Məhkəmə qərarları › İş №2(103)-3385/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3385/2022

27.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3385/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(007)-3806/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən abonent kodu (**********430) olan Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzilinə əsassız hesablanmış pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda yaşadığı Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 68, 43 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1996-ci il tarixdən hal-hazıra kimi ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayır. Övladlarından biri tələbə, digəri isə 1998-ci il təvəllüdlü oğlu X2 İİ qrup əlildir. Cavabdehin nümayəndələri 2016-cı ildə bina sakinlərinin su sayğacını dəyişdirmişlər, mənzilinin su sayğacı dəyişdirilərkən köhnə sayğacın üzərində olan borc məbləği ilə bağlı cavabdehin nümayəndəsi ilə aralarında mübahisə yaranmış və nəticədə mənzilində quraşdırılan smart tipli su sayğacının kartı onlara verilməmişdir. Məcburiyyət qarşısında qalaraq qonşulardan su alıb istifadə etmişlər. Hazırda abonent kodu üzrə (**********430) mənzilinə qanunsuz olaraq 665 manat borc yazılmışdır. Ailədə heç kim işləmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(007)- 3806/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 2016-cı ilə qədər hər hansı problem yaranmamışdır, 2016-cı ildə sayğacları dəyişməyə başladıqdan sonra problemlər yaranmış, köhnə sayğacdakı borcu ödədikdən sonra yeni sayğacın su kartını təqdim edəcəklərini bildirmişlər, buna görə də mübahisə yaranmış və su kartını vermədikləri üçün yeni sayğacdan istifadə edə bilməmşlər. Buna görə də sayğacdan kənar sudan istifadə etməyə məcbur olmuşlar. Dəfələrlə ASC-nin əməkdaşları akt tərtib etmişlər. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki 68 saylı ev, 43 saylı mənzil 26.04.2006-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1911/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nümayəndə Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamənin məzmunundan görünür ki, mübahisə məhz Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki 68 saylı evin 43 saylı mənzili üzrə sudan istifadəyə görə yaranmış 665 manat borcla əlaqədar olmuşdur. Məhkəmə iddianı rədd edərkən göstərmişdir ki, sayğac üzrə abonentin adı İddiaçıdur və onun borcu 658,89 manat təşkil edir. İddiaçı Nümayəndə silinməsini xahiş etdiyi borc məbləği abonent İddiaçı aiddir, Nümayəndə İddiaçı hesablanmış borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etməyə müvafiq subyektiv hüququ yoxdur. Bundan başqa, iş materiallarında olan Nizami rayon SKİ-nin mühəndisləri Xansultanov Yasin və İsmayılov Elvin tərəfindən tərtib edilən 04 Mart 2021-ci il tarixli 061498 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki 68 saylı evin 43 saylı mənzilə su təchizatı sisteminə baxış keçirilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, abonent İddiaçı həmin ünvanda olan süzgəcin yerindən ötürücü vasitəsi ilə öz mənzilinə qoşub qeyri-qanuni sudan istifadə edir. İş materiallarında olan Cavabdeh ASC-nin qanunsuz istifadəyə nəzarət barədə 04 mart 2021-ci il tarixli, 06 avqust 2020-ci il tarixli, 19 iyul 2020-ci il tarixli, 08 yanvar 2020-ci il tarixli, 03 may 2018-ci il tarixli, 25 yanvar 2017-ci il tarixli və 05 aprel 2018-ci il tarixli aktlardan görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindəki 68 saylı evin 43 saylı mənzil, qanunsuz qoşulma halları aşkar edilmişdir. Hazırki iş üzrə İddiaçı iddia qaldıraraq həmin 665 manat borcun silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan və həmin qətnamədə iddiaçıya hesablanmış məbləğin su təchizatına qanunsuz qoşulma səbəbindən yaranması sübuta yetirildiyindən hazırkı iddia tələbi təmin oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yəni, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il Qərarında göstərilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar. Göründüyü kimi, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Ona görə də qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1911/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə məcburi olsa da, Nizami Rayon Məhkəməsində baxılmış işdə hazırki iş üzrə İddiaçı iştirak etmədiyindən, həmin məhkəmənin 18.06.2021-ci il tarixli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətə malik deyildir. Odur ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnaməsi nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna baxmayaraq Kollegiya hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd edilən qətnamə ilə Cavabdeh ASC tərəfindən abonent İddiaçı hesablanmış borc məbləğinin əsaslı olması, sonuncu tərəfindən qanunsuz qoşulma hallarının aşkar edildiyi Nizami rayon SKİ-nin aktları ilə təsdiq olunmuşdur. Borcun olması ilə bağlı müəyyən edilmiş faktlar hazırki iş üzrə məcburi xarakter daşıyır və iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Qanunun 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. “Sudan istifadə qaydalar”ının 3.1.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3806/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar