Məhkəmə qərarları › İş №2(103)-34/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-34/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-34/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya və Kommunal Ödənişlər” MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-34/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı2, cavabdehlər "xxxx" MTK-nın və "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə və həmin cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə "xxxx" MTK-nın arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli alğısatqı müqaviləsinə əsasən, İddiaçı1 ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, sahəsi 109.06 kv.m. olan 81 saylı mənzili almışdır. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları olmaqla, cəmi 25.084 ABŞ dolları razılaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsinə əsasən, həmin mənzilin 1/3 hissəsinə İddiaçı1, 2/3 hissəsinə İddiaçı2 payları tanınmışdır. 17 may 2014-cü il tarixdə mənzilin 72,706 kv.m. sahəsinin İddiaçı2, 36,354 kv.m. sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair "xxxx" MTK ilə müqavilələr bağlanmışdır. Həm 01 noyabr 2004-cü il, həm də 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin ümumi sahəsi göstərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir. Sözügedən mənzil (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi 356, M7, m1) xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1/3 payla İddiaçı1, 2/3 payla İddiaçı2 adına qeydə alınmışdır. Bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 88 kv.m. göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat İddiaçı2 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 01 yanvar 2006-01 aprel 2019-cu illər ərzində əlavə ödənilən kommunal ödənişlərə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, 01 noyabr 2004-cü il tarixdə "xxxx" şirkəti ilə M.Hadi küçəsi, 2945-ci məhəllədəki ünvanda 2-ci blok 7-ci mərtəbədə ümumi sahəsi 109,06 kv.m olmaqla 2 otaqdan ibarət mənzilin iddiaçıya satılması barədə müqavilə bağlamışlar. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilmişdir. Həmin gün iddiaçı tərəfindən şirkətin xəzinəsinə 17.000 ABŞ dolları (83.300.000 manat) mədaxil olunmuş, qalan məbləğ də ödəniş qrafikinə uyğun olaraq 25.084 ABŞ dolları pul tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş əmlak olaraq mənzilin 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə digər İddiaçı2 payları müəyyən edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 21 iyun 2014-cü il tarixdə iddiaçı ilə Xətai rayonu, M.Hadi küçəsi, ev 70/2, sahəsi 36.354 kv.m olan 81 saylı mənzilin payçısı kimi, həmin ünvanda sahəsi 72.706 kv.m olan 81 saylı mənzilin payçısı digər İddiaçı2 ilə "xxxx" MTK-nın direktoru Nümayəndə arasında müqavilə bağlanmışdır. 19 iyul 2019-cu il tarixdə həmin mənzilə dair AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar və onlara o zaman məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-46-cı məhəllə, 70 saylı evin 81-ci mənzilin sahəsi heç də müqavilədə göstərildiyi kimi 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil edir. "xxxx" MTK-nın direktoru Nümayəndə yaxınlaşıb bu rəqəmlər arasında təşkil edən 21.06 kv.m. fərqi izah etməyi tələb etsələr də, ağlabatan cavab ala bilməmişlər. Hal-hazırda yaşadıqları ərazidə yaşayış sahəsinin hər kv.m. satışı 1000 manat təşkil edir. Bundan başqa 01 aprel 2019-cu il tarixədək "xxxx" MTKya, o cümlədən son illər eyni ünvanda yerləşən, eyni zamanda direktoru da Nümayəndə olan digər cavabdeh "xxxx" MMC-yə 109.06 kv.m sahəyə görə hər ay 32.71 manat olmaqla kommunal ödənişlər etmişlər. 01 yanvar 2006-cı ildən 01 noyabr 2019-cu il tarixədək hər ay hər kv.m 30 qəpikdən hesablamaqla 21.06 kv.m. sahəyə görə artıq pul ödəmişlər, bu da 160 ay müddətində hər ay üçün 6,31 manat hesablandıqda cəmi 1010 manat təşkil edir. Bundan başqa 19 iyul 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı aldıqdan sonra mənzil sahibi olaraq iddiaçılar böyük stres və əsəb sarsıntısı keçirmişlər. Mənzilin real sahəsinin cəmi 88 kv.m olduğunu bildikdə planları alt-üst olmuş, eyni zamanda ali təhsilli şəxslər olaraq 15 il davamlı olaraq da cavabdeh tərəfindən bu şəkildə aldadılmaları onlara çox təsir etmişdir.

4. Xətai Rayon Məhkəməsinin 2(010)-662/2019 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan 4.830 ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 100.80 manat pul alınaraq 67.20 manat pul İddiaçı2 ödənilməsi, qalan 33.60 manat pul isə İddiaçı1 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçıların iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə iddiaçıların iddia tələblərinin "xxxx" MMC-yə münasibətdə təmin edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə onları məhkəmə baxışının vaxtı barədə lazımı qaydada məlumatlandırmamış və bu barədə sübutun iş materiallarında olmamasına baxmayaraq işə birtərəfli qaydada baxaraq qətnamə qəbul etmişdir. Bu əsas isə qətnamənin birmənalı olaraq ləğv edilməsi və hakim barədə intizam icraatının başlanması üçün əsasdır. Belə ki, hazırda mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə "xxxx" MMC-yə qarşı iddiaçıların iddia tələblərinin təmin edərkən əsasən iddiaçılara MTK tərəfindən guya müqavilədə şərtləşdirilmiş sahədən az kvadratın verilməsini göstərmişdir. Halbuki bu hal mövcud deyil, MTK tərəflər arasında müqavilədə şərtləşdirilmiş qaydada və ölçüdə mənzili iddiaçılara təqdim etmişdir ki, məhz kommunal xidmətlər həmin müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun hesablanmışdır. İddiaçı1 "xxxx" MTK-ya xx.xx.2004-cü il tarixli ərizə ünvanlamışdır. Həmin ərizədən görünür ki, O, Şirkətdən ünvan 2llədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı mənzilin ona satılmasını xahiş etmişdir. "xxxx" Şirkəti ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmeti icraçının müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda “Alıcı”ya satmasından, “Alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 109.06 kv.m olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğ “Alıcı” tərəfindən tam olaraq ödənilir. Bakı şəhər Xətai rayonu İcra və Probasiya şöbəsininxx.xx.2012-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, 70 saylı evin, 81 saylı mənzilinə 2/3 hissədə Quliyeva (Fərzəliyevə) Nardanə Sədi qızının və 1/3 hissədə İddiaçı1 paylarının müəyyən olunmasına dair Xətai rayon Məhkəməsinin 2(011)-1612/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün "xxxx" MTK-ya göndərilmişdir. İddiaçı1 "xxxx" MTKya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 36.354 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı2 "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “Alıcı”nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 36.354 kv.mdən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 8.361 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. İddiaçı2 "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “Alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 72.706 kv.m-dən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 ABŞ dolları, cəmi 16.722 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. Beləliklə, yuxarıda istinad olunan sənədlərdən görünür ki, tərəflər arasında hüquq münasibətləri onların bağladıqları mülki hüquqi əqdlər (müqavilələr) əsasında yaranmışdır. Sözügedən əqdlərin hazırda qüvvədə olması və tərəflərin həmin əqdləri mübahisələndirməməsi işin mübahisəsiz halıdır. Tərəflərin iradəsi əsasında bağlanmış qeyd olunan müqavilələrin 2-ci bəndlərindən də göründüyü kimi tərəflər müqavilənin sahəsinin beynəlxalq termin olan brutto ölçü ilə (yəni çöldən çölə, ümumi sahə) ilə hesablanacağını müəyyən etmişlər. Həm mənzilin dəyəri, həm də kommunal üzrə hesablaşmalar məhz həmin razılaşdırılmış qiymətləndirmə əsasında həyata keçirilmişdir. "xxxx" MTK müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada icra etmiş və iddiaçıları müqavilələr əsasında razılaşdırılmış mənzillərlə təmin etmişdir. MTK tərəfindən heç bir müqavilə və ya qanun pozuntusuna yol verilməmiş, MTK-nın müqavilə üzrə hazıradək icrasız qalmış öhdəliyi mövcud deyildir. Bundan əlavə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən ekspert brutto sahə anlayışını vermişdir. Göründüyü kimi ekspert brutto ölçü anlayışının beynəlxalq termin olduğunu təsdiq etmiş və bu sahəyə balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütünotaqların ümumi sahəsinin nəzərdə tutulmasını və ölçünün divarların çöl tərəfindən aparılmasını qeyd etmişdir. Lakin ekspert Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59- cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anlayışı nəzərdə tutulmadığı üçün bu barədə rəy verə bilməyəcəyini göstərmişdir. Halbuki beynəlxalq termin (ölçü vahidi) olan brutto anlayışının qüvvədə olan milli qanunvericiliyimizdə təsbit edilməməsi onun mövcud olmaması və ya qanunsuz olması anlamına gəlmir. Hesab edirlər ki, məhkəmə brutto ölçüsü anlayışından tikinti sahəsində geniş istifadə olunmasını və xüsusən də bu anlayışın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunla qadağan olunmamasını nəzərə almalı idi. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılmasında, həmçinin mübahisəyə düzgün hüquqi qiymət verilməsində maraqlı olsaydı, əlavə ekspertiza təyin edə, mütəxəsis dəvət etməklə tərəflərin iştirakı ilə yerli baxış keçirərək asanlıqla mübahisənin ədalətli həllinə nail ola bilərdi. Lakin hakim nəinki zəruri addımları atmamış, əksinə ekspertin rəyini və tərəflər arasında bağlanmış müqaviləni təhrif edərək, sanki tərəflərin müqavilədə nəzərdə tutduğu brutto sahəsinin yaşayış sahəsi olmasını və buna görə də guya MTK-nın iddiaçılara əskik sahə təqdim etməsini təsbit etmişdir.

8. Həmin qətnamədən həmçinin cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçıların iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti digər cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə ilkin olaraq hazırlıq və birinci baxış icraatı barədə cavabdehlərə məlumat vermişdir. Buna görə də cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəməyə gələrək etibarnaməsini və orderini məhkəməyə təqdim etmişdir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra ekspertin vəsatəti ilə tikinti obyektinə baxış keçirilməsi üçün gün və vaxt təyin edilmişdir. Lakin bildirişdə göstərilən vaxtda və saatda nümayəndə tədqiqat predmeti olan binaya gəlsə də, orada hər hansı bir eksperti, iddiaçıları və ya məhkəmə tərkibinin olmadığını müşahidə etdiyi üçün onlarda belə bir fikir formalaşmışdır ki, həmin vaxta təyin edilən yerli baxış təxirə salınmışdır. Bundan bir müddət sonra məhkəmənin xx.xx.2020-ci il tarixli bildirişi və bildirişə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi daxil olmuşdur. Bildirişi və rəyi aldıqdan dərhal sonra xx.xx.2020-ci il tarixində tərəfləridən məhkəmə ilə əlaqə saxlanılmış, məhkəmə prosesinin vaxtı barədə maraqlanılmışdır. Məhkəmə əməkdaşı tərəfindən artıq iş üzrə xx.xx.2020-ci il tarixdə qətnamə çıxarıldığı və surətinin onlara göndərildiyi bildirilmişdir. Onlar hansı əsasa görə vaxtında qabaqcadan onlara və ya vəkilə prosesin vaxtı barədə məlumat verilməməsini və nəyə görə işdə onların məlumatının olması barədə sənədin olmamasına baxmayaraq işə onların iştirakı olmadan baxılmasını soruşsalar da bütün hallarda təqsirin poçt şirkətində olması əsas göstərilmişdir. Halbuki həm iş materiallarında cavabdehlərin və vəkilin orderində əlaqə vasitələri qeyd olunmuşdur. Lakin təəssüflər olsun ki, hazırki işdə məhkəmə tərəfi iddiaçıları məlumatlandırsa da nədənsə cavabdehlərə məlumat vermək zərurəti duymamış və yalnız iddiaçıların mülahizələri üzərində qətanməsini quraraq son dərəcə yalnış və əsassız qənaətə gəlmişdir.

10. Qətnamədən, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə tələblərini pozaraq öhdəliklərini yerinə yetirməməsi barədə məhkəmənin gəldiyi qənaətlə razı olsalar da, hər kv.m üçün iddiaçılara ödənilməli olan pulun 230 ABŞ dolları müəyyən edilməsi ilə razı deyillər, belə ki, 2004-cü il üçün bu real məbləğ olsa da, bu günkü bazar qiymətlərinə görə həddən artıq aşağıdır. Adı gedən ünvanda, yəni Həzi Aslanov metrostansiyasinın ətrafında yeni tikilmiş binalarda təmirsiz mənzillər hər kv.metri 1200-1300 manata, təmirli mənzillərin isə hər kv.metri 1400-1600 manata satılır. Odur ki, ödəniləcək məbləğ hazırki bazar qiymətlərinə uyğun olaraq hesablanmalıdır. Kommunal xidmətlərə görə artıq ödənilən məbləğə gəlincə 2018-ci ilin yanvar ayından olan bildirişləri kommunal ödənişlərin qiymətini göstərmək məqsədi ilə ərizəyə əlavə etmişdir və xx.xx.2019-cu il tarixədək MTKya kommunal borclarının olmadığı barədə arayış təqdim etmişdir. Lakin bu o demək deyil ki, onlar yalnız xx.xx.2018-ci ildən pul ödəyirlər. Təbii ki, yaşadıqları dövrdən bütün başqa xidmətlər kimi, o cümlədən kommunal ödənişlərə görə də MTK-ya pullar ödənilib. Onlar isə orada 2006-cı ildən yaşayaraq kommunal xidmətlərə görə ödənişlər etmişlər. Odur ki, nəinki 2018-ci ilin yanvar ayından, yaşadıqları dövrdən artıq ödənilən bütün məbləğ "xxxx" MMC- dən alınıb iddiaçılara ödənilməlidir. İddiaçılara dəymiş mənəvi ziyana gəlincə, istehlakçı kimi onlara mənəvi ziyan dəymiş, illərlə "xxxx" MTK və "xxxx" MMC tərəfindən aldadılmışlar. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişlər. Çünki uzun illər kimsə tərəfindən aldadılmağı özlərinə qarşı təhqir hesab edirlər.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(010)- 662/2019 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməıdən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

15. Qeyd edilən qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iddianın tam təmin olunmasını, cavabdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iddianın təmin olunmamasını xahiş etmişlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4298/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3023/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...İddiaçılar razılaşdırılmış sahədə mənzilin onlara verilmədiyini iddia edir, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad edir ki, mənzilin ümumi sahəsi “Brutto”, yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanır və bu şərt müqavilədə nəzərdə tutulmuşdur. Brutto sahəsinə bütün tikinti ərazisinin daxil olması bu iş üzrə keçirilmiş ekspertiza rəyində də qeyd olunmuşdur. Həqiqətən də, MTK-nın iddiaçılarla bağladığı 01 noyabr 2004-cü il və 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin sahəsi göstərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir. Bu baxımdan mənzilin sahəsinə dair əqddə mövcud olan belə bir şərtin müqavilə azadlığı çərçivəsində keçərli, yaxud etibarsız olmasının müəyyən edilməsi hazırkı işin düzgün hüquqi həlli üçün (cavabdeh MTK-nın müqavilə öhdəliyini icra edib-etməməsini müəyyənləşdirmək baxımından) mühüm əhəmiyyət kəsb edir... Tərəflərin bağladıqları əqddə nəzərdə tutulmuş “Brutto sahə” şərtinin müqavilə azadlığı çərçivəsində hüquqi nəticə yaratdığına, yoxsa müqavilənin standart şərti kimi etibarsız olduğuna mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilməmişdir... Kollegiya onu da bildirir ki, mübahisəli mənzilin ümumi sahəsinə dair xüsusi biliyə malik olan ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 88 kv.m. göstərilsə də, apellyasiya məhkəməsi bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir. Belə ki, rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Apellyasiya məhkəməsi isə tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması alıcının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da satıcının mənafeyinə uyğun deyil. Odur ki, müqavilədə qeyd edilən “Brutto sahə” şərti etibarsız sayılsa belə, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh MTK-nın iddiaçılar qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və hər iki cavabdehə qarşı iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir...”

c) Proses iştirakçılarının izahatı

18. Apellyasiya baxışı zamanı İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Brutto” anlayışı müqavilə bağlanılan zaman onlara aydın olmamışdır. Əgər cavabdeh tərəfindən “Brutto” anlayışı onlara izah edilsə idi, onların digər seçim etmək imkanları ola bilərdi.

19. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, o cümlədən işlə bağlı mülahizələrini əks etdirən ərizə təqdim edərək şikayətlərinin təmin olunmasını, iddiaçıların apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqdim edilən ekspert rəyi ilə razıdırlar. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş plan-cizgi mövcuddur. Brutto çöldən çölə hesablama deməkdir. Tərəflər müqavilə bağlayarkən öz azad iradələrini nümayiş etdirmiş və öz razılıqları ilə müqaviləni bağlamışlar.

20. Apellyasiya baxışı zamanı cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, iddiaçıların apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, brutto anlayışı layihəçi tərəfindən də təsdiqlənmişdir. Belə işlər üzrə digər məhkəmələrin də analoji qərarları mövcuddur. Bütün müqavilələrində qeyd olunan çöldən-çölə anlayışının yerinə brutto ifadəsi qeyd olunur. Onlar mənzili satan zaman plan cizgini alıcılara təqdim edirlər və brutto anlayışı onlara izah edilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

25. Maddə 419. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

26. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

39. Belə ki, kollegiya hesab edir ki, kassasiya instansiya məhkəməsinin mövqeyi də nəzərə alınmaqla hazırki iş üzrə hüquqi dəyərləndirmə prosesi aparılması üçün ilk növbədə cavabdehin də öz apellyasiya şikayətində bildirdiyi brutto anlayışının tərəflər arasında bağlanılan müqavilənin standart şərti olub-olmaması, daha sonra isə həmin şərtin mövcudluğunun yaratdığı nəticələrin nə dərəcədə qanuni əsaslara söykəndiyi məsələsi öz həllini tapmalıdır.

40. Kassasiya instansiyası məhkəməsinin göstərişinə müvafiq olaraq kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halından göründüyü kimi xx.xx.2004-cü il tarixli müqavilədə "xxxx" MTK, İddiaçı1 ümumi sahəsi 109,06 kv.m. olan mənzil verməyi öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış 109.06 kv.m ölçülü mənzilin onlara verilmədiyini iddia etsələr də, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək mənzilin ümumi sahəsinin “Brutto”, yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablandığını və bu şərtin müqavilədə nəzərdə tutulduğunu bildirmiş, müqavilədə qeyd edilən bəndin öz əksini tapması da bundan öncəki məhkəmə araşdırmalarında təsbit olunmuşdur. Buna görə də cavabdehlər müqavilə azadlığı prinsipinə əsasən iddiaçıların müqavilənin qeyd edilən şərti ilə razılaşdıqlarını və bunun nəticəsi olaraq müqavilə bağladıqlarını bildirmiş, iddiaçılar isə həmin ifadənin onlara aydın olmadığını və izah edilmədiyini, əgər mənasını bilsə idilər, seçim imkanlarının olduğunu bildirmişlər.

41. Bütün qeyd edilənlərin fonunda hazırda məhkəmə tərəfindən “brutto” anlayışının müqavilədə qeyd edilməklə onun standart şərti kimi bir parçasına çevrilib-çevrilməməsi məsələsi aydınlaşdırılmalıdır.

42. Belə ki, Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Yəni bu o deməkdir ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

44. Qanunvericiliyin normalarından da göründüyü kimi əgər bir müqavilədə qarşı tərəf üçün onun müstəqil şəkildə başa düşməsi çətin olan, qeyri-müəyyən ifadələr mövcuddursa və həmin tərəfin sözügedən ifadələrin gerçək mənası daha aydın təsvir olunsa idi, müqaviləni başqa şərtlərlə bağlamaq və ya ümumiyyətlə, bağlamamaq ehtimalları varsa, bu cür şərtlər və ifadələrin müqavilənin ayrılmaz parçasına və bunun nəticəsi olaraq standart şərtinə çevrilməsi yolverilməzdir.

45. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqaviləyə, iş üzrə tərtib olunmuş ekspert rəyinə və işin digər hallarına baxdıqda müəyyən edilir ki, “brutto sahə” anlayışı Azərbaycan Respublikasının ərazisində mövcud olan tikinti normalarında və ya digər qanunvericilik aktlarında rast gəlinməyən bir məfhumdur və ümumişlək olmayan ifadədir. Bu cür ifadənin nəinki adi vətəndaşlar arasında, hətta hüquqi biliyə malik şəxslər üçün belə aydın olmaması ehtimalı kifayət qədər yüksək olmaqla bərabər tərəflər arasındakı münasibətlərə olduqca təsir edəcək bir halı – müqavilə əsasında alıcıya təhvil veriləcək mənzilin ölçüsünü ehtiva edən anlayış olaraq təsvir edilmiş, həmin ifadənin yanında isə sadəcə “ümumi sahə” birləşməsi qeyd edilərək ümumi sahəyə nəyin daxil olması öz əksini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, qanunvericiliklə təsbit olunan müqavilənin standart şərtlərinə dair müəyyənlik prinsipi qeyd edilən anlayışla əhatə olunmadığından və qeyri-müəyyənlik yaratdığından, həmin şərti müqaviləyə daxil edən tərəfin, yəni hazırki iş üzrə cavabdeh MTK-nın ziyanına təfsir olunmalı, standart şərt kimi etibarsız hesab edilməlidir.

46. Bununla da kollegiya belə nəticəyə gəlir ki, cavabdeh MTK-nın müqavilədə təhvil veriləcək mənzilin ölçüsünü təsvir edərkən istifadə etdiyi ifadə müqavilənin standart şərti kimi etibarsız hesab edildiyindən, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi kimi qiymətləndirilməli və məhz həmin şərt üzrə qeyd edilən mənzilin ölçüsü ilə təhvil verilən mənzilin ölçüsü arasındakı fərq hesablanaraq iddiaçılara ödənilməlidir. Bu da cavabdehlərin qeyd edilənlərlə bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız hesab olunduğunu deməyə əsas verir.

47. Lakin birinci instansiya məhkəməsi qeyd edilən fərqin hesablanması zamanı yanlışlığa yol verərək yalnız ekspert rəyinin nəticə hissəsini əsas götürmüş, rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmış, cavabdehin real olaraq iddiaçıya hansı ölçüdə mənzil təhvil verməsi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməmişdir və kassasiya instansiya məhkəməsi də bundan öncəki apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd edilən halların araşdırılmasını işə hazırda baxacaq məhkəməyə tapşırmışdır.

48. Qeyd edilənləri nəzərə alaraq hazırki iş üzrə kollegiya tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5834 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılması zamanı mübahisəli mənzilə baxış keçirilərək müvafiq ölçü işləri aparılmış, bunun nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 70, 81 saylı mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 90.3 kv.metr, mənzilin sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq ümumi sahəsi isə 109.6 kv.metr təşkil edir.

49. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan brutto sahə, daha aydın desək, çöl divarlarından hesablanan sahəsi arasında birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 21.06 kv.metr deyil, 19.3 kv.metr fərq mövcuddur. Bu da onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla dəymiş zərərin hesablanması zamanı 21.06 kv.metr deyil, 19.3 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçılara dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.

50. Belə ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında olan müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 230 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil etmişdir (bunu təkzib edən hər hansı sübut da iş materiallarında aşkarlanmamışdır). Beləliklə, kollegiya hesab edir ki, 19.3 kv.metr sahə üzrə hər kv.metr üçün 230 ABŞ dolları hesablamaqla (19.3 x 230) cəmi 4.439 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıların xeyrinə cavabdeh "xxxx" MTK-dan tutulmalıdır. Bundan əlavə 4.439 ABŞ dolları tərəflərin mənzil üzərində Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara mütanasib tərəflər arasında bölünməli, "xxxx" MTK-dan 2959.33 ABŞ dolları İddiaçı2, qalan 1.479.67 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməlidir.

51. Kollegiya cavabdeh "xxxx" MMC-nin ondan 100.80 manat tutulmasının əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu hissədə də şikayət qismən təmin edilməli və tutulacaq məbləğin miqdarı yuxarıda qeyd edilən qaydada müvafiq olaraq azaldılmalı, iddiaçının bununla bağlı tələbin tam təmin edilməsi hissəsində apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iddiaçılar 01 yanvar 2006cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilən kommunal ödənişləri tələb etsələr də, onlar həmin dövrə aid olan qəbzləri, kommunal ödənişləri təsdiq edən hər hansı digər sənədi məhkəməyə təqdim etməmişlər. İş materiallarına 2018-ci ilin yanvar ayından 2019cu ilin aprel ayına qədər edilmiş kommunal ödənişlər barədə qəbzlər əlavə olunmuşdur. Hərçənd ki, iddiaçılar öz apellyasiya şikayətlərində qeyd edilən qəbzlərin nümunə olaraq təqdim edildiyini və əvvəlki illərin ödənişlərinin də həmin qaydada hesablanmalı olduğunu bildirsələr də, qanunvericiliyin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxaraq yekun məhkəmə aktı qəbul edir.

52. Məhkəmə cavabdeh "xxxx" MMC-dən iddiaçıların xeyrinə tutulmalı olan pulun miqdarının hesablanması qaydasını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçılar hər ay hər kv.metr üçün 0.30 qəpikdən hesablamaqla 19.3 kv.metr sahəyə görə pul ödəmişlər. Odur ki, 01 yanvar 2018-ci il tarixdən 01 aprel 2019-cu il tarixinədək 19.3 kv.metr sahəyə görə hər kv.metri 0.30 qəpikdən hesablamaqla (19.3 x 0.30 x 16 ay) cəmi 92.64 manat pul alınıb iddiaçılara ödənilməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 92.64 manat pul alınaraq iddiaçıların mübahisəli mənzil üzərində paylarına mütənasib olaraq 61.76 manat pul İddiaçı2, qalan 30.88 manat pul isə İddiaçı1 ödənilməlidir.

53. Kollegiya iddiaçıların mənəvi zərərin ödənilməsi tələbinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərər vurulması, sarsıntılara məruz qalmalarının hər hansı sübutla təsdiq edilməməsi səbəbindən tələbin bu hissədə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayəti qeyd edilən hissədə əsassızdır.

55. Beləliklə kollegiya hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçılara ödəniləcək məbləğlər hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, "xxxx" MTK-dan 2959.33 ABŞ dolları İddiaçı2, qalan 1.479.67 ABŞ dolları pul isə digər İddiaçı1, "xxxx" MMC-dən isə 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 92.64 manat pul alınaraq iddiaçıların mübahisəli mənzil üzərində paylarına mütənasib olaraq 61.76 manat pul İddiaçı2, qalan 30.88 manat pul isə İddiaçı1 ödənilməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 və 100 manat isə "xxxx" MTK-dan tutulmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yenii qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 4.439 (dörd min dörd yüz otuz doqquz) ABŞ dolları pul (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) alınaraq həmin pulun 2959.33 (iki min doqquz yüz əlli doqquz dollar otuz üç sent) ABŞ dolları İddiaçı2 ödənilsin, qalan 1479.67 (min dörd yüz yetmiş doqquz dollar altmış yeddi sent) ABŞ dolları pul isə digər İddiaçı1 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 92.64 (doxsan iki manat altmış dörd qəpik) manat pul alınaraq 61.76 (altmış bir manat yetmiş altı qəpik) manat pul İddiaçı2 ödənilsin, qalan 30.88 (otuz manat səksən səkkiz qəpik) manat pul isə İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin olunmasın Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) və 100 (yüz) manat "xxxx" MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar