Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3398/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili Vəkil4, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh4 və onun vəkili Zamiq Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil İddiaçı, ondan əvvəl isə Anna Qavrilkeviçə məxsus olub. Anna Qavrilkeviç mənzili İddiaçı vəsiyyət edib və 2018-ci ilin iyul ayında vəfat edib. İddiaçı bildirdiyinə görə Anna Qavrilkeviç yaşlı qadın olub və heç kimi olmayıb. O, Anna Qavrilkeviçin müalicəsi üçün şəxsi pulu ilə dərman alıb, onun mənzilində təmizlik işləri görüb, onunla eyni ünvanda yaşayaraq ona qulluq edib və qayğı göstərib. Anna Qavrilkeviç özü ev şəraitində vəsiyyətnamə yazaraq mənzili ona vəsiyyət edib. Bu məlumatlar ittiham aktında əks olunub (cild 2, iş v. 47). İddiaçı ittiham aktının aid olduğu cinayət işi üzrə şahid kimi ifadə verib. İddiaçı mülkiyyətçi olduqdan sonra 2 müqavilə bağlanıb. 1-ci müqavilə 21.04.2020-ci ildə satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanıb. Həmin müqaviləyə görə mənzil 39.000 manata alqı-satqı edilib. Müqaviləni satıcının adından onun etibarnamə üzrə nümayəndəsi - Cavabdeh1 bağlayıb. Belə ki, 21.04.2020-ci ildə İddiaçı Cavabdeh1 etibarnamə verib, bu etibarnamənin əsasında həmin gün Cavabdeh1 Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayıb. Cavabdeh1 və Cavabdeh2 bacı-qardaşdırlar. Etibarnamənin verilməsi ilə alqı-satqı müqaviləsinin bağlanmasının arasında 3 saat 32 dəqiqəlik zaman fərqi var. Etibarnamə 21.04.2020-ci ildə, saat 12:56da 21 saylı Notariat Ofisində verilib, alqı-satqı müqaviləsi isə həmin gün saat 16:28-də 51 saylı Notariat Ofisində bağlanıb. Bu müqavilənin əsasında Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. 2-ci müqavilə 1-ci müqavilədən 39 gün sonra - 30.05.2020-ci ildə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh4 arasında bağlanıb. Həmin müqaviləyə görə mənzil 50.000 manata alqı-satqı edilib. Müqaviləni satıcının adından onun etibarnamə üzrə nümayəndəsi Fuad İslamov bağlayıb. Etibarnamə müqavilənin bağlanmasından 4 il əvvəl – 23.05.2016cı ildə verilib. Bu müqavilənin əsasında Cavabdeh4 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, hər 2 alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, həmin müqavilələrin əsasında dövlət reyestrində aparılmış qeydlər və verilmiş reyestr çıxarışları ləğv edilsin. Tələb onunla əsaslandırılıb ki, müqavilə formal olaraq bağlanıb və aldatma nəticəsində bağlanıb, formallığı süni şəkildə ört-basdır etmək və mülkiyyətçini dəyişməklə “izi” itirməyə hesablanıb. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, hər 2 müqavilə etibarsız hesab olunsun və həmin müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin. Qətnamə onunla əsaslandırlıb ki, 1-ci müqavilə aldatma nəticəsində bağlandığına görə etibarsız əqddir, 1-ci müqavilə etibarsız olduğuna görə onun hüquqi nəticəsi kimi 2-ci müqavilə əhəmiyyətsiz əqddir. Şikayət və izahatlar: Apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil4, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh4 və onun vəkili Zamiq Hüseynov apellyasiya şikayətlərinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Mübahisələndirilən müqavilələr barədə məhkəmə aşağıdakıları qeyd edir: 1-ci müqavilə barədə: Bu alqı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi, əqdin uydurma olduğunu müəyyənləşdirən əsas əlamət “niyyət”dir. Alqı-satqı müqaviləsində satıcının niyyəti əşyanı alıcının mülkiyyətinə vermək, alıcının niyyəti isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməkdir. Mübahisənin düzgün həlli üçün tərəflərin belə niyyətinin olubolmadığı müəyyənləşdirilməlidir. Bu zaman iki niyyət fərqləndirilməlidir: ümumi niyyət və müqavilədəki niyyət. 1-ci müqavilə üzrə satıcı İddiaçı mənzili satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur. Onun özü belə niyyətinin (ümumi niyyət) olduğunu və bu məqsədlə etibarnamə verdiyini iddia ərizəsində etiraf edib. Lakin satıcı müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlayıb. Təmsilçiliyin anlayışı nəzərə alınmaqla satıcının niyyəti (müqavilədəki niyyət) yalnız onun özünün deyil, həm də nümayəndənin niyyətinə əsasən müəyyənləşdirilir. Əqdin uydurma olub-olmadığı məhz müqavilədəki niyyətə əsasən təyin olunur. Satıcının mənzili satmaq niyyəti (ümumi niyyət) olsa da, nümayəndənin niyyəti (müqavilədəki niyyət) mənzili öz qardaşına satmaq olmayıb. O cümlədən nümayəndənin qardaşının (alıcının) müqavilədəki niyyəti mənzili almaq olmayıb. Bacı-qardaşın müqavilədəki niyyəti satıcıya əvəz ödəmədən mənzili onun mülkiyyətindən çıxartmaq olub. Bu məqsədlə əvvəlcə aldatma yolu ilə bacının adına etibarnamə alınıb, daha sonra isə etibarnamədən istifadə edilməklə bacı-qardaş arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanıb. Etibarnamənin aldatma nəticəsində alındığı göstərilənlərlə təsdiq olunur: Birinci: Təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh1 etibarnamə verilənə qədər birbirlərini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz mənzilini satmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Təmsil edilən İddiaçı əks tərəflə Natiq Məmmədov (26 saylı MKİS-nin keçmiş rəisi) əlaqələndirib, o, isə dələduzluqda ittiham olunub. Belə ki, İddiaçı əvvəlki apellyasiya icraatında iştirak edərkən verdiyi izahatında bildirib: “Mənzil İstismar Sahəsinin rəisi Natiq mənə dedi ki, evin satılmasını mənə həvalə et, mən bütün məsələləri həll edəcəm. Mən də ona inandım və etibarnamə verdim. Hətta Vüsalə dedi ki, qorxma mən sənə kömək edəcəm” (cild 2, iş v. 29). Bundan başqa, İddiaçı 26 saylı MİKS rəisi Natiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə həyata keçirilən cinayət təqibi zamanı şahid qismində dindirilib. İttiham aktından görünür ki, İddiaçı mənzilin əvvəlki mülkiyyətçisi Anna Qavrilkeviçin ölümündən sonrakı vəziyyəti belə təsvir edib: “... Bundan sonra 26 saylı MKİS-nin rəisi Natiq Məmmədov onu Annanın MKİS-nə olan borclarına görə iş yerinə dəvət etmişdir. O, təxminən 10 gündən sonra Natiq Məmmədovun yanına getdikdə sonuncu ona həmin mənzilin səndlərinin düzəldilməsinə və satılmasına köməklik edəcəyini bildirmişdir. O da Natiqə MKİS-nin rəisi vəzifəsində işlədiyi üçün inanmışdır” (cild 2, iş v. 47). 1-ci müqavilə üzrə alıcı Cavabdeh2 da Natiq Məmmədovun adını çəkir. Belə ki, o, əvvəlki apellyasiya icraatında qəbul olunmuş qətnamədən verdiyi kassasiya şikayətində qeyd edib: “...Mənzil İstismar Sahəsinin rəisi Natiq adlı şəxslə tanış olmuşam. Natiq mənə tanışının – iddiaçının mənzilini satdığını, müştəri tapılması üçün maklerlərlə yanaşı ona da müraciət etdiyini bildirmişdir.” (cild 2, iş v. 87). Natiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibi həyata keçirilir. İttiham aktından (cild 2, iş v. 55) görünür ki, ona qarşı irəli sürülmüş ittihamlardan biri belədir: O, 26 saylı MKİS-nin rəisi işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədilə ələ keçirmək üçün Nizami rayonu, Naxçvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzillin (hazırkı mübahisənin aid olduğu mənzilin) sahibi Anna Qavrilkeviçin ölməsindən istifadə edərək həmin mənzili Anna Qavrilkeviçin varisi vasitəsilə Könül Əskərovaya hissə-hissə ödəmək şərtilə 45.000 manata satacağına dair yalan vəd verib aldatmaqla 2019-cu il yanvar-mart aylarında 25.000 manat pulunu ələ keçirib zərər çəkmiş Könül Əskərovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təmsil edilən və nümayəndənin bir-birini tanımaması, onları əlaqələndirən şəxsin dələduzluqda ittiham olunması, dələduzluğun həm də mübahisə predmeti olan mənzillə bağlı olması etibarnamənin aldatma nəticəsində alındığını təsdiq edən sübutlardan biridir. İkinci: Təmsilçi Cavabdeh1 ilə müqavilənin əks tərəfi – alıcı Cavabdeh2 yaxın qohumluq münasibəti var. Cavabdeh tərəf bunu belə izah edir ki, satıcı İddiaçı özü şəxsən Cavabdeh2 ilə mənzilin alqı-satqısına dair razılığa gəlmiş, habelə satıcı İddiaçı alıcı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamaq üçün şəxsən 21 saylı Notariat Ofisinə gəlmiş, lakin notariat ofisində iş yükü çox olduğundan, İddiaçı isə karantin dövrünə uyğun olaraq alınmış SMS icazəsinin vaxtının bitməsinə az qaldığından, o, könüllü şəkildə Cavabdeh1, yəni mənzili ondan almaq istəyən şəxsin bacısına etibarnamə vermiş, alqısatqı müqaviləsi İddiaçı ilə razılaşdırılmış şərtlərlə həmin etibarnamənin əsasında bağlanmışdır. 21 saylı Notariat Ofisində iş yükü çox olduğundan etibarnamə verildikdən sonra alqı-satqı müqaviləsinin bağlanması üçün 51 saylı Notarait Ofisinə getmişlər. Bu məlumat həqiqətə uyğun deyil. Belə ki, əqd bağlanmasına qərar verildikdən sonra əqdin bir tərəfi əqdin digər tərəfinin – kontragentin yaxın qohumunu özünə nümayəndə təyin edirsə, bu, ona işarə edir ki, təmsilçilik həqiqi deyil, çünki qohumluq maraqları və təmsilçilik maraqları toqquşur. Cavabdeh tərəfin bildirdiyinə görə alqı-satqı müqaviləsi bağlanan gün Cavabdeh1 alıcı Cavabdeh2 qohumu kimi notariat ofisinə gəlib. “Qohum kimi gəlmə” bir davranış olaraq onu nümayiş etdirir ki, Cavabdeh1 öz qardaşının maraqlarından narahatdır və onun maraqlarını qorumaq üçün gəlib. Belə vəziyyətdə onun öz qardaşının qarşısında əks tərəfin maraqlarının təmsilçisinə çevirilməsi nümayəndəlik institutunun mahiyyətinə uyğun gəlmir. Bundan başqa, əgər belə hal olsayıdı İddiaçı mənzilin konkret şəxsə (Cavabdeh2), konkret məbləğə (39.000 manata) və qısa müddət daxilində (bir və ya bir neçə günə) satılması səlahiyyətini verdiyini etibarnamənin məzmununda qeyd edə bilərdi. Ancaq etibarnamənin məzmunundan görünür ki, o, 10 il müddətinə verilib, səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü qeyd olunub, o cümlədən mənzili yalnız satmaq deyil, bağışlamaq, dəyişmək və ipoteka qoymaq səlahiyyəti də etibar edilib. O cümlədən, etibarnamə verilməsinin səbəbini cavabdeh tərəf onunla izah edir ki, 21 saylı Notariat Ofisində iş yükü çox olmuşdur. Lakin bunun ardınca cavabdeh tərəf özü qeyd edir ki, 21 saylı Notariat Ofisində iş yükü çox olduğundan etibarnamə verildikdən sonra alqı-satqı müqaviləsinin bağlanması üçün başqa notariat ofisinə - 51 saylı Notarait Ofisinə getmişlər. Əgər müqavilənin rəsmiləşdirilməli olduğu notariat ofisi iş yükünün çoxluğuna görə iş yükü az olan notariat ofisinə dəyişdirilirdisə, belə halda məhz iş yükünün çoxluğuna görə etibarnamə alınmasına zərurət yox idi, satıcı da iş yükü az olan notariat ofisinə dəvət oluna bilərdi. Bundan başqa, həm müqavilənin, həm də etibarnamənin təsdiqi notariat hərəkətidir. 21 saylı Notariat Ofisinin iş yükünün çoxluğu bütün notariat hərəkətlərinin ləngiməsinə təsir etməli idi. Lakin etibarnamənin 21 saylı Notariat Ofisində təsdiq edilməsi onu göstərir ki, notariat hərəkətlərini ləngidən iş yükü olmayıb, alqı-satqı müqaviləsi də qısa müddətdə həmin notariat ofisində təsdiq oluna bilərdi. Bu, bir daha etibarnamənin aldatma nəticəsində alındığını təsdiq edir. Aldatmanın aşkar olunmaması üçün əvvəlcə (saat 12:56-da) 21 saylı Notariat Ofisinidə etibarnamə alınıb, 3 saat 32 dəqiqə sonra (saat 16:28-də) başqa notariat ofisində - 51 saylı Notariat Ofisində bacı-qardaş arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanıb. Üçüncü: Nümayəndənin satışdan əldə etdiyi pulu təmsil edilənə (satıcıya) verməməsi də onu təsdiq edir ki, etibarnamə aldatma nəticəsində alınıb. Belə ki, bacı-qardaşın bağladığı alqı-satqı müqaviləsi üzrə qardaşın depozit hesaba köçürdüyü 39.000 manatın bacı (nümayəndə) tərəfindən götürülməsi mübahisə doğurmur. Bunu apellyasiya icraatı zamanı bacı-qardaşın vəkilləri etiraf ediblər. Onlar bildiriblər ki, bacının (nümayəndənin) depozit hesabdan götürdüyü pul 1 gün sonra satıcıya verilib, lakin pulun verilməsi barədə heç bir səndələşmə (qəbz və s.) olmayıb. Satıcı tərəf ona pul verilmədiyini bildirir, bacı-qardaş isə pulun verildiyini təsdiq edən sübut təqdim edə bilmir. Ona görə də müəyyən olunur ki, pul təmsil edilənə (satıcıya) verilməyib. Təmsil edilənə satış pulunun verilməməsi faktı nümayəndənin öz öhdəliyini icra etməməsi kimi deyil, aldatma kimi qiymətləndirilir. Əgər təmsil edilənə satış pulunu verməmək qərarı etibarnamənin alınmasından sonra nümayəndədə formalaşsayıdı, bu, təmsilçiliklə bağlı öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli idi. Lakin satış pulunu verməmək qərarı etibarnamənin alınmasına qədər formalaşıb. Bu hal isə etibarnamənin aladatma nəticəsində alındığını təsdiq edir. Dördüncü: Nümayəndənin öz qardaşı ilə görünüş üçün uydurma alqı-satqı müqaviləsi bağlamasından 39 gün sonra qardaşın öz nümayəndəsi vasitəsilə yeni alqı-satqı müqaviləsi bağlayaraq mənzili 11.000 manat baha qiymətə (50.000 manata) başqasına satması da etibarnamənin aldatma nəticəsində alındığını təsdiq edir. Belə ki, mənzilin 39 gün ərzində 11.000 manat baha qiymətə özgəninkiləşdirilməsi onu təsdiq edir ki, nümayəndənin qardaşının həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacı olmayıb. O cümlədən nəzərə alınmalıdır ki, 39 gün ərzində mənzilin qiymətinin 28 faiz artmasına səbəb olan hal baş verməyib: daşınmaz əmlak bazarında qiymətlər artmayıb, mənzil əsaslı şəkildə təmir edilməyib və s. Məqsəd ondan ibarət olub ki, birinci, aldatmanın nəticəsi maddiləşdirilsin, yəni mənzilin dəyəri ələ keçirilsin, ikinci, mənzilin geri alınmasına maneə yaradılsın, yəni münasibətlərə vicdanlı əldə edən cəlb edilsin. Beləliklə, yuxarıda qeyd olunanlar onu təsdiq edir ki, etibarnamə aldatma nəticəsində alınıb və etibarnamədən istifadə olunmaqla bacı-qardaş arasında uydurma alıq-satqı müqaviləsi bağlanıb. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də alqı-satqı müqaviləsi etibarsız sayılmalı, onun nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməlidir. 2-ci müqavilə barədə: 1-ci müqavilə əsasında mənzil üzərində mülkiyyət hüququnun satıcı İddiaçı alıcı Cavabdeh2 keçməsi baş verməyib. Çünki həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır, Mülki Məcəllənin 337.4-cü maddəsində isə qeyd olunub ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Cavabdeh2 mülkiyyət hüququ olmadığına görə onun mənzil üzərində sərəncam vermək hüququ olmayıb. Mülki Məcəllənin 152.1-ci maddəsindən görünür ki, sərəncam hüququ mülkiyyətçiyə məxsus olan hüquqdur. Bu səbəbdən Cavabdeh2 bağladığı 2-ci müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalı, bu müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməlidir. 2-ci müqavilə üzrə alıcı Cavabdeh4 vicdanlı əldə edən olub-olmamasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, birinci, Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişi daşınar əşyalara aiddir. Həmin maddənin yerləşdiyi 9-cu fəslin 2-ci paraqrafı “Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi” adlanar. Daşınmaz əşyalara münasibətdə qanunvericilikdə belə norma yoxdur. İkinci, “vicdanlı əldə edən” institutunun məhkəmələr tərəfindən hüquqi əsas olmadan tətbiq edilməsi mülki dövriyyə iştirkçılarına bu institutdan sui-istifadə etməyə şərait yaradır. Yəni başqasının daşınmaz əşyasını qanunsuz əldə edən şəxs onun geri – qanuni sahibinə qaytarılmasına mane olmaq üçün qısa müddətdə yeni müqavilə bağlamaqla əşyanı özgəninkiləşdirir, bununla da münasibətlərə vicdanlı əldə edən cəlb edir. Hazırkı işdə belə hal baş verib: qanunsuz əldə edilən mənzil 39 gündən sonra özgəninkiləşdirilib. Üçüncü, alıcı Cavabdeh4 ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirsəyidi mənzilin mübahisəli olduğunu müəyyənləşdirə bilərdi. Belə ki, alqı-satqı üçün Cavabdeh4 təqdim edilən sənədlərdən (reyestr çıxarışından və etibarnamədən) aşkar görünürdü ki, mənzili satan şəxsin mülkiyyət hüququ 37 gün əvvəl (23.04.2020-ci ildə) qeydə alınıb və o, mənzili nümayəndə (Fuad İslamov) vasitəsilə satır. Bundan başqa, Cavabdeh4 mənzili ona satan şəxsdən tələb edə bilərdi ki, 37 gün əvvəl özünün həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olan müqaviləni təqdim etsin. Belə halda o, həmin müqavilənin məzmunundan müəyyən edə bilərdi ki, hazırda mənzili ona satan şəxsə mənzili əvvəlki mülkiyyətçinin (İddiaçı) nümayəndəsi satıb və həmin nümayəndə (Cavabdeh1) ilə mənzili hazırda ona satan şəxs (Cavabdeh2) eyni soyad və ata adını daşımaqla yaxın qohumudurlar. 2-ci müqavilə üzrə alıcı Cavabdeh4 ödədiyi 50.000 manat pul satıcı Cavabdeh2 alınaraq geri qaytarılmalıdır. Bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsində və Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli qərarının 6.10-cu bəndində müəyyən edilib. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də işin faktiki hallarını düzgün müəyyən etməyib və maddi hüquq normasını səhv tətbiq edib. Yəni məhkəmə müəyyən edib ki, 1-ci müqavilə aldatma yolu ilə bağlanıb, ona görə də Mülki Məcəllənin aldatma yolu ilə bağlanan əqdlərin etibarsızlığını müəyyən edən 339.2-ci maddəsi tətbiq edilməlidir. Əslində isə etibarnamə aldatma nəticəsində alınıb, daha sonra həmin etibarnamədən istifadə edilməklə uydurma əqd - 1-ci müqavilə bağlanıb. Ona görə də Mülki Məcəllənin uydurma əqdlərin etibarsızlığını müəyyən edən 340.1-ci maddəsi tətbiq edilməlidir. Beləliklə, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri rədd olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №li mənzilə dair İddiaçı ilə Cavabdeh2 arasında 21.04.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışı ləğv edilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında 30.05.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışı ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 30.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manat Cavabdeh2 alınaraq Cavabdeh4 qaytarılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3398/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3398/2022
06.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver