Məhkəmə qərarları › İş №2(103)-34/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-34/2025

16.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-34/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı ev iddiaçının, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 ümumi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni ‘"A”, “B” və “V" tikilisindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarışa əsasən həmin evin 1/6 hissəsi bərabər paylarla Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qızma, 4/6 hissəsi isə ona məxsusdur. Ümumilikdə bütün 3 tikilidən ibarət olan həmin həyət iddiaçının atasına məxsus olmuşdur. 1960-cı illərdə evin müəyyən hissəsi cavabdehin anası X1 satılmışdır. Cavabdehin anası X2 sağlığında evin “B” tikilisinin yanında, yəni ümumi mülkiyyətdə olan torpaq sahəsində onların razılığı olmadan onlar qanunsuz başqa ev inşa etmişlər. Hazırda isə həmin evi başqa şəxsə satmaq istəyir.

3. Sonradan ilk iddiaçı iddia tələbinin həcmini artıraraq, ünvan 1 ünvanında yerləşən evdə və onun altında yerləşən torpaq sahəsində paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması, Cavabdeh1 1/6 hissənin, Cavabdeh2 1/6 hissənin və ona, yəni İddiaçı 4/6 hissənin naturada verilməsi və Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə (iddia tələbinin dəqiqləşdirilməsi) yazılı ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin edilməməsinə, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı fərdi yaşayış evinin «A» literli tikilisinin ətrafında inşa edilmiş bütün qanunsuz tikililərin İddiaçı vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi əsassızdır, ərizədə qeyd edilənlər həqiqəti əks etdirmir, ərizəçi bu kimi məlumatlarla məhkəməni aldatmağa çalışır. İlk tələb üzrə iddiaçı paylı mülkiyyətdə olan əmlakın real bölgüsünün aparılmasını və onun tərəfindən inşa edilmiş tikilinin sökülməsini istəyir. O, öz iddia ərizəsində və ona əlavəsində qeyd edib ki, mübahisəli yaşayış evi üç ikilidən ibarətdir. Həmin ev onun atasına məxsus olub və 1960-cı illərdə evin müəyyən hissəsi onun anasına satılmışdır. İddiaçının anası evin «B» tikilisinin yanında qanunsuz başqa ev inşa etmişdir. Ümumi mülkiyyətdə olan evə dair real bölgü aparılmamışdır, bu səbəbdən mülkiyyətçilərin heç biri öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir və paylarının mülkiyyət hüquqlarına uyğun mütənasib şəkildə real ayrılmasına zərurət yaranmışdır. İlk iddia tələbinə münasibət bildirərək qeyd edib ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı evin 1/6 hissəsi onun, 4/6 hissəsi qarşılıqlı iddia tələbi üzrə cavabdehin, 1/6 hissəsi isə digər payçının mülkiyyətindədir. İddiaçının payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin vaxt əmlak üç tikilidən ibarət olmuş və anasına ümumi əmlakdan doqquzda bir hissə keçmişdir. Sonradan ona naməlum vaxtda və şəraitdə əmlakın «B» tikilisi 3/9 hissə kimi ümumi paylı mülkiyyətdən ayrılıb paylı mülkiyyətçilərdən birinin ayrıca mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli paylı mülkiyyət «A» və «V» tikilisindən və 6 hissədən ibarətdir. Onun payı hazırda əmlakın 1/6 hissəsini təşkil edir. Anası bu əmlakdan pay alıb yaşamağa başladığı vaxtdan onlar onun indiki istifadəsindəki iddiaçının qanunsuz adlandırdığı tikilidə yaşamışlar. Onların yaşadığı tikililər ora köçərkən onlar mövcud olub və hələ 1961-ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapıb. Bu da təmin tikililərin onlar tərəfindən inşa edilmədiyini sübut edir. Anasının bu məsələlərdən anlayışının olmamasından məharətlə yararlanmış iddiaçının atası, anasının sahibliyinə və istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikili vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair onun 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.metr olan «V» literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən görünür ki, onun mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və «V» literli tikili iddiaçının ayrıca mülkiyyətinə verilmişdir. Lakin ilk iddiaçı həmin qətnamə və ondan verdiyi apellyasiya şikayəti barədə öz ərizəsində bir kəlmə də yazmamışdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilmiş maddənin normasına görə ilk iddianın ona qarşı paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması hissəsi yol verilməzdir və təmin oluna bilməz. Həmin tikili nə onun, nə də onun mərhum anası tərəfindən inşa edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin tikili onlar oranı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edərkən mövcud idi və onun anasına əldə etdiyi əmlak kimi məhz həmin tikili təqdim edilmişdir. İlk iddiaçının məhkəmədən sökülməsini istədiyi tikililər 1961- ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapmışdır. Həmin tikililərin onların inşa etdirdiklərinə dair ifadəsi tamamilə yalandır və məhkəməni aldatmaq xarakteri daşıyır.

7. Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “real bölgünün aparılması, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilmiş, tərəflərin ödədiyi dövlət rüsumları özlərinə aid edilmiş, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qərara alınmışdır.

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir.

9. Apellyasiya şikayəti və onun dəlilləri:

10. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, Cavabdeh1 ona qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia tələblərinin dəlilləri tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməldir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evin 1/6 hissəsi onun, yəni Cavabdeh1, 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə digər payçının mülkiyyətindədir. Onun payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edib. Həmin vaxt əmlak üç tikilidən ibarət olmuş və anasına ümumi əmlakdan 1/9 (doqquzda bir) hissə keçmişdir. Sonradan ona naməlum vaxtda və şəraitdə əmlakın “B” tikilisi 3/9 hissə kimi ümumi paylı mülkiyyətdən ayrılıb paylı mülkiyyətçilərdən birinin ayrıca mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli paylı mülkiyyət “A” və V” tikilisindən və 6 hissədən ibarətdir. Onun payı hazırda əmlakın 1/6 hissəsini təşkil edir. Anası bu əmlakdan pay alıb yaşamağa başladığı vaxtdan onlar indiki istifadəsindəki iddiaçının qanunsuz adlandırdığı tikilidə yaşamışlar. Onların yaşadıqları tikililər onlar ora köçərkən mövcud olub və hələ 1961-ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapıb. Bu da həmin tikililərin onlar tərəfindən inşa edilmədiyini sübut edir. Anasının bu məsələlərdən anlayışının olmamasından məharətlə yararlanmış iddiaçının atası, anasının sahibliyinə və istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikili vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair onun 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.m olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən görünür ki, onun mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və “V” literli tikili onun ayrıca mülkiyyətinə verilmişdir. Odur ki, ilk iddia tələbinin təmin edilməməsinə, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı fərdi yaşayış evinin “A” literli tikilisinin ətrafında inşa edilmiş bütün qanunsuz tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

11. Qarşılıqlı iddiaçının qeyd etdiyi “A” literli tikilisinin ətrafında tərəflərindən hər hansı qanunsuz tikili inşa edilməmişdir. O ki, qaldı ilk iddia tələbində qeyd etdiyi “V” literli tikilidə inşa edilmiş tikiliyə, mübahisəli həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqısatqı müqaviləsi ilə qarşılıqlı iddiaçının anasına satılarkən ona yalnış tikili satılmış, “V” literli tikilinin ətrafı isə onların mülkiyyətlərində olan torpaq sahəsi olmuşdur. Lakin buna baxmayaraq cavabdeh və onun anası X2 sağlığında evin “V” tikilisinin yanında, yəni bizim mülkiyyətimizdə olan torpaq sahəsində bizim razılığımız olmadan qanunsuz başqa ev inşa etmişlər. Hazırda isə həmin evi başqa şəxsə satmaq istəyirlər. Göstərilənlərə əsasən hesab edir ki, hazırki iş üzrə onun Cavabdeh1 qarşı Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair ilkin iddianın təmin edilməsinə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia tələbinin dəlilləri tamamilə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, eləcə də iş üzrə keçirilmiş yerli baxış zamanı tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçıların mənafelərinə toxunub-toxunmamağıdır.

13. Odur ki, qətnamənin ləğv edilməsinə və ilkin iddia üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(005)- 246/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Cavabdeh1 1/6 hissədəki payı naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçı Cavabdeh1 mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş. Hazırda həmin qətnamə qüvvədədir. Hüquqi dəyərləndirmə:

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

22. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

23. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

24. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.

25. Hazırkı iş üzrə iddiaçının tələbləri bir neçə dəqiqləşdirilməklə, aşağıdakı ardıcıllıqla irəli sürülmüşdür:

26. Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi;

27. ünvan 1 ünvanında yerləşən evdə və onun altında yerləşən torpaq sahəsində paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması, Cavabdeh1 1/6 hissənin, Cavabdeh2 1/6 hissənin və ona, yəni İddiaçı 4/6 hissənin naturada verilməsi və Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi;

28. Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi.

29. Rayon məhkəməsi tərəfindən sonuncu dəqiqləşmənin icraata qəbul edilməsi müəyyən edilmir. Eyni zamanda, qətnamanin “əsaslandırma” hissəsində “naturada bölgü” barədə iddia tələbinə münasibət bildirilməsə də, qətnamənin “qət etdi” hissəsində “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “real bölgünün aparılması, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi qeyd edilmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.

31. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

32. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: a. tərəflər eyni olduqda; b. predmet eyni olduqda; c. əsaslar eyni olduqda.

33. Belə olan halda isə müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(005)-246/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Cavabdeh1 1/6 hissədəki payı naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçı Cavabdeh1 mülkiyyətinə verildiyindən, qeyd olunan mülki iş üzrə tərəflər, predmet və əsaslar hazırkı iş üzrə ilkin iddia tələbinin “naturada bölgü” hissəsində üst-üstə düşdüyündən, bu hal MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür, bu isə öz növbəsində həmin tələblərlə bağlı hissədə iş üzrə icraata xitam verilməsini tələb edir.

34. MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Nəticə:

35. Göstərilənlərə əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin rayon məhkəməsinin münasibət bildirdiyi “naturada bölgü” hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

37. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

38. Beləliklə, müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin “naturada bölgü” hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar