Məhkəmə qərarları › İş №2(103)-3414/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3414/2024

14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3414/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-5837/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 yanvar 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Birliyə qarşı irəli sürdüyü “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh Birliyin həmin qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Cavabdeh Birlik həmin qərardaddan şikayət vermişdir. Birlik eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayət üzrə apellyasiya icraatını mümkün hesab etmiş və şikayətə yazılı icraat qaydasında baxılmasına təyin etmişdir. Bununla belə, Məhkəmə, yazılı icraat qaydasında işə baxan zaman müəyyən etmişdir ki, şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Rayon Məhkəməsi “prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etdikdən sonra qərardaddan verilmiş şikayətə baxmalı və şikayətin əsaslı olubolmamasına qiymət verməli idi. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Lakin iş materiallarından görünür ki, Rayon Məhkəməsi “prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etdikdən sonra qərardaddan verilmiş şikayətə özü baxmamışdır. Göründüyü kimi, hazırki iş üzrə apellyasiya icraatının mümkünlüyü üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh Birliyin qərardaddan verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Bu səbəbdən də, hazırki iş üzrə Məhkəmə tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və Birliyin qərardaddan verdiyi şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq həmin Rayon Məhkəməsinə göndərilməlidir. Çünki MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilibsə, apellyasiya instansiyası məhkəməsi “icraata qəbul barədə” qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263-264, 364, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 02 may 2024-cü il tarixli qərardad ləğv edilsin və iş üzrə Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 yanvar 2024-cü il tarixli qərardaddan verdiyi şikayətə baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Cavabdeh hazırki qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar