Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3387/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2024 saylı, 21 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilərək, dəymiş ziyanın məbləği müvafiq olaraq 3.638,80 manat, 475,20 manat və 475,20 manat həddində hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və hesablanmış 4.622,28 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvanda sayğac 2023-cü ilin mart ayında quraşdırılmış, sayğac quraşdırılanadək Cavabdeh İB tərəfindən qaz xətti çəkildikdən sonra 18 gün müddətində qaz xəttinə qoşulmuşdur. Lakin həmin dövrdə qazın təzyiqi olmadığına görə evdə təbii qazdan istifadə edə bilməmişdirlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********00037) hesablanmış 4.579,2 (dörd min beş yüz səksən doqquz manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ünvanda qaz sayğacı quraşdırılanadək qaz xəttinin çəkildiyini bildirsə də, verdiyi izahatında qeyd etmişdir ki, qazın təzyiqi olmadığına görə qazdan istifadə edə bilməmiş və, bununla bağlı Cavabdeh İB-yə müraciət etmişdir. Belə olan halda, iddiaçıya aid ünvan üzrə çəkilmiş qaz xətti vasitəsilə qaz təchizatının həqiqətən də aparıldığı və iddiaçının bundan istifadə edərək qazdan qeyri-qanuni istifadə etdiyi yuxarıda qeyd edilən qaydada müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma nəticəsində sübuta yetirilməlidir. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi vəqanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan qanunsuz olaraq tələb edilmişdir.
7. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 4.579,2 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 4.579,2 manat məbləğində borc silinməlidir. İddiaçı tərəfindən silinməsi tələb edilən qalan borc məbləği, yəni 43,08 manat məbləğində borc istehlak edilmiş qazın dəyərinə görə hesablandığına görə, iddia qeyd edilən məbləğin silinməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh İB-nin məhkəmə iclasında iştirakını təmin etməməklə səhv qətnamə çıxarmışdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən və mülki iş materiallarında mövcud olan sənədlərdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edib. Buna müvafiq olaraq dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğvi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qeyd edilmişdir. Həmin tələbnaməyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarıilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi müəyyən edilmişdir. Həmin tələbnaməyə əsasən dəymiş ziyan həcmi aşağıdakı qaydada hesablanmışdır: qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2x1.2x24x180=10368 m 2x1.5x24x180=12960 m 2x0.8x24x180=6912 m Cəmi: 30.240 m. İddia ərizəsinə əlavə edilən sənədlərdən və mülki işmateriallarında mövcud olan sənədlərdən görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edib. Buna müvafiq olaraq dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğvi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qeyd edilmişdir. Həmin tələbnaməyə əsasən AzərbaycanRespublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarıilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi müəyyən edilmişdir. Həmin tələbnaməyə əsasən dəymiş ziyan həcmi aşağıdakı qaydada hesablanmışdır: -Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimalsaatlıq qaz sərfi 3.5 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x24x30=864 m 3.5x24x30=2520 m 0.8x24x30=576 m Cəmi: 3.960 m. İddia ərizəsinə əlavə edilən sənədlərdən və mülki iş materiallarında mövcud olan sənədlərdən görünür ki, Azəriqaz İBnin əməkdaşları tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edib. Buna müvafiq olaraq dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğvi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qeyd edilmişdir. Həmin tələbnaməyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi müəyyən edilmişdir. Həmin tələbnaməyə əsasən dəymiş ziyan həcmi aşağıdakı qaydada hesablanmışdır: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimalsaatlıq qaz sərfi 3.5 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x24x30=864 m 3.5x24x30=2520 m 0.8x24x30=576 m Cəmi: 3.960 m. Həmçinin abonentin qaz sayğacının yerləşdiyi yer və ünvan fotoşəkillərlə iş materiallarında mövcuddur. Qeyd edilən fotoşəkillərdən və aktın məzmunundan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən iddiaçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi faktı müəyyən edilmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli baxılması məqsədilə abonentin sayğacına müdaxilənin olub-olmamasını, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəni müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edə bilərdi. Lakin iş tam, obyektiv və hərtərəfli araşdırmamaqla səhv qətnamə çıxarılmışdır. Həmçinin məhkəmə iclaslarında iddiaçının verdiyi izahatında qazdan qeyri-qanuni istifadə faktını etiraf etmişdir. Bu hal birinci instansiya məhkəməsinin qətnaməsində mövcud olmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 864/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, podratçı şirkət tərəfindən 18 gün ərzində-sayğac gələn müddətə qədər qazdan istifadə edə biləcəyi bildirildi. 18 gün ərzində istifadə etdiyi müddətdə bu qədər borc pul necə yazıla bilər? 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində (borcun silinməsi) qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
20.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 21.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 22.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 23.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 24.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
25.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. 26.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 28.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 29.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin apelyasiya baxışının predmeti olan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktların surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. 33.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 34.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 35.Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə yaranır. 36.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 37.Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir.
38. Cavabdeh verdiyi apellyasiya şikayətində iddiaçının qeyri-qanuni hərəkətə yol verməsi faktını etiraf etdiyi barədə dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçının cavabdeh-təşkilatın icazəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi barədə etirafı tərəflər arasında “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonraki tarixlərə təsadüf edir ki, əsasında zərər hesablanmış aktlar isə məhz xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi barədədir, bu halları təsdiq edən hər hansı sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
39. Məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni iddiaya etirazını əsaslandıran və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olmasının qanunvericilikdə göstərilmiş qaydada müəyyən edilmədiyi və beləliklə də mübahisələndirilən borcun silinməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur.
40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 394-1, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova