Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3416/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş cərimənin qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2904/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngə, 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş “X1 qaydalarına riayət olunmasına baxış” barədə Akt və həmin akt əsasında ona 1270 manat cərimə tətbiq edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsini və cavabdehin əsassız olaraq cərimə adı ilə ondan aldığı 420 manat pul və hazırkı iddia tələbinə görə dövlət rüsumuna görə ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngədə yerləşən 4 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evə dair cavabdeh “xxxx” ASC tərəfindən küçədə elektrik sayğacı quraşdırılmışdır. Həmin evə verilən elektrik cərəyanına görə ödəniş cavabdehin əməkdaşının həmin sayğaca baxaraq bu barədə ödəniş bildirişi yazdıqdan sonra həyata keçirilir. Evin mülkiyyətçisi olduğu vaxtdan başlayaraq hal-hazıra kimi cavabdehin əməkdaşları tərəfindən hər ay vaxtaşırı bu sayğaca baxış keçirilmiş və sayğacda, eləcə də mənzilə gələn elektrik xətlərində hər hansı bir müdaxilə halları müəyyən edilməmişdir. O və ailə üzvləri bu evdə daimi yaşamır. Yalnız evdə təmizlik işləri aparmaq üçün ayda 2-3 dəfə gəlib-gedirlər. Bu faktı iddia ərizəsinə əlavə etdiyi qonşuların aktı da təsdiq edir. Belə ki, o və ailəsi mülkiyyətçisi olduğu digər ünvanda Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 3, mənzil 88-də yaşayır. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ona heç bir xəbər verilmədən və eləcə də iştirakı olmadan mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayou, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngədə yerləşən 4 saylı fərdi yaşayış evinə dair elektrik sayğacına baxış keçirilmiş və guya ki, həmin sayğac sxemindən kənar evə xətt daxil olduğu müəyyən edilmişdir. Həmin tarixdə cavabdehin Suraxanı rayon Şöbəsinin əməkdaşlaı tərəfindən akt tərtib edilmiş, lakin həmin aktda, o cümlədən kənar şəxslərin hal şahidi qismində iştirakı qeyd edilməmişdir. Bu faktı həmin aktın axırındakı “Qeyd” bölməsində “aktın nüsxəsi sayğacın qutusuna qoyuldu” cümləsi təsdiq edir. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən həmin ünvanda aktda göstərilən halları müəyyən edən hər hansı video və ya fotoçəkiliş də aparılmamışdır. Akt tərtib edildikdən 3 gün sonra isə evə verilən elektrik cərəyanı kəsilmişdir. Həmin vaxt evdə olmadıqlarından sonradan bu barədə xəbər tutaraq cavabdehin Suraxanı rayon şöbəsi ilə əlaqə saxladıqda onlar bildirmişlər ki, guya sayğac sxemindən kənar evə xətt daxil olduğu üçün ona 1270 manat cərimə sanksiyası tətbiq edilmişdir. Həmin günü cərimə adı ilə ondan 270 manat pul alınmışdır. O, həmin pulu ödəməyə məcbur olmuşdur. Lakin bununla belə o tələb etmişdir ki, əgər ona cərimə tətbiq edilibsə onda bu barədə qərarın surəti də ona təqdim edilməlidir. Lakin onlar hələ qərarın hazır olmadığını bəhanə gətirmişlər. Daha sonra isə guya sayğacda nasazlıq olduğu qeyd edilərək xx.xx.2020-ci il tarixdə evinə aid elektrik sayğacı çıxarılaraq laborator müayinədən keçirilməsi üçün aparılmışdır. İki həftədən sonra isə ondan cərimə adı ilə 150 manat da alınaraq sayğac yerinə qoyulmuş və bildirilmişdir ki, sayğacda heç bir müdaxilə və nasazlıq aşkar edilməmişdir. Belə olan təqdirdə onlara bildirmişdir ki, ona əsassız cərimə tətbiq edildiyindən, eləcə də tərtib etdikləri aktda göstərilmiş hallar öz təsdiqini tapmadığından həmin cərimə və akt etibarsız hesab edilərək ləğv edilməlidir. Lakin onlar buna etiraz etdilər. Yaşadığı həmin evə və qonşuluqda yaşayan digər mənzilərə verilən elektrik cərəyanı sabit olmayaraq artıb-azalır. Belə olan halda isə bütün evlərdəki sayğaca gələn 3 fazadan biri qısa qapanma ilə işləyir. Bu barədə əvvəllər də sakinlər tərəfindən elektrik şəbəkəsinin əməkdaşlarına məlumat verilmiş, lakin bu problem bu günədək aradan qaldırılmamışdır. Lakin cavabdehin əməkdaşları bundan öz maraqlarına uyğun istifadə edərək guya evə sayğacdan kənar xətt daxil olduğunu qeyd etmişlər. Onların bu qanunsuz hərəkətlərini sosial şəbəkədə ifşa edən səsli video görüntü də yayılmışdır. Həmin video görüntüdə cavabdehin Suraxanı rayon Şöbəsinin sabiq müdiri Anarın işçilərinə qanunsuz göstərilər verməsi, həmin göstərişlərdə abonentlərə əsassız cərimələr tətbiq etdiyi müəyyən olunmuşdur. Həmin video görüntüdən sonra o, işdən kənarlaşdırılmışdır. Hesab edir ki, ona da bu cür qanunsuz cərimə yazılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2904/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1178.76 manat (min yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) borcun onun hesabından silinməsi, İddiaçı tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 412 (dörd yüz on iki) manat məbləğində pulun iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səlimə Miriyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2904/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə abonent İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngə, 4 saylı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonentə məxsus fərdi yaşayış sayğacın sxemindən kənar xəttin daxil olması və həmin kənar xəttin sip kabelinin izolyasiyası pozularaq budaqlarnma yolu ilə çəkilməsi aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı “xxxx” ASC-nin əməkdaşları tərəfindən müvafiq olaraq NDM № 017708 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. “xxxx” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən itirilmiş 11290 kvts itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq 1178.76 manat məbləğində müəyyən edilməklə abonentin **********20285 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, xx xxxxxx 2020-ci il tarixdə iddiaçının sayğacına keçirilən baxışın və bu zaman aşkar olunmuş qüsurların “xxxx” ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmışdır (videogörüntü apellyasiya şikayətinə əlavə edilir). Lakin məhkəmə təqdim edilmiş sübutlara lazimi hüquqi qiymət verməmiş və iddiaçı tərfindən sayğaca müdaxilə olunması faktını sübut edəcək mötəbər sübutun olmaması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin abonentin sayğac yoxlanıldıqdan qabaq elektrik enerjisi sərfiyyatında əhəmiyyətli dərəcədə atıma və azalma olmamasın qeyd etmişdir. Halbuki iddiaçının abonent haqqında məlumatının təhlili zamanı sayğaca müdaxilənin aşkar edildiyi 2020-ci ilin fevral ayından sonrakı aylardakı sərfiyyatın əvvəlki illərin analoji aylarla müqayisədə çox olduğu açıq aşkar öz əksini tapır. Belə ki, iddiaçının elektrik enerjisi sərfiyyatının göstəricisi 2020-ci ilin aprel ayında 31.22 manat, may ayında 22.40 olduğu halda, bu göstərici müvafiq olaraq 2019-cu ilin aprel ayında 0.56 qəpik, həmin ilin may ayında 0.42 qəpik, 2018-ci ilin aprel ayında 16.10 qəpik, may ayında isə 2.73 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə işi tam, hərtərəfli araşdırmamış, məhkəməyə təqdim etdiyimiz sübutlara düzgün qiymət verməmiş, bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konusitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Abdullayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017708 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus evdə yerləşən elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sip kabelinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Bundan başqa, həmin aktdan görünür ki, uçotun EEİQyə uyğun olaraq bərpa edilməsi tələb kimi qoyulmuş və “qapını açan olmadı” qeyd edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş **********20285 kodlu abonentin saldosundan görünür ki, abonentə xx.xx.2020-ci il tarixdə EİQ pozulmasına görə 1178.76 manat borc hesablanmışdır. Eyni zamanda görünür ki, istehlakçı tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə 262 manat və 150 manat olmaqla 462 manat məbləğində ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Kollegiya qeyd edilən hüquq normalarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X1 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bundan başqa, məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi sayğac yoxlanıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçıya həmin akta əsasən hesablanmış borcun silinməsi və həmin akta əsasən iddiaçı tərəfindən ödənilmiş pulun da iddiaçıya qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı ona akta əsasən 1270 manat məbləğində borc hesablandığını bildirsə də iş materiallarından görünür ki, iddiaçıya hesablanan borcun məbləği 1178.76 manatdır. Qalan borc isə aktın köhnə tarifi, limitdən artıq sərfiyyat və s. görə hesablanmışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, məhz akta əsasən hesablanmış 1178.76 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. İddiaçı akta görə 420 manat məbləğində pul ödədiyini bildirsə də iş materiallarından görünür ki, iddiaçı akta görə 412 manat məbləğində pul ödəmişdir. Odur ki, iddianın həmin hissədə qismən təmin edilərək ödənilmiş 412 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması ilə əlaqədar birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2904/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3416/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3416/2021
16.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver