Məhkəmə qərarları › İş №2(103)-3440/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3440/2021

08.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3440/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 3962/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz sərfiyyatına görə tələb olunan 1900,16 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd edilən yaşayış evinə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və həmin ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğac çıxardılaraq, (Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur) yerinə yeni Smart kart tipli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılaraq yenidən əvəz edilməsinə səbəb isə sayğac dəyişməsi ilə bağlı olmuşdur. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları sayğacın hara aparılması barədə ona hər hansı bir məlumat verilməmişlər. Lakin ona məxsus köhnə sayğac aparılandan sonra «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları onun ünvanına gələrək, həmin sayğacda zədənin aşkar (Alarım 1) qeyd edilməsini bildirmiş və cavabdeh tərəfindən əlavə qaz sərfi hesablanmışdır. Cavabdeh tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, sayğac dəyişilərkən akt tərtib edilmiş və kiminsə tərəfindən imza edilmişdir, həmin imzadan onun xəbəri olmayıb. Bundan sonra ona bildirilmişdir ki, güya o, köhnə sayğaca müdaxilə etmişdir. Cavabdehin tələbinin əsassız olmasına baxmayaraq, hal-hazırda bu məsələylə bağlı problem yaşayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi qeyd edilən qaydaya əsasən cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh də ona məxsus sayğacı çıxarıb apararaq, məlum olmayan vəziyyətdə üzərində müdaxilə aşkar etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 3962/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı qaz sərfiyyatına görə tələb olunan 1522,80 manat «Cavabdeh» İstehsalat Birliyi tərəfindən silinməsi, iddianın qalan hissədə təmin olunmaması, «Cavabdeh» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3962/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən ləğv olunması, iddia tələbinin digər cavabdehə münasibətdə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bildirlər ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz pay lay ıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda .qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, “Cavabdeh” İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Bildirirlər ki, sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Məhkəmə mövcud qətnaməni qəbul edərkən mülki iş üzrə heç bir ekspertiza keçirmədən, təqdim olunmuş aktların iştirakçılarını məhkəməyə dəvət etmədən, qaz sayğacına edilmiş müdaxilə rəyini tədqiq etmədən hesablanmış məbləğin silinməsi qənaətinə gəlmişdir. Borcun silinməsinin əsaslarını isə öz qətnaməsində açıqlamamışdır. Bu isə mülki işə qeyri-obyektiv baxılmasının bariz göstəricisidir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən laboratoriyanın xx.xx.2020-ci il tarixli 29/1710-00591-1 nömrəli Aktına əsasən G-4 markalı 1802AZ**********39 saylı sayğacda (Alarım 1) rejimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 5ci bəndinə əsasən Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 6cı bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə birinci instansiya məhkəməsinin tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1-da qaz sayğacının işlək vəziyyətdə olmaması “Cavabdeh” əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasına göndərilmişdir. AR Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktına əsasən qaz sayğacda (Alarım 1) rejimi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan” istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.6.-cı bəndinə əsasən Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, sayğacın hesablama mexanizimində keçən qazın həcmini qeyd etmədiyi üçün sayğacda (Alarım 1) rejimi aşkar olunmuşdur. Sayğacda qeyd olunan (Alarım 1) rejiminə görə hesablanmış 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qalan aktlar da saygaca müdaxiləyə əsasən hesablanmış və istehlakçıdan tələb olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı əsassız olaraq 1522.80 manat borc hesablanmışdır. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə kollegiyası iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı qaz sərfiyyatına görə tələb olunan 1522,80 manat «Cavabdeh» İstehsalat Birliyi tərəfindən silinməsi, iddianın qalan hissədə təmin olunmanası ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 3962/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar