Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3423/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7490,91 (manat məbləğində zərərin və 94,91 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7585,79 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT = İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 181.44 (bir yüz səksən bir manat, qırx dörd qəpik) manat dəymiş ziyan, 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisələndirdiyimiz qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 181,44 manat dəymiş zərərin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyriqanuni birləşmə hər dəfə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Həmçinin cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı tərəflərindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir və iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh barədində xx.xx.2023-cü il tarixdə sayğacdan kənar qeyri-qanunu qaz xəttindən istifadə etməsi səbəbindən İXM-in 282.1 maddəsi ilə protokol tərtib olunmuş və MN 03724413 nömrəli İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsinə dair qərardaddan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş MN ******* nömrəli protokol adiyyatı üzrə göndərilmişdir. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir.
4. Qeyd olunanlara əsasən, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
6. Mülki işdə olan:
7. 100474100000011 nömrəli Abonent saldosundan görünür ki, Cavabdeh 2023-cü ilin iyun ayı üçün 7490.88 manat məbləğində borcu var.
8. İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1468,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat, cəmi əsasında 7490,91 (yeddi min dörd yüz doxsan manat 91 qəpik) manat ziyan məbləği hesablanmışdır.
9. İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh barədində xx.xx.2023-cü il tarixdə sayğaca kənar qeyri-qanunu qaz xəttindən istifadə etməsi səbəbindən İXM-nin 282.1 maddəsi ilə protokol tərtib edilmişdir.
10. MN 03724413 nömrəli İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsinə dair qərardaddan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş MN ******* nömrəli protokol adiyyatı üzrə göndərilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmışdır.
12. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, istehlakçı tərəfindən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayınadək qanunsuz qoşulma halları (9 sayda akt üzrə) sübuta yetirilərsə, qaz paylacısına vurulmuş zərərin məbləği 832 manat+2236 manat=3068 manat müəyyən edilə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
15. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin paylayıcısı vurulmuş zərərin ödənilməsini qərarı ilə müəyyən istehlakçıdan edildikdə qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
27. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
28. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
29. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
33. Rayon məhkəməsində müəyyən edilmişdir ki, cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur.
34. Buna baxmayaraq, rayon məhkəməsi cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı saymış və qeyd etmişdir ki, iş materiallarında olan, 0354871, 0378120, 0376821, 0381056, 0381095, 0382712, 0393608, ******* saylı aktlarda cavabdehin imzasının olmadığı, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsi nəzərə alınır.
35. Bundan əlavə, rayon məhkəməsi qeyd edir ki, ******* saylı aktlar xx.xx.2023- cü il tarixdə Cavabdeh tərəfindən qoşulmaya dair protokol tərtib edilsə də, protokolun nəticəsi barədə məhkəməyə məlumat verilməmişdir. Rayon məhkəməsi hesab etmişdir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız ilk akt üzrə- xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 18144 kubmetr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, PQ4-ün və QSSQ-nin orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 180 gün deyil, 30 gün olmaqla, 1.2x12x30= 432, 3x12x30=1080 kub metr qaz sərfiyyatı hesablanaraq cəmi, 1440 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 181.44 manat edir. Bunları nəzərə alaraq rayon məhkəməsi qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 181.44 manat həcmində təmin etmişdir.
36. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın haqqını tələb edir.
37. Belə ola halda hazırkı iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1097 (mülki hüquq pozuntusu) və 1092-ci (əsassız varlanma) maddələri təşkil edir. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində ...hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
38. Hazırkı iş üzrə mübahisəsiz olan halları ilə müəyyən olunur ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur.
39. Qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
40. Hazırkı mülki iş üzrə, inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə sayğaca kənar qeyri-qanunu qaz xəttindən istifadə etməsi səbəbindən İXM-nin 282.1 maddəsi ilə protokol tərtib edilmişdir. MN 03724413 nömrəli İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsinə dair qərardaddan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş MN ******* nömrəli protokol adiyyatı üzrə göndərilmişdir.
41. Göründüyü kimi, cavabdehin sayğadankənar təbii qazdan istifadə etməsi müəyyən edildiyindən, növbəti araşdırılmalı məsələ cavabdehin qazdan qanunsuz istifadəsinə görə tələb etdiyi 7490,91 manat məbləğin əsaslı olub-olmaması ilə bağlıdır.
42. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmışdır.
43. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, istehlakçı tərəfindən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayınadək qanunsuz qoşulma halları (9 sayda akt üzrə) sübuta yetirilərsə, qaz paylacısına vurulmuş zərərin məbləği 832 manat+2236 manat=3068 manat müəyyən edilə bilər.
44. Kollegiya hesab edir ki, cavabdehin sayğacdankənar qazdan istifadə etməsi müəyyən edildiyindən, eləcə də sayğacdankənar istifadəyə görə dəymiş ziyanın məbləğinin 3068 manat olması mütəxəssis rəyi ilə təsdiq edildiyindən, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir, cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə iddiaçının xeyrinə 3068 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul ediməli, iddia qismən təmin edilməli, cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 3068 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (94,91+47,50=142,41) 142,41 dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Cavabdehdən tutulmalı məbləğ 3068 manat olduğundan, bununla da mübahisələndirilən hissədə məbləğ (7490,91-3068=4422,91) 4422,91 manat təşkil etdiyindən MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh sayğacdankənar təbii qazdan istifadəyə görə 3068 manat və 142,41 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3210,41 manat (üç min iki yüz on manat, qırx bir qəpik) alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.