Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-339/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X6 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş («Saziş») imzalanmış, 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində X4 şirkəti fəaliyyət göstərir.
2. İş üzrə cavabdeh olan Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 398152,914 4477350,753; 2. 398176,623 4477356,011; 3. 398181,690 4477320,543; 4. 398171,843 4477315,476; 5. 398159,893 4477312,990 koordinatlar) daxilində özbaşına tikili (fərdi yaşayış evi) inşa etməklə orada yaşayır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1 saylı Mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X4 şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, X4 şirkətinin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-60/2023) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 398152,914 4477350,753; 2. 398176,623 4477356,011; 3. 398181,690 4477320,543; 4. 398171,843 4477315,476; 5. 398159,893 4477312,990 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin inşa etdiyi tikilinin şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratmasını bildirsə də, hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehin uzun müddət ailə üzvləri ilə birlikdə yaşadığı yaşayış evinin cavabdehin öz hesabına sökülərək torpaq sahəsindən çıxarılmasını xahiş edir. İddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və ailəsinin yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, cavabdehin özbaşına tikili inşa etdiyi torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, hazırkı iddia ərizəsinin təmin edilməməsinin yeganə səbəbi isə cavabdehə kompensasiya təklif edilməməsi olduğundan iddia müddətinin təbiq edilməsinə dair ərizə əsassızdır ona görə də təmin edilmir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 139-1.1, 159, 180-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehün arqumenti olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının Sərəncamı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13.Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
20. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.
21. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.
22. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
23. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1010 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikili iddiaçının istifadəsinə verilmiş ərazidə, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur.
26. İşin yuxarıda qeyd olunan hallarından və ekspert rəyindən görünür ki, cavabdehin inşa etdiyi tikili İddiaçı şirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilindədir və həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.
27. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı, cavabdeh 1 saylı Mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır.
28. Məhkəmə kollegiyası mübahisəli özbaşına tikilinin və onun yerləşdiyi 600 kvm torpaq sahəsinin Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli,109 nömrəli sərəncamı ilə X1 ayrılması barədəki dəlilini əsassız sayır və qeyd edir ki, cavabdeh mübahisəli özbaşına tikilinin məhz Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli,109 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində yerləşməsinə dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh həmin torpaq sahəsinin X1 ayrıldığı təqdirdə özünün hansı əsasla həmin ərazidə ev inşa etməsini əsaslandıra bilməmişdir. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, belə bir sərəncam həqiqətən də mövcud olmuş olsa belə hazırkı vəziyyətdə onun heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” (xx.xx.2005-ci il tarixli 901-İİQD M-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafıq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
29. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddianı əsaslı saysa da, bununla yanaşı hesab edir ki, qətnamə çıxarılarkən onun icra qaydası və müddəti də müəyyənləşdirilməlidir.
30. Belə ki, iddiaçı şirkət hazırda müvafiq torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə halhazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədə neft quyusu və ya neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur).
31. İşin bu halını və “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında həmin Məhkəmənin ifadə etdiyi mövqeyi, habelə MPM-in 220.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikilinin sökülməsi həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman həyata keçirilməlidir.
32. Avropa Məhkəməsinin həmin qərarında təsbit etdiyi hüquqi mövqeyə görə, məhkəmələr özbaşına tikilinin sökülməsi ilə bağlı işlərdə tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edərkən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin yaşayışını təmin edən yaşayış sahəsi olmasını nəzərə almalı və müəyyən etməlidirlər ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlıdır.
33. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh 1 saylı Mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 60 (altmş) manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçı X4” Şirkətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamənin “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. X=398183.438, Y=4477321.141; 2. X=398182.316, Y=4477319.507, 3. X=398173.169, Y=4477315.378, 4. X=398163.034, Y=4477313.291,
5. X=398156.025, Y=4477347.672, 6. X=398179.366, Y =4477352.376, 7. X=398181.003, Y =4477337.364, 8. X=3981183.783, Y =4477335.308, X=398181.916, Y =4477332.894 koordinatları) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” hissəsi üzrə icra qaydası və müddəti müəyyən edilsin. Qətnamə həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.