Məhkəmə qərarları › İş №2(103)-339/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-339/2023

03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-339/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının özünün və cavabdeh Birliyin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən evdə yaşayan iddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun yaşadığı ünvana baxış keçirmiş cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin aktdan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, o cümlədən həmin akt əsasına ona əlavə sərfiyyat kimi hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları iddiaçının yaşadığı ünvana xx.xx.2021-ci il tarixdə baxış keçirən zaman evin altında qeyri-qanuni qaz xətti aşkar etmiş və bununla bağlı akt tərtib edərək, iddiaçıya əlavə sərfiyyat kimi borc hesablamışlar. İddiaçı bildirir ki, aşkar edilmiş qaz xəttindən onun xəbəri olmamış, qaz xətti o, evi almamışdan əvvəl, evin əvvəlki sahibi tərəfindən çəkilmişdir. Buna görə də, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri həmin aktın etibarsız hesab edilməli, həmin aktdan irəli gələn bütün hüquqi nəticələr ləğv edilməli, o cümlədən həmin akt əsasına iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borc silinməlidir.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının yaşadığı evə dair cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsini, həmin aktdan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsini, həmin akt əsasına iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borc məbləğinin silinməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı məhkəmə tərəfindən həyata keçirilmiş yerli müayinə zamanı aşkar edilməmişdir. Buna görə də, akt etibarsız hesab edilməli və aktdan irəli gələn bütün hüquqi nəticələr, o cümlədən akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borc ləğv edilməlidir. Çünki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi iddiaçı təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. SOCAR-ın xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalar isə normativ hüquqi akt olmadığından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığından, həmin Qaydalara istinad edərək hər hansı cərimənin hesablanması qanuni hesab edilə bilməz. İddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat normativ hüquqi akt hesab olunmayan Qaydalar əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz.

c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia əsassızıdır. İddiaçının yaşadığı ünvanda aşkar edilmiş qaz xətti iddiaçıya aiddir. İddiaçı, həmin xətlə rəsmi qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmişdir.

d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

e) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni “cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. Bu səbəbdən hazırki qətnamə ilə iddianın qalan hissəsinin və həmin hissə üzrə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslı olub-olmaması müzakirə edilir.

f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “borcun silinməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməli, qalan hissədə, yəni “aktdan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi barədə tələbin təmin edilməsi” hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə quraşdırılmış G-4 markalı 1802AZ**********42 nömrəli sayğaca və qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı Birliyin əməkdaşları sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar etmişlər. Bu səbəbdən onlar tərəfindən ******* saylı akt tərtib edilmişdir.

13. Cavabdeh birliyin iddiaçının ünvanına aid tərtib etdiyi və Rayon Məhkəməsinə təqdim etdiyi “Abonentin saldosundan” görünür ki, yuxarıda qeyd edilən akta əsasən iddiaçıya 27.648 kub.metr qazdan əlavə sərfiyyat və onun dəyəri olaraq 2.949,12 manat borc hesablanmışdır.

14. Apellyasiya icraatı zamanı, Məhkəmə, iddiaçıya məxsus ünvana aid qaz xəttində qanunsuz qoşulmanın olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.

15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3/1431 saylı rəyindən görünür ki, iddiaçıya məxsus olan evə aid qaz xəttinin üzərində, xəttə müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

17. Göstərilənləri nəzərə alan Məhkəmə, ekspertiza tərəfindən verilmiş yuxarıda qeyd edilən rəyi şübhə altına ala biləcək halların, habelə başqa mütəxəssis tərəfindən verilmiş rəyin mövcud olmadığını, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyin işin halları ilə təsdiqlənməsini nəzərə alaraq qeyd edir ki, iddiaçıya məxsus olan evə aid qaz xəttinin üzərində, xəttə müdaxilə nəticəsində yaranmağa xarakterik olan izlər olmadığından cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə borcun hesablanması qanunsuzdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Rayon Məhkəməsi iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktının mövcud olmaması nəticəsinə gəlsə də, silinməli borcun konkret nədən ibarət olmasını göstərməmişdir. Halbuki, MPM-nin 222.2-ci maddəsinin tələbinin mənasına görə, pul vəsaitlərinin tutulması və ya silinməsi haqqında iddianı təmin edərkən hakim pulun məbləğini qətnamədə göstərməlidir.

19. MPM-nin qeyd olunan maddələrinin tələblərini də nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olsa da, silinməli borcun məbləğini göstərməməklə MPM-nin yuxarıda qeyd edilən tələblərini pozmuşdur ki, buna görə də, Rayon Məhkəməsinin qətnaməsi “borcun silinməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməli və cavabdeh Birlik tərəfindən iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvan üzrə əsassız olaraq hesablanmış 2.949,12 manat məbləğində borcun silinməsi qət edilməlidir.

20. İddiaçının cavabdeh Birliyə qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmetini təşkil edən növbəti tələbi ondan ibarətdir ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan irəli gələn nəticələr ləğv edilməlidir.

21. İşə baxmış Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilməmişdir.

22. Müzakirə edilən bu tələbinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən qaz xəttinə qanunsuz müdaxilə edilməmişdir, bu səbəbdən cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt mötəbər hesab edilə bilməz və həmin aktdan irəli gələn nəticələr ləğv edilməlidir.

23. Göstərilənləri və MPM-nin yuxarıda qeyd edilən 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır.

g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə, apellyasiya baxışının nəticələrini nəzərə alan və MPM-nin 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “borcun silinməsi barədə tələbin təmin edilməsi hissəsində” ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilsin. Cavabdeh tərəfindən əlavə sərfiyyat kimi hesablanmış 2.949 (iki min doqquz yüz qırx doqquz) manat 12 (on iki) qəpik məbləğində borc İddiaçı məxsus və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən evə aid abonent hesabından silinsin. Bu hissədə qətnamə dərhal qüvvəyə minir və bu hissədə qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi barədə tələbin təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Bu hissədə qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar