Məhkəmə qərarları › İş №2(103)-3385/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3385/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3385/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(001)-1799/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair” 31 iyul 2020-ci il tarixli PAZ********** nömrəli şəhadətnamədən müəyyən olunur ki, sığortalı X2 məxsus “Mazda Familia minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də 31 iyul 2020-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan dövr üçün icbari sığorta növündə sığortalanmışdır.

2. Ekspert rəyindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 250 manat təşkil edir.

3. Bakı şəhəri DYPİ-nin inzibati xəta haqqında İXP ******* nömrəli 18 mart 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Bakı şəhəri DYPİ-nin inzibati xəta haqqında TP4253446 saylı ******* nömrəli 18 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur.

4. Cavabdeh 18 mart 2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, idarə etdiyi “Mazda Familia minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 mart 2021-ci il tarixdə F.X.Xoyski prospektində “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, sürücüyə avtomobilini təmir etdirəcəyini bildirmiş, “Ravon Nexia R3 markalı” **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 razılaşmadığı üçün o, hadisə yerindən çıxıb getmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 manat və dövlət rüsumuna görə 30 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2020-ci il tarixli PAZ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Mazda Familia minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 mart 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospektində **-PR-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 markalı” avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində AzərbaycanRespublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə 15 mart 2021-ci il tarixli protokol, Azərbaycan Respublikası İXM-nin 332.1-cı və 327.6-cı maddəsi ilə TP ******* nömrəli qərar tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 250 manat ödəniş edilmişdir. Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(001)- 1799/2023 qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “Mazda Familia minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1114.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.2, 50.1, 53.1, 53.4, 63.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, baş vermiş hadisə ilə bağlı Nərimanov Rayonu DYPŞ-nın əməkdaşları araşdırma aparmış və cavabdeh Şükürov X3 Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsiri 18 mart 2021-ci il tarixli inzibati tənbeh haqqında qərarla təsdiqlənmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsini düzgün tətbiq etməmiş və nəticədə iddiaçını subroqasiya hüququndan məhrum etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır; Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşin mübahisəsiz hallarına görə, Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mazda Familia minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 mart 2021-ci il tarixdə F.X.Xoyski prospektində “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, sonuncu avtomobilə 250 manat məbləğdə ziyan dəymişdir.

20. Hazırda iddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə istinad edərək, subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə tələblə çıxış etmişdir. Belə ki, qanunun həmin maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericiliyin birbaşa tələbinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitəsi ilə mülki hüquq pozuntusu törədilən zaman zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin Maddə 936.1-ci maddəsinə əsasən isə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. Göründüyü kimi, qanunun normalarının məzmununa əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı situasiyada isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilən hüquqi mövqe nəzərə alınmaqla sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə məsuliyyəti MM-nin 1108-ci maddəsi nəzərə alınmaqla, hazırkı iş üzrə cavabdeh yox, avtomobilin mülkiyyətçisi daşıdığından, ödənişi vermiş sığortaçının subroqasiya hüququ da ona qarşı yarana bilərdi.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(001)- 1799/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(001)- 1799/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar