Məhkəmə qərarları › İş №2(103)-3390/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3390/2024

20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3390/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-424/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış 7999,15 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-424/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00010) dair İddiaçı hesablanmış 5.444,70 manat məbləğində borcun silinməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə Cavabdeh İB tərəfindən rəsmi qaydada alınsa da, Birliyin Xətai rayon məhkəməsində hüquqlarını təmsil etməyinə baxmayaraq iş yükünün çoxluğuyla əlaqədar apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Belə ki, cavabdeh təşkilat olaraq Cavabdeh hüquqi ünvanı Xətai rayonu ərazisinə aid olduğundan Respublika ərazisində yaşayan və Birliklə qazın təchizatı ilə əlaqədar müqavilə bağlayan bütün borclu istehlakçılar, öz borclarının obyektiv araşdırılması və məhkəmə müstəvisində həllinin tapılması məqsədilə iddiaları çox vaxt Xətai rayon məhkəməsinə verir. Məlum olduğu kimi Cavabdeh adından ona təqdim edilmiş Etibarnamə ilə məhkəmədə cavabdehi təmsil etmək hüquqları ona həvalə edilmişdir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması, o cümlədən təyin edilmiş ekspertiza və yerli baxışlarda şəxsən iştirak etməyi iddiaçıların sayı kütləvilik daşıması xarakterindən asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Bu səbəbdən də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət 1 ay 11 gün ötürülmüşdür. Göstərilənlərə əsasən qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 424/2023 nömrəli qərardadı ilə (hakim P.M.Zamanlı) Cavabdeh İB-nin nümayəndəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Qərardaddan narazı qalan cavabdehin nümayəndəsi şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda Cavabdeh İB-nin nümayəndəsi tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılma səbəbinə dair heç bir üzrlü səbəb gətirilə bilməməsi qeyd olunmuşdur. Halbuki, hamıya bəlli olan səbəblərə dair sübut gətirməyə ehtiyac yoxdur. Belə ki, nümayəndənin həqiqətən də, iş həcminin çoxluğu və Xətair Rayon Məhkəməsinin icraatında X3 nümayəndə olaraq tək təhkim olunması da, Xətai Rayon Məhkəməsi üçün məchul qalmır. Göndərilən apellyasiya şikayətinin məzmunundan göründüyü kimi prosessual qanunvericilikdə nəzərdə tutulan apellyasiya şikayətinin geri qaytarılmasını üçün əsas olan halların heç biri mövcud deyil.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-424/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmiş, lakin apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

14. Kollegiya qeyd edir ki, qanunvericilikdə qətnamədən şikayət verilməsi üçün işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddət nəzərdə tutulmuşdur ki, bu müddət də cavabdehin nümayəndəsinin bildirdiyi kimi iş yükünün çoxluğu hallarında belə şikayətin elektron qaydada verilməsi üçün yetərli müddət hesab edilir.

15. Bundan başqa, cavabdeh təşkilatın iş yükünün çox olması iddiaçının işə məhkəmədə ağlabatan müddətdə baxılması ilə bağlı hüququnun pozulması ilə nəticələnməməlidir.

16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

18. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-424/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar