Məhkəmə qərarları › İş №2(103)-3403/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3403/2022

11.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3403/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehna qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı il tarixdə vəfat etmiş Əliyev Elman Əliverdi oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə dair mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Elman Əliverdi oğlu Əliyeva Səriyyə Nəcəf qızı ilə 02.02.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 13.07.2002-ci ildə nikahları pozulmuşdur. 02.04.2002-ci ildə Əliyev Elman Əliverdi oğlu iddiaçını övladlığa götürmüşdür. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 1264 saylı akt qeydi edilərək doğum haqqında şəhadətnamə verilmişdir, iddiaçının valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuşdur. Lakin mərhum Əliyev Elman Əliverdi oğlu içki aludəçisi olduğundan, tüfeyli həyat sürdüyündən münasibətlər uzun müddətli olmamışdır. Sonuncu dəfə 2015-ci ildə mərhum iddiaçının anasıgildə ad günündə olmuşdur. Orada bildirmişdir ki, xəstəliyi var. Bundan sonra iddiaçının anası Əliyeva Səriyyə Nəcəf qızı ara-sıra telefonla onunla əlaqə saxlamışdır. Lakin mərhum onu daha axtarmamaqlarını demişdir. İddiaçının anası 2020-ci ilin təqribən 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** nömrəsinə zəng vurmuş, lakin nömrə işləməmişdir. Uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək qonşudan məlumat almışdır ki, 2016-cı ildə rəhmətə getmişdir. Bundan sonra İddiaçı Əliyev Elman Əliverdi oğlunun yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı Notariat Ofisinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan sonra altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə cavabdeh 53 saylı Notariat Ofisinə müraciət olunmuş və ünvan 1 ünvanında yerləşən evə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin evə dair vərəsələr mərhumun qardaşı Əliyev Orxan Əliverdi oğlu və Ağayeva Gülüş Alverdi qızı təyin olunmuşlar. Hər ikisinin payı müəyyən edilən çıxarış dövlət reyestrində qeydə alınmaqla paylar bölünmüşdür, iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğu halda ona xəbər vermədən, onu vərəsəliyə çağırmadan artıq atasından qalmış əmlak atasının qardaşı və bacısı arasında bölüşdürülmüşdür. Həmin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Əsas kimi iddiaçının mirası qəbul etmək üçün vaxtın uzadılması barədə iddia qadırmaması olmuşdur. Ona görə də, mirasın qəbul edilməməsinin üzürlü hesab edilməsi və mirası qəbul etmək üçün vaxtın uzadılmasına dair məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, onun vərəsəlik hüququ pozulmuş, yeganə vərəsə kimi ona bildirilmədən atasından qalan əmlak qanunsuz olaraq bölünmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehna qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim edilən notariat işindənməlum olur ki, mərhum Əliyev Elman Əliverdi oğlunun birinci növbə vərəsəsi İddiaçıdur. Bununla bağlı 53 saylı notariat kontorunun sorğusuna AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 13.03.2017-ci il tarixli 05/2-1374-10 nömrəli məktubunda qeyd edilir ki, mərhumun 17.04.1985-ci il təvəllüdlü İddiaçı adlı oğlu vardır. Doğum Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən aparılmışdır. Halbuki, İddiaçı 17.04.1985-ci il deyil, xx.xx.1985-ci il təvəllüdlüdür. Burdan görünür ki, vərəsə müəyyən olunsa da, doğum tarixi düzgün qeyd edilmədiyindən vərəsənin yerini müəyyən etmək mümkün olmamışdır. İşin bu hissəsi ilə bağlı məhkəmə qətnamədə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15 mart 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Əliyev Elman Əliverdi oğlu, ana qrafasında Əliyeva Səriyyə Nəcəf qızı göstərilmişdir. İş materiallarında olan 06.12.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 834630 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Elman Əliverdi oğlu “koronar çatmazlıq” səbəbindən 03.12.2016-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.12.2016-ci ildə 536 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh 28.02.2017-ci il tarixli sorğusuna əsasən tərtib edilmiş 64 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzili ÖM nömrəli 250561 seriyalı 18.11.2005-ci il tarixli qeyiyyat vəsiqəsinə əsasən Əliyev Elman Əliverdi oğlunun adına olmuşdur. Əliyev Elman Əliverdi oğlu ölən günə kimi Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildə qeydiyyatda olub və yaşayıb. Həmin vaxt mənzildə qeydiyyatda heç kim olmayıb. İş materiallarında olan 28.02.2017-ci il tarixli ərizədən görünür ki, Əliyev Orxan Əliverdi oğlu 03.12.2016-cı il tarixdə vəfat etmiş Əliyev Elman Əliverdi oğlunun qanun üzrə vərəsəsi kimi tanınması üçün Cavabdehna müraciət etmişdir. İş materiallarında olan 08.05.2017-ci il tarixli ərizədən görünür ki, Ağayeva Gülüş Alverdi qızına 03.12.2016-cı il tarixdə vəfat etmiş Əliyev Elman Əliverdi oğlunun qanun üzrə vərəsəsi kimi tanınması üçün Cavabdehna müraciət etmiş və ondan başqa mərhumun qardaşı Əliyev Orxan Əliverdi oğlunun və oğlu İddiaçı olmasını göstərmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.03.2017-ci il tarixli RX1389431 nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzil mərhum Əliyev Elman Əliverdi oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2619 nömrəli reyestr kitabının 244071 nömrəli vərəqində 11.03.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh sorğusuna əsasən əsasən tərtib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 13.03.2017-ci il tarixli 05/2-1374-10 nömrəli məktubunda valideynləri İddiaçı və S.Əliyeva olan 17.04.1985-ci ildə doğulmuş İddiaçı doğumu Nəsimi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınması göstərilmişdir. İş materiallarında olan Cavabdeh 10.04.2017-ci il tarixli 586 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinə 17.04.1985-ci il təvəlldlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsin 18.04.2017-ci il tarixli arayışından görünür ki, 17.04.1985-ci il təvəlldlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat yoxdur. İş materiallarında olan Cavabdeh Əliyev Orxan Əliverdi oğluna və Ağayeva Gülüş Alverdi qızına ünvanlanmış 05.07.2017-ci il tarixli məktubundan görünür ki, valideynləri İddiaçı və S.Əliyeva olan 17.04.1985-ci il təvəlüdlü İddiaçı olması aşkar edildiyindən və qanun üzrə vərəsəlik zamanı 1-ci növbəli vərəsənin olduğunu nəzərə alaraq 2-ci növbənin vərəsəliyi istisna edildiyindən onların qanun üzrə vərəsələrin siyahasına salınması mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 24.09.2018-ci il tarixli məktubundan görünür ki, 03.12.2016-ci il tarixdə vəfat etmiş mərhum Əliyev Elman Əliverdi oğlunun vərəsələri sırasından olan qardaşı Əliyev Orxan Əliverdi oğlunun və bacısı Ağayeva Gülüş Alverdi qızının yazılı müraciətinə əsasən 01.03.2017-ci il tarixində 8V/11 saylı vərəsəlik işi açılmışdır. Toplanmış sənədlərə əsasən, həmin vaxtadək Əliyev Elman Əliverdi oğlunun vərəsəlik işi ilə əlaqədar müraciət etmiş vərəsələr Əliyev Orxan Əliverdi oğlu və Ağayeva Gülüş Alverdi qızı müəyyən edilmişdir. İş materiallarında olan 29.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.12.2016-ci il tarixdə ölmüş Əliyev Elman Əliverdi oğlunun vərəsəsi Ağayeva Gülüş Alverdi qızı miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********73-05101-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.12.2016-ci il tarixdə ölmüş Əliyev Elman Əliverdi oğlunun vərəsəsi Əliyev Orxan Əliverdi oğlu miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********73-05101-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı 03.12.2016cı il tarixdə vəfat etmiş Əliyev Elman Əliverdi oğlundan miras qalmış şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Cavabdehna müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 03.10.2020-ci il tarixli 1949 nömrəli məktubundan görünür ki, 03.12.2016-cı il tarixdə vəfat etmiş Əliyev Elman Əliverdi oğlundan qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi 29.09.2020-ci il tarixli yazılı ərizəyə cavab olaraq Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Birinci intansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Əliyev Elman Əliverdi oğlu 03.12.2016-cı il tarixdə vəfat etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Yalnız 29.09.2020-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmişdir. İddiaçı məhum atasının ölümündən gec, yəni 2020-ci ilin avqust ayında məlumatı olması səbəbindən miras əmlakı qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçının və anasının mərhumun yaşayış yeri və telefon nömrəsi, həmçinin onun xəstə olması barədə məlumatı olmuşdur. Həmçinin, iddia ərizəsində iddiaçının anasının 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** telefon nömrəsinə zəng vurduğu, lakin telefon nömrəsinin işləmədiyi və uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək 2016- cı ildə rəhmətə getməsi barədə məlumat alması göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında və şahid isə ifadəsində bildirmişdir ki, iddiaçı və anası Əliyeva Leyla ilə Facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq, Əliyev Elman barədə soruşmuş və Əliyeva Leyla onun 03.12.2016-cı il tarixdə vəfat etməsini bildirmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu ilə iddiaçının nümayəndəsi və vəkilinin izahatı və şahid ifadəsi ziddiyyət təşkil edir. Bu hal isə, iddiaçı mərhum atasının ölümü barədə gec məlumat alması səbəbindən mirasın qəbulu üçün müəyyənləşdirlimiş müddətin üzrlü səbəbdən ötürülməsini iddia etdiyindən, iddiaçının onun ölümü barədə məlumat almasının fərqli şəkildə göstərilməsi məhkəmə üçün daxili inamın formalaşması üçün əhəmiyyət kəsb edir. Bundan başqa, mərhum atasının onunla maraqlanmamalarını bildirməsi səbəbindən, iddiaçının xəstə atasını 4 il kimi uzun müddətdə axtarmaması və onun ölümündən gec məlumat alması miras əmlakın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının hüquqların dövlət reyestrində qeydə alınmamış, miras kimi qəbul etmək istədiyi əmlakların qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar