Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3383/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh tərəfindən (abonent kodu: **********20000) əsassız olaraq hesablanmış 8812,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********20000) dair iddiaçıya hesablanmış 8812,80 manat məbləğində borcun silinməsi qət edilmişdir.
2. Həmin qətnamədən cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda həmin tarixdə ərizə ilə müraciət edərək qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh İB-nin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin materialları ilə müəyyən etmişdir ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh İB-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir, lakin cavabdehin nümayəndəsi sözügedən qətnamədən apellyasiya şikayətini elektron qaydada məhkəməyə xx.xx.2024-cü il tarixində göndərmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayətini onun verilmə müddəti bitdikdən 1 ay 23 gün sonra verməklə qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdehin nümayəndəsinin ötürülmüş müddətin bərpası üçün gətirdiyi yeganə dəlil ondan ibarətdir ki, cavabdehin hüquqi ünvanı Xətai rayonu ərazi dairəsinə düşdüyü üçün Respublika üzrə demək olar ki, istehlakçıların böyük əksəriyyəti iddia ərizələrini Xətai rayon məhkəməsinə verməkdədir. On minlərlə istehlakçıların iddialarına bir nəfərin nəzarəti fiziki cəhətdən mümkünsüzdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin şikayətdə göstərdiyi dəlillər buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz, çünki cavabdehin nümayəndəsi konkret hal göstərməyərək yalnız subyektiv mülahizələr təqdim etmişdir və məhkəmə qeyd edir ki, həmin subyektiv mülahizələr və formal əsaslarla məhkəmə ötürülmüş müddəti üzrlü hesab edə bilməz. Çünki, cavabdehin nümayəndəsi nə ötürülmüş prosessual müddətin bərpası barədə ərizədə, nə də şikayətdə qeyd etdiyi dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin işlərinin çoxluğu səbəbindən müddətin ötürülməsi üzürlü səbəb hesab edilə bilməz. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Qərardaddan narazı qalan cavabdehin nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən apellyasiya Şikayətini hazırlamış cavabdehin nümayəndəsi şikayət vermə müddətini ötürdüyündən əlavə olaraq buraxılmış müddətin üzrlü hesab edilməsi məqsədilə vəsatət əlavə etmişdir. Vəsatət xx.xx.2024-cü il tarixli qərardadla təmin edilməmişdir. Qərardadda əsas kimi CavabdehİB-nin nümayəndəsinin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılma səbəbinə dair heç bir üzrlü səbəb gətirilə bilməmişdir. Hal-buki, hamıya bəlli olan səbəblərə dair sübut gətirməyə ehtiyac yoxdur. Belə ki, nümayəndənin həqiqətən də, iş həcminin çoxluğu və Xətai rayon məhkəməsinin icraatında X3 nümayəndə olaraq tək təhkim olunması da, Xətai rayon məhkəməsi üçün məchul qalmır. Bu səbəbdən hesab edir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh İB-nin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1346/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsində qeyd edilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
12. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 1346/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh İB-nin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir.
17. Göründüyü kimi Cavabdeh İB-yə münasibətdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddət 02 fevral 2024-cü il tarixə qədər olmuşdur.
18. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müddətin bərpası barədə ərizə təmin edilməmişdir.
19. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
21. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, Cavabdeh İB tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev