Məhkəmə qərarları › İş №2(103)-3393/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3393/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3393/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(006)-462/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 896 saylı reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. 25 avqust 2021-ci il tarixli A seriyalı 655034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, yuxarıda qeyd olunan torpaq sahəsi X10 kitabında xx.xx.2021-ci il tarixdə 35884 nömrə ilə uçota alınmışdır. Əsas: xx.xx.2021-ci il tarixli 4ə-1642 reyestr saylı alğı-satqı müqaviləsi. X3 adına olan abonent koduna xx.xx.2022-ci ildə 12.406 kvt. saat olmaqla əlavə sərfiyyat, həmçinin 1.612 manat 78 qəpik pul vəsaiti hesablanmışdır. Eyni tarixdə abonent koduna 48 manat və 27 manat əlavə borc yazılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirilərkən cavabdehin əməkdaşları evin qapısını döymüş, qapını açan olmamışdır. Sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunmuşdur, sayğacın göstəricisi geri çəkilmişdir. Həmin sayğac xx.xx.2022-ci il tarixdə 229193 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 010674 saylı protokol tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər müəyyən edilərək, 1.687 manat 78 qəpik itirilmiş sərfiyyata görə borc yazılmışdır. Bütün sənədlər əvvəlki abonentin adına tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana **********05569 abunə koduna əsassız hesablanmış 1.701 manat 44 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən **********05569 abunə koduna hesablanmış 1.687 manat 78 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana **********05569 abonent koduna 1.701 manat 44 qəpik əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmamışdır, yaşayış olmadığı halda borcun yazılması tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(006)-462/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən ünvan 1 ünvanı üzrə keçmiş abunəçi X2 adına olan **********05569 saylı abunə koduna hesablanmış 1.687 manat 78 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sayğaca iddiaçının müdaxilə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac ümumiyyətlə iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır, sayğac mənzildən kənarda yerləşir. Sayğaca kənar şəxs (şəxslər) tərəfindən müdaxilə olunmuşsa da belə, iddiaçı buna görə hər hansı məsuliyyət və cavabdehlik daşımır. İddiaçı mənzildə yaşamır, mənzildə real olaraq elektrik enerjisindən istifadə olunmur. İstifadə olunmamış elektrik enerjisinə görə hər hansı borc məbləğinin hesablanması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Yeni sayğac quraşdırılan dövrdən sonrakı hesabatdan (abonentin saldosunda olan məlumatlar) göründüyü kimi, 04 noyabr 2022-ci il tarixə verilən məlumata görə mənzildə elektrik enerjisindən istifadə edilməmişdir. Mənzildə hələ də yaşayış yoxdur. İddiaçı mənzilin mülkiyyətçisi olsa da, lüzum, zərurət olmadığından başqa ünvanda yaşayır. Mənzildə yaşamadığından nə aktın tərtib edilməsindən, nə köhnə sayğacın yenisi ilə əvəz edilməsindən xəbəri olmamışdır. Bu, bir daha iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq edir. Birinci instansiya məhkəməsi mövqeyini «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********05569 ) quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının üst örtük qapağı gövdədən aralanır və kənar müdaxilə olunaraq sayğacın göstəricisinin geriyə çəkilməsi müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 029803 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları M.Ələmşahov və E.Hüseynov tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “qapını açmadı” qeyd edilmişdir. Həmin sayğac xx.xx.2022-ci il tarixdə 229193 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 010674 saylı tərtib olunmuş protokolda qeyd edilmişdir ki, elektrik sayğacının üst örtük qapağı fiziki təsir nəticəsində möhürlə birlikdə gövdədən ayrılıb, vint yuvasında zədə izləri var və daxili sxemə kənar müdaxilə olunub. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli NDM 029803 saylı akt üzrə 13.306 kvts (8,8kvt*24saat*0,7*90gün) itirilmiş elektrik enerjisinin dəyəri 1.687,78 manat (600kvts*0,08=48 manat, 300kvts*0,09=27manat, 12.406kvt*0,13=1.612,78manat) məbləğində müəyyən edilməklə abonentin (kod **********05569) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2. Əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 896 saylı reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. 25 avqust 2021-ci il tarixli A seriyalı 655034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, yuxarıda qeyd olunan torpaq sahəsi X10 kitabında xx.xx.2021-ci il tarixdə 35884 nömrə ilə uçota alınmışdır. Əsas: xx.xx.2021-ci il tarixli 4ə-1642 reyestr saylı alğı-satqı müqaviləsi. İşin materiallarından görünür ki, bütün sənədlər əvvəlki abonentin adına tərtib edilmişdir. Abonentin saldosundan görünür ki, X3 adına olan abonent koduna xx.xx.2022-ci ildə 12.406 kvt. saat olmaqla əlavə sərfiyyat, həmçinin 1.612 manat 78 qəpik pul vəsaiti hesablanmışdır. Eyni tarixdə abonent koduna 48 manat və 27 manat əlavə borc yazılmışdır. Borcun əsası kimi cavabdeh tərəfin təqdim etdiyi sənədlərə əsasən ünvan 1 ünvanı üzrə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının üst örtük qapağı gövdədən aralanır və kənar müdaxilə olunaraq sayğacın göstəricisinin geriyə çəkilməsi müəyyən edilmişdir və "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı akt tərtib olunmuşdur. Aktın əsasında itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonenta 13.306 kvts-1.687,78 manat hesabat təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli NDM 029803 saylı müvafiq aktda həmçinin göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunmuşdur, sayğacın göstəricisi geri çəkilmişdir. Həmin sayğac xx.xx.2022-ci il tarixdə 229193 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 010674 saylı protokol tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə əhali istehlakçılar qrupuna aid olan abonentlərin uzot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər müəyyən edilərək, 1.687 manat 78 qəpik itirilmiş sərfiyyata görə borc yazılmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alğı-satqısı barədə müqavilə bağlanmamışdır. Cavabdeh müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri 1.687 manat 78 qəpik borcun iddiaçı tərəfindən ödənilməli olmasını bildirir. Abonentin saldosundan göründüyü kimi, qeyd olunan ünvanda yaşayış olmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirilərkən cavabdehin əməkdaşları evin qapısını döymüş, qapını açan olmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəf elektrik enerjisi borcunun (sərfiyyatgn) mənzildə yaşayış olmadığı halda necə yarandığını izah edə və əsaslandıra bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. xx.xx.2022-ci il tarixli NDM 029803 saylı müvafiq aktın məzmunu da həmin evdə yaşayış olmadığını bir daha təsdiq edir. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə elektrik enerjisindən istifadə olunmamışdır. Belə ki, abonentin saldosunda olan aylar üzrə hesabat cədvəlindən də görünür ki, mübahisəli evdə yaşayış olmadığından elektrik enerjisindən istifadə olunmamışdır. Həmin hal mübahisələndirilən aktın - abonentin nümayəndəsi hissəsində aparılmış qeydlə, eləcə də yeni sayğac quraşdırılan dövrdən sonrakı hesabatla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, mənzildə həmçinin sudan və təbii qazdan da istifadə olunmamışdır. Çünki mənzildə faktiki yaşayış mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi, eləcə də sayğacda olan nasazlığın iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edə bilməmiş və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, elektrik sayğacı iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır. Belə olan halda isə mənzil sahibinin sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməməsinə dair məhkəmənin nəticəsi ilə kolegiya razılaşır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 1.687 manat 78 qəpik hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(006)-462/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar