Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3434/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 və anası X3 miras qalmış, ******* nömrəli **********32 reyestr nömrəli DƏDRX-dən Çıxarışa əsasən onların qanuni mülkiyyəti olan Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 0,05 ha torpaq sahəsinin müvafiq olaraq ½ hissəsinin 1/6 hissəsi və ½ hissə də ½ hissəsinin 5/6 hissəsi ilə bağlı miras əmlakı üzərində onun payının tam olaraq müəyyən edilməsi və müıkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbi ilə bağlı o, ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılması təşkil etdiyindən və iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Qax rayonu ərazisində yerləşdiyindən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya müstəsna aidiyyət üzrə Qax Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşmədiyi üçün məhkəmənin qeyd edilən normaya istinadən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə əsaslı hesab edilmir. Göründüyü kimi iddiaçı “miras əmlak üzərində tam payının müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi” barədə tələb irəli sürmüşdür. Yəni, İddiaçı tələbi vərəsəlik hüquqlarının həyata keçirilməsinin məhkəmə qaydasında həllinə yönəlmişdir və iddia tələbində “mülkiyyətinə verilməsi” ifadəsi MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması” tələbini ehtiva etmir. Beləliklə, hazırki iddia: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında deyil, ona görə də bu tələbə müstəsna aidiyyət qaydalarının tətbiq edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin və İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və s. tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3434/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3434/2024
20.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver