Məhkəmə qərarları › İş №2(103)-932/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-932/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-932/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(007)-836/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən artıq alınmış 20509,3 manat məbləğin, 6152,79 manat məbləğində hesablanmış faizin və 8000 manat mənəvi zərərin, ümumilikdə 34662,09 manat məbləğin cavabdehdən tutularaq ona geri qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 avqust 2014-cü il tarixində Cavabdeh MMC-nin direktoru X1 ilə onun arasında “Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə” müqavilə bağlanmış, müqaviləyə əsasən ümumi sahəsi 145,01 kv.m olan, hər kv.m üçün isə 830 manat ödənilməklə, ümumi olaraq, 120358 manat ödəməli, əvəzində isə ona cavabdeh tərəfindən mənzil təqdim edilməli idi. Həmin məbləğin onun tərəfindən tam ödənilməsi haqqında MMC tərəfindən 11 avqust 2014-cü il tarixində maliyyə arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən qeydiyyat nömrəsi ********* olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 yanvar 2020-ci il tarixli çıxarışda yuxarıda qeyd edilən yaşayış sahəsinin 120,30 kv.m olduğu qeyd edilmişdir. Bu çıxarışdan açıq aşkar görünür ki, Cavabdeh MMC ondan 24,71 kv.m üçün ödədiyi 20509,3 manat artıq almışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(007)- 836/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmiş və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəydə mənzilin ümumi sahəsinin 120 kv.m olduğu bildirildiyi halda məhkəmə bunu nəzərə almamış, müqavilədə göstərilməyən mənzilin tikilmiş bütün sahəsi nəzərə alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 02 avqust 2014-cü il tarixli Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4 blokunun 6 mərtəbəsində, ümumi sahəsi 145,01 kv.m olan 211 nömrəli, 3 otaqlı mənzilə ehyiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsinə götürmüş, icraçı isə sifarişçinin istəyinə uyğun qeyri-yaşayış sahəsinin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 120358 manat (145,01 x 830) müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 11.08.2014-cü il tarixli 201 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, Qara Qarayev prospekti 2561-ci məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus olan binanın 4 blok 6 yaşayış mərtəbəsində ümümi sahəsi 145,01 kv.m olan 3 otaqlı 211 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Payçı İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.01.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, 72F, 72D, 72E, mənzil 211. Yeni qaydalarla: AZ1118, ünvan 2 ünvanında yerləşən sahəsi 120,30 kv.m olan mənzil X2 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda məhkəmədə mənzilin həqiqi sahəsinin 120,30 kv.m olmasını, ondan həmin mənzilə görə ödənilmiş artıq məbləğin alınmasını cavabdehdən tələb edir. Cavabdeh isə mənzilin sahəsinin müqavilədə göstərildiyi kimi düzgün müəyyən edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertin 26.08.2021-ci il tarixli 10/2289 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 2 ünvanda yerləşən mənzilin ümumi sahəsi 120,2 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 2 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (locyaya və balkona azalma əmsalı tətbiq olunmadıqda) 126,2 kv.m təşkil etdiyi müəyyən olunur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən mənzilin oxdan-oxa, yəni tikilmiş bütün ölçülərin sahələri (divarlar, içdən-içə arakəsmələr, həmçinin eyvan və lociya daxil olmaqla) nəzərə alınmaqla sahəsi 144,8 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilin oxdan-oxa olan sahəsinin (144,8 kv.m) 02 avqust 2014-cü il tarixli müqavilədə göstərilən (145,01 kv.m) sahəyə təqribən uyğun olduğu və ünvan 2 ünvanda yerləşən mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müəyyən edilmiş sahəsinin (120,2 kv.m) 13.01.2020-ci il tarixli çıxarışında göstərilən (120,30 kv.m) sahəyə uyğun olduğu müəyyən edilmişdir. Birinci intansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahəyə uyğun mənzil təhvil vermişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Baxılan iş üzrə iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin faktiki sahəsi (144,8 kv.m) ilə müqavilədə göstərilən (145,01 kv.m) sahəsi arasında fərq cüzi olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahəyə uyğun mənzil təhvil vermişdir. Kollegiya qeyd edir ki, iddiaçının apelyasiya şikayətində göstərdikləri əsassızdır. Faiz və mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, bu hissələrdə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-836/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar