Məhkəmə qərarları › İş №2(103)-3412/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3412/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3412/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3412/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında hesablanmış 15447,75 manat borc iddiaçıdan tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona (abonent kodu **********00000) əsassız hesablanmış 15447,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki,sözü gedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında onun üçün 15447,75 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 13279,68 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5, 6.5, 6.5-1, 6.5-3, 6.5-4, 6.6, 6.7-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77, 124.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirlər ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə qeyd edirlər ki, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar isytifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı yerli baxış zamanı müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qanunsuz qoşulma halını qəbul etmir, sayğacın mənfiyə işləməsi ilə bağlı mütəxəssis tərəfindən göstərilən məbləğlə isə razıdır.

10. İşə baxılmasının yeri və vaxtı ilə bağlı cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. İşin halları, o cümlədən işə mövcud sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

13. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)

16. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)

17. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

18. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

19. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

20. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

25. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

29. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırda iddia qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi zamanı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

35. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən abonentin saldosuna istinad edərək iddiaçının adına hesablanmış ümumilikdə 15442,75 manat borcun 13279,68 manatının təbii qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlara əsasən, 2162,91 manat borcun isə iddiaçının debitor borcu kimi hesablandığını qeyd etmiş və məhz buna görə iddianın debitor borcun silinməsi hissəsində rədd, qalan hissədə isə edilməsi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən 13279,68 manat borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirməmiş və bu barədə işdəki sübutların tədqiqini lazımi formada aparmamış, həmçinin qanunsuz qoşulma halının mövcud olub-olmaması məsələsinə qiymət verilməsi xüsusi bilik tələb etsə də, buna özü münasibət bildirmişdir.

36. Belə ki, ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi məqsədilə ünvana baxış keçirilmişdir. Halbuki, bu məsələ xüsusi bilik tələb etmişdir və məhkəmənin yerli baxışda nəyi müayinə və təsbit etdiyi işdən aydın olmur.

37. Buna görə də məhkəmə kollegiyası İddiaçı yaşadığı ünvan 2 ünvanında qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və əlavə xətt aşkar edilməmişdir.

39. Məhkəmə tərəfindən aydınlaşdırılmalı növbəti hal isə ondan ibarətdir ki, iş materiallarındakı abonent saldosundan görünür ki, iddiaçıya həm qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlara əsasən, həm də sayğacın mənfiyə işləməsi əsası ilə borc hesablanmış, ödəniş qrafalarında isə həmin borcların bəziləri ödənilmiş və ya silinmiş olaraq göstərilmişdir. Bundan əlavə tərtib edilən aktlara nəzər yetirdikdə görünür ki, qanunsuz qoşulma halının təsbit edilməsi ilə əlaqədar dəymiş zərərin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır.

40. Göstərilənlərə münasibətdə kollegiya hesab edir ki, hazırki iddianın əsaslılığına qiymət verilərkən xx.xx.2022-ci il tarixindən, yəni Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edildiyi tarixdən sonra tərtib edilmiş aktlara və həmin tarixədək tərtib edilmiş aktlara münasibətdə ayrı-ayrı xüsusiyyətlər təhlil olunmalı və mübahisəyə həmin tarixləri ehtiva edən qanunvericilik normalarına əsasən qiymət verilməlidir.

41. Göstərilən halların aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.

41. Həmin rəydə qeyd edilmişdir ki, 1) ünvan 2 ünvanında yerləşən evdə **********947 nömrəli Zenner G4T smart markalı sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış və ******* nömrəli aktla rəsmiləşdirilmişdir; 2) Sayğacın ilkin yoxlanılması barədə sənədi əldə etmək mümkün olmadığından rəy bildirmək mümkün olmadı. Qeyd edilən tipli qaz sayğaclarının texniki pasportlarına istinadən sayğacın istismar müddəti 12 ildən az olmayaraq müəyyən edilmişdir. 3) **********947 nömrəli Zenner G4T smart markalı sayğac quraşdırılarkən çıxarılan sayğacın (İtron tipli G-4) elektron göstəricisi 25899 m3, mexaniki göstəricisi isə 25898 m3 olmuşdur. Sayğacın üzərinə istifadə olunmayan qaz həcmi qalmamışdır; 4) **********947 nömrəli Zenner G4T smart markalı sayğac üzrə sərfiyyatın mənfiyə hesablanması halı olmamışdır; 5) 2022-2023-cü illər üzrə ödənilmiş ümumi məbləğ 36 manat olmuşdur; 6) İstehlakçı tərəfindən qanunsuz qoşulma halı aşkar edilərsə, 2022-2023-cü illər üzrə (xx.xx.2023-cü ilədək) qaz paylayıcısına vurulmuş zərərin məbləği 2759.4 manat müəyyən edilə bilər.

42. İlk növbədə 2022-2023-cü illər üzrə, yəni Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdən sonra tərtib edilmiş aktlara münasibətdə yuxarıda göstərilən mütəxəssis rəyini nəzərə alaraq kollegiya qeyd edir ki, həmin qanunun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyasındakı 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

43. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi iş materiallarında müəyyən olunmur. Qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

44. Göründüyü kimi iddiaçıya 2022-2023-cü illər aralığında borcun hesablanmasının qanuni hesab edilməsi üçün ya onun barəsində tərtib edilən aktlar bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməli, ya da həmin dövrdə hesablanan borcun digər bir qanuni əsası (sərfiyyatın mənfiyə işləməsi və s.) olmalı idi. Lakin yuxarıda adıçəkilən mütəxəssis rəyində də qeyd edildiyi kimi məhz həmin dövr aralığında (2022-ci ilədək mövcud olması istisna edilmir) sərfiyyatın mənfiyə işləməsi halı mövcud olmamışdır və bütün bunlar da onu deməyə əsas verir ki, sözügedən dövrdə borcun hesablanması hər hansı əsasa söykənmədiyindən onun silinməsi ilə bağlı tələb də əsaslı hesab edilməlidir.

45. Kollegiya xx.xx.2022-ci ilədək tərtib edilmiş aktlara münasibətdə borcun hesablanması ilə bağlı yenidən mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və bunun üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.

46. Həmin rəydə göstərilmişdir ki, istehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qaz paylayıcısına vurulmuş zərərin məbləği 2656,32 manat ((1383.5 m3 x 16 ay = 22136 m3) x 0,12 manat) müəyyən edilməlidir.

47. Göründüyü kimi bu barədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən iş materiallarına və mövcud sübutlara əsasən tədqiqat aparılmış və cavabdehə quruma dəymiş zərərin miqdarı 2656,32 manat həcmində müəyyənləşdirilmişdir.

48. Odur ki, kollegiya qeyd edilənləri nəzərə alaraq iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış borcun 2656,32 manat məbləğində olan hissəsinin silinməsi barədə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək həmin hissədə apellyasiya şikayətinin qismən təmin edilməli olduğunu hesab edir.

49. Beləliklə, kollegiya məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qismən ləğv edilməli, iddia qismən təmin edilməli, birinci instansiya məhkəməsinin silinməsini qət etdiyi 13279,68 manat məbləğdən əsaslı olaraq hesablanmış 2656,32 manat çıxılaraq qalan 10623,36 manat məbləğində borc silinməli, iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

57. Kollegiya hesab edir ki, iddianın ümumi məbləği 15447.75 manat olduğundan, onunla bağlı ödənilməli dövlət rüsumunun məbləği 136.34 manat olduğundan və iddiaçı həmin rüsumu ödəməkdən azad olduğundan, o cümlədən iddia qismən, yəni 10623,36 manat borcun silinməsi hissəsində təmin olunduğundan, ödənilməli dövlət rüsumunun məbləği də həmin hissəyə mütənasib olaraq hesablanmalı və 93.76 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. O cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

58. Həmçinin apellyasiya baxışında keçirilmiş ekspert tədqiqatının dəyəri olan 110 manat məbləğində pulun 75.65 manat hissəsi cavabdehdən, qalan 34.35 manat məbləğində olan hissəsi isə iddiaçıdan tutulmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 10.623,36 (on min altı yüz iyirmi üç manat otuz altı qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 93.76 (doxsan üç manat yetmiş altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pulun 75.65 manat hissəsi Cavabdeh İB-dən, qalan 34.35 manat məbləğində olan hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar