Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3394/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı (Açar sözlər: istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-378/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən qohumu X2 müalicəsi ilə əlaqədar Cavabdeh QSC-dən xx.xx.2021-ci il tarixdə “HiGH FLOW HİF RES 8” modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığı alınmışdır. Avadanlığa 1 illik zəmanət verilmişdir.
2. Avadanlıqda baş vermiş nasazlıqların aradan qaldırılması üçün növbəti gün cavabdeh şirkətin əməkdaşı tərəfindən avadanlığın proqram təminatı yenilənmişdir.
3. Bir neçə gündən sonra iddiaçı avadanlığın nasazlığı ilə bağlı cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
4. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh QSC-yə qarşı «istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə məxsus, ünvan 1 ünvanında yerləşən mağazadan aldığı dəyəri 9.079 manat olan “HİGH FLOW HİF RES 8” modelli avadanlıq qüsurlu olduğundan cavabdehə qaytarılması və avadanlığın alınmasına görə ödənilmiş 9.079 manat pulun cavadehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli alğı-satqı müqaviləsi üzrə alınmış 9.079 manat dəyərində “HİGH FLOW HİF RES 8” modelli avadanlıqda qüsur aşkar olunduğuna və istifadəyə yararsız olduğuna görə cavabdehə qaytarılması və lazımı keyfiyyətdə mala dəyişdirilməsi, bu mümkün olmadığı təqdirdə isə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, alğı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın cavabdehə qaytarılması və həmin avadanlığa görə ödənilmiş 9.079 manat pulun, həmçinin bununla əlaqədar çəkilən xərclərin – mütəxəssis rəyinin alınması üçün “X3” MMC-yə ödənilmiş 400 manat məbləğində, vəkilə ödənilmiş 100 manat məbləğində pulun cavadehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021 tarixində saat 16:58-də xəstə qohumunun müalicəsi üçün cavabdehə məxsus, ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 9.079 manat olan “HiGH FLOW HİF RES 8” modelli avadanlığını nağd şəkildə ödəməklə almışdır. Həmin tibbi avadanlıq təxminən 0,5 kub metr həcmdə olan iki ədəd karton qutuda qablaşdırılmışdır. Tibbi avadanlığı almamışdan əvvəl satış meneceri onu inandırmışdır ki, həmin avadanlıq Türkiyədən gətirilir və heç bir problem ola bilməz, həmin avadanlığı öz mütəxəssisləri quraşdıracaqlar və zəmanət veriləcəkdir. Lakin satış zamanı tibbi avadanlığa dair müvafiq sənədlər (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilmizə tərcümə olunmuş texniki pasportu (istifadə qaydası) və s.) ona təqdim edilməmişdir. Menecerdən zəmanət kartını soruşmuş, menecer isə ona bildirmişdir ki, satılan avadanlıqla bağlı hər hansı bir problem olsa, satış qəbzi, yəni çek onlar üçün əsas sənəddir. Ona tibbi avadanlığın xəstə qohumunun müalicəsi üçün təcili şəkildə lazım olduğuna görə, satış meneceri ilə razılaşmaq məcburiyyətində qalmış, avadanlığın pulunu, yəni 9.079 manatı nağd şəkildə kassaya ödəmiş, bu barədə müvafiq ödəniş qəbzi almışdır. Satıcıya alınan malın çatdırılacaq ünvanını demişdir. Bundan sonra satış mərkəzinin əməkdaşları həmin avadanlığı ünvana çatdırdılar və onu xəstənin müalicə olunduğu Qobustan modul tipli xəsttəxanada quraşdırdılar. Cavabdehin mühəndisi aldığı aparatı yerində quraşdırıb getdikdən az müddət sonra, həmin gün, yəni xx.xx.2021-ci il tarixində saat 22:00 radələrində aparat xəstəni ciddi narahat etməyə başladı. Belə ki, mühəndis tərəfindən quraşdırıldıqdan bir az sonra mövcud aparat bütün gecə ərzində iki dəfə sönüb, sonradan öz-özünə işə düşməyə, qəribə səslər verməyə başlamış, mütəmadi olaraq soyuq oksigen vurmuş, bir sözlə, xəstəni çox narahat etmişdir. Səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə müraciəti əsasında cavabdehin göndərdiyi mühəndis yenidən xəstəxanaya gəldi və avadanlıqda əlavə düzəliş və tənzimləmələr etdi. Lakin tibbi avadanlıqda aşkar olunan qüsurlar yenə də aradan qaldırılmadı. Sonradan o, və digər ailə üzvləri bir neçə dəfə cavabdehin əməkdaşına zəng etsə də, o heç bir zəngə cavab verməmişdir. Həmin avadanlığın düzgün isləməməsi nəticəsində, yəni xəstənin ciyərlərinə yüksək təzyiqlə soyuq oksigen daxil olduğuna ğörə, həmin vaxt xəstənin vəziyyəti xeyli ağırlaşdı və bir necə gündən sonra dünyasını dəyişdi. Satılan malın tam qüsurlu olması, yəni standartlara cavab verməməsi, öz başına yanıb sönməsi, cavabdehin əməkdaşları tərəfindən avadanlığın qüsurlarının aradan qaldırılması ilə edilən cəhdlərin nəticə verməməsi ilə əlaqədar həmin qüsurlu tibbi avadanlığın mağazaya geri qaytarılması və ödədiyi pulun isə ona verilməsi barədə xx.xx.2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən ona verilmiş müvafiq sənədləri, o cümlədən satış qəbzini, satış fakturasını əlavə etmiş və poçt vasitəsilə cavabdehə göndərmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubunu, xx.xx.2021-ci il tarixdə isə elektron poçt vasitəsilə yenidən ərizəsini göndərmişdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna heç bir cavab verilməmiş, elektron poçtla xx.xx.2021-ci il tarixdə göndərilmiş cavabda isə qaldırılan məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsi barədə 3 iş günü ərzində məlumat veriləcəyi bildirilmişdir. Lakin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bundan sonra cavabdehdən aldığı “HiGH FLOW HİF RES 8” modelli avadanlığın qüsurlu olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il (daxil olma: M-394, xx.xx.2021-ci il), xx.xx.2021-ci il (daxil olma: İN-D/Y-30885/2021, xx.xx.2021-ci il), xx.xx.2021-ci il (daxil olma: İND/O-M- 1080/2021, xx.xx.2021-ci il), xx.xx.2022-ci il (daxil olma: İN-D/O-M-1080/2021/2, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M224, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M-258, xx.xx.2022-ci il; M-258/2, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M- 224, xx.xx.2022-ci il) tarixlərdə də şikayət ərizələri göndərilərək istelakçıya müvafiq sənədləri (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilmizə tərçümə olunmuş texniki pasportu (istifadə qaydası) və s.) olmadan mal satdığına görə, ona satdığı qüsurlu əşyanın geri alınaraq dəyərinin ona ödənilməsini və həmçinin cavabdehin yol verdiyi hüquq pozutusunun araşdırılmasını istəmişdir. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri barədə heç bir araşdırma aparılmamış və inzibati tənbeh tədbiri görülməmişdir. İstehlakçı hüquqlarının pozulması, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlarla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şikayət ərizələri göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi müraciəti ilə əlaqədar xx.xx.2022-ci il tarixli cavab məktubunda səlahiyyətləri daxilində bu məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində cavabdehin alınan malın geri qaytarılması barədə tələbini yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğunun müəyyən edilməsi bildirilmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 378/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh QSC arasında şifahi formada bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın Cavabdeh QSC-yə qaytarılması, həmin avadanlığa görə ödənilmiş 9.079 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manatın Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
10. Mübahisənin əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətdə olub-olmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, “X3” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylı mütəxəssis rəyi ilə Çin Xalq Respublikasına məxsus, “X10 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, halhazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir.
11. Bundan başqa, iddiaçının digər dəlillərindən biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli İN-X/O-7553/2022 saylı məktubu olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə göstərilənlərlə bağlı Nazirliyin səlahiyyətləri daxilində toplanmış materiallar əsasında aparılmış araşdırma nəticəsində "X8" QSC-nin aldığınız malın geri qaytarılması barədə tələbinizi yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericiliklə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğu müəyyən edilmişdir.”
12. Təqdim edilmiş malın gigiyenik məhsul olduğuna görə qaytarılmasının qeyrimümkün olmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir ki, həmin malların siyahısında cavabdehin istinad etdiyi dəlil nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, malın qaytarılmaması üçün göstərilən dəlil əsassızdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlandığı halda, sertifikat, müqavilənin bağlandığı tarixdən 3 aydan artıq müddətdən sonra xx.xx.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda, sertifikatdan, onun məhz iddiaçıya təqdim edilmiş avadanlığa dair verilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin sertifikat malın keyfiyyətinə dair mötəbər sübut hesab oluna bilməz.
14. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, mal cavabdeh tərəfindən satıldığından, onun lazımi keyfiyyətdə olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bu barədə hər hansı bir mötəbər sübut, o cümlədən iddiaçının təqdim etdiyi mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətli olmayan mal olması məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə predmeti olan malın qaytarılması və həmin mala görə ödənilmiş pulun qaytarılmasını tələb etməkdə haqlıdır.
16. İddia tələbinin mütəxəssis rəyinin alınması ilə bağlı xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan xx.xx.2022-ci il tarixli 308489 saylı kassa mədaxil orderindən göründüyü kimi, iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı “X3” MMC-yə 400 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 442, 567, 624.1, 624.3, 624.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya istifadəyə yararlı vəziyyətdə olan avadanlıq xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Mübahisə yarandıqdan sonra 1 il 4 aydan sonra məhkəmə iclas zalında avadanlığın işləməməsi cavabdehin qüsurlu əşya satması qənaətinə gəlməyə əsas vermir. Avadanlığın alındığı gün xəstənin müalicə aldığı Qobu Xəstəxanasına cavabdehin mütəxəssisləri tərəfindən aparılıb quraşdırılıb və işlək vəziyyətə salınıb. xx.xx.2021-ci il tarixdə xəstənin arvadının zənginə əsasən mütəxəssis dərhal xəstəxanaya gedib və yaranmış proqram təminatı ilə bağlı tələbi aradan qaldırıb. Proqram təminatı aparata yalnız o tələb etdiyi müddətdən sonra quraşdırıla bilər, o təminat isə Çin dövləti tərəfindən təqdim edilir və nəticədə mütəxəssis tərəfindən aparata quraşdırılır. Bu hal aparatın texniki nasaz olması deyil, aparatın işləmə mexanizminin bu cür qurulması səbəbindəndir. Cavabdehin mütəxəssisi 15 dəqiqə də orada oturduqdan sonra aparatın nöqsansız işləmə qaydasını izləmiş və xəstənin arvadına mexanizmi başa salaraq oranı tərk etmişdir. Xəstənin arvadı tərəfindən mühəndisə xx.xx.2021-ci il tarixdə zəng edilmiş və xəstənin öldüyü bildirilərək aparatın satılmasında kömək istəmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən aparat cavabdehin yerləşdiyi ünvana gətirilmiş və guya ki, onun işləməməsi səbəbindən xəstənin ölməsi cavabdehə ittiham olunmuş və aparatın geri qaytarılması tələb edilmişdir. Lakin, müəssisənin mütəxəssisləri tərəfindən aparat yerində də servis otağına aparılmış və quraşdırılmış, tam işlək vəziyyətdə olması iddiaçıya sübut olunmuş və iddiaçı aparatı özü ilə geri götürərək getmişdir. Sonradan iddiaçı sakitləşməyərək rəsmi olaraq mübahisəni davam etdirməyə başlamışdır. İddiaçı mərhum öldükdən sonra avadanlıq lazım olmadığı üçün qaytarmaq qərarına gəlmiş, çünki aparatın işlək vəziyyətdə və yaxud qüsurlu vəziyyətdə olduğu halda belə iddiaçı onun pulunu deyil, aparatın digəri ilə dəyişdirilməsini tələb etməli idi, pulu yox. Lakin, iddiaçının hərəkətlərindən də aydın olur ki, əvvəldən də onun təmir olunması və yaxud əvəz edilməsində marağı olmamış və verdiyi pulun geri qaytarılmasını iddia etmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, cavabdehin malın geri qaytarılmaması səbələrindən biri olaraq malın gigiyenik məhsul olmasını göstərmişdir. Məhkəmə isə qeyd edir ki, AR NK-nin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısında cavabdehin istinad etdiyi dəlillər nəzərdə tutulmamışdır. Lakin həmin siyahıda göstərilir ki, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.) dəyişdirilməli olmayan mallardır. Siyahıda şəxsi gigiyena əşyaları sadalanarkən “və s.” göstərilməklə həmin əşyaların dairəsi məhdudlaşdırılmır. Pandemiyanın ilk başladığı vaxtlarda qəlyanların istifadəsi qadağan olunmuş, daha sonra məhdudiyyətlərin yumşaldılması zamanı da restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilsə də, yeganə xidmət olan qəlyan avadanlıqlarından istifadə edilməsi bərpa edilməmişdir. Çünki, baxmayaraq ki, onun istifadəsində hər bir istifadəçiyə başlıq ayrıca verilir, nəfəs borusuna çəkilən turba hamıda eynidir, bu o deməkdir ki, virusun yayılmasına birbaşa səbəb ola biləcək bir vasitə/əşyadır. Buda bir daha sübut edir ki, həmin həssas dövrdə mağazanın ağır COVİD xəstəsi olan şəxsin istifadə etdiyi avadanlığın məhs gigiyenik baxımından təhlükəli olduğundan geri qaytarması qeyri-mümkün olardı. Lakin, hazırkı halda isə, onun geri qaytarılmasına ümumiyyətlə əsas yox idi, çünki aparatın normal işlək vəziyyətinə gətirilməməsi, xəstənin qohumların aparatdan düzgün istifadə etməməsi səbəb olmuşdir. Hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında olan şifahi razılıq əsasında bağlanan müqaviləyə əsasən, cavabdeh avadanlığı iddiaçıya təhvil vermiş, iddiaçı da avadanlığın haqqını cavabdehə ödəmişdir. Avadanlıq isə istifadəyə yararlı olmuş, sadəcə xəstənin qohumları onu xəstəxanada işlək vəziyyətinə düzgün salmamışlar və yaxud belə qənaətə gəlmək olar ki, xəstə vəfat etdiyindən bunu qəsdən etməmişlər ki, aparatın güya qüsürlu olması səbəbindən onu gələcəkdə geri qaytarıb pulunu ala bilsinlər. Cavabdeh tərəfindən öhdəlik tam yerinə yetirilmiş, hər hansı pozuntu olmamışdır. Hətta xx.xx.2021-ci il tarixdə avadanlıq fiziki olaraq müəssisəyə gətirilmiş və servis xidmətinə təhvil verilərək yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Bunu görən iddiaçı orada səs-küy salaraq onun ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də, müəssisənin mühafizəçisi tərəfindən Polis orqanına zəng vurulmuş və ərazi üzrə polis əməkdaşları gəlib iddiaçını oradan uzaqlaşdırmışlar. Eləcə də, iddiaçı müəssisədən çıxarkən özü ilə avadanlığı geri götürüb aparmışdır. Belə olan halda, ortaya bir sual çıxır, “Əgər aparat qüsurlu idisə, o zaman onu nə üçün iddiaçı geri götürdü apardı? Qüsürlü aparatı necə və kim üçün istifadə edəcəkdi?”. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı işdə tərəflər arasında isə bu kimi hallar mövcud olmamışdır. Belə ki, iddiaçı tərəfindən avadanlıq alınmış, proqram təminatı ilə bağlı problem növbəti gün cavabdeh tərəfindən həll edilmişdir. Yəni, iddiaçıya heç bir əhəmiyyətli dərəcədə ziyan vurulmamışdır. İddiaçı avadanlığı xəstəsinin ağır xəstəlikdən müalicəsi üçün almışdır. Lakin xəstə vəfat etmiş, cavabdeh buna görə avadanlığı təyinatı üzrə sonrakı günlərdə istifadə etməmişdir. Xəstənin vəziyyəti ağır olduğu üçün o, vəfat etmişdir. Lakin xəstə sağ olduğu vaxt avadanlıq ona qoşulmuşdur. Pandemiyanın ele bir mürəkkəb dönəmində ağır xəstə üçün istifadə edilən avadanlığın qaytarılması qanunsuzdur. Dövlətin də pandemiya başladığı andan əsas məqsədi insanların sağlamlığını qorumaq idi. Həmin aparatın geri qaytarılaraq (ilk öncə iddiaçı aparatı əri vəfat etdiyi üçün qaytarmaq istədiyinin bildirmiş, mağaza razılaşmadıqdan sonra xarab olması ilə əlaqədar iddialar irəli sürmüşdü) başqasına satılması dövlət siyasətinə ziddir. Birincisi, məhkəmə AR Mülki Məcəlləsinin 624.1.1-ci maddəsinin-keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin-bəndinə istinad edilə bilməz, çünki mal tam keyfiyyətli və standartlara cavab verəcək mal olmuşdur. Belə ki, mal tam keyfiyyətli olmuş, və bunu sübut edəcək malın ölkəyə gətirilməsinə icazə verən xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4” X12 tərəfindən verilın Razılıq Məktubu, eləcə də, X11 Technology Co.Ltd şirkətinə verilmiş Mənşə Sertifikatı və Texniki Pasport mövcuddur. Qeyd etmək lazımdir ki, bu mal Türkiyənin CENTER Tibb Ürünləri şirkəti tərəfindən cavabdehə satılmış və satılmasına dair xx.xx.2020-ci il tarixli hesab faktura və ölkəyə gətirilməsinə dair xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi mövcud olmuşdur. Ən acınacaqlısı odur ki, məhkəmə qətnamə qəbul edərkən, iddiaçının özü tərəfindən tapılmış və sifariş edilmiş “X3” MMC-nin xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinə istinad edilmişdir. Halbuki, həmin mütəxəssis ümumiyyətlə tibbi avadanlıqlar üzrə ekspert deyil, daşınmaz əmlaklar üzrə ekspert qismində sertifikatlaşdırılmış bir şəxsdir. Həmçinin, ekspert rəyinə nəzər salsaq, oradan da müəyyən etmək olar ki, rəydə göstərilən şəkillərdə aparat işlək vəziyyətdə olmuş və ekspert həmin şəkilləri rəyin içinə əlavə edib qeyd edir ki, aparat işlək vəziyyətdə deyil. Aparat necə işlək vəziyyətdə deyil ki, ekranda yazılar var və müəyyən mexanizmin işə salınmasını tələb edir? Bu rəydən də görünür ki, həm mütəxəssis qeyripeşakardır, həm də özü öz rəyi ilə təsdiq edir ki, aparat xəstəxanada olarkən işlək vəziyyətində olub, lakin, mütəxəssisə 1 il 4 aydan sonra təqdim olunanda çalışmayıb. Əlbətdəki, bir avadanlıq 1 il 4 ay işlədilməsə və hansı şəraitdə bu müddət ərzində saxlanılsa işləməz. Ümumiyyətlə, ekspert o aparatın məhs iddiaçı tərəfindən 1 il 4 ay özündə saxladıqdan sonra onun hansısa bir xüsusatının qəsdən sındırılmaması və yaxud korlanmamasına əmindir? İkincisi, məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin 624.1.3-ci maddəsinin “malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılması” bəndinə istinad edilə bilməz – çünki, bu hal cavabdeh tərəfindən dərhal xx.xx.2021-ci il tarixdə icra edilmiş və aparat işlək vəziyyətə gətirilmişdir. Həmçinin, qətnamədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci iltarixli İN-X/O7553/2022 saylı məktubuna istinad etməsi tam olaraq əsassızdır. Belə ki, həmin məktubda guya cavabdehin öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarının pozulmasına istinad etməsi Nazirlik tərəfindən birmənalı qərar kimi qiymətləndirilməli və əsas kimi götürülməməli idi. Çünki, həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəmə gedişi zamanı və şahid ifadələrindən də göründüyü kimi, aparata dərhal müdaxilə edilmiş və proqram təminatı yüklənmiş, eləcə də, aparat xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin müəssisəsinə yoxlama üçün gətirilmiş və servis xidmətində müayinə keçirilərək tam işlək vəziyyətdə olması sübuta yetirildikdən sonra iddiaçı tərəfindən geri götürülmüş və aparılmışdır. Üçüncüsü, məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin 624.4-ci maddəsinin “Bu Məcəllənin 624.1.1-ci və 624.1.3 maddələrində göstərilən tələbləri irəli sürmək, əvəzinə alıcı, pərakəndə alqı-satqı müqavilənin icrasından imtina edə bilər, və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər” hissəsinə istinad edilməsi əsassızdır – belə ki, bu maddə satıcı tərəfindən mal keyfiyyətsiz verildikdə və qüsurlar aradan qaldırılmadıqda şamil edilir. Lakin hazırkı mübahisə üzrə mal satılarkən hər hansı qüsur olmadığından və aparata təxirə salınmadan proqram təminatı yükləndiyindən bu hala istinad edilməsi qanunsuz və əsassızdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu maddə hazırkı halda qətnamədə ümumiyyətlə yer almamalı idi, çünkü hazırki məsələdə alıcı sifariş verib, pul ödəyib, satıcı isə tam keyfiyyətli malı alıcıya satıb. Bundan əlavə, məhkəmə tərəfindən ekspert rəyinə obyektiv, hərtərəfli olaraq baxılmamışdır. Həmin rəyə istinad edilməsi əsassızdır. Belə ki, ekspertlərdən biri Daşınmaz əmlak növlərinin (mənzil, fərdi yaşayış evi, torpaq, qeyri-yaşayış sahələrinin) qiymətləndirilməsi, digər ekspert isə maşın və avadanlıqların qiymətləndirilməsi sahəsində ixtisalaşmışdır. Nəzərə alsaq ki, mübahisəli avadanlığın daxili quruluşu, proqram təminatı ilə əlaqədar məsələlərin yuxarıdakı sahələrə heç bir aidiyyatı yoxdur, demək ki, rəyin nə dərəcədə doğru olması mübahisəlidir. Cavabdeh ekspertizanın keçirilməsində iştirak etmək istəsə də, ona xəbər verilmədən ekspertiza keçirilmişdir. Bu da kobun qanun pozuntusudur. Məhkəmə iddiaçının qohumunun ölümü ilə bağlı şəhadətnamə tələb etməmişdir. Məhkəmə tərəfindən mobil operator şirkətinə sorğu yazılmalı və həmin müddətdə tərəflər arasında zənglərin siyahısı çıxarılmalı idi. Lakin, bu addımlardan heç birini hakim etməmiş və sadəcə iddiaçının dediklərinə əsaslanaraq qətnamə qəbul etmişdir. Qanunvericilikdə tibbi avadanlıqlar üçün uyğunluq sertifikatının alınması kimi bir tələb yoxdur və məhkəmə bunu cavabdehdən tələb edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən birinci dəlil ondan ibarət olmuşdur ki, avadanlığın cavabdehə geri qaytarılması əsassızdır və cavabdehin sahibkar fəaliyyətinə xələl yetirir və onun ölkədə bu illər ərzində yığdığı imic və nüfuzunu aşağı salır. Onunla bağlı qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə saat 17:45 nağd şəkildə avadanlığı əldə etmiş və dərhal malın kassa çekini və sertifikatını (uyğunluq və mənşəyi) istəyəndə, cavabdeh iddiaçıya kassa çekini vermiş, sertifikatla bağlı isə sertifikatların rəisdə olması və iş günü bitdiyi üçün növbəti iş günü təqdim edəcəyini bildirmişlər. Sonradan məlum olur ki, həmin avadanlığın heç bir sənədi mövcud deyil. Bəs necə olur ki, satanda mənşəyi bilinməyən avadanlıq onların nüfuzuna xələl gətirmir? Apellyasiya şikayətinin ikinci dəlili o olmuşdur ki, cavabdeh bildirir ki, avadanlıq 1 il 4 ay qaldıqdan sonra məhkəməyə verilir və qeyd edir ki, xəstə dünyasını dəyişdikdən sonra avadanlıq ona lazım olmadığı halda iddiaçı cavabdehdən xahiş etmişdir ki, avadanlığınızı geri götürün. İddiaçının xəstəsi avadanlıq aldıqdan bir ay sonra dünyasını dəyişmişdir. O isə avadanlığın dəyişdirilməsinin və ya geri qaytarılmasını avadanlığı aldıqdan bir gün sonra bildirmişdir. Məhkəməyə 1 il 4 aydan sonra müraciət etməyinin səbəbi isə müxtəlif dövlət və hökümət orqanlarına müraciət etdikdən sonra məhkəmə orqanlarına müraciət etməsidir. Apellyasiya şikayətinin üçüncü dəlili ondan ibarət olmuşdur ki, cavabdeh AR Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 saylı qərarına istinad edərək həmin avadanlığın gigiyenik məhsul olmasını göstərmişdir və geri qaytarılmalı vəya dəyişdirilməli olmayan mallardan hesab edir. Çox təəssüf ki, cavabdeh satdığı 9.079 manatlıq oksigen cihazını, gecə klubunda istifadə olunan qəlyanla bir tutur. Qəlyan, kafelər, şadlıq saraylar, çayxanalar və s.i istiragət zonalar istifadə olunan yerlərdə insanların sıx toplandığı məkan olduğundan Nazirlər Kabineti tərəfindən qadağa qoyulmuşdur. Bəs onda dövlətimiz tərəfindən istifadəyə verilmiş onlarla modul tipli xəstəxanalarda hər dəfə yeni yoluxmuş COVİD xəstələrinə yeni avadanlıq verirdilər? Absurd bir yanaşmadır. Apellyasiya şikayətinin dördüncü dəlili onu deyir ki, cavabdeh AR Mülki Məcəlləsinin 385-ci maddəsinə əsaslanaraq bildiri ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında olan şifahi razılıq əsasında bağlanan müqaviləyə əsasən cavabdeh avadanlığı iddiaşçıya təhvil vermiş, iddiaçıda avadanlığın haqqını cavabdehə ödəmişdir, avadanlıq isə istifadəyə yararlı olmuş, sadəcə xəstənin qohumları onu xəstəxanada işlək vəziyyətinə düzgün salmamışlar və yaxud belə qənaətə gəlmək olar ki, xəstə vəfat etdiyindən bunu qəsdən etməmişlər ki, aparatın guya qüsurlu olması səbəbindən onu gləcəkdə geri qaytarıb pulunu ala bilsinlər. Necə olur ki, yeni avadanlıq heç bir gün olsa da normal işləməyib. Cavabdehin mütəxəssisi gəlib müvəqqəti qüsuru aradan qaldırandan sonra nə səbəbdən təmir etdiyi avadanlığın aktını bağlamayıb və qarşı tərəfə imza atdırmayıb, heç zəmanət kartını da verməyib. İddiaçının qohumu saxta avadanlıq aldıqdan bir ay sonra, yəni xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı isə həmin şirkətə xx.xx.2021-ci ildə malın qaytarılması üçün müraciət etmişdir. Təmirdən sonra dəfələrlə mütəxəssisə zəng edərək avadanlığın işləməməsini bildirmişlər, o isə sonradan heç telefonu da götürməmişdir. Beşinci dəlil ondan ibarətdir ki, cavabdeh bildirir ki, guya iddiaçı gəlib həmin mağazaya səs-küy salmış və pulunu onlardan tələb etmişdir. Cavabdehin bu dedikləri yalandır, belə ki, həmin epizodun videogörüntüsü işin materiallarına əlavə edilmişdir. İddiaçı sivil qaydada mağazaya daxil olanda onlardan pretenziya məktubunu götürməyi xahiş etmişdir. Onlar isə heç məktuba yaxın durmadan səs-küy yaradaraq polis çağırmaga başlamışlar. Polis gəldikdən sonra onu heç bir qanun pozuntusu etmədiyi üçün heç bir inzibati örotokol tərtib edilməmişdir. Altıncı dəlil ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, İN-X/07553/2022 saylı məktubundan narazılığını bildirir. Belə ki, iddiaçının həmin saysız hesabsız müraciətləri, nəhayət ki, İqtisadiyyat Nazirliyi tərəfindən 3 aydan çox ətraflı araşdırıldı və cavab məktubunda bildirildi ki, cavabdeh iddiaçının aldığı malın geri qaytarılması barərə tələbini yerinə yetirməməklə habelə malın keyfiyyəti ilə mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericiliklə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğu müəyyən edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, avadanlıq düzgün istifadə edilməməsi nəticəsində xarab olmuşdur. Şirkətin iş prinsipi odur ki, avadanlıqlarda hər hansı problem aşkar olunduqda, dərhal mütəxəssislər tərəfindən satıcı şirkət ilə əlaqə saxlanılır, problem aradan qaldırılır. İddiaçıya satılmış avadanlıqla da bağlı dərhal satıcı şirkət ilə əlaqə saxlanılmış, bundan sonra avadanlığın proqram təminatı yenilənmişdir. Verilmiş mütəxəssis rəyi ilə razıdır, çünki iddiaçı mütəxəssislərə nöqsanların aşkar edilməsinə şərait yaratmamışdır.
24. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, avadanlıq 1 illik zəmanətlə satılmış, bütün zəruri gömrük sənədləri, sertifikatı olmuşdur. Verilmiş mütəxəssis rəyi ilə razıdır.
25. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh avadanlığı yoxlayarkən avadanlıq işləyib dayanırdı. Bildirdilər ki, ofisdə yüksək təzyiq üçün uyğun şərait yoxdur. Kiçik balonla yoxladılar və işlədiyini bildirdilər. Lakin avadanlıq işləmədi və səsi belə gəlmədi. Avadanlığın gömrük sənədləri, mənşə sertifikatı yoxdur. Məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması üçün avadanlıq "xxxx" ASC-yə göndərilsə də, həmin ASC-də oksigen istehsalı və satışı həyata keçirilir, onlarda avadanlığı yoxlamağa şərait yoxdur. Orada müxtəlif məişət avadanlıqlarını təmir edirlər. Mütəxəssislərin də zəruri təhsil sənədləri, sertifikatları yoxdur. Ona görə avadanlığın açılmasına icazə verməmişdir. Avadanlıq xəstəxanada cavabdehin öz əməkdaşları tərəfindən quraşdırılmış və təhvil verilmişdir. Onun həmin sahəyə girişi olmamışdır, ona görə avadanlığa müdaxilə edə bilməzdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı deyil, çünki mütəxəssis tərəfindən qüsurların istehlak və ya istehsal xarakterli olduğu müəyyən edilməmişdir. Avadanlığın qüsuru zavod qüsuru olmuşdur, çünki avadanlıq satıldıqdan bir gün sonra avadanlığın proqram təminatı yenilənmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Maddə 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
28. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 7.2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Maddə 7.3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Maddə 14.4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”: Bənd 5.52. İstehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər: Bənd 5.52.1. keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini; Bənd 5.52.2. satış qiymətinin uyğun məbləğdə azaldılmasını; Bənd 5.52.3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; Bənd 5.52.4 malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini; Bənd 5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Bənd 5.53. İstehlakçı texniki mürəkkəb və ya bahalı malların keyfiyyətində mühüm qüsurlar (məqsədli təyinatı üzrə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilinməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, yaxud aradan qaldırıldıqdan sonra qüsurları yenidən üzə çıxan mal (iş, xidmət) aşkar edərsə, onun lazımi keyfiyyətli malla əvəz edilməsi tələbini irəli sürə bilər. Bənd 5.58. Malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin mahiyyətinə əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixdə 9.079 manat ödəməklə 1 il zəmanəti olan tibbi avadanlıq almış, avadanlıqda yaranmış nasazlıqla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən növbəti gün avadanlığın proqram təminatı yenilənmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı avadanlığı cavabdehin fəaliyyət göstərdiyi ünvanına gətirmiş, orada cavabdeh tərəfindən avadanlıq yoxlanılaraq qüsursuz olduğu bildirilmişdir.
35. İşdən həmçinin görünür ki, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə cavabdehə pretenziya məktubu göndərmiş, eyni zamanda elektron poçt vasitəsilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsilə iddiaçıya cavab olaraq bildirilmişdir ki, “qaldırılan məsələ ilə bağlı hal-hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi sizə 3 iş günü ərzində bildiriləcəkdir”.
36. Yuxarıda istinad olunan qanunun tələbinə əsasən, zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir.
37. İşdən göründüyü kimi, iddiaçı malın keyfiyyəti ilə bağlı şikayətlə yazılı formada cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq malın ekspertizaya göndərilməsi həyata keçirilməmişdir. Belə ki, yalnız cavabdehin öz əməkdaşları avadanlığı yoxlamış və qüsurların olmadığını şifahi formada iddiaçıya bildirmiş, hər hansı əsaslandırılmış ekspertiza rəyini iddiaçıya təqdim etməmişlər. Qanunvericiliyin tələblərinə əsasən istehlakçının ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
38. O da qeyd edilməlidir ki, iddiaçı tibbi avadanlığı pandemiya dövründə qohumunun həyatda qalması üçün almış və avadanlığa görə cavabdehə yüksək məbləğdə ödəniş etmişdir. Bunu nəzərə alaraq cavabdeh məsələnin araşdırılmasına daha məsuliyyətli və vicdanla yanaşmalı idi. Belə ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinin subyektləri üzərinə öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək öhdəliyi qoyur.
39. Nəzərə alınmalıdır ki, tibbi avadanlıqlar xüsusi təyinatlı avadanlıqlar olmaqla onların ekspertizası da bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən keçirilməlidir. Ekspertizanın keçirilməsi vəzifəsini isə qanunvericilik cavabdehin üzərinə qoyur.
40. Məhkəmə kollegiyası hesab edir ki, bir halda ki, cavabdehin iddiaçıya satılmış avadanlığın proqram təminatının yenilənməsi ilə bağlı həmin avadanlığın istehsalçısına müraciət etmək imkanı olmuş və həmin proqram təminatını əldə etmiş, cavabdeh həmin avadanlığın qüsurlu olub-olmaması ilə bağlı da məsələləri aydınlaşdıra, bununla bağlı avadanlığın istehsalçısının əsaslandırılmış rəyini iddiaçıya təqdim edə bilərdi.
41. Bundan başqa, işdə olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “X3” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylı mütəxəssis rəyində, həmçinin işə apellyasiya qaydasında baxılarkən məhkəmənin qərardadına əsasən əldə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sözügedən avadanlığın xarici görünüşündə heç bir qüsur (əzik, cızıq, deformasiya izləri) aşkar olunmamışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, avadanlığın üzərində hər hansı qüsurun olmaması, yəni iddiaçı tərəfindən ona hər hansı müdaxilənin edilməməsi, alındığı gündən sonra işləməsində problemin yaranması, cavabdeh tərəfindən avadanlığın qüsurlu olubolmaması ilə bağlı ekspertizanın keçirilməsindən yayınması onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış avadanlıq qüsurlu olmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan sənədlərə əsasən iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pozulmuş hüquqlarının bərpası ilə bağlı bir neçə ay davamlı olaraq aidiyyəti dövlət qurumuna müraciətlər etmiş, lakin hüquqlarının bərpasına nail ola bilməmişdir.
44. Bundan başqa, qanunvericiliyin tələbinə görə istehlakçı müqavilə ilə müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi və ya müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.
45. Cavabdeh apellyasiya şikayətində bildirir ki, aparatın işlək vəziyyətdə və yaxud qüsurlu vəziyyətdə olduğu halda belə iddiaçı onun pulunu deyil, aparatın digəri ilə dəyişdirilməsini tələb etməli idi.
46. Halbuki, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya satılmış tibbi avadanlıq şəxsi gigiyena əşyasıdır və qanunvericiliyin tələbinə əsasən dəyişdirilə bilməz.
47. Məhkəmə kollegiyası bu dəlil ilə razılaşmayaraq qeyd edir ki, əksər tibbi avadanlıqlar diş fırçaları, daraqlar, biqudilərdən fərqli olaraq, bir neçə şəxslərə xidmət edilməsi üçün nəzərdə tutulur (tibb müəssisələrində süni nəfəs aparatları, stomatoloji avadanlıqlar və s.) və şəxsi gigiyena əşyaları ilə eyniləşdirilə bilməz.
48. Məhkəmə apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ona xəbər verilmədən ekspertizanın keçirildiyini bildirsə də, işdən məhkəmə tərəfindən hər hansı ekspertizanın keçirildiyi müəyyən edilmir. İş materiallarına iddiaçının qohumunun ölümü ilə bağlı şəhadətnamə əlavə edilmiş, birinci instansiya məhkəməsində mobil operator şirkətinə tərəflər arasında olan zənglərlə bağlı sorğunun verilməsi barədə cavabdeh tərəfindən hər hansı vəsatət verilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
50. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 378/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Vahid Sadıqov