Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3423/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və ərazinin boşaldılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Şirkəti Cavabdeh qarşı “şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı Mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 398568.033 4478242.178; 2. 398589.472 4478265.973; 3. 398597.606 4478258.143;
4. 398576.243 4478233.511 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edirik ki, cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X9 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1 saylı Mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 398568.033 4478242.178; 2. 398589.472 4478265.973; 3. 398597.606 4478258.143; 4. 398576.243 4478233.511 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi, dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qərara alınmışdır.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının verdiyi arqumentlərə istinad edərək yalnız iddiaçının və ekspertizanın təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il 432 saylı fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş Qərarına heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki,Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qazyataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşməsindən cavabdehin ümumiyyətlə məlumatı olmamışdır. Çünki yuxarıda qeyd etdiyi 432 saylı qərar bələdiyyə tərəfindən tərtib olunub imza və möhür ilə təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixli Biləcəri bələdiyyəsi tərəfindən qəbul edilmiş 423 saylı qərar ilkin olaraq X1 adına rəsmiləşmiş və bundan sonra ümumi yığıncağın 11 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ona satılmışdır. Birinci instansiya məhəkəməsində nə bələdiyyə tərəfindən nümayəndənin iştirak etməsinə, nə də bələdiyyə tərəfindən təqdim olunmuş qərara əhəmiyyət verilməmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı 2004-cü il tarixli Qanuna istinad edərək qeyd edir ki, torpaq sahəsi onlarındır. Cavabdehin bu barədə məlumatı olmamışdır. İddiaçı 20 il sonra torpağın onlara aid olması ilə bağlı iddia qaldırır və evi sökdürmək istəyir. Hazırkı cavabdeh orada yaşamır, bu səbəbdən əsl cavabdehlə əvəz olunmalıdır. Əgər bələdiyyənin torpaq satmağa hüququ yoxdursa bu barədə birinci instansiya məhkəməsi xüsusi qərardad çıxarmalı idi. Rayon məhkəməsi təqdim edilmiş kodlarla evin həmin sərhədlər daxilində olduğunu qeyd edir. Birinci instansiya məhkəməsi bələdiyyədən cavabdehi aldatdığını soruşmur və üçüncü şəxs qismində işə cəlb etmir. Halbuki, bütün xəritələr bələdiyyədə vardır, amma gəlib məhkəmə iclasında iştirak etməmişdir.
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etdi ki, cavabdeh tərəfin mövzuya yanaşması yanlışdır. Cavabdeh yenidən həmin evə köçə bilər. MAPS sorğusu əsasında Cavabdeh kimi qoyulmuşdur, ev ona məxsusdur, həmin evdə başqa-başqa insanların yaşaması bu işlərdə tətbiq olunan taktikadır ki, işlərə baxılması uzansın. Həmin ərazidəki neft-qaz quyuları indi qeyri-aktiv olsa da, bu o demək deyildir ki, həmişə qeyri-aktiv qalacaq. Həmin quyuların öz mühafizə zolağı var. Bu məzmunda çoxsaylı qətnamələr var, lakin onların icrası tələb olunmur, bu qətnamənin icrası təxirə salınıb, iddiaçı olaraq biz onu mübahisələndirməmişik, qətnamə qanunidir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir.
11. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(112)-12251/2023 saylı qərardadından görünür ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Biləcəri bələdiyyəsinə qarşı X3 və Cavabdeh məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(103)-4060/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(112)- 12251/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(102)- 778/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2- 1(103)-4060/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-45233/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 340,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, Dövlət mülkiyyəti torpağıdır. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:
19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
20. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
22. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
24. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, mülki iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilmişdir ki, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla, sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyəti torpağıdır.
26. Cavabdeh torpağın onun mülkiyyətində olmasını iddia etsə də, sözgedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarışı- sübutu nə rayon məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim etməmişdir. Cavabdehin tikdiyi həmin tikili özbaşına tikilidir və cavabdehin mülkiyyəti kimi qeydə alınmamışdır.
27. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Məhkəmə hesab edir ki, sözügedən tikili mülkiyyəti dövlətə məxsus torpaq üzərində buna dair müvafiq razılıqlar alınmadan özbaşına tikildiyindən cavabdeh, onun Cavabdeh öz hesabına sökülməli və torpaq sahəsi boşaldılması ilə bağlı rayon məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı olmuşdur.
29. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
30. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
31. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
32. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi olaraq qeyd edir ki, rayon məhkəməsi iddianı təmin etsə də, onun icrasını, həm də qeyri-müəyyən müddətə təxirə salmışdır. Eyni zamanda da İddiaçı tərəf bunula razılaşmış və qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Bu baxımdan da hazırda cavabdehin həmin tikilidənsahədən istifadə və faydalanmasının qarşısinı alan hər hansı real maneə mövcud deyildir. Eyni zamanda, oxşar işlərlə bağlı qüvvədə olan çoxsaylı məhkəmə aktları mövcuddur. Nəticə:
33. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.