Məhkəmə qərarları › İş №2(103)-3405/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3405/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3405/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı1, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, şəhəri 5 saylı Notariat Ofisində 27.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən 15.09.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR DƏDRX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriyalı MH № 049241 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil 13.11.1996-cı il tarixdə anaları X4 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 12.02.2021-ci ildə İradə Əliyeva vəfat elmişdir. Bundan sonra xalaları Cavabdeh4 88 yaşlı “alsgeymer” xəstəsi olan, nənələri Cavabdeh3 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Cavabdeh3 adından müraciət edərək onun adına 15.09.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh4 Cavabdeh3 tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Cavabdeh4 etibarnaməni 5 saylı DNK-da almış, sonradan 12 saylı DNK-dan etibarnamə əsasında yalnız özünün iştirakı ilə vərəsəlik şəhadətnaməsini almışdır. Onun bunu etməklə məqsədi o olmuşdur ki, 12 saylı DNK-da Cavabdeh3 ümumiyyətlə görməsinlər və onun hansı halda olduğunu bilməsinlər. Cavabdeh4 bu işdə belə canfəşanlıq etməsinin bir səbəbi var ki, onların nənəsinin yeganə brinci dərəcəli qanun üzrə vərəsəsi kimi nənələri öldükdən sonra onun mirasını ələ keçirmək. Cavabdeh3 uzun illərdir yaddaş pozuntusundan əziyyət çəkir, hətta ən yaxın qohumlarını tanımır, xəstədir, mübahisə edilən mənzilin harda yerləşməsindən belə xəbəri yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə “tibb arayış”la kifayətlənərək işə Cavabdeh3 iştirakı olmadan baxaraq, eyni zamanda iş üçün həlledici sayılacaq onun ifadəsini almadan formal mülahizələrə söykənərək qərar qəbul etmişdir. 5 saylı Notarius qanunun tələblərinə məhəl qoymayaraq, Cavabdeh3 savadsız olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən vərəsəlik işini nəzərdən keçirdikdə notariusun yazmağı və oxumağı bacarmayan Cavabdeh3 etibarnamənin mətnini oxumadığı və bu barədə heç bir qeyd yazmadığı məlum olur. Bundan başqa, etibarnamələrin, özəlliklə də baş etibarnamələrin imza hissəsində vətəndaşlar imza çəkdikdən sonra notariuslar tərəfindən həmin hissədə ən azından vətəndaşa öz soyadını yazmağa, bir çox hallarda isə yalnız soyadın yazılması ilə kifayətlənməyərək həmçinin adın və ata adının yazılması tələb olunur. Mübahisə olunan etibarnamədə bu tələb də pozulmuşdur. Belə ki, imza hissəsinə imza çəkildikdən sonra soyad və ad yazılmamışdır. Etibarnamənin verilməsi ilə bağlı daha bir pozuntu notariat işində fotoşəkillərin çəkilməməsidir. İşin ədalətli həlli Cavabdeh3 dindirilməsindən asılıdır. Yalnız bu halda onun iradə ifadəsini müəyyən etməklə ədalət bərqərar olmalıdır. Məhkəmə isə cavabdehin dindirilməsi üçün faktiki heç bir hərəkət etməmiş, mübahisənin düzgün həlli üçün nə ekspertiza keçirib, nə də Cavabdeh3 dindirib. Cavabdeh3 barəsində məhkəməpsixiatrik ekspertiza təyin etməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2, cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisinin və Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və Bakı şəhəri 19 saylı Notariat Ofisi istisna olmaqla digərləri gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh4 İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh4 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Oktyabr (Yasamal) rayon VVAQ şöbəsi tərəfindən 07 avqust 1986-cı il tarixdə verilmiş Xİ- ЖГ № 253896 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Oktyabr (Yasamal) rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin avqust ayının 07 günündə 2705 № ilə qeyd edilmişdir. X2, anası X7r.(İ.vər. 25) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİİ № 596510 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Oktyabr (Yasamal) rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin avqust ayının 07 günündə 2705 № ilə qeyd edilmişdir. X2, anası X7r.(İ.vər. 27) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 16 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ № 164277 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 12.02.2021-ci ildə ölmüşdür və bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 16 günündə 356 № ilə qeyd edilmişdir.(İ.vər. 23) İş materiallarında olan, Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 29 may 2021-ci il tarixdə verilmiş 05/Q-267/69 nömrəli doğum haqqında akt qeydinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 19.01.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası Cavabdeh3dır.(İ.vər. 29) İş materiallarında olan, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş AR-İİ № 314759 saylı etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 onun adından mirası qəbul etməyi və ya imtina etməyi, ərizə imzalamaq, vərəsəlik haqqında şəhadətnaməni almaq və digər hərəkətləri yerinə yetirmək barədə Cavabdeh4 iki il müddətinə səlahiyyət vermişdir.(İ.vər. 12) İş materiallarında olan, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 07.09.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1na müraciət edərək 12.02.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış 1/3 hissədə miras payı barədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.(İ.vər. 31) İş materiallarında olan, 07 sentyabr 2021-ci il tarixli, Reyestrdə 2/V-124 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi anası Cavabdeh3 müəyyən edilərək ona miras əmlakdan 1/3 hissədə pay verilmişdir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildən ibarətdir.(İ.vər. 22) İş materiallarında olan, 15 sentyabr 2021-ci il tarixli, Reyestrdə 2/V-131 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri övladları İddiaçı1 və İddiaçı2 müəyyən edilərək onların hər birinə miras əmlakdan 1/3 hissədə pay verilmişdir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildən ibarətdir.(İ.vər. 20) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin, ümumi sahəsi 30 kv.m olan 4 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.(İ.vər. 15) Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, iddiaçıların anası X9 12.02.2021-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 4 saylı mənzili X5 mülkiyyətində olmuşdur. X5 qanun üzrə birinci növbə vərəsələri - hazırki iş üzrə iddiaçılar olan övladları İddiaçı1 və İddiaçı2 və hazirki iş üzrə cavabdeh olan valideyni - Cavabdeh3dır. Cavabdeh3 övladı Cavabdeh4 mirasın qəbul edilməsi üçün müraciət etmək və digər səlahiyyətlərin ötürülməsi barədə etibarnamə vermişdir. Cavabdeh4 etibarnamə əsasında Cavabdeh3 əvəzinə miras əmlakda pay almaq üçün müraciət etmişdir. Miras əmlakda vərəsələrin 1/3 hissədə payları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 27.05.2021-ci il tarixli, AR-İİ 314759 saylı etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh3 tərəfindən miras qəbul etmək, yaxud ondan imtina etmək, ərizə imzalamaq, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq və digər hərəkətləri etmək Cavabdeh4 etibar edilmiş, etibanamədə qeyd olunmuşdur ki, “Mən, 5 saylı notariat ofisinin xüsusi notariusu X8 bu etibarnaməni təsdiq edirəm. Etibarnaməni Cavabdeh3 şəxsən özü mənim iştirakımla imza edib. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb”. Məhkəmə araşdırması zamanı isə bunun əksini sübut edən hər hansı mötəbər sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 346.2-ci maddəsinə əsasən sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar, cabvabdeh Cavabdeh3 xəstə olmasını, baş verənləri anlamamasını qeyd etsələrdə, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, etibarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndinin qeyd edilməsi, etibarnamənin və etibarnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa-başqa notariat ofisində təsdiqlənməsi etibarnamənin etibarsız hesab edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası onuda qeyd edir ki, iddianın digər hissələri olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi etibarnamənin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaıb, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin 88 yaşlı Cavabdeh3 “alsgeymer” xəstəsi olması, qohumlarını tanımaması, deyilənləri dərk elməməsi, fikrini izah edə bilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 tərəfindən Cavabdeh4 etibarnamə verilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları iddiaçılar nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin Cavabdeh3 dindirilməsi, barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin etməli olması barədə dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh3 10 aprel 2022-ci il tarixdə öldüyündən onun apelyasiya icraatında dindirilməsi mümkün olmamışdır. Belə ki, Cavabdeh4 ərizəsi ilə apelyasiya məhkəməsinə daxil olmuş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ № 254185 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 10.04.2022-ci ildə ölmüşdür və bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 13 günündə 623 № ilə qeyd edilmişdir Göründüyü kimi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar