu qeyd edərək məhkəməyə müraciət etmiş, qanunvericiliklə ona verilən seçim hüququndan istifadə etməklə müqavilənin ləğv edilməsini və ödənilməmiş malın qaytarılmasını tələb etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30 780 manat ödəniş olunmuş (sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 18 000 manat məbləğində), müqavilə üzrə ödənilməmiş 29 600 manat məbləğində qalıq borcu qalmış, müqavilə üzrə son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş, cavabdeh iddiaçının məhkəməyə müraciət etməsi səbəbilə ödənişləri dayandırdığını etiraf etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

21. Apellyasiya instansiyası məhkəməsi müqavilə müddətinin xx.xx.2024-cü il tarixədək davam etdiyini, cavabdehin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikini qismən də olsa bərpa etdiyini və iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını, öhdəliklərini icra etməyə hazır olduğunu və buna cəhd etdiyini, müqavilə predmeti olan fərdi yaşayış evinin onun yeganə yaşayış yeri olduğunu nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan halların məcmusu baxımından iddiaçının verilmiş əşyanın ödənilməsini, uğradığı zərərin isə faiz formasında qarşılanması deyil, dəyəri tam ödənilməmiş mübahisəli mənzilin qaytarılmasını tələb etməsi öz hüququndan sui-istifadə kimi qəbul edilməli və bu əsasla da iddia rədd edilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 421.2, 560.1, 560.2, 567, 600.4 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

25. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddia tələbi alqı-satqı müqaviləsinin ləğvi və əmlakın qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi müqavilə üzrə əmlakın dəyərinin hissə-hissə ödənilməsi öhdəliyinin cavabdeh tərəfindən pozulmasına istinad etmişdir. Cavabdehin müqavilə üzrə ödənişləri yubatması da işin mübahisəsiz halı kimi müəyyən edilib. İddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələri nəzərdən keçirə bilər. Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi özü də həmin maddələrə istinad edərək müqavilədən imtina edən satıcının öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilməsini, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, sonda iddianı rədd etmək üçün iddiaçının hüquqdan sui-istifadə etməsini əsas gətirsə də, gəldiyi nəticəni əsaslandırmamışdır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, işin halları baxımından cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsinin əhəmiyyətli pozuntu olub-olmamasına iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmaması kontekstində heç bir qiymət verməmişdir. Halbuki Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətli pozuntusunun şərti kimi pozuntunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasıdır. İşin bu halı müəyyən edilmədən müqavilənin əhəmiyyətli pozulmaması barədə gəlinən nəticə əsaslı sayıla bilməz. Bu baxımdan, cavabdehin müqavilə öhdəlilkərini icra etməməsinin nəyə görə əhəmiyyətli pozuntu sayılmamasını apellyasiya instansiyası məhkəməsi qətnamədə, ümumiyyətlə, göstərmədiyi üçün gəlinən nəticənin də əsaslı olmasına kollegiya qiymət verə bilmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi iddiaçının hüquqdan sui-istifadə etməsinə istinad etsə də, ümumi ifadələrdən istifadə etməklə kifayətlənmiş, hüquqdan sui-istifadənin iddiaçının hansı hərəkətlərində və nədə ifadə edilməsinə aydınlıq gətirməmişdir. Hazırki işin halları baxımından Mülki Məcəllənin 560.3-cü maddəsinin hüquqdan sui-istifadənin xüsusi halları kimi - qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi halları nəzərdən keçirilə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının hüquqdan sui-istifadə kimi bunlardan hansına yol verməsinə aydınlıq gətirməmiş, işin bu halına, ümumiyyətlə, lazımi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının hüquqdan sui-istifadə etməsi kimi hazırkı qərarın 22-ci bəndində göstərdiyi dəlillər isə əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin öhdəliyini pozması əsası ilə iddiaçının məhkəməyə müraciət etməsindən sonra müqavilə üzrə öhdəliklərini pozmuş cavabdehin öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi müqavilənin pozuntusunu aradan qaldırmır. Həmçinin hüquqdan sui-istifadə özünü hüquqların bilərəkdən vicdansızcasına həyata keçirilməsində büruzə verir. Hüquqdan suiistifadə zamanı hüquq sahibinin hərəkətləri formal baxımdan hüquqi görsənsə də, hüquq sahibi müvafiq hüququn məqsədi xaricində bilərəkdən vicdansızcasına hərəkət və ya hərəkətsizlik göstərməklə ədalətsiz vəziyyətin yaranmasına çalışır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il Qərarında da hüquqi mövqe belə olmuşdur ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hüquqdan suiistifadənin mövcudluğu iki halın məcmu şəklində müəyyən edilməsindən asılıdır: şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli; və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Bunlardan hər hansı birinin müəyyən edilməməsi hüquqdan sui-istifadəni istisna edir. Lakin hazırki işdə iddiaçının müqavilə öhdəliklərini icra etməyən cavabdehdən qanunda və müqavilədə nəzərdə tutulmuş hüquqlarından irəli gələn iddia qaldırmasının onun müvafiq hüququndan məqsədi xaricində istifadə edibetməməsi halı müəyyən edilməyib. Buna görə də ilk əvvəl qeyd edilən hal müəyyən edilməli, daha sonra isə yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmaması, aşkar ədalətsizliyə səbəb olub-olmaması müəyyən edilməklə mübahisəyə qiymət verilməli idi. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası hüququn tətbiqində səhvə yol vermişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı vaxta kimi cavabdeh evin qiymətinin çox hissəsini – 38 780,07 manat ödəyib, ödənilməmiş qalan hissə 21 599,93 manatdır. Bunu iddiaçı da təsdiq edir. Cavabdeh bildirib ki, ödənişlərin yubanmasına səbəb pandemiya olub, qalan 21 599,93 manatı hissə-hissə hər ay 1000 manat olmaqla ödəyəcək. O, bu barədə məhkəməyə ərizə də təqdim edib.

28. Bundan başqa, cavabdeh həmin evdə göstərilən ailə üzvləri ilə bilikdə yaşayır: 1) arvadı X2; 2) övladı X4; 3) gəlini X3; 4) nəvəsi X6; 5) nəvəsi X5. Cavabdehin və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur, evdən çıxarılacaqları təqdirdə yaşayış yerindən məhrum olacaqlar. Nəzərə alınmaldır ki, hazırkı iddia ərizəsində cavabdehin ailə üzvlərinə qarşı tələb irəli sürülməyib, belə tələb olmadan məhkəmə evin boşaldılmasını qət edə bilməz, çünki "boşaldılma” deyiləndə evdə yaşayan bütün şəxslərin oradan çıxarılması başa düşülür.

29. Bununla yanaşı, tərəflərin münasibəti real alqı-satqı münasibəti deyil. Cavabdehin iddiaçının qarşısında kredit öhdəliyi olub, sonradan bank onun evinə mülkiyyət hüququ əldə edib, bundan sonra isə bank ilə cavabdehin arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə bağlanana qədər cavabdeh və ailə üzvləri həmin evdə yaşayıblar, yəni müqaviləyə qədər evdən çıxmayıblar, buna görə də müqavilədən sonra evin onlara təhvil verilməsi baş verməyib.

30. Bundan başqa, müqaviləyə görə, evin qiymətinin ödənilməsi müddəti xx.xx.2024-cü ildə başa çatmalıdır, yəni qiymətin ödənilməsi üçün müəyyən edilmiş müddət hələ bitməyib.

31. Məhkəmə yuxarıda qeyd olunan hallara əsaslanaraq hesab etmişdir ki, qiymətin hissə-hissə ödənilməsində cavabdehin yol verdiyi pozuntu müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmir. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, belə vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırkı işin hallarına görə, vicdanlılıq tələb edir ki, iddiaçı 600.4- cü maddədə müəyyən edilmiş hüququnu həyata keçirərkən 1-ci imkandan istifadə etsin, çünki 2-ci imkandan istifadə edilməsi, yəni evin qiymətinin böyük hissəsini ödəmiş cavabdehin və onun ailə üzvlərinin yaşayış yerindən məhrum edilməsi, onların vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ona görə də iddiaçı qiymətin ödənilməmiş hissəsinin ödənilməsi üçün məhkəməyə iddia verməlidir.

e) Kasassiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

33. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Nisyə alqı-satqı müqaviləsi bağlanarkən satıcı satdığı əşyanın dəyərini müqavilədə müəyyənləşdirilmiş qaydada əldə edəcəyini ümid edir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı vaxta kimi cavabdeh evin qiymətinin çox hissəsini – 38 780,07 manat ödəyib, ödənilməmiş qalan hissə 21 599,93 manatdır. Kassasiya şikayətində isə qeyd edilmişdir ki, cavabdehin hələ xx.xx.2023-cü il tarixə gecikdirilmiş 12 400 manat borcu var. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi qiymətin hissə-hissə ödənilməsində cavabdehin yol verdiyi pozuntunun müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmədiyi qənaətinə gələrkən bu qənaətini iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olubolmaması kontekstində kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmamasını müəyyən etmək məqsədilə gecikdirilmiş borcun məbləğini də kifayət qədər araşdırmaqla hüquqi qiymət verməli olduğu halda belə araşdırma aparmamışdır. Halbuki Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətli pozuntusunun şərti kimi pozuntunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasıdır. İşin bu halı müəyyən edilmədən müqavilənin əhəmiyyətli dərəcədə pozulmaması barədə gəlinən qənaət əsaslı sayıla bilməz. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyi vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək.Bu imkanlar qanunda açıq şəkildə ifadə edilmişdir.Yəni, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə hansı nəticələrə səbəb olacağını qabaqcadan görə bilir. İki imkandan birini istifadə etmək satıcının hüququdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdehin (alıcı) əşyanı təhvil aldıqdan sonra alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinə görə iddiaçının (satıcı) Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuş və alıcının da bunu əvvəldən görə bildiyi ikinci imkandan istifadə etməsinin hüququn vicdanlı həyata keçirilməsi olmadığını kifayət qədər əsalandıra bilməmişdir.Belə davranışın hüququn vicdanlı həyata keçirilməsi olmadığı nəticəsinə gəlinməsi üçün ödənilməsi gecikdirilmiş məbləğ, məbləğin ödənilməsi məqəsdilə iddiaçının əvvəllər hər hansı bir tədbir görüb- görmədiyi də ətraflı araşdırılaraq hüquqi qiymət verilməlidir. Yəni, hüquq sahibi hüquq normasının ona tanıdığı alternativ imkanlardan hər hansı birini istifadə edərkən vicdanlı davranıb-davranmadığı nəticəsinə iş üzrə əhəmiyyətli olan bütün hallar araşdırılıb hüquqi qiymət verilməklə gəlinə bilər ki apellyasiya instansiyası məhkəməsi belə araşdırmanı kifayət qədər aparmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. ...Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir”.

Təkrar apellyasiya baxışı, izahatlar

34. Təkrar apellyasiya baxışı zamanı müxtəlif tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə kassasiya instansiya məhkəməsinin qərarlarında şərh olunanlara istinadla şikayətin əsassız olduğunu bildirmiş, bununla belə sonradan onlar, məhkəmə kollegiyasına bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını və işin icraatına xitam verilməsini istəmişlər.

35. Təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişinə görə, “1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh banka 13220 AZN qalıq borcu olmasını qəbul edir. 2. Borclu Cavabdeh qalıq 13220 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

Ödəniş Ödəniş Ödəniş Qalıq borc sayı tarixi məbləği

1 xx.xx.2024 500,00 12.720,00 2 xx.xx.2024 500,00 12.220,00 3 xx.xx.2024 500,00 11.720,00 4 xx.xx.2024 500,00 11.220,00 5 xx.xx.2024 500,00 10.720,00 6 xx.xx.2024 500,00 10.220,00 7 xx.xx.2025 500,00 9.720,00 8 xx.xx.2025 500,00 9.220,00 9 xx.xx.2025 500,00 8.720,00 10 xx.xx.2025 500,00 8.220,00 11 xx.xx.2025 500,00 7.720,00 12 xx.xx.2025 500,00 7.220,00 13 xx.xx.2025 500,00 6.720,00 14 xx.xx.2025 500,00 6.220,00 15 xx.xx.2025 500,00 5.720,00 16 xx.xx.2025 500,00 5.220,00 17 xx.xx.2025 500,00 4.720,00 18 xx.xx.2025 500,00 4.220,00 19 xx.xx.2026 500,00 3.720,00 20 xx.xx.2026 500,00 3.220,00 21 xx.xx.2026 500,00 2.720,00 22 xx.xx.2026 500,00 2.220,00 23 xx.xx.2026 500,00 1.720,00 24 xx.xx.2026 500,00 1.220,00 25 xx.xx.2026 500,00 720,00 26 xx.xx.2026 500,00 220,00 27 xx.xx.2026 220,00 0,00 Cəmi ödəniş 13.220,00

3. Borclu sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda alqı-satqı bitmiş hesab edilsin. 4. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. Həmçinin, borclunun həmin tarixədək ödədiyi məbləğlər kirayə haqqı olaraq hesablanacaq və borclu tərəfindən Bankdan tələb edilməyəcək. 5. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi əmlakın boşaldılması və Banka təhvil verilməsi üçün icra icraatının başlanılmasına əsasdır. 6. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 7. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 8. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

37. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

38. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

39. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

40. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

"xxxx" ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin boşaldılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh banka 13220 AZN qalıq borcu olmasını qəbul edir. 2. Borclu Cavabdeh qalıq 13220 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

Ödəniş Ödəniş Ödəniş Qalıq borc sayı tarixi məbləği

1 xx.xx.2024 500,00 12.720,00 2 xx.xx.2024 500,00 12.220,00 3 xx.xx.2024 500,00 11.720,00 4 xx.xx.2024 500,00 11.220,00 5 xx.xx.2024 500,00 10.720,00 6 xx.xx.2024 500,00 10.220,00 7 xx.xx.2025 500,00 9.720,00 8 xx.xx.2025 500,00 9.220,00 9 xx.xx.2025 500,00 8.720,00 10 xx.xx.2025 500,00 8.220,00 11 xx.xx.2025 500,00 7.720,00 12 xx.xx.2025 500,00 7.220,00 13 xx.xx.2025 500,00 6.720,00 14 xx.xx.2025 500,00 6.220,00 15 xx.xx.2025 500,00 5.720,00 16 xx.xx.2025 500,00 5.220,00 17 xx.xx.2025 500,00 4.720,00 18 xx.xx.2025 500,00 4.220,00 19 xx.xx.2026 500,00 3.720,00 20 xx.xx.2026 500,00 3.220,00 21 xx.xx.2026 500,00 2.720,00 22 xx.xx.2026 500,00 2.220,00 23 xx.xx.2026 500,00 1.720,00 24 xx.xx.2026 500,00 1.220,00 25 xx.xx.2026 500,00 720,00 26 xx.xx.2026 500,00 220,00 27 xx.xx.2026 220,00 0,00 Cəmi ödəniş 13.220,00

3. Borclu sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda alqı-satqı bitmiş hesab edilsin. 4. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. Həmçinin, borclunun həmin tarixədək ödədiyi məbləğlər kirayə haqqı olaraq hesablanacaq və borclu tərəfindən Bankdan tələb edilməyəcək. 5. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi əmlakın boşaldılması və Banka təhvil verilməsi üçün icra icraatının başlanılmasına əsasdır. 6. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 7. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 8. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 saylı iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Talışınski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar