Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3402/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar söz: subroqasiya hüququ, avtomobili idarə etməyə hüququ olmayan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri SəbailRayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Neftçilər prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Kia Carnival” markalı ** BV *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə “Kia Carnival” markalı avtomobilə ziyan dəymişdir.
2. Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir.
3. “Opel Astra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır.
4. "xxxx" ASC-nin tərtib etdiyi sığorta aktına əsasən, “Kia Carnival” markalı ** BV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 450 manat təşkil edir.
5. "xxxx" ASC tərəfindən 450 manat xx.xx.2020-ci il tarixdə X1 bank hesabına köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda göstərilmişdir ki, 450 manat subroqasiya qaydasında 7 iş günü ərzində ödənilmədiyi halda məhkəməyə müraciət olunacaqdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 450 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Neftçilər prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Opel Astra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Kia Carnival” markalı avtomobillə toqquşmuş, nəticədə sonuncuya ziyan dəymişdir. “Opel Astra” markalı avtomobil iddiaçı tərəfindən icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Kia Carnival” markalı avtomobilə 450 manat ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən 450 manat iddiaçı tərəfindən X1 bank hesabına köçürülmüşdür. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir, buna görə də söğorta ödənişi ondan subroqasiya qaydasında alınmalıdır.
9. Cavabdeh iddia tələbi üzrə lazımi qaydada məlumatlandırılmış, lakin yazılı etiraz göndərməmişdir.
10. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmış və 08 aprel 2024-cü il tarixli qətnamə ilə iddia tələbini təmin etməmişdir.
11. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən hüququ olmayan şəxs ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Belə ki, məhkəmə hesab edir ki, "qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki işdən isə görünür ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sürücülük hüququna malik olub, belə olan halda o, nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs hesab edilə bilməz.
12. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, qanunu yanlış təfsir etdiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).
Apellyasiya baxışı
14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 394-1.4-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
29. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
30. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
31. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
Apellyasiya baxışının həddi
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası və məqsədləri baxımından Cavabdeh “Opel Astra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” kimi qiymətləndirmək mümkün deyildir.
36. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəri-təcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti hesab edirsə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunsuzdur, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır.
37. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun.
38. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Məhz buna görədir ki, qanunverici avtomobilin mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında avtomobili idarə edən şəxsə onun etibarnamə verməsini tələb etmir, çünki bu halda yuxarıda göstərilən iki məqsəd təmin olunur: o, sərnişin kimi avtomobildədirsə, deməli avtomobildən başqasının istifadə etməsi onun iradəsinə uyğundur (yəni 1-ci məqsəd təmin olunub), yol hərəkəti qaydası pozulduğu halda onu törədənin şəxsiyyəti avtomobildə sərnişin qismində olan mülkiyyətçinin vasitəsilə müəyyən olunacaq (yəni 2-ci məqsəd təmin olunub). Mülkiyyətçinin sərnişin qismində avtomobildə olub-olmamasının mülki məsuliyyətin sığortası üçün əhəmiyyəti yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib.
39. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur.
40. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geni təfsiri deməkdir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-877/2024 saylı iş üzrə 08 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov