Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-343/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “neft quyularının və neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları və 1 saylı mədənin 4-cü sahəsində yerləşən 144333, 144055, 141171, 142805, 144012 saylı neft quyularının və neft xəttinin təhkükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na Əlavəyə əsasən, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən uzun müddət onun istifadəsində olmuş, bələdiyyənin ərazisi və hüdudları daxilində yerləşən 600 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsinə dair xx.xx.2004-cü il tarixli, 86 saylı qərar qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə isə torpağın alqı-satqısına dair akt tərtib edilərək, torpaq sahəsinin mülkiyyətinə verilməsi məqsədilə alqı-satqı edilmişdir. Həmin torpaq sahəsində 2004-cü ildən etibarən cavabdeh tərəfindən müəyyən edilmiş qaydada tikinti işləri aparılmış və fərdi qaydada sahibkarlıq fəaliyyəti əsasında ticarət-iaşə xidmətləri həyata keçirilir. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən mövcud sənədlərin onun adına sənədləşdirilməsi zamanı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli məktubla bildirilmişdir ki, çizgidə göstərilən, ayrılması nəzərdə tutulan sahə yaşayış massivinə bitişik olduğunu nəzərə alıb, mövcud kommunikasiya xətlərinin mühafizə zolağını gözləmək şərtilə torpaq qanunvericiliyinə uyğun sənədləşdirilməsinə etiraz etmirlər. 2004-cü il tarixdən istifadəsində olan 600 kv.m. torpaq sahəsinə heç bir neft quyusu yoxdur, torpaq sahəsi neft xəttinin təhlükəsizlik zolağına daxil deyildir. Məhkəmə işə baxarkən qətnamədə qeyd etdiyi neft quyularının konkret olaraq yerləşmə koordinatlarını dəqiq müəyyən etməli idi. İddiaçı apelyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh istifadəsində olan torpaq sahəsinə dair Binəqədi qəsəbə bələdiyyəsinin 86 saylı, xx.xx.2004-cü il tarixli qərarının mövcudluğunu əsas gətirməklə sahiblik və istifadə hüququnun yarandığını vurğulasa da, bu hüquqların əmələ gəlməsi üçün istinad etdiyi bələdiyyə qərarının etibarsız olduğunu, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olmasını, eləcə də məlum “X5 haqqında” sazişə və “X6”inə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə iddiaçının qanuni istifadəsinə verildiyini nəzərə almamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye təyinatlı torpaqlar kateqoriyasına şamil edilsə də, cavabdehin torpaq sahəsini təyinatına uyğun olmayaraq ictimai-iaşə xidmətlərinin göstərilməsi məqsədilə istifadə etməsi qüvvədə olan qanunverciliyin pozulmasına səbəb olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydalarına əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətinə aid olan bir məsələdir. “Binəqədineft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli məktubla hansı torpaq sahəsinin sənədləşdirilməsinə etiraz olunmadığı məlum deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2005-ci il tarixli, 901-İİQ nömərli Qanuna əsasən, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Hazırda iddiaçı, cavabdehin özbaşına tikili apardığı torpaq sahəsinin yuxarıda adıçəkilən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyini, cavabdehin həmin tikilidən çıxarılmasını və tikilinin onun hesabına sökülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, qeyd olunan torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ona ayrıldığını və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli məktubla orada tikili aparılmasına etiraz olunmadığını bildirir. İşdə olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan mübahisəli halın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyi nəzərə alınaraq, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********18 saylı mtəxəssis rəyi və onun əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2371 saylı ekspert rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - Cavabdeh naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsi Sənaye, nəqliyyat, rabitə, və digər təyinatlı torpaq olmaqla, AR DNŞ-nin daimi istifadəsinə ayrılmış dövlət mülkiyəti torpaqıdır. Cavabdeh naturada göstərdiyi torpaq sahəsində tikili aşkar edilmədi. - Cavabdeh naturada göstərdiyi torpaq sahəsi və ətraf ərazilər Azərbaycan Respublikası Prezidentlininn imzaladığı xx.xx.2005-cı il tarixli, No 901 -İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ, Siarşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında’’ Azərbaycan Respublikası Prezidentirin xx.xx.2004-cü il tarixli No 296 saylı Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Saziş blokunun kontrakt sahəsinin sərhədlərini əks etdirən sxem əlavə edilir). - Mübahisələndirilən, Cavabdeh naturada göstərdiyi koordinatları müəyyən edilməklə ölçülmüş ərazi və ətrafları Saziş blokunun kontrakt sahəsinin hüdudları daxilində yerləşir. - Cavabdeh naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsinin ətrafında yerləşən neft quyularına olan məsafələr rəyə əlavə edilən sxemdə öz əksini tapmışdır (sxem əlavə edilir). Göründüyü kimi, bu sahədə ixtisaslı şəxslərin rəyi əsasında, cavabdehin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin Saziş blokunun kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Kollegiya vurgulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Lakin cavabdehin həmin torpaq sahəsinə və onun üzərindəki tikiliyə dair əmlak hüquqlarının olmasına dair iş materiallarına hər hansı sənəd əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Torpaq Məcəlləsinin 111.1-ci 111.2-ci və 111.3-cü maddələrinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh təərəfindən qeyriqanuni aparılmış tikili onun hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Cavabdeh tərəfindən isə məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Belə olan halda, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-66/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-343/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-343/2021
07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver